Mirzə Fətəli və
sandıqdakı şəkillər
Böyük Mirzə Fətəli Axundzadənin
zəngin şəxsiyyətini və mürəkkəb taleyini birmənalı və sonacan
yozmaq mümkünsüzdür.
Onun ömrü
açıq mətndir və istənilən müəllif öz versiyası ilə bu
"ömür mətninin"
hüdudlarını genişləndirə bilər. Mən də cəsarət edib
mütəfəkkirlə bağlı bir
neçə esse yazmışam ("Mirzə
Fətəli Axundzadə: ümidin
adı", "Mirzə Fətəli və Rəşid bəy
Axundzadə: müharibə obrazı", "Mirzə Fətəli:
ata qurbanlıq kimi"
və s.). Ədəbiyyat tariximizdə
müstəsna yeri olan
Mirzə Fətəlinin özü həyatın
yaratdığı ən maraqlı personajlardan
biridir. Fələk bu
obrazın üzərində o qədər
mükəmməl işləyib ki, bəzən
fantaziyamıza da yer
qalmır...
Müəllifdən
***
XIX əsrin II yarısında Tiflisdə şəkil çəkdirmək dəb halına düşmüşdü. Şəhərdə fotoatelyelər və salonlar geniş fəaliyyətə başlamışdı. Şəhər əhli daha çox Dmitri Yermakov adlı məşhur fotoqrafın (bir müddət İran şahının saray fotoqrafı da olmuşdu) Dvortsovaya küçəsində yerləşən fotoatelyesinə gedirdi. O, fotoqəhrəmanlarına milli-sosial görkəm verirdi, hər bir kadra xüsusi atributlar əlavə edirdi, müvafiq anturajda verirdi. Onun ağlı-qaralı fotoportretləri bu gün də o qədər canlıdır ki, rəssam işlərini xatırladır. Deyilənlərə görə, Mirzə Fətəli də şəkilləri bu atelyedə çəkdirmişdi.
O zaman Tiflisdə gürcü paltarı geymək adət idi. Nisə xanımın fotosu gürcü libasında çəkilib. "Mirzə Fətəli öz qızının (Nisə xanımın) şəklini gürcü paltarında çəkdirmək istədikdə anası, qohumları və qonşularu hay-küy salıb deyirlər ki, bu çox pis işdir, gənc qızın şəklini fotoqrafda görərlər, onları pislərlər və bh".
Fotoqrafiya yeni sənət növü kimi, heç şübhəsiz, Mirzə Fətəlinin dünyagörüşündə maraq doğurmalı idi. Qarabağa ilk fotoşəkilləri də Müsyö Jordanın kitablarının arasında o "gətizdirir". Şahbaz bəyin nişanlısı Şərəfnisa xanıma göstərdiyi fransız xanımlarının şəkilləri evdə söz-söhbətə səbəb olur: "Şahbaz, bu şəkilləri bəs mənə kim verdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə oturub-dururlar? Hələ bu şəkilləri utandığımdan əmidostuma göstərməmişəm" ("Hekayəti-Müsyö Jordan həkimi - nəbatat və Dərviş Məstəli şah caduğüni-məşhur").
Fotoqrafın işi Mirzə Fətəlinin yaradıcı ruhuna və təbiətinə də uyğun gəlirdi: fotoçəkiliş kimyagərliklə və magiya ilə bağlı bir prosesi anladırdı. Fotoaparata yerləşdirilən şüşə neqativlərin nazik kağızda şəkillərə çevrilməsi, şəkli aydınlatmaq üçün xüsusi məhlulun, kimyəvi qatışığın hazırlanması, emalatxanada işığın tənzimlənməsi magik əməliyyat təsiri bağışlayırdı.
Tiflisin XIX əsr fotosalnaməsində əsasən yaddinli xanımların portret şəkillərinə rast gəlirik. Şəhərin müsəlman xanımları üçün şəkil çəkdirmək yasaq sayılırdı. Mirzə Fətəlinin qız nəvəsi Aliyə xanım xatırlayır: "Mənim anam Nisə xanım o zaman 15-16 yaşında bir qız olub, fotoqraf şəklinə malik olmağı çox istəyirdi. Bir də o zaman fotoqraf şəkli nadir bir şeydi. Anam nağıl edirdi ki, Mirzə Fətəli evdəkilərdən gizli olaraq onu fotoqrafiyaya aparıb şəklini çəkdirmişdi və fotoqrafiyaya getdiklərini heç kim bilməsin deyə, şəhərin mərkəzində yaşayan Terequlovlara qonaq getdiklərini söyləmişdi. Onlar doğrudan da fotoqrafiyadan çıxandan sonra, şübhə doğurmamaq üçün bütün günü Terequlovların evində keçirmişdilər. Fotoqraf şəklini isə, söz olmasın deyə, sandığın lap dibində gizlədirmişlər. Mirzə Fətəli bu gizlinliyə çox gülərmiş, amma qızının sirrini hətta çox sevdiyi və hörmət etdiyi arvadına da açmazmış" (Aliyə xanım. "Mirzə Fətəli Axundovun həyatından" (M.F.Axundov. Məqalələr məcmuəsi. Bakı, 1962).
Mələkcahan xanım da Rəşid bəyə məktubunda bu yasaqdan söz açır və öz şəklini göndərə bilmədiyinin səbəbini açıqlayır: "…Xana kağız yazmısınız və o cavab yazmaqda ehtimallıq edibdir. Yox, vallah, utanır sizə kağız yaza və şəklini istəmişdiniz, əziz canına and olsun, burada qayda belədi ki, gərək qız xeylağı şəklini saldırmasın. O səbəbdən labüd qalmayın". Mələkcahan xanım öz şəklinin əvəzinə, Rəşid bəyə Xanbaba xanın şəklini göndərir: "…Xanın şəklini göndərdim baxasınız, amma pis düşübdü. İnşallah, özünü görərsiniz…"
Rəşid bəy Brüsselə gedəndə 21 yaşı vardı. Ailənin tək oğlu kimi şəfqət və sevgi görmüşdü, maddi sıxıntı çəkməmişdi. Sərbəst böyümüşdü, öz istəyi ilə təhsil almağa getmişdi. Amma məktublarında burada heç bir səbəb olmadan yaman darıxdığını, ağır ürək sıxıntısı keçirdiyini qeyd edir. Adətən adamayovuşmaz, qaradinməz təsiri bağışlayan, tək qalmağı, tənhalığı sevən Rəşid bəy doğmalarının şəkillərini istəyir: "…Xanın şəkli məndə yoxdur, əgər inciməzsə, mən çox istərdim ki, (parad kostyumunda çəkdirdiyi) şəklini mənə göndərin. Mən də tezliklə şəkil göndərəcəyəm. Sizin mənə göndərdiyiniz şəkillərdən yalnız sizinlə xanın uşaqlarının şəkli xoşuma gəldi, qalanları yaxşı çıxmayıb" (19 avqust 1875, Brüssel).
Mirzə Fətəli də oğlunun istəyinə əməl edirdi və şəkilləri ona göndərirdi: "Keçən məktubda mən ananın fotoqrafiyasını sənə göndərmişdim. İndisə Xanbaba xanın, Nisə xanımın, Mənsurun, Mirzənin və Mələksima xanımın fotoqrafiyalarını göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat yaz" (aprel-may 1876-cı il, Tiflis).
Rəşid bəy Tiflisdən göndərilən şəkilləri "çox əziz bir hədiyyə" kimi qəbul edirdi. Rəşid bəyin şəkli isə məktubun gecikməsindən rahatsız olan, sağlamlığı sarıdan daim təlaşlanan valideynlərə isə bir təsəlli və ümid yeriydi. Onun üçün bu şəkillər uzaqda ("o dünyada") olan doğmaların, qohumların şərti-simvolik işarəsi idi, ailəsinin tarixi, sevdiyi insanlarla qürbətdə vətənlə simvolik əlaqə yaratmaq imkanı idi. (Təsadüfi deyil ki, Rolan Bart fotoqrafiyaya həsr olunmuş kitabını - "Camera Lucida"nı anası haqqında roman, anası ilə görüş adlandırır).
Bu şəkillər onun emosional-psixoloji durumunun
bir parçası idi. Hər dəfə
şəkillərə toxunduqca
yaddaşında Tiflis xatirələri
oyanırdı, təxəyyülündə
şəkildəki donmuş,
təkrarsız
anların gerçəkliyini
yaradırdı.
Əlbəttə, nə Nəcəf
bəyin söhbətləri,
nə atası ilə məktublaşmalar,
nə də canlı xatirələr bu təkrarsızlığı
əvəz edə bilməzdi. Yalnız bu şəkillərin
magiyası və sehri Tiflisdəki həyatı-gerçəkliyin bərpasına kifayət edirdi, ona keçmişin
illüziyasını yaşadırdı.
Beləcə, Mirzə Fətəlinin evində fotoşəkillər
ailə ritualının
tərkib hissəsinə
çevrilmişdi. Mirzə Fətəli
Axundzadə ailəvi fotoşəkilləri məhrəm
və əziz, sirli və magik
nəsnələr kimi
yığıb ağzı
qıfıllı kiçik
bir sandıqda saxlayırdı. Həmin
sandığı Nisə
xanım qoruyub saxlayırdı, sonra vərəsə kimi qardaşı Rəşid
bəyə verdi.
(Aliyə xanım sonralar Nisə xanımın yuxarıda qeyd etdiyimiz fotoşəklini həmin sandığın qaranlıq
küncündən tapıb
muzeyə vermişdi...)
Mirzə
Fətəli öz şəklini ən yaxın dostlarına və sirdaşlarına (məsələn, Mirzə
Melkum xana, Manukçi Sahibə) göndərməyi sevirdi
və onların şəkillərini də
istəyirdi, bununla da münasibətlərə
bir etibar və sədaqət möhürü vurulurdu.
Bəlkə də Mirzə Fətəli fotoqrafiyanı
mistik uzlaşma, mistik eyniləşdirmə
aktı hesab edirdi? Fotoqrafiyada təsvir olunanla
özünü mistik
uzlaşdırmaq isə
mifoloji sinkretik düşüncənin əlamətidir.
"İyun ayında
yazdığım məktubda
şəklini göndərəcəyimi
sizə vəd vermişdim. Odur ki, həmin zərfin içərisində
göndərirəm" (25 oktyabr 1870-ci il,
Tiflis).
O, ömründə Manukçi
Sahibin üzünü
görməmişdi və
zalım fələk onlara bu macalı
vermədi… Mirzə Fətəli 1876-cı ilin
may ayında ona ünvanladığı məktubunda
bu arzusunu dilə gətirir: "Pak
Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, mən
bu arzuma çata biləcəyəm,
ya yox? Çünki qocalmışam, yaşım 65-ə çatmışdır.
Saçım-saqqalım tamam
ağarmışdır…"
Nədənsə şəkil gecikir. Manukçi
Sahib istəyini yenidən
xatırladır: "Axırda
onu xahiş edirəm ki, mübarək şəklinizi
gecikdirmədən həmin
bu çapar vasitəsilə mənə
göndərəsiniz, canla
və könüllə
arzu edirəm ki, gözümün önündən asaraq, baxdıqca şad və xoşhal olum" (17 dekabr 1871-ci il).
Nəhayət, 1870-cı ilin yanvarında Mirzə Fətəli vəd verdiyi şəkli göndərir: "İndi
öz şəklimdən
bir dənəsini yadigar olaraq sizə göndərirəm.
Əgər sizin də şəkliniz varsa, mənə göndərin
ki, mənim üçün çox əziz bir hədiyyə
olacaqdır. Öz şəklimdən
birisini də sizə göndərirəm
və xahiş edirəm ki, onu çoxlu salamla sizin Hindistandakı
dostunuz və tanışınız olan
ən məşhur və bilikli alimə yetirəsiniz".
Manukçi Sahib cavab məktubunda xahişi yerinə yetirdiyini bildirir: "Cənab qüdsi əlqab Rəşutənci - Bəhramciyə
göndərmiş olduğunuz
bir nüsxə nursaçan şəkilinizi
çatdırdım. Cavabında sizin
yüksək iltifatınıza
qarşı böyük
təşəkkür və
minnətdarlığını bildirmiş, aramızda olan əlaqə və dostluqdan hədsiz dərəcədə
şad və xoşhal olduğunu yazmış və yadigar olaraq öz şəklindən bir ədəd də göndərmişdir
ki, zərfin içərisində şərafətli
xidmətinizə təqdim
olunur".
1870-ci ilin iyununda Mirzə
Melkum xana da yazır: "Mənim şəklimi istəmişdiniz. İndilik mümkün
olmadı. Çünki mən hazırda ailəmlə birlikdə Qocur yaylağında yaşayıram. Bütün şəkillər
Tiflis şəhərində ağzı qıfıllı
sandıqda qalmışdır.
Allah qoysa, avqust
ayının sonunda şəhərə qayıdarkən
göndərərəm".
1839-cu ildən, fotoaparat ixtira olunan zamandan
fotoqrafiya ölüm mövzusu ilə sıx bağlıdır,
ölümlə iç-içədir,
insanlara özünün
"o dünya", axirət
mahiyyətini hiss etdirmişdi,
ruhlar dünyasına daxil olma vasitəsi
kimi göründü.
Kadr axirət dünyasının
ərazisi kimi təsəvvür yaratdı.
Mirzə
Fətəli hardan bilsin ki, Hindistana,
Manukçi Sahibə,
Fransaya, Mirzə Melkumxana, Brüsellə, oğlu Rəşidə göndərdiyi, tarixi və şəxsi simvolikanı özündə
birləşdirən həmin
fotoşəkillər əslində
"ölümün reestri"dir
(S.Zontaq).
Və Mirzə Fətəli hardan bilsin ki,
fotoqrafiya "özgə
dünya"dan ötürülən,
gələn bir informasiyadır, Süzen Zontaqın təbiri ilə desək,
"memento mori" - "ölüm
haqqında yaddaş"dır.
Rəşid bəy intihar edəcək… Nəvə Fətəli repressiya qurbanı olacaq...
Mirzə Fətəli ölümqabağı
oğlunun şəkillərini
istəyir. Tubu xanım sandıqda saxladığı və əzizlədiyi şəkli
son dəfə ona uzadır…
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.21.