Güclü qadınların məğlubiyyəti...
Kimdir qadın?
Kimdir qadın!
Kimdir qadın...
Bu cümlədəki durğu işarələrindən sual işarəsi, sözün əsl mənasında qadının kim olduğunu öyrənmək istəyənlərə, nida kişilərə, üç nöqtə isə qadınlara məxsusdur.
Orta əsrlərdə, daha da dəqiqləşdirsək, XII əsrdən XVIII əsrə qədər davam edən, XV əsrdə isə kulminasiya nöqtəsinə çatan "cadugər ovu" qadınlara qarşı yönəlmiş bir hərəkat idi. Bu hərəkat nəticəsində minlərlə qadın dul və kişilər olmadan yaşaya bildikləri üçün cadugərlikdə günahlandırılaraq öldürülürdülər. Əsrlərdir qadınlığa müxtəlif izahlar, təriflər verilmiş, çoxsaylı ünvanlar yaraşdırılmışdır. Amma, ancaq, lakin və zira bir qadını, onun hisslərini, gücünü və zəif nöqtələrini o qadının özündən və həmcinslərindən başqa heç kim daha yaxşı bilə bilməz... Hətta Tanrı belə... Nə qədər asicə səslənsə də, bunu yazmaq məcburiyyətində idim. Səbəbini anlamaq üçün çox-çox əvvələ - Adəmin hələ Həvvanı tanımadığı vaxtlara qayıtmaq lazım gəlir. O vaxtlara ki, onda Adəm özü kimi torpaqdan yaradılmış, qızılsaçlı Liliti sevirdi. Bəli, Lilit mifologiyada Adəmin Həvvadan öncəki, ilk arvadıdır. Onlar cənnətdə şad Xürrəm yaşayır, günlərini gün edirdilər. Lakin hər kişi kimi Adəm də Lilitin ona tabe olmasını istəyirdi. Lilit isə torpaqdan yaradıldığı üçün özünü Adəmlə bərabərhüquqlu sayır və ona boyun əyməkdən imtina edirdi. Adəm də hər kişi kimi bundan narazı idi. Tezliklə Lilit bu münasibətdən yorularaq cənnəti tərk edir. Adəmin yalvarışı ilə Tanrı mələklərini Lilitin yanına göndərərək geri dönməsini əmr edir. Lakin Lilit razılaşmır və heç vaxt geri dönməyəcəyini bildirir. Bu azmış kimi, bir də şeytan Samuellə nikaha girir. Beləcə Tanrının qəzəbinə səbəb olur. Bundan sonra Tanrı Adəm üçün onun qabırğasından itaətkar (guya) Həvvanı yaradır...
Mənə elə gəlir ki, Lilit bütün feminist qadınların başlanğıcıdır, köküdür, səbəbidir və ilkidir. Lakin gerçək budur ki, qadının xəmirində qalib gəlmək mayası heç vaxt olmayıb. Ta yaradılışdan... O daim məğlubiyyəti arzulayıb. Qadını tarixən bu mübarizələrə, hərəkatlara qoşulmağa vadar edən kişilər və qarşılaşdıqları münasibət olub. Məsələn, kişilərin nifrət etdikləri feminizm qadınların acısından doğulub, əslində.
Lap Ramiz Rövşənin "İlan balası" şeirindəki və "mərdi qova-qova namərd edərlər" atalar sözündəki kimi. Qadın bütün mövzularda mərddir: sevgidə, sədaqətdə, ailədə, dostluqda, lakin o həm də balaca bir ilan balasıdır. Onu incitsən, səni nə vaxtsa sancmaq ehtimalı da var... Çünki qadın, genində "itaətkar" Həvvayla yanaşı, asi Liliti də daşıyır.
Yazının əvvəlindəki fikrimə qayıdıram, nə olursa-olsun qadın olmanın sirrini və tərifini onun özündən başqa heç kim ifadə edə bilməz.
Məsələn, türk yazıçısı Nazan Bekiroğlu qadınları belə ifadə edir:
"Fəth etməyi deyil,
daim fəth olunmağı gözləyən qala,
ən
çox bir sandalı qoynuna alan dəniz,
və
çarəsiz,
və ləkəsiz
və tərtəmiz...
bütün
hekayələrin qəhrəmanı,
amma
güçsüz,
çünki
daim ödəyən
və
ödənən əvəzdir qadın..."
Bir də
bir kişi şairin yazdığına baxaq:
məsələn,
Cemal Sürəyya:
Bir
qadını ikiyə böl:
Yarısı
anadır,
Yarısı
uşaq.
Yarısı
sevgili,
Yarısı
sevgi...
Eşidənlər
bilməz bunu,
Görənlər
anlamaz.
Yarısı
rəvayətdir
Yarısı
gecə!..
Bu qəbul
olunmuş həqiqətdir, bir kişi qadını ya ana, ya sevgili
ya da uşaq kimi görür, qadın kimi görməyi isə
nadir hallarda bacarır.
Bəs ən yaxşı kim ifadə edə bilər
qadını? Təbii ki, özü və ya başqa bir
qadın! Murathan Munganın dediyi kimi, qadınlar bir-birlərini
"yaralarından tanıyır".
Həyatda iki cür qadın var: Şeytanı sevən Lilitlər,
Adəmi sevən Həvvalar...
Amma hər iki halda
sevən qadın bilməlidir ki, nə qədər
üstünlüyü olursa-olsun, yolun sonunda məğlubiyyət
var. Mütləq var...
Çünki qadın hər
zaman içindəki akvariumda bir
canlıya həyat verməyi öz həyatını
yaşamaqdan üstün tutur...
Çünki qadın hər
zaman "umur və gözləyir"...
Çünki "qadının bircə
yuvası olur": sevdiyi adam...
Haradan başlayır
qadının gücü
və zəifliyi?! Sevgisindən, ağrısından, məğlubiyyətindən...
Heç kim məğlubiyyətini qəbul etmiş qadın qədər
güclü ola bilməz...
Bir çox
hallarda qadınlar məğlubiyyətlərini
qəbul etmək istəmir və güclü görünmək
qiyafəsinə bürünürlər. Lakin məğlubiyyətini
qəbul edən qadınlar özlərini hər zaman
yaddaşlarda qalmaqla mükafatlandırırlar. Məsələn,
meksikalı rəssam Frida Kalo Dieqo Riveraya elə aşiq
olmuşdu ki, onun sevgisindən çox sevdiyi adama təslim
olması insanları özünə heyran edir. Bütün həyatı
boyu özünü və acılarını, amma bundan da daha
çox sevgisini ifadə etməyə çalışan
biçarə Frida ona fiziki əzablarından daha çox mənəvi
əzab verən birini sevirdi... 6 yaşında atasıyla gəzintiyə
çıxdığı zaman ayağından zədə
alan Frida ömür boyu topal qalır. Bu yetməzmiş kimi,
18 yaşında bir tramvay qəzası keçirir və 2 il
yatağa bağlı şəkildə yaşayır. Rəssamlığını
da bu dönəmdə kəşf edən Frida əsl
acısını isə bu cür ifadə edir:
"İki böyük
qəza keçirdim
Dieqo. Biri
tramvay, biri sən. Ən ağırı sən idin..."
Onurğasında və ayağında dəhşətli ağrılarla yaşayan
bir qadın üçün ondan da ağır olan ürəyindəki
qəzadır, əlbət. Lale Müldür yazır: "Bir qadın hər
şeyi unuda bilər, ürəyinin içindəkindən
başqa".
Sevgi qadının keçirə
biləcəyi ən ağır qəzalardan
biri, birincisi və sonuncusudur:
"Səni sevməyə
başlamağımdan uzun
müddət keçir, Dieqo. Balaca qız idim o zaman. İndi isə
bədəni çürüməyə başlayan
yaşlı bir qadınam. Əslində, bütün bədənlər
çürüyür, Dieqom. Bütün bədənlər
köhnəlir. Amma bir bədənin acı çəkən
ürəyi varsa, o, daha sürətlə
çürüyür. Mənim də səni sevməyə
başladığım o gündən acı çəkən
bir ürəyim var. Məni anlamadın demirəm. Sən məni
anladın. Ən dözülməz ağrı da bu idi. Sən
məni anladığın halda əzab verdin".
Dieqo ən az
Samuel qədər "şeytan" idi. Dəfələrlə
Fridaya xəyanət etməkdən çəkinməmiş,
son olaraq onu öz bacısı ilə aldatmışdı.
"Mən də
səni anlamaq istədim. Sən nəyə
güldünsə güldüm, nəyə ağladınsa
ağladım. Toxunduğun qadınlara toxundum. Sənin sevmədiklərini
də sevdim mən, Dieqo. Niyə sevmədiyini anlamaq
üçün sevdim! Ya da sevməyə
çalışdım. Bəlkə də içimdə sənə
qarşı olan qəzəbi söndürmək
üçün etdim bunu. Amma qəzəbim heç keçmədi.
Hər dəfəsində daha çox aşiq olaraq
döndüm sənə. Ya da əslində, mən heç
getməmişdim. Sənin çirkin olduğunu söyləyən
anama nifrət eləmişəm həmişə. Sənə
mənim kimi baxa bilməyən hər kəsə nifrət
etmişəm. Sənin gözəlliyini görə bilməmələrini
heç vaxt anlaya bilmədim. Mənə dünyanın ən
böyük acısını yaşatdın sən. Səni
sevməyə başladığım andan etibarən hər
gün öldüm. Amma, sevgilim, bir daha gəlsəydim
dünyaya, yenə səni sevərdim. Canlı-canlı
çürüyəcəyimi bilsəm də!".
Bu, qadın məğlubiyyətinin
və gücünün ən gözəl
nümunələrindən biridir.
Mənə görə digər
gözəl nümunə isə
nüfuzlu bir ölkənin baş naziri olmağa qədər
yüksələn İngiltərənin Dəmir Ledisi -
Marqaret Tetçerin etirafıdır:
"İlk dəfə
19 yaşımdaykən o mənə
"Marqo" deyə müraciət etdi. Biz ayrıldıq. O getdi.
Getdiyi gündən o adla heç kəsin məni
çağırmasına izn vermədim. Niyə?
Çünki mən xatirələrə qayıtmıram,
çünki mən sadəcə unuduram məni unudanları.
30 il sonra Mayamiyə səfərim zamanı kütlənin
içindən "Marqo" deyə bir səs eşitdim.
Qocalmış, əynində dilənçi kürkü olan
o idi. "Marqo" deyirdi. Heç nə demədim. Mənə
ayrılan otağa keçib ağladım. Və o gün
anladım ki, mən "dəmir" filan deyiləm, sadəcə
qadınam".
Və
o... Bütün kişilərə
və dünyaya meydan oxuyan, qadınlara güclü
olmalarını, mübarizə aparmalarını söyləyən
Vircinia Vulfun ərinə ünvanladığı intihar məktubunun
sonuncu cümləsi belə idi: "Məncə, biz səninlə
dünyanın ən xoşbəxti idik". Bir qadın nə
qədər uğur qazanırsa-qazansın, nə qədər
feminist olursa-olsun, nə qədər güclü olursa-olsun
sonda, ən sonda, lap sonda içində bir kişiylə
bağlı olan xatirəni xatırlayır və bununla da məğlubiyyətini
qəbul etmiş olur...
Hər əfsanənin,
rəvayətin kökündə
bir həqiqət payı mütləq olur. Türklərin qədim
dastanı olan "Yaradılış"da yazılır ki,
qadın kişini yoldan çıxarıb qadağan
olunmuş meyvədən yedizdirdiyinə görə uşaq
dünyaya gətirməklə cəzalandırıldı. Cənnətdən
qovulmaq bəs etmirdi, qadına daha "ağır" bir cəza
verilməli idi. Sanki Tanrı
deyir ki, sən necə mənim cənnətimdən bir
insanı qopardın, mən də sənin cənnətindən
hər dəfə bəslədiyin, böyütdüyün
canlını alacam, canından can qoparacağam. Əsrlərdir
Tanrının intiqamı bitmir. Hər dəfə qadın
canından can verməmək üçün
çırpınır, sancılar içində mübarizə
aparır, lakin hər dəfəsində məğlub olur.
Çünki məğlubiyyət qadının alın
yazısıdır. Tanrı Lilit sayəsində
qadının hansı gücə malik olduğunu, onun bir zəif
nöqtəsinin olmayacağı təqdirdə nələr edə
biləcəyini bilirdi. Onu ömür boyu əsarətdə
saxlaya biləcək cəza... Axı Tanrı hər şeyi
biləndir... Qadağan olunmuş meyvə isə lap siyasi
oyunlar kimi əvvəlcədən hazırlanmışdı.
Tanrı qadının gələcəkdə yarada biləcəyi
təhlükəni anlayırdı, beləcə
ortalığa uydurma bir günah atıldı və qadın
ömürlük "təhlükəsizləşdirildi".
Bütün bunlara səbəb isə Tanrıya itaət etmədiyi
üçün lənətlənən Lilit idi. Lilit
bütün qadınların Həvvadan əvvəlki
gücünü simvolizə edir. Tanrıya belə itaət
etməyən qadın əlbəttə, təhlükəlidir.
Hə, o mütləq qalib gələcək, amma bir gün məğlub
olmaq şərtiylə...
Frida isə bu cəzadan mərhum
olunmuşdu.
O keçirdiyi qəza nəticəsində heç vaxt ana ola
bilmədi, bətnindəki akvariumda heç vaxt canlı bəsləyə
bilmədi. Buna görə də o Lilit kimi asi həyat
yaşadı. Dieqonu sevsə də, ona dəfələrlə
xəyanət etdi, tərk etdi, tabe olmaqdan qaçdı, lakin
sonda məğlub olaraq yenə də ona qayıtdı...
Çünki Füruğ Fərruxzadın
dediyi kimi, məğlubiyyət
qadının alın yazısı idi:
Arsızlıqla
damğalanan,
Boş
kinayələrə gülən mən idim.
Varlığımın səsi olmaq istədim,
Təəssüf ki, Qadın idim...
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2017.-
26 avqust.- S.19.