Tənhalığın əsarətində...
Deyirlər, tənhalıq yaradıcı adamlar üçün stimuldur. Dörd divarın qoynunda ağ səhifə günəş kimi doğur şairlərin, yazıçıların həyatına... Çox keçmir, ağ dəftər vərəqində qələmin, kompüter səhifəsində isə klaviaturanın ayaq izləri görünür... Yaradıcılıq tənhalıqla eyni taleni paylaşır beləcə...
Biz niyə tənha qalmaq istəyirik? Niyə insanlardan qaçıb divarlara, sükuta pənah gətiririk? Deməli, bəzən öz ürəyimizlə, beynimizlə baş-başa qalmağa daha çox ehtiyacımız olur. Deməli, özümüz-özümüzə başqalarından daha çox lazım oluruq; içimizdəki mən, yəni alter-eqomuz başqalarından daha ağıllı dost olur bizə. Təkcə problemli, həyata küskün adamlar dörd divara bağlanmır... Tənhalıq xoşbəxtlərə də pullarını hesablamaq, yaxud yaşadıqları qorxunu paylaşmaq üçün yaxşı "dost" olur...
Həbsxanada tənhalıq art-istedad aşılayır. Ömür boyu əlinə bir qələm almayan adam
həbsxanada şairə,
karandaş almayan adam rəssama çevrilə bilir. Bir dəfə qadın kolonunda keçirilən tədbirə getmişdim.
Bir dustaq mənə çörəyin içindən
hazırlanmış heyrətamiz
bir simurq quşu hədiyyə etdi. "Bu, mənim
tənhalığımın əsəridir",- dedi. Razılaşaq ki, tənhalıq
alın yazısına
da çevrilir bəzən. Hər şeyə
rəğmən, insan
əbədi təklikdən
qaçmalıdır. Təklik bir tək Yaradanın
statusudur. Tənhalıq insanı fatalizmə sürükləyir, ölümü
daha da yaxınlaşdırır.
Dörd divarın soyuq qucağından da zövq almaq gərək.
Svetlana Şumilo deyir: "...Birdən elə bu qaranlıqda anlayırsan ki, qəlbin əməlli-başlı
sızıldayır. Heç
kim səni
sona qədər anlamır, heç kim imkan vermir
ki, özünü olduğun kimi ifadə edə biləsən, heç kim ruhunu, qəlbini
isidə bilmir. Bircə Ondan - Tanrıdan başqa... Bax, səhra sakinləri qumlar arasında məhz Onunla yaşayırlar. Və
nə qədər tək olsalar da, tənhalığı
hiss etmirlər, heç
zaman tənha olmurlar... Və elə bu zaman tənhalığın
əslində nə olduğunu dərk edirsən. Tənhalıq-cəhənnəmdir,
o yer ki, orda Tanrı yoxdur..."
Floberin həyat imtahanı
Yaşadıqları həyata baxdıqda tənhalığın ən
"rəngarəng" formasını
yaradıcı insanların
yaşadığını görürük. Ona görə ki,
onların yalqızlığı
yaradıcılıqla identikdir.
Qustav Floberin qəribə həyat tərzi var idi. Kimliyindən
asılı olmayaraq
o, insanlarla görüşməyə
həvəs göstərmirdi,
assosial idi. Vaxtının çoxunu yaradıcılığına,
mütaliəsinə və
tənhalığa həsr
edirdi. Bəlkə də bu səbəbdən idi ki, o, ailə qurmadı, anası ilə birgə yaşadı. Amma tədqiqatçılar
Floberin bəzən qadın tanışları
ilə görüşdüyünü
yazırlar. Lakin şairə
Luiza Koledən başqa onun heç bir qadınla ciddi münasibəti olmamışdı.
Flober səhhətində problem yarandıqdan
sonra daha da yalqızlaşdı.
Yazıçı gənclik illərində
yoluxduğu zöhrəvi
xəstəlikdən də
həmişə əziyyət
çəkirdi. Səhhətindəki problemlərin kəskinləşməsi
onsuz da insanlardan qaçan Floberin daha çox
evə qapanmasına, mizantrop olmasına səbəb oldu. Yaxınlarının dünyadan köçməsi
Floberin həyatını
tamamilə alt-üst etdi. Yazıçının
həyat imtahanı hələ bitməmişdi...
Fransada gedən müharibə vaxtı fransız əsgərlərin onun yaşadığı evi zəbt etməsi də yazıçıya
bir yandan psixoloji gərginlik yaşatdı. Bir müddətdən sonra əsgərlər çıxıb
getsə də, o, gərginlikdən xilas ola bilmədi.
Dərd yenə də batmanla gəldi: yazıçı
yeganə dayağı,
ümidi, güvənc
yeri olan anasını itirdi. Bu qədər sarsıntı
azmış kimi, bir yandan da
maddi çətinliklər
özünü göstərməyə
başladı. Nə edəcəyini
bilməyən yazıçı
təsəllini yazmaqda
tapdı. 1877-ci ildə "Üç povest" nəşr olundu. Bura Floberin yazdığı
üç povesti daxil edilmişdi. Uzun müddət Floberdən yeni əsər gözləyən oxucular povestləri də maraqla qarşıladılar.
Bundan sonra Qustav Flober özünü
çoxdan qələmə
almaq istədiyi yeni bir romana
həsr etdi. O, ən
gözəl əsərlərindən
biri sayılan "Byuvar və Pekyuşe"ni yazmağa başladı. Saatlarla əsərin üzərindən
ayrılmayan Flober inanırdı ki, bu roman onun özünü
təkrar təsdiqi olacaq. Heyif ki, tale ona bu sevinci dadmağa
imkan vermədi. Qustav Flober atasından
ona qalan, tənha ömür sürdüyü evində
- 58 yaşında insultdan
dünyasını dəyişdi...
"Mən qaranlıqda da yaza bilərdim"
Həyatının son illərində qloukoma xəstəliyi nəticəsində
görmə qabiliyyətini
demək olar ki, tamam itirən
Jan-Pol Sartr da tənhalığın
əsirinə çevrilənlərdəndi. Görmə qabiliyyətini
demək olar ki, tamam itirən
Jan-Pol Sartr bundan sonra inzivaya
çəkilərək tənha
ömür sürmüş,
siyasi proseslərin passiv müşahidəçisinə
çevrilmişdi. Onun tənhalıq
həyatının ağrılarını
yalnız altmış
illik həyat dostu, yazıçı və tərcüməçi
Simona de Bovuarla ünsiyyət unutdururdu.
Sartrın Simona de Bovuara
yazdığı məktublarda
tez-tez sızıldadığı,
şikayət etdiyi və qadından iltifat gözlədiyi görünür. Sevgilərini də uzun-uzadı, detalları ilə Simonaya anladırdı.
Könlünü verdiyi qadınlar
haqda məsləhətlər
gözləyirdi. Simona da
cavab məktublarında
tövsiyələrini əsirgəmirdi...
70-ci illərin ortalarında
Sartr demək olar ki, tamamilə
kor olur. Bunu bir növ təkzib
edən yazıçı
"Mən qaranlıqda
da yaza bilərdim..."
söyləyərək ədəbiyyatdan
getdiyini elan edir. Sartr içkiyə və
müxtəlif cür
sakitləşdirici həblərə
meyil edir. 70 yaşlı Sartrın
müsahibəsində "Mən viski və tabletlərin sayəsində adi vaxtda olduğundan üç qat artıq dərk edirəm" deməsi Simonanın ürəyincə
olmamışdı.
Sartr
1980-ci il aprelin 15-də vəfat edir. Dəfn mərasiminə 150
min insan toplaşmışdı. Simona
üçün Sartrın ölümü əsl
sınağa çevrilir. Onun həyata
olan bütün marağı itir. Simona de Bovuar
Sartrın ölümündən altı il
sonra eyni gündə -15 apreldə vəfat edir. Simonanı
Sartrın yanında dəfn edirlər...
İşığı
qısqanmaq...
Balzak, işığı, günəş
şüalarını belə öz tənhalığına
qısqanırmış. O, otağına qapanar, qapı və
pəncərələri kip bağlayarmış ki, otağa
işıq daxil olmasın. Yaşadığı
ağır, məşəqqətli həyat Edqar Allan Ponun
psixikasına öz təsirini göstərmiş və əsəb
pozuntusuna gətirib çıxarmışdı. Ömrünün sonlarına yaxın əzablardan
xilas olmaq üçün spirtli içkiyə və
narkotikaya qurşanan yazıçının həyatını
tənhalıq daha da qısaltdı. Məşhur
"Çovdarlıqda uçurumdan qoruyan" əsərinin
müəllifi Cerom Selincer həyatının 46 ilini tənhalıqda
keçirib. Selincer 1964-cü ildə "Xepvort 16,
1924" romanını çap etdirəndən sonra bir daha adam arasına çıxmayıb və
müsahibə verməkdən tamamilə imtina edib. İstisna kimi 1974-cü ildə "Paris Review" qəzetinə
kiçik bir müsahibə verib. 1965-cı
ildə isə çap olunmağı tamamilə
dayandırdı və yalnız özü üçün
yazmağı qərara aldı. Bəzi
köhnə yazılarına isə qadağa qoydu. Həyatının son illərində öz
böyük darvazalı evində qalır və heç kimlə
görüşmürdü. Müxtəlif
ruhani meditasiyalar, praktikalar edirdi. Buddizm,
hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı.
Və eləcə də qeyri- ənənəvi
tibblə, urinoterapiya, homeopatiya və müəyyən xristian
elmləri ilə məşğul olurdu.
Amerikalı yazıçı Harper Li ömrünün 40
ilindən çoxunu tənhalıqda keçirib. 1960-cı ildə
yazdığı yeganə romanı "Bülbülü
öldürmək" 10 milyondan çox nüsxə ilə
satılıb. Növbəti il
yazıçı "Pulitzer" ədəbiyyat
mükafatını qazanıb. Roman əsasında
çəkilən eyni adlı film isə Oskar mükafatı
alıb.
İrland şairi Uilyam Battler Yits həyatını
daim səyahətlərdə keçirmiş, tənhalıqla
baş-başa qaldıqda özünü bütünlüklə
yaradıcılığa həsr etmişdi. O, dünyasını dəyişəndə
tədqiqatçı Riçard Elman yazırdı:
"Seçdiyi yola sədaqəti, yaşına və xidmətlərinə
görə tam haqqı olan rahat həyatdan imtinası sayəsində
Yits poeziyanın inkişafına, müasir insanın kamilləşməsinə
xidmətdə keçən bir neçə ömür
yaşadı..."
Tomas Pinçon bir müsahibəsində cəmiyyətdən
uzaqlaşmasını belə izah edib: "Məncə,
"tərki-dünyalıq" jurnalistlər
üçün uydurulmuş kodeksdi. Mənası
"Jurnalistlərlə danışmağı sevmirəm"
deməkdir.
Amerikanın ən böyük şairlərindən biri olan Emili Dikinson nadir
hallarda öz evindən, hətta yatağından
çıxarmış. Dünyasını dəyişdiyi 1886-cı il tarixinə qədər Masaçutes
ştatındakı ata evində yaşayıb. Şair
öz oxucuları və qonaqları ilə yalnız qapı
arxasından danışırmış.
Körpü salmaq əvəzinə
hasar çəkmək
"Yol" və "Bütün gözəl evlər" əsərləri
ilə tanınan Kormak MakKarti "Akademik mükafatlar" gecəsinə qatılana qədər onun üzünü ədəbi
aləmdə heç
kim görməmişdi.
Heç
vaxt müsahibə verməyən yazıçı,
onun şərəfinə
təşkil olunmuş
banketə də qatılmamışdı. Mükafat gecəsindən sonra bir dəfə televiziya verilişlərinin
birində qonaq olan yazıçı yenidən inzivaya çəkilir.
Platonov,
Vısotski, Blok, Kafka və
b. da tənhalığa
üz tutanlardan olub. Ümumiyyətlə isə tənhalığa
ingilislər daha çox meyl edir. İngilislərin ünsiyyətdən qaçmağını çox
vaxt ifrat nəzakətli olmaları
ilə əlaqələndirirlər.
Hətta bununla bağlı belə bir lətifə də var: "Adada 30 il
tək-tənha yaşayan
iki ingilisi heç kim bir-biri ilə tanış etmədiyi üçün tanış
olmurlar".
Kamyu insanlardan
qaçmağı məsləhət
görürdü. Sartr isə
bunun əksini deyirdi.
"İnsanlar körpü salmaq əvəzinə
hasar çəkdikləri üçün tənha
qalırlar" - Nyutonun sözləridi. Tənhalığın
əsarətində ölən insanların həyat tərzi
də sübut edir ki, yalqızlıq insanı tədricən
məzara aparır. Hər halda yaşamaq, həyatdan zövq almaq daha gözəldi...
Və sonda: vaxtımızın qiymətini bilməliyik. Tənhalıqla baş-başa qaldıqda
belə sükutdan yararlanmalı, daha dərindən düşünməli,
yazmalıyıq. Vısotskinin
sevimli sözünü
tənhalıqda belə
unutmamalıyıq: "İşləmək
lazımdı..."
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.30.