Adlar, şəxsiyyətlər- rübailərdə

 

Oqtay Rza

 

Çətin məqamlarda özünü sına,

Qütbü dolaşıb gəz yana-yana;

De ki, çox yaraşır doqquz cür iqlim

Sərvətlər ölkəsi Azərbaycana!

 

***

 

Bir dayan, yadıma isə düşdü,

Yolum dəbdəbəli məclisə düşdü;

Bir nəfər salamı elə verdi ki,

Onun çox hissəsi rəisə düşdü.

 

***

 

vaxt sirr qapısı açıb Arximed,

Elə bil uca dağ aşıb Arximed;

Üzmə qanununu kəşf edən zaman

Uşaq tək sevinib, qaçıb Arximet.

 

***

 

Dünyanın hələ dərd-səri çoxdur,

Qayğılı axşamı, səhəri çoxdur.

Batan gəmilərin müsibətindən

Yaxşı ki, alimin xəbəri yoxdur!

 

***

 

ABŞ-da gecəni gündüzə qatıb,

Sorağı ən uzaq ünvana çatıb -

Heç vaxt təyyarəyə minməyən Ayzek*

Fəzadan bəhs edən roman yaradıb.

 

* Məşhur fantast yazıçı

 

***

 

Efirdə xeyirxah carçı olubsan,

Nəğmənin dirəyi, tacı olubsan.

Neçə min hacıdan fərqin budur: - Sən

Məkkəyə getmədən Hacı olubsan!

 

***

 

Gözüm zəifləyib - çeşmək istəyir,

Dərd oxu sinəmi deşmək istəyir.

Cənab həmsədrlər nağıl uydurub,

Ginnes kitabına düşmək istəyir

 

***

 

Ötsə çoxsaylı illər o vaxtdan -

Birinci "Leyli Məcnun"lu çağdan.

Neçə simfoniya, balet hələ

Od alır muğamat adlı ocaqdan.

 

***

 

Liliput incikdir tale sarıdan,

Boy-buxun qıymayıb ona Yaradan.

Fəqət beləsinin yüzü bir olsa

Qulliver sürüşüb çıxar aradan.

 

***

 

Sözünü çox rəvan, səlis deyir o,

"əla", "yaxşı", "pis" deyir o.

Bir zaman İliçi tərifləyərdi,

Bu gün Məhəmməddən hədis deyir o.

 

***

 

Tikanı gül kimi iyləyənlər var,

Bülbülə torağay söyləyənlər var.

Məhəmməd Füzuli bilsin ki, indi

Salamı mükafat eyləyənlər var.

 

***

 

Mirzə Fətəlimiz sanki dağ idi,

Xalq üçün şam kimi yanıb əridi;

Bir vaxt tabutunu qaytarmışdılar,

Şəkidə heykəli uçalır indi.

 

***

 

Dünyamdır qapqara göz-qaşlı Munis,

Ölkədə bəlkə az adaşlı Munis.

Nənənin, ananın qalmaqalına

Baxıb gülümsəyir dörd yaşlı Munis.

 

***

 

Güclü söz möhtəşəm ordudur, ordu.

Odlar ölkəsidir Nizami yurdu;

Bütün qitələrdə yanan işıqlar

Bəlkə Edison ömrünün ardı!

 

***

 

Heç vaxt barışmayıb düz ilə əyri,

Təzadla doludur ilin günləri.

Qara Mustafanın qəm yükü artıb -

Qarğalar öldürür göyərçinləri.

 

Şagird ustadıyla yarışıb bəzən,

Adlar, təxəllüslər qarışıb bəzən.

Vils Bor-fenomen öz soyadını

Başqa alimlərdən soruşub bəzən.

 

***

 

Ərəb tarixini ləkələyən gün:

"Yenicə doğulan qız öldürülsün..."

Peyğəmbər yox edib o qəddarlığı,

Qoy bütün cahana bu bildirilsin!

 

***

 

Gah geri çəkildim, gah cəbhə yardım,

Zirvədən ayrılıb dərəyə vardım;

Mən öz həyatımı Rollan demişkən

"Kiçik düzəlişlə təkrarlayardım".

 

***

 

Divarda Robensin ölməz əsəri,

Mən sarsılmışam bayaqdan bəri;

"Dustağı öldürmək ac saxlamaqla!"

Qəddar hökmdarın beləymiş əmri.

 

***

 

Ürfan sirdaşıdır Seyid Əzimin,

Bulaq göz yaşıdır Seyid Əzimin.

Yazıb yaratdığı əsərlər bu gün

Özünü yaşadır Seyid Əzimin!

 

***

 

Kaş bütün küsənlər barışa, dünya!

Ulduzlar həmişə sayrışa, dünya!

Səsinə səs verək Səməd Vurğunun:

"Biz gəldi-gedərik, sən yaşa, dünya!"

 

***

 

Dostları evinə çağırır Sokrat,

Hamının ovqatı pisləşir heyhat:

Tikanlı, iynəli sözlərdən sonra

Ərinin üstünə su atır arvad.

 

Qonaqlar alimə heyrətlə baxır,

O, hirslənir, özündən çıxır;

Deyir ki, ildırım çaxırdı bayaq,

İndi görürsünüz bərk yağış yağır.

 

***

 

Meşə yaşayırdı gənclik çağını,

Qonaqlar - gündəlik adam axını.

...Taqor söyləmişkən: - Ağac sap üçün

Baltaya pay verdi öz budağını.

 

***

 

Oxu kəlamını, tövsiyəsini,

Bilik bayrağına çevir Tusini!

Gələcək nəsillər öyrənsin gərək

Ustadın "əxlaqi-Nasir" dərsini!

 

***

 

Bir ölkə çox kasıb, bir ölkə toxdur,

Bəd xəbər bağrıma sancılan oxdur.

Qoçuluq eyləyən dövlətlər var,

Niyə Türkiyənin atomu yoxdur?!

 

***

 

Məşhur din ocağı qoca Vatikan

Gah gedib güzəştə, gah tutub divan.

Orta əsrlərin son pilləsində

Axır ki, qadına söyləyib insan.

 

***

 

Rəssam, heykəltəraş, memar... da  Vinçi

Yaradıb yüzlərlə misilsiz inci;

Beş-altı şeirli bu sənətkara

Şair deməsələr olarmış incik.

 

***

 

Qüssə-qəm qismətin olmasın, Vətən!

Göz kədər yaşıyla dolmasın, Vətən!

Təbiət füsunkar yaradıb Səni,

Bircə çiçəyin solmasın, Vətən!

 

***

 

Meşə - təbiətin yaşıl əsəri,

 

Mahnısı - quş, külək, yarpaq səsləri,

...Ayı bərk inciyib küssə ondan,

Meşənin bu işdən yoxdur xəbəri.

 

***

 

Yaxşı söz bal, doşab, noğul kimidir,

Cəsur, vəfalı qız oğul kimidir.

Bir gəncə qoşulub qaçan gəlinin

Toyda yox olmağı nağıl kimidir

 

***

 

Təzadlı Afrika məqamları var,

Bu haqda söz deyir efir, kitablar.

...İngilis-general dəfn ediləndə

Qadın olmağından xəbər tutublar.

 

***

 

Naharda xörəyin çox olub duzu,

Uzun növbədəyəm içmək üçün su.

...Bu nəhəng şəhərin görəsən niyə

Yoxdur tramvayı, trolleybusu?!

 

Bu büro balaca senat kimidir,

Bu təzə tənqidçi fanat kimidir.

Səksən yaş otuz min günə bərabər,

Səksən yaş otuz min manat kimidir.

 

***

 

Kəşflər olsa da çoxsaylı, yeni,

Hələ müəmmadır insanın beyni?

Yatıb isveçli qız düz iyirmi il,

Ayılıb, istəyib gəlinciyini.

 

Ağladım - dərdini biləndən sonra,

Gözünün yaşını siləndən sonra

Dedim ki, haqlısan-qiymət verilmir,

Qədrin bilinəcək öləndən sonra.

 

***

 

Təbiət hamıya doğma, əzizdir,

Səma gah buludlu, gah tər-təmizdir.

Coğrafi bölgüdə qəribəlik var:

Xəzər - göl, balaca Azov dənizdir.

 

***

 

Dünya, nigaranam gələcəyindən,

İnsan narazıdır axı nəyindən?

Son qoysaq qırğına, münaqişəyə

Selsiz, zəlzələsiz olarsanmı sən?

 

***

 

Ədalət, xəbislik için pasıdır,

Hər cür əyriliyi düzlük sarsıdır.

"Dənizdən-dənizə dövlət" yaratmaq

Nankor qonşuların boş xülyasıdır!

 

***

 

Ərzin yaxasında daim gül olsun,

Bədəməl, pis toxum yanıb kül olsun!

İnsanlar, görüşək meridian tək,

Əqidə yolumuz paralel olsun?

 

Ədəbiyyat qəzeti.- 2017.- 2 dekabr.- S.26.