Ümidlərin ardınca

 

Avqustun 29-da tanınmış yazıçı-publisist, qəzetimizin dostu Aydın Tağıyevin 65 yaşı tamam olur.

 

Bu münasibətlə dəyərli Aydın müəllimi təbrik edir,  Pərvinin “Ümidlərin ardınca” məqaləsini oxucularımıza təqdim edirik.

 

Tanınmış yazıçı, istedadlı publisist Aydın Tağıyevin 65 yaşı tamam olur bu il. Aydın müəllimin doğum günü avqust ayına təsadüf edir. Doğrusu, astroloji məntiqə o qədər də inanmasam da, yazıçının həm xarakterindən, həm də yaradıcılığından gələn istiliyin avqust ayı ilə əlaqəsinin olub-olmaması haqqında azacıq fikrə gedirəm. Amma sonra da düşünürəm ki, axı nə fərqi, Aydın müəllimin bu insansevər xasiyyəti, adamda xoş, ilıq hisslər oyadan əsərləri avqustun “günahıdı”, ya da deyil... Əsas odur ki, bu, faktdır və sadə oxuculardan tutmuş, məşhur yazıçılara, tanınmış tənqidçilərə kimi hər kəs bunu təsdiq edir.

Aydın müəllim indiki Şabran, o vaxtkı Dəvəçi rayonunda dünyaya gəlib. Əsərlərini oxuyanda məndə belə hiss yaranır ki, elə ədəbiyyata da gəlişi dünyaya gəlişi kimi təbii olub. Yəni Aydın Tağıyev özünü yazmağa məcbur edənlərdən deyil. Şöhrət naminə, hansısa maddi, ya da sosial rifahdan ötrü qələmə sarılmaz. Ürəyini deşən, beynini rahat buraxmayan sözü kağıza köçürüb. Və elə buna görə də yazdıqları zamanındaca əks-səda doğurub.

İlk dəfə 1975-ci ildə “Ulduz” jurnalının 2-ci sayında “Buz heykəllər əriyir” adlı hekayəsi dərc olunub və dərhal da ədəbi mühit, ədəbi tənqid hekayəyə müsbət reaksiya verib. Akademik Bəkir Nəbiyev gənc müəllifin debütünü yüksək qiymətləndirib. Aydın müəllimin yubileyinə məqalə yazmağa hazırlaşanda haqqında olan bir çox yazıları oxudum və bütün bu yazıları birləşdirən ümumi cəhəti də duya, dərk edə bildim... Aydın Tağıyevdən, onun əsərlərindən danışan hər kəs saflığı, dürüstlüyü, gələcəyə inamı və ümidləri, dosta sadiqliyi xüsusi vurğulayır. Bu sadaladıqlarımı həm yazıçının özünə, həm də əsərlərinə aid edirlər. Oxuduqca düşünürəm, görəsən, necə olur hamını məhz bu cəhətlər düşündürür. Yəqin ki,  saflığın, dürüstlüyün, etibarın nadir keyfiyyət olmasına görə. Və qəribədir ki, zaman keçdikcə heç nə dəyişmir, Aydın Tağıyevin hələ ilk gənclik illərində yazdığı əsərlərdəki işıq, inam, ümidlər lap son zamanlarda qələmə aldığı əsərlərində də göz qamaşdırır. “Buz heykəllər əriyir” hekayəsi haqqında məqaləsində akademik Bəkir Nəbiyev yazır: “Bu hekayə insana inam və etibar haqqında gənc müəllifin qəlbindən qopan səmimi poetik səsdir. Bu səs insanların ən yaxşıları üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq duyğularına alqışlar deyir”. Hekayənin də, məqalənin də  yazılmasından otuz ildən çox zaman keçib. Bu zamanda həm yazıçının həyatında, həm də mühitdə, ölkədə bir çox hadisələr baş verib. Amma o nəcibliyə alqış və insana inam, etibar Aydın müəllimin əsərlərində hələ də aparıcı xətt olaraq qalır. Və mənə görə bu əsərləri oxunaqlı, maraqlı edən də məhz bu cəhətidir.

Amma bununla belə Aydın Tağıyevi dünyanın çirkabını, insan xislətindəki naqislikləri görməyən, yalnız xəyallar, arzularla, böyük ümidlərlə yaşayan yazıçı da hesab etmək olmaz. Sadəcə məsələ burasındadır ki, yazıçıya gələcəyə, insanlığın itməməsinə inamdan ötrü kiçicik bir işarə bəs edir. Elə “Buz heykəllər əriyir” hekayəsində olduğu kimi... Əgər şaxtada, balası ilə birgə yolda soyuqdan donan ananı darda qoymayan, ona yardım edən bircə nəfər də olsa adam tapıldısa, deməli “insan buz heykəl deyil”. Bir az dərin düşünəndə doğrudan da belədir. Dünya tək-tək insanların yaxşılığı, az-az adamların nəcibliyi üzərində durub.

Aydın Tağıyev yaradıcılığında əsas motivlərdən biri də insanın özünün özünü tərbiyəsidir. Yəni qəhrəmanının səhvini anlaması, ya da düz yola qayıtması, ləyaqətini, mənliyini qoruması üçün fövqəladə hadisələrə, ciddi olaylara ehtiyac duymur yazıçı. “Yaxın qohumlar” hekayəsinin qəhrəmanı Vəliyev toylara gedən müğənnidir. Amma eyni zamanda, bir dövlət işində də çalışır. Hər dəfə rayonlara toya getmək üçün dostları iş yerinə teleqram vurub hansısa qohumunun öldüyünü xəbər verirlər. Yazıçı bu tragikomik olayı o qədər incəliklə, dəqiqliklə qələmə alır ki... Həm millətimizin mentalitetindən gələn, dərdli adama hayan, dayaq olmaq kimi cəhətləri qabardır, həm də maddi rifahı üçün rola girən insanın içindəki təzadları göstərir. Əsərin qəhrəmanı Vəliyevin elə rayona gedən qatardaca düşündükləri, özünü bütün ölənlərə görə günahkar bilməsi, cibində “sığalladığı gözəlin” yəni, pulun da bir anda gözündən düşməsi, bütün bunlar yazıçının ustalıqla düşündüyü, qəhrəmanını gətirib çıxardığı məqamdı. Bir sözlə mənəvi dəyərlərin, insanlığın, köklərə bağlılığın hər şeydən, maddi təminatdan daha vacib olmasını yazıçı belə sadə, həm də dərin üsullarla göstərir.

“Çini kasalar” hekayəsində olduğu kimi... Əsərin qəhrəmanı Rəhim müəllim ehtiyac üzündən evində olan qiymətli çini kasaları satmaq qərarına gəlir. Bir yandan arvadın dır-dırı, bir yandan ehtiyac... Bütün bunlar qəhrəmanını çıxılmaza salmaq, çətinə çəkmək üçün yazıçı priyomlarıdır. Hər yerdən əli üzülən Rəhim müəllim kasaları imkanlı müdirinə təklif etmək qərarına gəlir. Yazıçı qəhrəmanının qürurlu xarakterini də elə bu müdirlə dialoqda açır:

“Saleh deyilən müdir gözucu kasalara baxa-baxa pis-pis güldü: - Bəh-bəh! Bəxtimin yeyinliyinə bax, özgə müdirlərə işçiləri pay verir, mənimkilər isə hərifcə müştəri axtarır...

Rəhim müəllimin arvadı fağırlaşdı. Nədənsə kefi birdən-birə kökəlmiş Rəhim müəllim coşdu: Rüşvətxor, yekəqarın! Borcum var sənə, bilməmişdik hələ bir pay da verərdik!”

Gətirdiyim bu kiçik nümunədə yazıçının insanlıq resepti var; ehtiyacın olsa belə, başqasının qarşısında aşağılanma, özünü sındırma, qürurunu əymə. Bu mənada “Tərəkəmə” hekayəsinin qəhrəmanı Balağanın da başına gələnlər xeyli düşündürücüdür. Bir vaxt istəmədiyi havanı oynamadığı üçün işdən çıxarılan, sonra da dolanışıq dalınca kənddən çıxan, özünə iş tapıb güzaran qurmaq istəyən bu adam doğulduğu kəndə ayrı cür, yəni Jiqulinin sükanı arxasında qayıtmaq istəyir. Yazıçı bir vaxt əzilmiş insanın belə bir kiçik özünütəsdiq arzusunu ustalıqla qələmə alır. Başı daşdan daşa dəyən Balağa indi şəhərdə ofisiant işlədiyi restoranda istədiyi maşının pulunu yığmaqdan ötrü hər hava oynamağa məcburdu. Amma yenə də yazıçının özünəməxsus priyomu ilə sonda qürur, ləyaqət hissi, mənliyini qorumaq düşüncəsi hər şeyə üstün gəlir. Hekayədə öz havasını oynamaq, yaxud hər havanı oynamamaq ideyası həm də bir simvoldur. Ümumiyyətlə, Aydın Tağıyevin yaradıcılığında belə simvollar çoxdur. Məsələn, “Güllü çit yorğan” hekayəsində üşütməsi keçməyən Seyidağa müəllimi isidən güllü çit yorğan simvoldur. Valideynləri repressiya olunan zaman bir əsgərin rəhmi, insanlığı sayəsində bu güllü çit yorğanı uşağın əlindən almamışdılar. İndi də artıq yaşa dolmuş Seyidağa müəllimi isidən elə illərin o tayında qalmış əsgərin insanlığı, mərhəmətidir. Bir sözlə, yazıçı çit yorğanı simvollaşdırıb. Necə ki, “Ağrı” hekayəsində oğlunu itirən atanın dişini də itirməsi, özü də bu dişi oğlunu ondan alıb aparan gəlinin çəkməsi kimi... Yaxud “Boy” hekayəsində əsərin qəhrəmanı Allahdan hamını bir boyda yaratmasını diləyir. Yazıçı bu üsulla “sinfi bərabərsizliyi” simvollaşdırır əslində.

Aydın Tağıyevin əsərlərinin digər məziyyəti də koloritli dili, folklora söykənən üslubudur. Xalq yazıçısı Mövlud Süleymanlı Aydın Tağıyev haqqında “Aydın Tağı və çoxlarının qibtə etdiyi söz” məqaləsində bu məqamı xüsusi qiymətləndirir. Bir vaxt “Bulaq” verilişi üçün mətnlər yazan Aydın müəllimin koloritli üslubundan, dilindən söz açır: “Aydın Dəvəçi bölgəsini duyub, anlayıb “Bulaq” üçün qələmə ala bildi... Mənim, bəlkə də hər birimizin tanımadığımız çox maraqlı etnoqrafiya, folklor, söz səmtini radio verilişlərinə gətirib çıxara bildi...”

Mövlud Süleymanlının vurğuladığı bu məqamları, yəni həm folklor elementlərindən, həm də nağıl dilindən istifadəni Aydın Tağıyevin “Alma oğurlayan divlər”, “Çiçəkli çölün sarı gülü”, “Çiçəkli çölün qırmızı gülü”, “Dan üzü ölən adam” və digər hekayələrində görmək olar. Görünür, yazımın əvvəlində vurğuladığım gələcəyin yaxşı olacağına, insanlığın üstün bir mərtəbəyə çatacağına ümid də elə folklora bağlılıqdan gəlir. Axı nağıllarda həmişə, hər şey gözəl bitir!

Bir də Aydın Tağıyev mənəvi həyatla yaşamağın mümkünlüyünə inanır və belə yaşamağa çalışır. Elə yazımın bu məqamında bir xatirəmi bölüşmək istərdim. Şabrandakı tədbirlərdən birindən sonra Aydın Tağıyevlə ədəbiyyat söhbətləri edirdik. İstedadlı yazıçı olmaqla bərabər, gözəl bir ədəbiyyat bilicisi, həm də ardıcıl oxucu olan Aydın müəllimin çox orijinal fikirləri var bədii əsərlər haqda. Elə son illərdə çıxan əsərlərdən danışa-danışa birdən Aydın müəllimi azacıq çaşdıran bir sual verdim: “Doğrudan düşünürsüz ki, ruhu olan adam yaltaqlıq edə bilməz?” Sualımın səbəbi vardı. “Adəmin oğlu” hekayəsindən gəldiyim qənaəti dəqiqləşdirmək istəyirdim. Əsərin qəhrəmanı Adəmlə Həvvanın oğlu Habil ruhunu itirməmək üçün yaltaqlana bilmir. Yaltaqlandıqca ruhunu itirəcəyindən qorxur... Yazıçı bu cür dini, əfsanəvi adlara müraciət etməklə problemin qədim olduğuna işarə edir əslində. Amma eyni zamanda sual da yaranır, doğrudanmı belədir? Doğrudanmı bütün yaltaqlar ruhsuz insanlardı? Bunu soruşanda Aydın Tağıyevin gülümsəməsi və mövzunu dəyişməsi də yaxşı yadımda qaldı. İndi bu əsərləri təkrar oxuyub yazını yazdıqca düşünürəm, heç şübhəsiz ki, Aydın müəllim zahirən ruhsal, intellektual, ağıllı adamların da necə yaltaqlandığını görüb, görməmiş olmaz hər halda... Sadəcə bunlardan danışıb heç kəsi məyus etmək istəməyib o məclisdə. Axı o həmişə yaxşı olanı, pozitivi ötürməyə çalışır. Hətta bədbin ruhlu, faciəvi sonluqlu “Səssiz film”, “Külək qəfil qalxan gün” kimi hekayələrində də bir işıq, ümid yeri qoyur. Çünki insan ölümü ondan ötrü böyük faciə deyil, sadə bir təbiət hadisəsidir... yarpağın ağacdan düşməsi kimi. Amma bununla belə yazıçı əzizlərinin ağrılarına, kədərinə biganə qala bilmir. Bacısı haqqında yazdığı “Qapın elə bağlanıb ki”, yaxud dünyadan vaxtsız köçmüş Dürdanənin ölümündən sarsılıb dosta təsəlli olaraq qələmə aldığı “Bir dürr dənəsi idi” essesi bu mənada son dərəcə təsirlidir.

Aydın Tağıyevin nəsri ilə yanaşı, publisistikası da çox maraqlıdır. Ümumiyyətlə, son illərdə qələmə aldığı publisistik məqalələrinə nəzər salanda belə başa düşmək olur ki, o, ədəbi mühitdə baş verən yeniliklərə, mühüm hadisələrə biganə qala bilmir. “Yoldur gedirik” adlı kitabında məhz bu yazıları yer alıb. Və bu kitabın adı da elə Aydın müəllimin həyatını simvolizə edir. Şabranda yaşayan, amma tez-tez Bakıya gəlib-gedən yazıçının yollara zamanı çox gedir. Görünür, elə həyatı da Aşıq Veysəl demiş “uzun, incə bir yol” sayır...

 

Yazıçını tanımaq üçün bir neçə yol var; onun özüylə ünsiyyət, əsərləriylə yaxından tanışlıq, yaxud haqqında yazılanları diqqətlə oxumaq. 65 yaşlı Aydın Tağıyevlə hər üç üsulla tanış olmaq mümkündür. Ünsiyyətə çox açıqdır, əsərləri mətbuatda mütəmadi çap olunur, həmçinin haqqında da saysız-hesabsız yazılar qələmə alınıb. Və Aydın Tağıyev bu məsələlərdə bir az da şanslıdır məncə... Çünki hər yazıçı haqqında roman yazılmır.

Yazıçı-publisist Novruz Nəcəfoğlunun Aydın Tağıyev haqqında “Nağıl adam” romanı onu mühitə, oxucularına, elə ən yaxın dostlarına da ayrı yöndən, bir az daha dərindən tanıtdı. Bu roman haqqında ayrıca məqalə yazdığım üçün, burda özümü təkrar etmək istəmirəm. Amma etiraf edim ki, Aydın müəllimin əsərlərini araşdırandan sonra bu romanı tamam ayrı cür dərk etdim. O zaman “Nağıl adam”ı böyük dostluğun, Aydın Tağıyev - Novruz Nəcəfoğlu birliyinin bədii nümunəsi kimi yozmuş, təhlil etmişdim. Çünki əsərdə kifayət qədər dost zarafatları var. Novruz müəllim özünəxas yumorla qəhrəmanının başına gələn qeyri-adi hadisələri qələmə alır, hətta bəzən özü də oxucusuna qoşulub gülümsəyir də bütün olanlara. Bir az nasiranə “əlavələrini” də edir məncə. Amma bütün bu rahat söhbətlərin, zarafatların fonunda bir yazıçı ömrü təsvir olunur. Və Aydın müəllimin yazdıqları ilə dərindən tanış olandan sonra o əsərlərin bir çoxunun kökünü “Nağıl adam”da, yəni yazıçının nağıl kimi ömründə görmək, tapmaq olur. Novruz müəllim bir neçə cümlə ilə yazıçı  Aydın Tağıyevi belə ifadə edir:

“Aydın yazıçıdı. Yazıçı olmaq Aydına nə qazandırıb? Çox şey - elə indiyəcən bütün bu danışdıqlarımı! Axtardığımız, daha doğrusu, arzuladığımız bu ali keyfiyyətləri: saflığı, səmimiliyi, gözü toxluğu, insani sevgini, mərdliyi, əxlaqlı həyat tərzini, həm də bir-birindən gözəl, içdən gələn yaratdığı obrazları! Aldığı öyüd-ibrətdən naxışlanan, mərdlik, vətənpərvərlik, milli qeyrət, mənəvi dəyərlərimizin nümunəsi olan o obrazlar bəlkə də daha çox Aydının öz xarakterik cizgilərindən qaynaqlanıb. Bir sözlə, yazıçılıq Aydına elə Aydını qazandırıb”.

Novruz Nəcəfoğlunun fikirlərinin davamı kimi onu da əlavə etmək olar ki, yazıçılıq Aydın Tağıyevə dostlarını qazandırıb, bir də oxucu sevgisini. Beş il öncə Şabranda keçirilən təm-təraqlı yubiley gecəsi, yazıçının işığına toplaşan oxucuları, qələm dostları elə buna bariz nümunədir.

Bir yazıda Aydın Tağıyevin bütöv yaradıcılığını əhatə etmək mümkünsüzdür. Mən sadəcə yazıçının yubileyini “bəhanə” edib yaradıcılıq aləminə azacıq da olsa nəzər salmağa çalışdım... Bir də niyyətim əziz dostumuzu təbrik etmək idi. 65 yaşınız mübarək olsun, Aydın müəllim!

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.12-13.