Ədəbiyyat
üzrə 1962-ci ilin Nobel mükafatçısı - Con Steynbek
Con Ernst Steynbek 27 fevral 1902-ci ildə Kaliforniya
ştatının Salinas şəhəri
yaxınlığında, məmur ailəsində anadan olub. Steynbekin irland
və alman kökləri olub.
Steynbek 1919-cu ildə orta təhsilini başa vuraraq
Stenford universitetinə daxil olub, müxtəlif fasilələrlə
1925-ci ilə qədər orada oxuyub və sonda təhsilini
yarıda saxlayaraq Nyu-Yorka gedib. Cüzi əməkhaqqı
ilə işləyib və yazıçı olmaq arzusunu
gerçəkləşdirmək üçün müxtəlif
redaksiyalara baş vurub, amma yazılarını heç yerdə
çap etməyiblər. Nəhayət,
1935-ci ildə qələmə aldığı "Tortil-Flet
məhəlləsi" povesti çap olunaraq ona ilk
yazıçı uğuru gətirib. Daha sonra Steynbek
"Və... döyüşdə uduzdular", "Qəzəb
salxımları", "Yolunu azan avtobus", "Edemdən
Şərqə doğru",
"Qayğılarımızın qışı",
"Siçanlar və adamlar" və s. romanlar, onlarla povest
və hekayə, Kral Artur haqqında maraqlı əfsanə
yazıb.
1962-ci ildə ona ədəbiyyat üzrə növbəti
Nobel mükafatı "realist və poetik istedadına,
yaratdığı əsərlərə gətirdiyi incə
yumora və kəskin sosial təsvirlərə görə"
təqdim edilib. Nobelli ABŞ yazıçısı
1968-ci ildə Nyu-Yorkda vəfat edib.
Kral Artur və “Dəyirmi masa”nın cəngavərləri haqqında əfsanələr
Kral Arturun evlənməyi
(İxtisarla)
Kral Artur Merlinin xeyirxah və ağıllı məsləhətlərinə
daima qulaq asar, müxtəlif məsələlərlə
dövlət və hərbi məsələlər, şəxsi
həyata aid hər şey bağlı onun fikirlərini
öyrənərdi. Günlərin birində Artur yenə sehrbazı
hüzuruna çağırıb dedi:
- Bəzi baronlarımın xəyanət
planı hazırladıqlarından xəbərin varmı? Bu qədər vaxt keçməyinə baxmayaraq, hələ
də krallıqda əmin-amanlıq yarada bilməmişik.
Çox fikirləşəndən sonra qərara
aldım ki, evlənib özümə varis yetişdirəm.
- Ağıllı fikirdir, - Merlin
onunla razılaşdı.
- Amma kraliçanı seçməzdən
əvvəl, bu məsələ ilə bağlı sənin
fikirlərini bilmək istərdim.
Sehrbaz belə
ərz etdi:
- Etibar
etdiyiniz üçün təşəkkür edirəm,
milord. Təbii ki, sizin kimi bir insanın subay
qalmağı yaxşı əlamət deyil. Amma deyin
görüm, yer üzündə digərlərindən daha
çox bəyəndiyiniz bir qadın varmı?
- Var, - Artur səmimiyyətlə
cavab verdi. - Kral Lodeqrans
Kamilardskinin qızı Qvineveranı sevdiyimdən xəbərdarsan.
O, mənim görüb haqqında eşitdiyim bütün
qadınlardan gözəl və nəcibdir. Bir də,
səhv etmirəmsə sən danışmısan, atam, kral
Uter kral Lodeqransa nə vaxtsa məşhur "Dəyirmi
masa" hədiyyə edib.
- Elədir
ki, var, düzdür, - Merlin dərindən köks
ötürdü. - Elə Qvinivera da gözəl
bir ledidir, amma əgər mənim fikrimi öyrənmək istəyirsinizsə,
mən sizə ondan da gözəl və nəzakətli bir
qız tapardım. Söhbət sizin öz
Qviniveranızı nə qədər istəməyinizdən
gedir. Əgər kral qızı
doğrudan da ürəyinizdə yer edibsə, o zaman dediklərimin
mənası olmaz. Axı
gözünüz başqa heç bir qadına baxmır.
- Həqiqət
birdir, Merlin.
- Desəm
ki, Qvinivera bu izdivac üçün uğursuz seçimdir,
onda necə, məsləhətimə qulaq asacaqsınız?
- Yox.
- Əgər
bilsəniz ki, Qvinivera sizə sadiq olmayacaq, ən yaxın
dostunuzla sizə xəyanət edəcək...
-
Dünya dağılsa da inanmaram, - Kral Artur ona danışmağa
imkan vermədi.
- Elə
də fikirləşirdim, - Merlin kədərlə dedi. - Bu, təbiidir;
hər kəs ehtimal qanunlarının ondan uzaq olduğunu
düşünür. Onu qoruyan yeganə güc isə əvəzsiz
sevgidir! Hətta mən - gələcəkdən
xəbər verən aqil qoca belə ölümümün
ağılsız bir qızın əlindən gələcəyini
bilsəm də, üfüqdə həmin o axmaq qızı
görən kimi özümü saxlaya bilməyib,
üstünə cumacağam. Sizə nə
deyim, milord?! Qərar verilib: siz Qvinivera ilə evlənəcəksiniz.
Əslinə qalsa, sizin məsləhətə
yox, sadəcə, xeyir-duaya ehtiyacınız var. Nə deyirəm,
fəxri mühafizə dəstəsi təşkil edin və mən
rəsmi təkliflə kral Lodeqransın yanına gedəcəyəm.
Hazırlıq işləri qısa zamanda başa
çatdı.
Razılaşdırıldığı kimi,
mühafizə dəstəsinin müşayiəti ilə
sehrbaz kral Arturun adından gözəl Qviniveranı istəmək
üçün Kamilarda getdi.
Kral Lodeqrans qulaqlarına inanmırdı.
- Nə
danışırsız? - sevinclə
soruşdu. - Kral Artur kimi şərəfli və
imkanlı biri qızımla evlənmək istəyir?
Bütün müqəddəslərə and olsun ki, bu, həyatım
boyu eşitdiyim ən gözəl xəbərdir! Qviniveranın cehiz tədarükünü görmək
lazımdır. Məmnuniyyətlə
torpaqlarımın böyük hissəsini ona verərdim, amma
belə şeylərlə kral Arturu təəccübləndirə
bilməzsən. Nəyi də olmasa, xirtdəyəcən
torpağı var. Yaxşısı budur bir vaxtlar atası Uter
Pendraqonun mənə hədiyyə etdiyi Dəyirmi masanı
bağışlayım. Onunla bir yerdə
yüz nəfər ən yaxşı cəngavərimi də
gənc kralın xidmətinə göndərəcəyəm.
Əslinə qalsa, masa yüz əlli nəfər
üçün hesablanıb, amma o qədər layiqli cəngavər
tapa bilməyəcəyəm, çünki son müharibədə
xeyli itki vermişik.
Bu minvalla cehiz məsələsi həll olundu. Az sonra
toy karvanı paytaxt Londona tərəf yol aldı.
Kral Artur
gələnləri sevinclə qarşılayıb dedi:
- Gözəl
nişanlımı qarşılamaqdan məmnunam,
çünki ilk dəfə gördüyüm andan ona
aşiq olmuşam. Elə Dəyirmi masa və
yüz cəngavər də böyük lütf və dəyərli
hədiyyədir.
Oradaca toy
vaxtı təyin olundu, kral nikah və Qviniveranın tacqoyma mərasimi
ilə bağlı tapşırıqlarını verdi. Bundan sonra bütün saray əhli
üçün şənlik süfrəsi
açıldı.
Kral sehrbaz Merlinə krallığı gəzib Dəyirmi
masa ətrafında oturmaq üçün əlavə əlli
cəngavər tapmağı tapşırdı. Qoca Merlin nə
qədər çalışsa da, Dəyirmi masa arxasında
oturmağa layiq ancaq qırx səkkiz cəsur cəngavər
tapa bildi. Həmin cəngavərlərlə
birlikdə kral Arturun sarayına qayıtdı. Arxiyepiskop
masa ətrafındakı cəngavərlərə xeyir-dua verdi, Merlin isə cəngavərlərə bu
sözlərlə müraciət etdi:
- İndi isə kral Arturun hüzuruna gedib ona sədaqət
andı için.
Elə də etdilər. Geri qayıdanda hər
biri masadakı yerində adının qızıl hərflərlə
yazıldığını gördü. Lakin
iki stul adsız qalmışdı. Cəngavərlər
masa arxasındakı yerlərinə keçib oturmağa macal
tapmamışdılar ki, gənc Haveyn içəri girib krala
üz tutdu:
- Milord,
bu gün sizin üçün çox xoş gündür! Ricamı yerə salmayın, lütfən.
- Ürəyindən
keçəni söylə!
- İstərdim ki, məni cəngavərliyə qəbul
edəsiniz.
- Səni
məmnuniyyətlə şərəfləndirərəm, -
Artur söylədi. - Bir də axı sən mənim bacım
oğlusan.
Elə bu
vaxt zala iki miskin görünüşlü kişi
daxil oldu, onlarla birgə arıq madyanla yaraşıqlı gənc
də gəlmişdi. Yaşca böyük olan ətrafa
göz gəzdirib kralla
necə görüşə biləcəyini
soruşdu .
- Kral
odur, - cəngavərlərdən biri Arturu göstərdi. -
Yaxşı, bəs
karlı neynirsən?
-
İşim var onnan, - kasıb kişi cavab
verdi. - Yoxsa o qədər yolu durub bura gəlməzdim.
Kişi
Artura yaxınlaşdı, onu ədəb-ərkanla
salamlayıb dedi:
- Ey
bütün kralların ən şərəflisi, qoy
Tanrının nəzərləri üstünüzdən əskik
olmasın! Eşitmişəm ki, bu toy günündə
bütün ağıllı xahişləri yerinə yetirirsən.
- Elədir
ki, var, Artur cavab verdi. - Təbii ki, əgər
xahişin krallığımıza və mənim kral şərəfimə
xələl gətirməzsə... Buyur, istəyin nədir, qərib
adam?
- Təşəkkür
edirəm, milord! İstəyirəm ki,
böyük oğlumu da cəngavərliyə təyin edəsiz.
- Bu, asan
iş deyil, - kral fikirləşərək, dedi. - Adın nədir?
- Hamı
mənə Ariy deyir, cənab. Özüm də
kasıb çobanam.
- Belə-belə
işlər, çoban Ariy, de görüm oğlunu cəngavər
eləmək sənin fikrindir?
- Xeyir, milord! İndi
hər şey necə olub, danışaram. Bilirsiz, cənab, bu oğlumdan başqa da on iki
oğlum var, bütün zəhmətkeş xristianlar kimi
onların hamısı mənimlə birlikdə əlləşib-vuruşur.
Bu oğlumun əlindən elə işlər gəlmir.
İşi-peşəsi ox atmaq, nizə oynatmaqdır.
Bildiyimə görə bir-iki dəfə
qaçıb cəngavər yarışlarına da
qatılıb. Gecə-gündüz əlindən
rahatlığım yoxdur. Elə fikri-zikri
yaxşı cəngavər olmaqdadır.
- Demək,
belə? Yaxşı, sənin adın nədir,
cavan oğlan? - Artur üzünü gəncə tutdu.
- Adım
Torodur, cənab.
Kral gəncə
diqqətlə baxdı, adam ucaboy,
yaraşıqlı, dəmir kimi möhkəm idi. Görünüşündən üst-başı
tökülən atasına qətiyyən
oxşamırdı. Kral Ariyə digər
oğlanlarını da hüzuruna gətirməyi
tapşırdı. Hamı
oğlanların çoban atalarına
oxşadıqlarını yəqin etdi, bircə Toro onların
heç birinə oxşamırdı. Bunu görən
Artur Ariydən soruşdu:
- De
görüm oğlunun cəngavər qılıncı
varmı?
Bu vaxt
oğlan plaşını yana çəkib,
belindəki sadə qılıncı krala göstərdi.
- Nə
deyirəm, - kral söylədi, - əgər belədirsə,
qılıncını çəkib dizlərini yerə qoy və
məndən cəngavərliyə qəbul
olunmağını istə.
Toro tələsik
atdan enib qılıncını çəkdi və kral
qarşısında diz üstə çöküb təntənəli
şəkildə dedi:
- Rica edirəm,
milord, məni Dəyirmi masanın çəngavərliyinə
qəbul edin.
- Hər
kəsin qarşısında bəyan edirəm, - Artur söylədi,
- sənə cəngavər rütbəsi verdim.
Kral Toronun qılıncını alıb simvolik olaraq,
barmağını onun tiyəsinə toxundurdu. Sonra xeyir-dua verdi:
- Sədaqətli
və mərd ol, Tanrı köməyin olsun! Əgər
cəsarət və ləyaqət nümayiş etdirə bilsən,
vaxtı çatanda bizimlə birgə Dəyirmi masa
arxasında sənin də yerin olar.
Daha sonra
üzünü Merlinə tutan kral soruşdu:
- Gələcəkdən
xəbər vermək sənin işindir, sehrbaz. De görək cənab Toro ümidlərimizi
doğruldacaqmı?
-
Şübhəniz olmasın, milord, - Merlin cavab verdi.
- Buna onun ləyaqətli əsil-nəcabəti də zəmanət verir. Axı onun damarlarından kral qanı axır.
- Necə
yəni? - heç nə anlamayan kral təəccüblə
soruşdu.
-
Çox sadə, çünki o, çoban Ariyin belindən gəlməyib.
Onun gerçək atası kral Pelinordur.
-
Yalandır! - Ariy qəzəblə dedi.
Bu yerdə sehrbaz çobandan arvadını da kralın
hüzuruna gətirməyini tələb etdi. Qadın saraya
ayaq basanda hamı heyrətə gəldi; o, sifətcə
gözəl, mütənasib bədən quruluşlu və məğrur
görünürdü. Gizlətmədən
başına gələnləri krala və Merlinə
danışdı. Sən demə, yeniyetmə
qız olanda bir gün inəkləri sağmaq
üçün otlağa gedib, hər şey də orada
baş verib.
-
Yaxınlıqdan bir cəngavər keçirdi, - qadın
söylədi. - Məni görəndə atını
saxladı. Sonra da zorla mənə təcavüz
etdi. Oğlum Toroya elə o gün hamilə
qaldım. Cəngavər isə gedəndə
itimi də özü ilə apardı. Dedi ki, məndən
xatirə aparır. Guya hər dəfə ona
baxanda eşqimizi xatırlayacaq.
Bu yerdə
çoban söhbətə müdaxilə etdi:
- Bunu
etiraf etmək, xoş olmasa da, deyəsən o, düz
danışır. Axı Toro heç vaxt nə
mənə, nə də o biri oğlanlarıma bənzəməyib.
Qəzəblənən
Toro üzünü Merlinə tutdu:
- Siz
anamı təhqir edirsiz!
- Qətiyyən, - sehrbaz razılaşmadı. - İndi açılan həqiqət sizin şərəfinizi ucaltmağa xidmət edir. Axı hamımız gerçək atanızın kral və cəsur cəngavər olduğunu öyrəndik. Bu həqiqət sizin ikinizə də ucalıq gətirdi. Axı hadisə lap çoxdan, ananız hələ Ariyin arvadı olmazdan əvvəl baş verib.
- Elədir ki, var, - qadın təsdiq etdi.
- Bu hala arvadımı ittiham etməyin yeri yoxdur, - çoban dedi. - Mənə qədər nə olub, olub da.
Ertəsi gün cənab Pelinor da saraya təşrif
buyurdu və kral Artur ona oğlunun
tapıldığını və cəngavərliyə qəbul
olunduğunu söylədi. Pelinor gəncə diqqətlə
baxandan sonra sevindi, oğlan onun ürəyinə
yatmışdı...
Tərcümə
etdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.28-29.