Xalq şairi oğlunu niyə “qonşu
uşağı”
kimi təqdim etmişdi?
“Ömrümün keçdiyi
sahildən uzaqlaşdıqca” layihəsinin bu dəfəki
qonağı xalq şairi Söhrab Tahirin oğlu Tahir
Tahirlidir.
- Tahir
müəllim, atanızla bağlı xatirələr sizin üçün əziyyət
deyil ki?
- Mənim üçün o, əbədi olaraq yaşayır. Düşünmürəm ki, şair bu dünyadan köçüb, fikitləşirəm ki, o, yenə də mənimlədi. Hər atdığım atdımımda “atam bu işə görən nə deyərdi” deyə, götür-qoy edirəm.
Əlbəttə, fiziki olaraq atamı itirmişəm və bu, mənə çox ağırdır. Baxmayaraq ki, şairin 90 yaşı var idi, amma çox pozitiv, uzaqgörən, realist idi, hər xırda məsələnin həllini dərindən düşünərək çözürdü...
- Oğlu
kimi sizin
baxışınız maraqlıdır: Söhrab
Tahir kim idi?
- Həyatı boyu sirlərlə dolu xəzinə... Bu gün də o sirləri açmaq qeyri- mümkündür.
Fədakar şair, inqilabçı, İranda Azərbaycan cümhuriyyətini yaradanlardan biri, SSRİ dövründə demokrat kimi təqiblərinə məruz qalan, komitə rəhbəri, yüksək vəzifələri tutmuş şəxs... Şairin bizdən də gizlətdiyi bir çox sirlər. Atam bizim rahat yaşamağımız üçün o sirləri özü ilə apardı.
Bir hadisə danışım: təxminən 6 yaşım olardı. 1985-ci ilin qış ayları idi. Atam məni gəzintiyə çıxartmışdı, Sovet dövründə “Dağüstü park” adlanan indiki Şəhidlər Xiyabanı ərazisində gəzirdik. Bu zaman bizə bir kişi yaxınlaşdı. Onun əynində tünd plaş, başında şlyapa, əlində isə qara portfel var idi. Ucaboy, saçı arxaya daranmış zəhimli birisi idi. O atamla görüşdü, söhbət elədi, söhbətin sonunda mənim yanağımdan tutaraq atamdan soruşdu:
- Bu
cavan oğıan kimdi?
- Qonşunun uşağıdır, - atam cavab verdi...
Beləliklə, bu məsələ mənim yaddaşıma həkk olaraq qaldı... Elə bir gün olmadı ki, mən bu məsələ barədə düşünməyim. Amma cürət edərək heç vaxt atama bu barədə sual verə bilməmişdim.
İllər keçdi, atamın həyatının son həftələrinin birində cəsarətlənib, sual verdim ki, yadına gəlir filan vaxtı, filan yerdə belə bir adamla görüşəndə sən məni o adama belə təqdim etmişdin? Qeyd edim ki, atanın son nəfəsinə kimi hafizəsi pozulmamışdı. Atam dedi ki, bala, səni qorumaq üçün elə dedim, o zamanlar bizim üçün çox ağır idi...
Bu cavab mənə psixoloji rahatlıq gətirdi. Əslində, şübhə etmirdim belə olduğuna, amma onun öz ağzından bu sözləri eşitmək mənim üçün çox vacib idi.
- Söhrab Tahir
otaylı-butaylı Azərbaycanda, həm də Azərbaycanın
tarixi-mənəvi sərhədlərində çox
tanınan şair idi.
Ata olaraq kim idi Söhrab
Tahir?
- Hamı atamı mülayim,
gülərüz, problemsiz bir adam kimi
tanıyırdı. Amma ata
kimi… O, çox tələbkar,
ailə üzvlərinin ona qarşı
diqqətli olmasını sevən, qonaqpərvər, əl tutan, tanışlara və dostlara
maddi və mənəvi kömək edən
olub... Ümumiyyətlə isə şəxsən
mənə qarşı münasibəti çox
sərt, həddən artıq ciddi olub. Bu münasibət mənim
xarakterim və şəxsiyyətimi
formalaşdırıb. Çox sevinirəm
ki, ata mənə
çətinlikləri onun kimi təkbaşına keçməyi, yüz ölçüb, bir biçməyi, hər şeyə o dəqiqə etibarla
yanaşmamağı öyrədib.
- Ümumiyyətlə, Söhrab
müəllimi daha çox ata kimi, yoxsa ictimai həyatda, cəmiyyətdə
tanınan nüfuzlu şəxs kimi təqdim etməyə
üstünlük verirsiz?
- Əlbətdə ki, Söhrab müəllim birinci növbədə xalqımızın şairi, ikinci növbədə isə ailə başçısı olduğundan mən onu həmişə bu qaydada təqdim eləmişəm. Amma özünə ikilikdə olanda “papa” deyərdim. Cəmiyyət icində isə həmişə “Söhrab müəllim” deyərək müraciət etmişəm!
- Sizin uşaqlıq, yeniyetməlik, gənclik
dövrlərinizdə olan Söhrab
Tahirlə son illərin Söhrab
Tahiri arasında çoxmu
fərq vardı?
- Demək olar ki, şair doğulduğu torpaqdan, anasından, qardaşlarından, atasından ayrı düşmüş olduğu 19 yaşın içində qalan bir gənc idi. Atamla yaş fərqimiz çox olduğundan, onun ancaq yaşlı dövrünü müşahidə eləmişəm... Amma yuxarıda qeyd etdiyim kimi, şair ana həsrəti ilə, ailə həsrəti ilə, bütöv Azərbaycan həsrəti ilə yaşayan 90 yaşlı fədakar gənc idi.
- Bu həsrəti, ağrını
sizlərə sızdıra bilmişdimi?
- Şair Cənubi
Azərbaycanda, Astara şəhərində anadan
olub. Əlbəttə ki,
şairin Vətən
həsrətində olmağı
bizlərə örnək
olub: vətənpərvər
olmağı, xalqımızı,
dövlətimizi sevməyi
öyrədib. Atanın
mənə tövsiyyələri
ancaq Azərbaycanı
sevmək, ona sona qədər sədaqətlə xidmət
etmək olub! Və mən Azərbaycanımı
çox sevirəm.
Vətəndən uzaq düşməyi,
qürbətdə olmağı
bacarmaram.
- Şair necə dost idi? Olmuşdumu ki, uzun illər dostluq etdiyi qələm adamlarımdan
incisin, yaxud onun xətrinə dəysin?
- Ata çox sədaqətli və etibarlı idi. Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Əli Tudə, Nüsrət Kəsəmənli, Rəsul
Rza, Anar, Qabil, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı və
s. tanınmış adamlarla
yaxın dost idi. Yaşından çox balaca
olan dostları da var idi,
o gənc dostlar şairi bir ağsaqqal kimi sevir, hörmətini saxlayırdılar. Bir şeyi
qeyd edim ki, şairə yaşından asılı
olmayaraq, hamı “əmi” deyə müraciət edirdi.
- Ömrünün,
yaradıcılığının bir çox məqamları SSRİ-nin
“şəxsiyyətə pərəstiş”
dövrünə düşüb.
Nələr danışırdı,
burulğanlara, siyasi təzyiqlərə düşmüşdümü?
Maneləri necə dəf
etmişdi?
- Hə, ömrünün və yaradıcılığının
ən enerjili dövrü sovet hakimiyyətinə təsadüf
etmişdi. Amma şair heç
də qələmini
“hürkütməzdi”. Şerlərində, romanlarında, poemalarında
senzuranı aldatmaq üçün ikimənalı
ifadələrdən, sətiraltı
sözlərdən istifadə
edərdi. Vətənpərvər,
inqilabi ruhda yazdığı əsərlərdə
bu daha çox
karına gəlirdi. Çox əsərləri var ki, indi
də oxucuların zövqünü oxşayır.
O dövrdə hər addımbaşı şairi
izləyirdilər. Başına çox işlər gəlmişdi. Amma şairi
də göydə
Allah, yerdə isə Ulu öndər Heydər Əliyev hər zaman belə burulğanlardan qurtarardı. Mənə çox
belə əhvalatlar danışıb.
- Yaradıcılığı,
yazdığı əsərlərin
araya-ərsəyə gəlməsi
haqda nələr danışırdı?
- Şairin yaradıcılq təbi gələndə həftələrlə, aylara
öz otağının
qapısını bağlayırdı,
bizə də tapşırırdı ki,
kim gəlsə
və ya kimsə zəng vursa, deyin ki,
evdə yoxam. Hətta yemək belə yemirdi. Amma əsəri bitirəndən
sonra çox yaxşı əhvalı olardı. Düzdü, arıqlayardı, fiziki zəiflik olardı, orqanizmində problemlər də yaşanardı, amma əhval-ruhiyəsi yüksək
olardı. Onu da xüsusi qeyd etmək istəyirəm ki, şair ərəb
əlifbasında yazardı.
Onun son
20 ildə ilk oxucusu sözün əsl mənasında mən olmuşam. Ona görə ki, əsər bitən kimi mən əsəri
oxuya-oxuya onu əlyazmadan kompüter yaddaşına latın
qrafikası ilə köçürdərdim.
- Xatirələr sizi o günlərə aparır...
- O günlərdən ayrılıram
ki! Kaş o günlər yenə
də olaydı, o günlər qayıdaydı.
Elə olurdu ki, biz ata ilə
birgə əsəri oxuyaraq onun müzakirəsini
edirdik, bir də onda ayılırdıq
ki, saatlar, hətta sutka keçib... O qədər
əsərə qapanırdıq
ki, vaxt, zaman itirdi...
Söhbətləşdi: Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.20.