Müqəddəs Oxu
işığında Dədə Qorqud dindarlığı
Üçüncü yazı
Vasitəçisizlik ən ali bir dəyər
kimi
Qorqud dindarlığını
müəyyənləşdirən xalis təktanrılıq
inanışı öz müqəddəs işini bir də
onda görür ki, Tanrısevər
oğuz toplumunda özəl bir din zümrəsinin
yaranmasına imkan vermir. Oğuz bəyləri, oğuz
xatunları haqq dini şüuruna öz səviyyələrində
teyxa sahib
çıxmış insanlardır. Bu üzdən
də, əlbəttə, aralarına ayrıca bir din zümrəsi
girə bilməz. Tanrıyla təmaslarını birbaşa, vasitəçisiz
yürüdürlər. Dua yazdırmaqları, pirdən-ocaqdan,
ruhlardan hacət
diləməkləri yox. İbadətin tək və ali bir obyekti var - Tanrı. Təkcə Ona qulluq
qılar, təkcə Ondan yardım dilərlər. Eynən
Oxunun Açılış surəsi ("Fatihə") ayələrində
deyildiyi kimi!
Bəzi
araşdırmaçılar Qorqud şəxsiyyətindən
söz salarkən onu əlahiddə bir din institutu, yaxud din təmsilçisi
(kahin, şaman, peyğəmbər və s.) kimi qeyd edirlər. Kənar qaynaqla deyil də,
dastan mətniylə əsaslandırılmağa çalışılan
belə dəyərləndirmə dastanların
müqəddiməsində təqdim edilən Qorqud kimliyi ilə
bağlıdır:
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə
dersə olardı, qayibdən dürlü xəbər söylərdi.
Həqtaala onun könlünə ilham edərdi... Qorqud Ata
oğuz qövmünün müşkülünü həll
edərdi. Hər nə iş olsa Qorqud Ataya
danışmayınca işləməzlərdi. Hər nə ki,
buyursa qəbul edərlərdi. Sözün
tutub tamam edərlərdi". Bu cümlələrdə Dədə Qorqudun xristian din mənsəblisini
andıran bir adı da keçir - Qorqud Ata. "Dədə"
sözünün mexaniki olaraq "ata" sözüylə əvəzlənməsi
kimi anlaşılmamalıdır. Sözsüz ki,
müqəddimədə deyilənlərin məntiqi Qorqudun
sadəcə olaraq məhz Qorqud Ata kimi
tanıdılmasını vacib edir.
Yerindəcə deyim ki, bu ad kitabın müqəddiməsindən
savayı heç yerdə səslənmir.
Və boylarda o da yoxdur ki, Dədə Qorqud
oğuzların cari problemləri ilə ciddi məşğul ola. Oğuz camaatı ilə Təpəgöz
arasında razılaşmanın əldə edilməsindən
ötrü vasitəçilik,
Dəli Qarcarın bacısı Banuçiçəyi Beyrəyə
diləməklə bağlı elçilik və oğuzlara adqoyma
missiyasından başqa Dədə Qorqudun hansısa məsələlərə müdaxiləsinə rast gəlinmir.
Müqəddimədə Qorqud Ata barəsindəkilər boylardakı Dədə
Qorqudda təsdiqini tapmır. Onun bir din görəvlisi kimliyi haqqında müqəddimədə
yaradılan təsəvvür dastanın ümumi məntiqi
fonunda faktiki yoxa çıxan
görüntüdən özgə bir şey deyil.
Bəlkə
də bu görüntünün, Qorqud şəxsiyyətinin bu
cür ilkin təqdimatının gerçək əsası
ondan ibarətdir ki, dastan
yazarı oğuz tarixində müəyyən iz
qoymuş Dədə Qorqud adlı ulu bir şəxsiyyətin ruhuna ehtiram olaraq onu müqəddəsləşdirmək
(müqayisə et: müqəddəs Ata) istəmişdir. Ümumiyyətlə
isə, bu müqəddimə də bir sıra folklor nümunəsi müqəddimələrinə
xas bir cəhət kimi ithaf məzmunu daşıyır və burada oğuznamə boylarını
düzüb-qoşan Dədə Qorqudun müqəddəs
ampluada anılmasını yalnız
müəyyən bədii ənənə
baxımından bir qədər təbii də saymaq olar.
Başqa bir ehtimala da haqq qazandırmaq
mümkündür. Qədim əcdadlarımızın dini mənsubiyyəti
təkcə tanrıçılıqmı olub? Bəlkə "Qorqud Ata" xristian
keçmişimizin abidədə qalan bir izidir? Hər
halda, elə bilirəm,
anonim müqəddimə müəllifi səmimi olaraq fərqində olmayıb ki, Dədə
Qorqudla bağlı bu bir
neçə qeydi onu Qorqud dindarlığı meyarlarından,
ilahi məntiqdən azacıq kənara
itələmişdir. Bu yanlış da bir naxışdır
ki, bunun fonunda "Kitabi-Dədə Qorqud"a aid xalis təktanrılıq dəyərlər
sistemi daha möhtəşəm və bütöv
görünür.
Haqq dinində rəsmi təmsilçilik məsələsi
yoxdur.
"Xalis din Tanrınındır" (39, 3) - buyurulur Oxuda. Və
din adına ən ali və mütləq mənada təmsilçilikdən
söz getdiyində nəzərə alınmalıdır ki,
bu, din gününün yeganə sahibi, Oxuda qeyd edildiyi kimi,
(1, 4) Tanrının səlahiyyətindədir, başqa bir
varlığın deyil. Adi mənada din təmsilçiliyi isə
nisbi səciyyədə, dilə gətirilib car çəkilməsi xoş görülməyən
bir görəv olaraq bütün imanlı şəxslərə
məxsusdur: hansısa ayrıca
bir zümrənin inhisarında ola bilməz. Peyğəmbərin
din təmsilçiliyi görəvinə gəlincə, bu, Oxu ayələrində
vəhylərin insanlara yalnız çatdırılması ilə
məhdudlaşdırılır
(24, 54). Din adına kiminləsə haqq-hesab çəkmək
işi peyğəmbərin də səlahiyyətində deyil:
"Sənin borcun haqqı bəyan
eləməkdir, bizimki haqq-hesab çəkmək"
(13, 40). Beləliklə, peyğəmbər işi əslində
geniş anlamda bir din təbliği olaraq anlaşılır. Hər
iman yiyəsi böyük-böyük iddialara düşmədən
və imanını kamilləşdirə-kamilləşdirə
məhz bunu yapmağa borclu
bilinir. Peyğəmbərlərin missiyası təkcə
ilahi vəhylərin təbliğindən ibarətdirsə,
sıravi dindarlar yazıya keçmiş bu vəhylərdən
anladıqlarını dildə və əməldə tətbiq etməlidirlər.
Son həqiqət instansiyası Tanrı Özüdür ki, bəndələri
ilə Özü
arasında heç kimə, göndərdiyi
elçisinə belə vasitəçilik haqqını
tanımır.
Qorqudçu
oğuz bəylərinin, oğuz xatunlarının Tanrıyla
birbaşa təmasları təktanrılıq
inanışının bu məntiqindən qaynaqlanır. Və
kütləvi təktanrılıq fonunda Qorqud şəxsiyyətinin
boylarda müəyyən passivliyi tamamilə təbiidir. Əslində buna passivlik də deməzlər.
Passivlik görüntüsünü ilk növbədə o yaradır ki, Dədə
Qorqudun boylarda təsviri gedən oğuz ictimai-siyasi həyatında iştirak çəkisi müqəddimədə
"Qorqud Ata" barəsində bəlli informasiya ilə
yüklü oxucu
üçün birdən-birə azalmış kimi
görünür. Digər yandan, təktanrılıq məntiqinə vaqif olmayan
oxucu çətin ayırd edib bilə ki, bu passivlik görüntüsünün
özülündə aktiv-dinamik məzmunlu bir kübar
dindarlıq özəlliyi dayanır. Dədə Qorqudun
özünün din görüşlərini
soydaşlarına sırımaq cəhdlərində bulunmağı, eləcə də
bu və ya başqa ictimai-siyasi önəmli məsələdə
mövqeyini qabartmağı, dəvət
olunmadığında el içində görünməyi
yox.
Dədə Qorqud ənənəvi mənada
anlaşılan rəsmi din təmsilçisi deyil. Düzüb qoşduğu oğuznamə
boyları mahiyyət etibarilə onu bir din təbliğçisi
kimi təqdim edir. Və təkcə
o üzdən yox ki, dastan içinə aldığı qəhrəmanların
davranışlarına, olayların axarına
möhür vuran təktanrılıq
inanışının, haqq
dini islamın bədii səviyyədə və mahiyyəti
üzrə gözəl təbliği və
açıqlamasına da iddia
edə bilər. Dədə Qorqud eyni zamanda Məhəmməd
Seçilmişin dinə verdiyi tərifə ("din gözəl
əxlaq demək") uyğun anlamda da bir din təbliğçisidir. Əksəriyyətcə
təbliğ etdiyi də işdə bu "gözəl əxlaq"dır.
Onun hikmətli
söyləmələri arsenalında dinin nəzəri
fundamental əsaslarından daha çox bu "gözəl əxlaq"
qaydaları açıqlanır. Bütpərəst mühitdən
fərqli olaraq teyxa təktanrılıq şüuruna sahib
Tanrısevər oğuzlardan ötrü haqq dini əsaslarının
təbliğinə zatən bir ehtiyac da yox. Vacibi budur ki, toplumda mənəvi
sabitlik hökm sürə. Əks halda, təktanrılıq
şüurunun zədələnməsi, bütpərəstliyə
meyillənməsi ehtimalı var. Boyların sonluqlarında Dədə
Qorqudun oğuz eli üçün belə bir arzusu səslənir: "Axır sonu
arı imandan ayırmasın". Tanrıdan diləyir
ki, soydaşlarının saf təktanrılıq
duyğularına bütpərəstlik xalı düşməsin,
imanlarına xələl gəlməsin. Bütpərəstlik
isə əxlaqi aşınmalar gətirə bilər ki, Dədə
Qorqudun din - "gözəl əxlaq" təbliği də
işdə bunun qarşısını almağa yönəlik nəcib bir görəvdir.
Təktanrılıq məntiqi baxımından din təbliğçisi
o demək deyil ki, onun hansısa ayrıca bir müqəddəslik,
toxunulmazlıq statusu var. Dədə Qorqudun da belə bir
statusa malik olmaması boyların ruhundakı bu ilahi məntiqi
gözəl bir şəkildə tamamlayır. Dədə
Qorquda böyük el hörməti ilə yanaşı, onun
sözünün, xahişinin yerə salındığı
da var. Elçiliyə gəlib Banuçiçəyi Beyrəyə
dilədiyində qızın qardaşı Dəli Qarcar onu
öldürməyə qalxır. Dədə
Qorqud qaçır. At belində qovhaqovda
ona çatan Dəli Qarcar qılıncını
qaldırıb zərbəsini endirmək istərkən,
"çalarsan, əlin qurusun" deyir Dədə Qorqud.
Sonra da oxuyuruq ki, "haqq-təalanın
buyuruğuyla Dəli Qarcarın əli yuxarıda asılı
qaldı. Zira Dədə Qorqud vilayət
issi idi. Diləyi qəbul oldu".
Tədqiqatçıların bir çoxu "vilayət
issi" ifadəsini yanlış anlayır. Onların
qavramında burada "vilayət" sözü adekvat inzibati
ərazi bölgüsü kimi təqdim edilir. Əslində isə mətndəki "vilayət"
"vəlilik" deməkdir. Və
vurğulanan də Dədə Qorqudun vəlilik yiyəsi,
övliya olduğudur. "Vəli" (cəmdə
"övliya") din anlamında "Tanrı dostu"dur. Oxu ayələrində izlənən məntiqə
görə, bütün gerçək iman yiyələri Tanrı
dostlarıdır, övliyadır. Biri o birindən təkcə
iman kamilliyi baxımından seçilə bilər ki, belə
bir üstünlük də hansısa iman yiyəsinə
müqəddəslik -
toxunulmazlıq statusu qazandıra bilməz. Hər
üstün iman yiyəsindən də üstün olanı
var: "Pillə-pillə ucaldırıq kimi istəyiriksə.
Hər elm yiyəsindən daha çox bilən
bir başqa biləyən var" (12, 76).
Dədə Qorqud da Tanrısevər soydaşlarından
üstün bir iman-elm yiyəsi. Və bununla belə, ilahi məntiqə
uyğun gələn bir məsələdir ki, onun Tanrı adına
iddialarda bulunmaq, rəsmi din görəvlisi təriqilə fətva
vermək yetkisi yoxdur. Özü də,
soydaşları da bunun fərqindədirlər. Eləcə də Dəli Qarcar. O
da Tanrısevər bir dindardır, Tanrı birliyinə iman gətirən
birisidir. Ancaq din şüuru "gözəl əxlaq"la
tamamlanmadığından bir qədər
nöqsanlıdır. Və Qorqud şəxsiyyətinin din -
"gözəl əxlaq" təbliği missiyası
oğuz toplumunu bu cür dini kəsirlərdən
qorumaqdır. Konkret halda Dəli Qarcarın mənəvi
islahıyla bağlı bu missiya uğurla sonuclanır, onun
tövbəsi ilə başa çatır.
Qorqudçuların
din şüurunda bəzən müvəqqəti geriləmələr
də baş verir. Bunlar təktanrılıq əqidəsinə
məyusluq hallarının ara-sıra gətirdiyi bütpərəstlik
impulslarıdır. Ancaq narahat psixoloji
ovqatın yaratdığı bu impulslar olduqca ötəri və
epizodik bir səciyyədədir.
Kafirlər Qazan xanın əsirlikdəki oğlu Uruzu
edama aparırlar. "Mərə kafir, aman! Tanrının birliyinə yoxdur güman. Qoyun məni bu ağacla söyləşəyim"
- deyir. Və ağaca "müqəddəslik"
qazandıran təriflər yağdırır: "Məkkə
ilə Mədinənin qapısı ağac! Musayi-kəlimin əsası
ağac! Şahmərdan Əlinin düldülünün əyəri
ağac! Zülfiqarın qınının qəbzəsi
ağac! Şah Həsənlə Hüseynin beşiyi ağac!
Məni sənə asarlar, götürməgil ağac!..".
Tanrı birliyinə şəhadət gətirə-gətirə
ağaca yalvarmağı ölüm təhlükəsi
altında baş qaldıran bütpərəstlik zəifliyidir. Və bəzi boyların
sonunda Dədə Qorqudun dediyi "ölüm vəqti gəldiyində
arı imandan ayırmasın" duası, təbii ki, belə
bir bütpərəstlik zəifliyinə güc gəlinməsi istəyini də mahiyyətcə
ifadə etməmiş deyil.
Ağaca yalvarışda tarixi ənənəvi islama
görə müqəddəs bilinən sözlərdən mədhiyyə
düzməklə qəhrəman bütpərəstliyə
meyillənmə zəifliyinə sanki bəraət də
qazandırmaq istəyir. Ümumilikdə isə bu, son dərəcə
ötəri və impulsiv bir ovqatdır ki, bircə anın
içində dərhal dəyişə və təktanrılıq
başlanğıcının cazibəsinə qayıda bilir.
"Məni sənə asarlar, götürməgil
ağac!" deyən Uruz ardınca da az
öncə "müqəddəs" sözlərlə
xitab etdiyi bütə - ağaca çox hörmətsizcəsinə
səslənir: "Götürəcək olursan yigitliyim səni
tutsun ağac! Bizim eldə gərək idin ağac! Qara hindu
qullarıma buyuraydım, səni para-para doğrayaydılar,
ağac!".
Təktanrılıq tarixində bütpərəstliyin
məğlubiyyətini yaşadan möhtəşəm məqamlar
var ki, daşdan-ağacdan yonulu bütlərin para-para
doğranmasıyla əlamətdardır. Biri elə
İbrahim peyğəmbərin bütlərin başına
açdığı oyun. Bütxanaya gələrək
camaatın tapındıqlarından birini "sağ"
buraxmaqla qalanlarını qırıq-qırıq edir.
Soydaşları dəhşətlə soruşanda ki, kim yapmış bunu, deyir əgər
danışa bilirsə, o salamat qalmış bütdən xəbər
alın söyləsin. Məqsəd ibtidai səviyyədəki
bütpərəstliyi din baxımından arqumentsiz qoymaq,
dilsiz-ağızsız, zərərsiz-yararsız
bütlərə tapınmağın puçluğunu
sübuta yetirməkdir. Təktanrılıq-bütpərəstlik
qarşıdurmasında bütlərin bu hala
salınmasının başqa bir məqsədi bütpərəstliyin
maddi mənada da məğlubiyyətini fiksə etməkdən
ibarətdir. Və hələ xeyli gənc, bərkə-boşa
düşməmiş qorqudçu Uruz ölüm təhlükəsi
anında göstərdiyi zəifliyə - din ampluasında
bütpərəstliyə ani meyillənmə ilə ifadə
olunan zəifliyinə "səni para-para doğrayaydılar,
ağac!" deməklə üstün gəlir. Və şəksiz ki, Uruzu "arı imandan
ayırmayan" həmin o ifadə məhz şüuraltı
təktanrılıq impulslarının təsirilə qəhrəmanın
dilindən qopur.
Tanrı birliyinə iman qorqudçuların fitrətində
əzəli bir dəyərdir. Bunun ən arxaik
variantı Dəli Domrul boyunda maraqlı bir tərzdə
aşkarlanır. Qəhrəmanın təktanrılıq
şüuru o qədər ibtidaidir ki, burada mələklərə
inam üçün yer də yox. Tanrıya
yalvarır ki, camaatın dediyi Əzrayılı ona göstərsin.
Göstərsin ki, bu ölüm mələyi ilə
savaşıb birdəfəlik axırına
çıxsın və o da "bir dəxi yaxşı
yigidin canın almaya". Dəli Domrulun
duası Haqq-təalaya xoş gəlmir, "mənim birliyim
bilməz, birliyimə şükür qılmaz, mənim ulu dərgahımda
gəzəmənlik eləyir" - deyir.
Təktanrılıq primitiv və deklarativ bir din dəyərinə
çevrildikdə, əxlaq müstəvisində gerçəkləşmədikdə
mahiyyətini itirir. Buna görədir ki, Tanrı birliyini dildə
bəyanlayan Dəli Domrul Onun "birliyini bilməz"
birisidir. Və Əzrayılın cənginə
keçdiyində bu dəfəsində də məhz ona
yalvarıb aman diləyir. Əzrayıl
deyir mənə niyə yalvarırsan, Allah-təalaya yalvar.
Dəli Domrul Tanrıya həmd oxumaqla başlayan bir duada
bulunur və duasını bu sözlərlə bitirir: "Mənim
canım alır olsan Sən alğıl, Əzrayılı
almağa qoymağıl".
Təbii
ki, Tanrıdır can verən, can alan. Və Tanrı buyruq yiyəsidir, icraçı deyil.
İcraçılar Onun mələkləridir
ki, biri elə o Əzrayıl deyilən. Mələklərin
varlığına inanmaq iman şərtlərinə daxil bir
məsələdir. Dəli Domrulun ikinci
duasında bunları bilməzlikdən gələn ibtidai
inanışı Yaradanı gerçəkdən dərkə
cəhd əlamətlərilə ("Ucalardan ucasan, kimsə
bilməz necəsən, görklü Tanrı! Neçə cahillər Səni göydə arar, yerdə
istər, Sən xud möminlər könlündəsən.
Daim duran cəbbar Tanrı! Baqi qalan səttar
Tanrı!") bəlli bir
ölçüdə dini-elmi məzmun qazanmış olur. Dəli Domrul artıq fərqindədir ki, Tanrıdan
buyruq olmasa, ölüm mələyi can ala bilməz. Və "mənim canımı alır olsan Sən
alğıl, Əzrayılı almağa qoymağıl"
duası Tanrının özündən aman diləmək məzmununda
səslənir. Ancaq bu epizodda Dəli Domrulun din
şüurunu yenə də müəyyən sadəlövhlük
görüntüsündən (məhz
görüntüsündən!) azad etməyən bu son ifadənin
məndən ötrü ən gözəl və dahiyanə
bir təyinatı da var. İlahi gücə imanda və ibadətdə
birbaşalığın, vasitəçisizliyin ibtidai təlqinilə
bağlı bir təyinatı!
Tanrısevər
qorqudçuların ilahi güclə təmaslarında
birbaşalığı, vasitəçisizliyi təmin edən başqa bir
amil doğma dilin işləkliyidir. Təbii ki, Tanrı-insan dialoqu şərtiliklərdən
uzaq bir özəllikdə baş tuta bilir. O uca Varlıqla əlaqə
qurmaq cəhdi
göstərildiyində yasaq bilinən şərtiliklərin,
vasitəçiliklərin siyahısında anlaşılmayan
dil məsələsi də dayanır. Və Dədə Qorqud
boylarında səslənən dualar, alqışlar və s.
istisnasız olaraq ana dilindədir, ərəbcə deyil. Dastanda ərəbcəni vasitəçi dil kimi
işlədən din araçılarına da rast gəlinmir.
Din -
"gözəl əxlaq" təbliğçisi Dədə
Qorqudun da Tanrıya ərəbcə dua etdiyi yox. Dediyi dualardan biri budur: "Yum verəyin
(yəni dua oxuyaq), xanım! Yerli qara dağların
yıxılmasın! Kölgəlicə qaba ağacın kəsilməsin!
Ağsaqqallı baban yeri uçmağ olsun!
Ağbirçəkli anan yeri behişt olsun! Axır sonu
arı imandan
ayırmasın! Ağ alnında beş
kəlmə dua qıldıq, qəbul olsun!
Günahınızı adı görklü Məhəmməd Mustafa
üzü suyuna bağışlasın!"
Ərəbcə dualara yer verilsəydi, ilk
baxışdan bir qədər təbii də görünə
bilərdi. Ancaq təktanrılıq gərəkçələrinə
sadiq və mövhumatçılıqdan kənar bir din düşüncəsinin
məhsuludur ki, özlərinin din tələbatlarını
ödədiklərində
qorqudçular şərtiliyə, ibadət
görüntüsü yaratmağa və bunu gerçəkləşdirən
ərəb dilinin araçılığına ehtiyac
duymurlar. İmanlarında səmimi olduqlarından dolayıdır. Məhz belə bir imandır onları Tanrısevər
və Tanrı sevimliləri eləyən. Bu xoşbəxtliyin gözəl bir
ifadəsi var, əvvəlki yazılarımızda qeyd
etmişik, Bamsı Beyrək boyundadır: "Ol zamanda bəylərin
alqışı alqış, qarğışı
qarğış idi. Duaları müstəcəb
olurdu". Tanrıdan qəbul görən,
cavabsız qalmayan bu dualar təbii ki, türkün ana dilindədir.
"Çağıran çağırsa Məni,
cavablaram çağrısını. Qoy onlar da
cavablasınlar Məni, inansınlar Mənə bəlkə doğru
yolu tutub gedələr." (2, 186) - deyilir
Oxuda. Duaların müstəcəb olması iman və saleh əməl
dəyərlərinə riayətlə şərtlənir. Qorqudçuların dindarlığına birbaşa
aidiyyəti olan məsələdir. Dualara Rəbbimizdən cavab təmin
edən başqa bir dindarlıq özəlliyi İlahiyə yalvarışların tamamilə
məhrəmanə bir tərzdə səsləndirilməsidir:
"Çağırın Rəbbinizi yalvarışla, gizlicə.
O sevməz, şübhəsiz, həddini aşanları." (7, 55). "Həddini aşmaq' konkret halda səmimiyyətsizlik
deməkdir. Deklamasiya edilən, səs-küylə
oxunan dualar da "həddini aşanların" işidir ki,
Tanrıdan cavab almaz. Qorqudçuların
duaları bu ilahi məntiqə də uyğun gələn necəlikdə
və nəlikdədir. Başlıcası isə ana dilindədir ki, bu necəliyin
və nəliyin xidmətində durur.
Ərəbcə
dualarda səslənən və oxşar variantları müqəddəs
Oxu orijinalında
gedən belə bir ifadə var: "Subhanəkə
va təalə ammə yasıfun". Açıqlaması
"Alqış Sənə, Sən onların (Tanrıya
şərik qoşanların)
düzüb-qoşduqlarının fövqündəsən".
Yaradanı öyən ifadədir. "Dədə
Qorqud" müəllifinin qələmində isə bu,
təqdim etdiyim açıqlamadan daha gözəl səslənir:
"Ucalardan ucasan, kimsə bilməz necəsən".
Dastanda məqsəd
qoyulmayıb ki, Oxu kəlamına aid bəzi ifadələrin dəqiq tərcüməsi
verilə. Bu cür şərtiliyə gedilməyib.
Qəhrəmanların dini ovqatlarının təsvirində
təbiilik, eləcə də üstün bədii məziyyətlər
bununla bağlıdır.
Oxunun
İnək surəsinin sonuncu ayəsində bir dua səsələnir:
"Sən bizim yarımız, havadarımız. Sən bizə yardım eylə də zəfər
ver dananlar (kafirlər) əleyhinə!" (2, 285). Düşmənlə döyüşə
girməzdən öncə Qazılıq Qoca oğlu Yeynək də həmin
dua ovqatındadır. Belə deyir: "Mədəd Səndən!
Qara donlu kafirə
at təpərəm, işimi Sən onar".
Oxu ayələrinin
təlqin etdiyidir ki, Tanrıyla məhrəmanə təmasda Onu gözəl-gözəl
öyümlərlə öyəsən. Yaradandan yardım istəməmişdən
Yeynək belə də
edir, deyir: "Urdığın ulatmıyan ulu
Tanrı! Basdığın bəlirtməyən bəlli
Tanrı!
Götürdüyün göyə yetirən
görklü Tanrı! Qaqdığın qəhr
edən qəhhar Tanrı!"
Bu ifadələr tərcümədən gəlmə
deyil və aydındır ki, saf iman impulslarının təsirilə türkcəmizin
improvizəsində ortaya çıxmış ifadələrdir.
Mənasını
anladın-anlamadın fərqi yox, Allah kəlamı yalnız
nazil olduğu
orijinalda dilə gətirilməli - bunu bəzi
"din" xadimləri deyir. Ərəb olmayan müsəlmanı ilahi
hikmətlərdən qafil bir durumda, cəhalətdə
saxlamağın, Tanrı dərkindən
uzaq tutmağın bir yolu da belə bir
mövhumatçılıq təbliğindən
keçir. Çağımızda
da özünə tərəfdar tapan bu cür
mövhumatçılığın ən gözəl
cavabı Dədə Qorqud dindarlığındadır.
Məsələn, İxlas surəsindəki 2-4-cü ayələri
Yeynəyin dilindən bu oğuz bəyinin düşüncəsinə
uyğun gələn türkcə açıqlamada da
eşidirik: "Sən anadan olmadın, Sən atadan
olmadın, kimsə rizqin yemədin, kimsəyə güc etmədin.
Qamu yerdə əhədsən. Allah səmədsən. Ululuğa
həddin yox. Sənin boyun-qəddin yox. Ya cismlə
cəddin yox". Həmin ayələrin orijinal variantı: "Allahu-s-saməd.
Ləm yəlid va ləm yuləd. Va ləm
yəkun ləhu kufuvan
əhad". Orijinala yaxın
açıqlaması: "De "O Tanrı, tək. Tanrı mütləq, əbədi. Doğmamış, doğulmamış. Onun bənzəri
də heç kim olmamış" (112,
1-4).
Dədə
Qorqud dindarlığı ən çeşidli məziyyətlərinə
görə təktanrılığın möhtəşəm bir nümunəsidir. Türklərin
din şüurunda bu nümunənin əvəzsiz yeri var.
Və
mövzuya əlavə olaraq onu da vurğulayım ki, türklərin
tanrıçılıqda və islamda yaşanan
Tanrısevərliyi zaman-zaman gözəl-gözəl
qarşılıqlar almış
Rəbbimizdən. Oxuda deyilənlərdir:
"İçinizdən inanan, xeyircil işlər görən
kəslərə Tanrı vəd vermiş, hökmən xələflər
eyləyər onları yer üzündə necə ki, bir zaman
onlardan əvvəlkiləri xələflər eyləmişdi.
Onlar üçün bəyəndiyi, seçdiyi o dinini
hökmən gücləndirəcək.
Arxayınçılıqla əvəzləyəcək
qorxularını. Mənə qulluq qılırlar, bir nəsnəni
ortaq qoşmurlar Mənə. Bundan sonra kim danacaq olursa, belələri
xalis yolsuzlardır ki var" (24, 55). Bu deyilənlərdə
tarixi keçmişimizi də görmək
mümkündür. Gələcəyimizə
də aid edə bilərik ilahi vədi. Yetər ki, Oxu ayələrindən
güc ala-ala, Dədə Qorqud dindarlığından öyrənə-öyrənə
təkcə Ona
qulluq qılaq, təkcə Ondan yardım umaq!
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.24-25.