"Modern İran şeiri antologiyası" üçün
qeydlər
"Mən - dünənin uduzmasına bir ibrət,
O - sabahın qurulmasına
bir qeyrət!"
Bu misralar, Azərbaycan türkcəsində və fars dilində ölməz əsərlər yazmış, özü də bunu hər iki dildəki poeziyanın həm klassik, həm də yeni forma və növlərində ustalıqla etmiş, XX əsr İran ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ötən yüzildəki farsdilli modern poeziyanın banisi Nima Yuşicin vəfatı münasibətilə qələmə aldığı şeirdəndir (bax.: Məsiağa Məhəmmədi, "Şəhriyar və XX əsr İran ədəbi mühiti", "Dünya ədəbiyyatı" dərgisi, ¹ 1(08), 2016, səh.155). Beytdəki birinci misra, təvazökarlıqdan başqa bir şey deyil, nədən ki, bu fikir, Şəhriyarın yazdığı dil, janr, forma və növ baxımından fərqli, çeşidli əsərlərinin bədii keyfiyyəti nəzərə alınarsa- təsdiqini nə onda, nə də indi tapmayıb. Amma iş ki, gəldi formaya, növə və yeniliyə, burda əlbəttə ki, Şəhriyarın özü kimi azsaylı usta şairlərin yaratdıqları nümunələri çıxmaq şərtilə, qəzəl, qəsidə, məsnəvi, rübai və s. klassik janr və formalarda yazılan əksər mətnlər, söhbət daha çox XX yüzildən gedir, doğrudan da dünənin ibrət götürüləsi "məğlubiyyəti" idi. Üstəgəl, yeni formalarda ilk yazanlar həqiqi cəsarət və qeyrət göstərməli idilər. Xüsusən, Şərqdə, xüsusən İranda. "Çünki poeziya ədəbisentrik İran ictimai şüuru üçün əsrlər boyu əlahiddə əhəmiyyətə malik olmuşdu. Qədim dövrlərdən üzü bu tərəfə İranda yüzillər boyu ən əsas və daha çox yadda qalan postulatlar məhz poetik formalarda, poeziya ilə fiksə olunmuşdu." (Vera Klyaştorina, "XX əsrdə fars şeirinin qərbləşməsinin iki dalğası", "NLO" jurnalı (Moskva), ¹ 63, 2003).
Yenə də belə olacaqdı. Modern(ist), yeni İran şeirinin - "şeir-e nou"nun banisi Nima Yuşic deyirdi: "Bu gün şeir nəğmə-nəqarət, məlum ölçünün tanış melodiyası olmaqdan daha çox ictimai problemlərin ifadəçisinə çevrilməlidir... Və ölçü bizim fikirlərimizin layiqli əlbisəsi olmalıdır..."
Nima Yuşicdən sitat elədiyimiz son fikirlə ondan əvvəlki düşüncə- "ən əsas postulatların məhz poetik formalarda fiksə olunması", gələcəyə ötürlüməsi ilə "ictimai problemlərin ifadəçisi olmaq" arasında bir uyğunsuzluq sezilə bilər; "əsas postulatlar" elə həm də "ictimai problemlər" deyil ki? Və əgər elədirsə, reformaya ehtiyacı olan nə idi, Nima nəyi nəzərdə tuturdu? Məsələ bu idi ki, "növlər, formalar, tema və üslublar" təqlid edildikcə, tirajlandıqca onlar təsirli ictimai və fərdi ifadəlilik gücünü itirir, etik və xüsusən estetik ballasta çevrilirdilər. Burda isə məlum düstur bir daha öz təsdiqini tapır ki, "ədəbiyyat, xüsusən poeziya tarixi-formalar tarixi", estetik xronologiyadır. Və XIX əsrin sonu, XX əsrin əvvəllərində İran şeirində, farsdilli poeziyada (və həm də təkcə İran və Şərq şeirində deyil), yenə də istisnalar xaric, ümumi bir estetik bozluq hökm sürürdü.
Günümüzün ədəbi mənzərəsindən misal çəkməmək olmur. Ölməz Mirzə Ələkbərin şeirlərini oxuyan nə qədər insan tanıyırıq ki, elə Mirzənin personajlarıdırlar, amma "gözəl bir avazla" "millət necə tarac olur-olsun nə işim var" oxumaqdan çəkinmirlər?! Yaxud, nə qədər öz aləmində "sabiranə şeir"yazıb, amma Sabirin ağrısını hiss etməyən qrafomanlar var. Bax, etik və estetik bozluq bir az da bu idi. Qeyri səmimilik, saxtalıq.
Başqa tərəfdən sənətdəki yeniliklər ictimai-siyasi həyatla daim və birbaşa əlaqədədir, biri digərində təzahür edə bilir; necə ki, "şeir-e nou"nun istiqamətlərindən olan "şeire səfid", yaxud "bəyaz şeir" "bəyaz inqilabı" qabaqlamış, bəlkə ən azı termin kimi onu doğurmuş, bu mənada daha həqiqi nəticə əldə eləmişdi.
Və ustad Şəhriyar "sabahın qurulmasına qeyrət" deyəndə bütün bunları nəzərdə tutmurdumu?! Nima Yuşic isə dövrünün "poetik səraslanı", ədəbiyyat cənagavəri idi. Hansı uzun və keşməkeşli yola qədəm basdığını yaxşı bilirdi. Bilirdi ki, "sünnətpərəstlərlə" "noupərdazların" cəngi (ifadə Klyaştorinanındır- S.B.) uzun çəkəcək; bütün böyük və xüsusən yenilikçi şairlər kimi ustad Nima onu da bilirdi ki, "yaxşı şeir yazmaq məsələsini nəzərə almasaq, sərbəst şeir müəllifləri hər şeydə sərbəstdirlər "(T.S.Eliot) .
Bəli, Nima Yuşicin İranın farsdilli şeirində əsasını qoyduğu yeni şeir - "şeir-e nou" "əruz-e azad"/ azad əruz, "şeir-e azad"/sərbəst şeir, "şeir-e səfid"/bəyaz şeir , "şeir-e hecai"/heca şeiri kimi növləriylə, formalarıyla pərvəriş tapdı. Bu aşağı-yuxarı həmin dövr idi ki, Rusiyada Mayakovski, Türkiyədə Nazim Hikmət, Azərbaycanda Rəsul Rza eyni işi görürdülər.
***
Bu gün oxucularımıza böyük məmnuniyyət hissi ilə təqdim etdiyimiz " "Dostun evi hardadır?" Modern İran şeiri antologiyası"na bizim istedadlı tərcüməçilərimiz- ustad Məsiağa Məhəmmədinin, Əli Qərəcəlu və Ariz Tarverdiyevin, gənc Məhəmməd Nurinin tərcümə etdiyi, yeni şeirin banisi Nima Yuşicdən başlayıb yeni modern şeirin yeni ulduzu Gərus Əbdülməlikiyanda bitən 31 iranlı müəllifin şeirləri daxil edilib. Əlbəttə ki, XX yüz il (üstəgəl, XXI yüzilin 17 ili) İran modern şeiri haqqında daha əsaslı təsəvvür yaratmaq üçün yəqin ki, heç olmasa 100 şairin seçmə şeirlərini təqdim eləmək gərəkdi. Amma bu bir ilkdi. Və fikrimizcə, şərtiliklə də olsa "yüzilliyi" əhatə edən "yeni İran şeirinin" əksər istiqamətlərini təmsil edən xeyli müəllif, tema, təmayül və üslublar bu antologiyada var : simvolistlər, imajistlər, sürrealistlər, "inqilabçılar", metafiziklər, liriklər, "müharibə şairləri", "şüur axını texnikası ilə yazanlar", minimalistlər, postmodernistlər və s. və i.a.
Bircə Məhəmmədhüseyn Şəhriyar yoxdur. Yoxdur, amma yoxluğuyla həm də var. Yoxdur, çünki Şəhriyar həm klassik forma və ölçülərdə, həm də sərbəst şeirin bir çox növlərində ölməz əsərlər yazıb, odur ki, onu harasa bir yerə, olsun ki, "yeni İran şeirinə" aid eləmək bir az kiçiltmə və müşküldür; var, çünki, bu antologiyada başda Nima Yuşic olmaqla bir çox böyük sənətkarlar ustad Şəhriyarla hesablaşıb, polemikaya girib, Şəhriyar onlara təsir edib və elə məqamlar olub ki, onlar Şəhriyara baxıb "düzləniblər". Yoxdur, çünki Şəhriyarın "ikidilliliyi" onun miqyasını böyüdür, ona xüsusi və fərdi yanaşmanı tələb edir; amma ustadın farsdilli irsi, elə Azərbaycan türkcəsində yazdıqları da təəssüf ki, bizim oxucularımıza çox az- dənizin damlası qədər tanışdır; və bu reallıq bizim boynumuza böyük və ayrıca bir yük qoyur.
***
Məntiqli görünə bilərdi ki, bu antolgiyanın adı yeni İran şeirinin banisi Nima Yuşicin bir misrası, bir şeirinin başlığı ilə adlandırılsın. Əslində, bu üzərində son və daha çox dayandığımız bir düşüncə idi. Amma niyəsə vaz keçdik.
Görkəmli şərqşünas alim, təcüməçi, bu antologiyanın ərsəyə gəlməsində böyük zəhməti olan Məsiağa Məhəmmədi Söhrab Sipehrinin yaradcılığından bəhs edən "Vəcd ilə kəşf arasında, yaxud güllərin nəbzini tutan şair" məqaləsində yazır: "Sipehrini ictimai həyata biganəlikdə suçlayanlardan biri "İran ədəbi tənqidinin patriarxı" adlandırılan və əslən Təbrizdən olan böyük yazıçı, şair və filosof Rza Bərahəni olmuşdur. Sonralar R.Bərahəni müsahibələrinin birində deyir: "Vaxtilə mən Söhrab haqqında bir məqalə yazmışdım... O zamanlar mən sırf ictimai bir şair idim və əqidəm beləydi ki, belə bir zamanda şair gərək səngərdə olsun. Bu yöndən mən Sipehrinin şeirini qəbul edə bilməzdim. Təbii ki, mən bu gün o cür düşünmürəm..." Və sonra: "Sipehri poetik səmimiyyətin yeni bir hüduduna yetişmişdir"- deyir Rza Bərahəni. Sonuncu, şübhəsiz, Sipehri şeirinə verilən çox düzgün və həm də çox yüksək qiymətdir..."
Görürsüz, səmimiyyətdən danışır Rza Bərahəni. Biz də "etik və estetik bozluq"dan danışanda səmimilikdən danışdıq. Yox, bu bizim guya bildiyimiz "gündəlik səmimiyyət" deyil. Bu eyni zamanda həm etik, həm də estetik aktdır. Bu səmimiyyət, bilməyin və cavab verməyin yox, susmağın, susmağın yox, nişan və sual verməyin səmimiyyəti- bütün bunları bir başqa cür ifadə elməyin səmimiyyəti idi:
O küçənin yetkinlik
boylanan
sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin
yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada
bir xışıltı
eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür
şam ağacına dırmaşıb.
Ondan soruşarsan
dostun evi hardadır?
"Ünvan" şeirindən
(M.Məhəmmədinin tərcüməsində)
Odur ki, biz Nimanın əsasını qoyduğu
farsdilli modern poeziyanın
üfüqlərini genişləndirən, lap dəqiq desək, həmin poeziyanı "dərinləşdirən", XX yüz il modern İran şeirinin Nima, Şamlu, Əxəvani-Salis,
Füruğla
birlikdə "əvəzolunmaz beşliyini"
formalaşdıran Sipehrinin
bir misrası üzərində dayandıq.
***
Xatırlayıram, Bakıya səfəri
zamanı görüşdüyüm,
uzun-uzun söhbət etdiyim Rza Bərahəni Şəhriyar
və Sipehri ilə bağlı yanıldığını, vaxtilə
onları haqsız tənqid elədiyini mənə də etiraf eləmişdi...
Şəhriyar, Sipehri, Şamlu,
Füruğ barədə
İstanbulda, şeir festivallarının birində
tanış olduğum,
yeni nəsil İran şeirinin istedadlı təmsilçilərindən
olan mərhum Şəhram Şeydayi ilə də xeyli danışmışdıq.
Sonra Şəhram mənə Füruğun səs yazısını göndərdi.
Bunu ondan xahiş eləmişdim.
Və mən onda anlamamışdım
ki, Şəhramın
telefondan eşitdiyim halsız səsinin səbəbi nədir. Onun əlacsız xəstəlik xəbərini
o vaxt Bakıda və indi isə elə bu antologiyada qonaq olan başqa
bir istedadlı şair-Məzahir Şəhamət
çatdırmışdı. Sonra iş elə
gətirdi ki, Əhməd Necati və Kamran Rəsulzadə ilə də, eyni zamanda gözəl
şair olan tanınmış və istedadlı İran nasiri Mustafa Məsturla da görüşdüm.
İndi isə bu antologiyanın
son oxusunu bitirərkən
məndə qəribə
bir duyğu yaranır. Şəxsən
tanıdığım, yaradcılıqlarını
az-cox bildiyim şairləri
heç tanımırmış
kimi yenidən kəşf edirəm.
Öz-özümə sual edirəm: dostun evi hardadır?
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.27.