İbrahim Sədri
ADAM KİMİ
Mən səni
heç sevmədim ki...
Yorğun
olduğumuz
axşamlarda
söylədiyin
şərqiləri sevdim,
bir
çiçəyə gülməyini,
bir gülə
bənzəməyini sevdim,
bir də
ulduzları sevdim,
sentyabr
gecələrində
dəstə-dəstə
enib
gözlərinə
qonan ulduzları.
Mən səni
heç sevmədim ki...
Məni
yola salanda -
ayrılığı
sevdim,
məni
vuranda -
gülləni
sevdim,
məni
unudanda -
ağlamağı
sevdim.
Səni hər
xatırladığım zaman
yıxılmağı
sevdim,
çörəyi sevər kimi
sevdim
sənsizliyi,
su kimi
həsrətini
çəkdim
iyul ayında,
Gecələr
rüzgar kimi sevdim,
səpsərin
bir rüzgar kimi.
Mən səni
heç sevmədim ki...
Quşlara
şərqilər
öyrətməyini sevdim,
bənövşələrlə
danışmağını,
aprel
ayına
bəzi
şeyləri xatırlatmağını,
yıxıldığım zaman
baharın bir adının da
yalnızlıq
olduğunu
anlatmağını
sevdim.
Dənizə
düşmüş gül kimi
düşdüm atəşə - yanğını sevdim.
Mən səni
heç sevmədim ki...
Bir gecə
bir ceyran endi
dağdan
qəlbinə
-
qısqanmağı sevdim,
bir gecə
bir şeir
kimi
kibrit
çöpünün alovunda,
yalqızlığın, kimsəsizliyin səsində,
yerdən
qalxan səhər buğunda,
acımasızlığında bir ahın,
ağlayan üzündə insanın,
fərəhləndirici gücündə duanın -
şəfqəti
sevdim.
Mən səni
heç sevmədim ki...
Getdiyin
zaman - getməni sevdim,
Gəldiyin
zaman - gəlməni sevdim,
qaldığın zaman - qalmanı sevdim.
Qorxurdum sənə alışmaqdan.
Səni
aparan
qatarın
arxasınca
dəsmal
yelləməyi
və
gülümsəməyi sevdim.
Səhralara
ilk qar
düşdüyü zaman
səni
içimdə öldürdüm
və
ölümün
nə qədər
gözəl olduğunu
anladım
və sevdim.
Mən səni
heç sevmədim ki...
Sevsəydim
adam kimi
sevərdim...
UNUT
Unut
isladılmış əncir qurularını,
zeytun dənələrini,
çörəyin bugünü...
"Sənmi gəldin?"ləri unut.
Unut...
Ən
yaxşısı unutmaqdı...
Əllərin
yun yumağıydı,
əllərin ipistiydi,
əllərinin
əllərimə
dəydiyini unut,
unut
ulduz-ulduz,
İstanbul
- İstanbul,
unut
üsul-üsul,
unut
şərqi - şərqi...
Necə
deyirlər:
"Hara
qoyasan
belə
bir eşqi?"
Elə
unut,
elə
unut...
Unut,
heç bir yerə
guya bilmədiyin
şey kimi
unut...
BİR İZ QALMALI
Bir iz
qalmalı səndən
bütün
qırılmış
şeylərin sonunda:
aynadırsa, - arxasında sirr,
yalnızlıqdırsa, -
arxasında
inad,
bəli,
bir iz
qalmalı
səndən
sonraya,
bir də
o qəhr
olmuş,
lənətə
gəlmiş qürbət!
Sən
hesab et ki,
mən
heç ağlamadım,
heç
oda da tutmadım
üşüyən
ürəyimi,
hələ nəhavənd,
hələ
busə -
heç
keçmədi ağlımdan
və
bir qan adası
kimi qaldın
içimdəki
dənizlərdə.
Bu sevda
bir az
nisgil,
bir az
qorxu,
bir az
hıçqırıq dadır...
Bir iz
qalmalı səndən
pəncərənin önündə
dibçəkdə
əkilən
bənövşə
misalı.
Mən səni
sevdiyim zaman
dağlar
yerindən oynadı,
mən
səni sevdiyim zaman
yağışlar yağdı
güllə
ağırlığında,
ayrılıq
ağırlığında...
Bu fəlakətdən
sonra,
hər
şeyə rəğmən,
bir iz
qalmalı səndən
bütün
qırılmış
şeylərin sonunda:
aynadırsa, - arxasında sirr,
yalnızlıqdırsa, -
arxasında
inad…
Bəli,
bir iz qalmalı
səndən
sonraya,
bir də
o qəhr
olmuş,
lənətə
gəlmiş qürbət!
Məni əfv
et -
itirmək çox tez,
sevmək
isə
çox
gecdir...
GERİ DÖNƏN ADAM
Dekabr,
ya da yanvar
ayı idi -
mənim
saçlarım
buz
bağlamışdı,
elə
yanaqlarım da,
elə
dodaqlarım da,
elə əllərim
də,
elə
ürəyim də...
Onun
saçları
gül
açmışdı, gül,
elə
yanaqları da,
elə
dodaqları da,
elə əlləri
də,
elə
ürəyi də...
Qapını
açdım,
əlində bir köhnə çamadan,
baxışlarında
bir köhnə
rəvayət vardı.
Gəldim,
dedi, gəldim.
Sənə
özümü gətirdim,
özümü
-
təpədən-dırnağa,
sənə,
bəlkə
unutmusan,
birlikdə oxuduğumuz
türküləri
gətirdim,
sənə,
yazdığım
qeydləri,
balıq
tutarkən
səsini
içinə salmağını -
susqunluğunu,
əlimlə böyütdüyüm
bir
bənövşəni,
göy
üzünə yolladığım duaları,
alışqanımı,
siqaretimi
və
kitablarımı gətirdim.
Döndüm, budur, döndüm.
İçəri keçdi, axsayırdı.
Güldü:
" -
Atam Yəmən çölündə -
savaşda
itirdi ayağanı,
mən
içəridə - həbsxanada,
ikimizinki
də
qurban olsun məmləkətimizə"
-
dedi.
Oturduq.
Uzun-uzadı
baxdıq
bir-birimizə,
on
üç ildən sonra...
Gəncliyimizdə
birlikdə
çıxmışdıq
həyat
dediyimiz yola,
nə
pendirimiz,
nə
soğanımız,
bir
ürəyimiz vardı -
qoymuşduq
ortaya...
Yorulanda
mən
başımı söykəyərdim
onun
çiyninə,
o, tale-əl-bədrü
oxuyardı
qulağıma,
mən
kövrələrdim -
ağlayardım
için-için,
o dua edərdi
Yaradana,
ikimizin də
adından...
Bir payız axşamı idi.
Yağış yağırdı.
İnsanlar
aldıqları çörəyi
pencəklərinin
altına
dürtmüşdülər
ki, islanmasın...
Birdən
fit səsləri eşidildi,
polislər gəldi,
üst-başımızı
aradılar,
onun
cibindən
iki
ürək çıxdı -
biri özününkü,
biri mənimki,
budur,
dedilər
və
apardılar...
Qaldır
gözlərini yerdən, - dedi,
on
üç il nədi ki?
Şən
olasan, həbsxana!
Mənə
məktub yaz,
bir bənövşə
şəkli çək,
göndər anama.
Qaldır
gözlərini yerdən, - dedi,
on
üç il nədi ki?..
Bax, hələ
cibimdədi ürəyin,
qoymadım kimsə toxuna,
qoruyub
saxladım -
on
üç il nədi ki?..
BİR ŞEY SÖYLƏ
Bir
şey söylə -
dəniz
od tutub
yandığı zaman,
bir
şey söylə -
ulduzlar
səmadan
üstümüzə
qar kimi ələndiyi
zaman,
Bir
şey söylə -
ətrafını
alov sarmış
pərvanələr
kimi
olduğumuz
zaman,
bir
şey söylə -
qəlbdə gizlətdiklərimizin
üstü
açıldığı zaman,
bir
şey söylə -
göy
qaraldığı,
yer
yarıldığı zaman,
bir
şey söylə -
cəhənnəm od tutub yandığı,
cənnət
gül açdığı zaman ...
Ömür
bitir, - bu da son,
bir
şey söylə ,
bir
şey söylə ,
bir
şey söylə ...
BU GÜN BAZAR
Bu gün bazar.
Havada
çox
sevdiyim
külək
və yağış var.
Hələ
yuxudan
oyanmayıb
qonşular.
Evlərin
üstündə
quşlar
qorxusuz-ürküsüz
oynaşırlar.
Günün
bu saatında
radioda
qədim
şərqiləri verirlər:
"Könül
pəncərəsindən
ansızın
baxıb keçdin..."
Bu gün bazar.
Havada
çox
sevdiyim
külək
və yağış var...
Hələ
yuxudan
oyanmayıb
qonşular
və mən
səni çox gözlədim...
Eşiyə
çıxmaq,
bomboş
küçələrdə
təkbaşıma
dolaşmaq,
yağışda islanmaq,
mağazaların vitrinlərinə,
kino-teatrların
afişalarına
baxmaq,
telefon
köşklərində
uyuyan
çocuqlara
səssizcə
bir "mərhaba" demək,
sahildə qağayılara
çörək
qırıntıları atmaq,
avtobusların
ilk səfərinə
minmək,
getmək,
həyatın
getdiyi yerə getmək
istəyirəm.
Fit
çalıb,
şərqilər
uydurmaq
öz-özümə,
təndirdən
təzə
çörək alıb,
ətrini
içimə çəkmək...
Və mən səni çox gözlədim.
Bax, belə
bir şey:
Suyun
kökdən
qaça-qaça
yarpağın
ucuna qədər
qalxması,
bəbənin ağlaması,
torpağın yuxudan oyanması,
yağışın yağması,
alovun
istisi,
bax belə
bir şey:
səhər-səhər
bir qəhvəxanaya
getmək,
bir
fincan
ətirli
çay içmək,
qaçırtmadan
şəhərin
yuxusunu
bir
şeir yazmaq,
krosvordun
boş
qalmış
xanalarını
doldurmaq
və
bütün bunları
sənə
anlatmaq,
anlatmaq,
anlatmaq...
Bax, belə
bir şey:
küçələrdə gəzmək,
yağışda islanmaq,
bir
fincan çay içmək...
Və mən səni çox gözlədim.
VUR, BİTSİN
Orda,
masanın
üstündə
bir rəsm
-
ikimiz
üzü dənizə
dayanmışıq,
Üsküdarda,
başımızın üstündə qağayılar,
gözlərimizdə
naşı,
sadəlövh bir eşq
və qəribə
xoşbəxtlik...
Sənin
çiynində
sarı
çətir var,
Kadıköydən,
endirim
zamanı almışdıq,
mənim
əynimdə
qara, yun jaket
-
istisi
ikimizə də yetərdi,
hərdən
qoynuma
pişik kimi
sığınmağın vardı...
Deyəsən,
fevraldı,
hə,
fevraldı,
təpədən-dırnağa
islanmışıq...
Orda,
masanın
üstündə
bir rəsm...
Yandır, getsin.
Orda,
qapının
arxasında
bir yazı:
"Sevirəm"
yazmışıq -
bir hərfini sən,
bir hərfini mən,
amma
barmaqlarımız
ay titrəyib ha...
Gülüşün,
hərarətin
hopub hərflərə...
Nə
süfrənin gözəlliyi,
nə aşın dadı,
sobanı
belə
yandırmağı
unutmuşuq...
Orda,
qapının
arxasında
bir
yazı -
sil,
getsin.
Orda
sürahinin
üstündə
iki
fincan,
çay
içmişik birlikdə,
unutmuşuq
dünyanın
bütün dərdlərini...
Bir
nağılmış,
bir
yadmış kimi
qorxmuşuq,
bərk-bərk sığınmışıq
bəxtimizin
qara ulduzuna...
Mən
bir,
sən
üç qənd atmışdın
pürrəng
çayımıza,
sonra
pərdəni
çəkib
bir
şey diləmişdik
göy üzündən,
Ay
gülümsəmişdi
və
biz sevinmişdik -
uşaq
ki, uşaq...
Orda,
sürahinin
üstündə
iki
fincan -
qır,
getsin.
Orda,
divarlara həkk
olunmuş
xatirələr,
hansı
yana dönsəm,
səndən
bir nişanə
gülüşün,
qızğınlığın
orda,
ocağın altını qalamağın,
düymə tikərkən
iynəni
əlinə batırmağın
orda...
Hara baxsam
-
səndən
bir nişanə.
Bir iyun axşamı
qəfildən ayağa qalxmağın...
Get, bitsin.
Hazırladı:
DİLSUZ
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.16-17.