Unudulmuş qəhrəmanların yazıçısı

 

Gözəllik bəşəri fəlakətlər içərisində müharibə qədər qorxunc və dağıdıcı bir qüvvədir. Yelenanın Paris tərəfindən qaçırılması on illik Troya müharibəsinə səbəb olmuşdu. Gözəllik olduğu yerə həmişə bədbəxtlik gətirib. Söhbət birbaşa qadın gözəlliyindən gedir. Gözəl qadın üstündə tökülən qanlar hətta bir müharibədə tökülən qanlardan çox olub. Bu gözəllik təkcə kişilərin yox, elə onun daşıyıcısı olan qadınların da bədbəxtliyinin əsas mənbəyidir.Qadın gözəlliyi nə qədər intiharlara səbəb olub. Bu gözəlliyi əldə etmək üçün hər cür çirkin vasitələrə əl atan kişilər olub, kimisə qarət edib, soyğunçuluq edib pul əldə edərək bu pul vasitəsilə gözəl bir qadını ələ keçirmək istəyənlər olub. Bəşər tarixi bu kimi faktlarla zəngindir.

Son zamanlar yeniyetməlik və gənclik dövründə oxuduğum əsərlərin bəzilərini yenidən oxuyuram. Bu günlərdə XIX əsr fransız ədəbiyyatının nəhəng simalarından olan Onore de Balzakın "Qorio ata" əsərini yenidən oxudum. Elə əsərlər var ki, onları mütləq müəyyən həyat təcrübəsi qazanandan sonra oxumaq lazımdır, əks halda bu əsərlərin mahiyyətini, özündə ehtiva etdiyi dərin mətləbləri anlamaqda çətinlik çəkəcəksən. "Qorio ata" sovet dönəmində Mikayıl Rəfilinin tərcüməsində dəfələrlə çap olunub. Çox az adam tapılar ki, bu əsəri oxumasın. Əlbəttə, söhbət əhalinin kitab oxuyan kəsimindən gedir. Buna görə əsərin mövzüsu haqda uzun-uzadı yazmağa ehtiyac görmürəm. Balzak bu əsərdə mürəkkəb və dolğun tiplər yaradıb. Cəmiyyətin ayrı-ayrı sinifləri arasındakı ziddiyyətlər bir burjua ailəsinin timsalında təsvir edilir. Vaxtilə vermeşil fabrikinin sahibi olmuş Qorio atanın qızları kübar həyat naminə atalarının bütün var-dövlətini əlindən alırlar, özünü isə pansionata atırlar. Ata isə müticəsinə qızlarının onu istismar etməsinə dözür, o, qızlarının dizi üstündə tula kimi oturmağa da razıdır. O, qızlarını xoşbəxt edən kişilərin ayaqqabısını da silməyə razı olan miskin bir adamdır. Qızların isə gözü doymaq bilmir, madam Vokenin evində səfil bir həyat yaşayan qocanın qanını son damlasınadək sormağa hazırdırlar. Bədbəxt ata qızlarının gözəlliyi ilə öyünür. Halbuki o, qızlarının şöhrətpərəstliyinin qurbanıdır. O dövr fransız cəmiyyətində qadın şöhrətpərəstliyi kifayət qədər geniş yayılmış bir azar idi.

Yeri gəlmişkən, digər böyük fransız yazıçısı Floberin Madam Bovarisibu şöhrətpərəstliyin qurbanı olmuşdu. Həmin şöhrətpərəstliyin də arxasında gözəllik dayanırdı. Qadınların yeganə silahı gözəllikləridir, onların yaraladığı kişilər bu gözəlliyə sahib olmaq üçün istənilən yola əl ata bilərlər. Vokenin evində qalan Rastinyak hüquq təhsili alır, gələcəkdə vəkil olacaq. O, vicdanlı adamdır, amma qadınlar şöhrətpərəst, varlı kişiləri sevirlər. Şöhrətpərəstliklə vicdan isə bir araya sığmır, Rastinyak yüksək mövqe qazanmaq, gözəl qadınların diqqət mərkəzində olmaq üçün mütləq varlanmalıdır. Onun isə pulu yoxdur, o, anasına, bacılarına məktub yazır ki, mənə pul yollayın. Rastinyakın valideynləri varlı deyillər, amma bu pulu ona tapıb yollayırlar. O, istəsə, əlindəki pulla böyük sərvət qazana bilər, amma bal maskaradları, zənginlik onun ağlını dumanlandırır. Öz tələbə dostuyla görüşərkən dostuna sual verir: "Sən bir qadına aşiq olmusan, bütün varlığını onun yolunda verməyə hazırsan, onun bər-bəzəyi, karetası, arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır, onda nə edərdin?"

Dostu isə ona belə cavab verir: "Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan, sonra da təklif edirsən ki, fikirləşim".

Paris qadınları dəbdə olan paltardan ötrü öz balalarını acından öldürməyə qadir idilər. Zənginlik və varlı məşuq onların yeganə sevinc mənbəyidir. Balzak yazır ki, Paris məhəbbətində özünü öymək, dəbdəbə, bədxərclik, həyasızlıq və gurultu-parıltı mühüm yer tutur. Balzakla bir dövrdə yaşamış Stendal özünün "Qırmızı və qara" əsərində xanım Renalın timsalında fransız qadınının məşuq sindromuna tamam fərqli rakursdan yanaşır. Ərli bir qadın evdə uşaqlarına dərs keçən cavan oğlana, Jülyenə vurulur. JülyenRastinyak kimi mənsəb qazanmaq ehtirasıyla alışıb-yanan bir gəncdir. Bu iki obraz cüzi fərqlərlə eyni kateqoriyaya mənsub insanlardır. Rastinyak varlanmaq üçün təsadüflərə inanır, gözəllik və zənginlik bütün cazibəsi ilə onu özünə doğru çəkir. Ov tora düşəndən sonra qadın diplomatiyası işə düşür. Ümumiyyətlə, qadınlar özlərini kişilərə təslim etməzdən əvvəl onların həyatını cəhənnəmə çevirməkdən sonsuz həzz alırlar. Birmənalı olaraq həmişə belə olub. Bu, qadının təbiətinə xas bir xüsusiyyətdir. Delfinanın əri onu sevmir, pullarını opera rəqqasəsinə xərcləyir, Rastinyak isə sevgidən başını itirmiş durumdadır. Qadın saxta məhəbbətin intiqamını həqiqi məhəbbətdən alır. Balzak təhkiyə boyu dahiyanə gedişlər edərək obrazların xarakterini açır. Başqa bir kişi tərəfindən atılmış qadın həmişə öz intiqamını növbəti kişidən alacaq. Qadının kişiyə əzab verməsinin, onun hissləriylə oynamasının kökündə məhz bu amil dayanır. Bəli, onun gözəllik kimi silahı varonun qəlbini əzib keçmiş bir kişiyə görə o, qarşısına çıxmış bütün kişilərin qəlbini ayaqlayıb keçməyə qadirdir.

Amma Qorio atanın qızı Delfina bankir xanımı olsa da, ləyaqət hissini tam itirməmiş, ərinə satılmayan bir qadındır. Delfina onun məhəbbətini qazanmaq istəyən Rastinyaka qəlbinin sirlərini açır, çünki onu sevir. Lakin kübar dünyasının tələbləri bütün insani hisslərin üstündən tank kimi keçib onları məhv edir. Qorio ata yataqda can verərkən qızları, bu kübar ata qatilləri bala tələsirlər.Qorio atanın yeganə günahı onun şiddətli məhəbbətidir. O, bütün var-dövlətini qızlarına verməsəydi, qızları onun qulluğunda durar, ölüm ayağında yanında olardılar. Ata bu həqiqəti son nəfəsində dərk edir. Onun ölüm yatağındakı monoloqu çox dəhşətlidir, qızlarını tələb edən ata gah onların dalınca jandarm göndərilməsini tələb edir, gah yol pullarını özü verəcəyini bildirib yalvarır, gah da onların atalarından üz döndərməsinin əsas səbəbkarı kimi özünü ittiham edir.

Kübarlar cəmiyyəti haqqında Balzak belə yazır: "Qızıl, daş-qaş altında gizlənən bu rəzaləti təsvir etmək üçün Yuvenalın belə qələmi acizdir". (Yuvenal - Antik dövrün böyük satirik şairi - K.H.) Rastinyak vicdan hissini tamamilə itirməsə də xirtdəyədək bu bataqlığın içindədir. Balzak Paris qadınlarını dərindən tanıyırdı,  sərvət dünyasının xəsis cəngavərlərini isə onlardan da yaxşı tanıyırdı. Ailə nikahı hər iki tərəf üçün sərvət əldə etmə vasitəsinə çevrilirdi. Bu mübarizədə uduzan tərəf müflis olurdu, belə şəraitdə məhəbbətdən, ülvi hisslərdən söhbət belə gedə bilməzdi. Balzak bütün əsərlərində ("Qobsek", "Polkovnik Şaber", "İtirilmiş xəyallar" və digər əsərlərində) burjua əxlaqının qurbanlarının acı taleyini qələmə alıb və bu cəmiyyətin çürüklüyünü dahiyanə şəkildə təsvir edir.Stefan Sveyq Balzak haqqında məşhur essesində yazır ki, onun qəhrəmanları bir-birinin ətini yeməyə hazır olan adamlardır, onlar birdən-birə varlanmaq istəyirlər və bunun üçün hər cür rəzalətə əl atmağa hazırdırlar.

Balzakın tərcümeyi-halını bilən adamlar bu əsərdə hansı cümlələrdən onun şəxsi münasibətinin boylandığını asanlıqla müəyyən edə bilərlər. Balzak unudulmuş qəhrəmanların yazıçısıdır. Cəmi 51 il ömür sürmüş yazıçı 90 roman yazıb və ümumi adı "Bəşəri komediya" olan bu əsərlər XIX əsr Fransasının salnaməsidir. Onun zəngin ədəbi irsi dünya ədəbiyyatında sürətli və davamlı yaradıcılığın bəlkə də ən möhtəşəm örnəyidir.

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.13.