Falçı
hekayə
21 Azər hərəkatı xatirəsinə...
Siqaret almağa çıxmışdım. Məhəllənin
çıxışındakı köşkə
yaxınlaşıb bir qutu siqaret istədim. Evə tərəf yola düşmək
istəyirdim ki, arxadan bir səs məni
çağırdı: "Cavan oğlan, bir bax bura!". Başdan-ayağa qara
geyinmiş qarayanız bir qadın yerdə oturub qucağındakı
körpəni əmizdirirdi. Əmdiyi
süd körpənin ağzının qırağından
axıb ananın qara ətəyinə damır,
ağımtıl ləkələr yaradırdı.
Körpənin yanaqlarında xırda, qırmızı səpkilər var
idi, onun qız və ya oğlan uşağı olduğunun fərqinə
vara bilmədim. Qadın məni
çağırırdı.
"Bəli... eşidirəm!" -
dedim. Təbəssümlə "Bir manat ver falına
baxım" - dedi. Əlimi cibimə salıb iki manat
çıxardım, "...falıma baxmağa ehtiyac yoxdur,
götür"- pulu falçıya uzatdım... Səsini
yüksəltdi: "Olmaz...
qadan alım, qoy halal olsun. Əlini ver, falına
baxacam." Fala, falçıya inanmasam da,
qeyri-iradi əlimi ona tərəf uzadıb, ovcumu
açdım. Lakin qadın dərhal əlimin
arxa tərəfini çevirib, diqqətlə baxmağa
başladı. Sanki xəritə üzərində
köhnə bir şəhər axtarırdı. Birdən
başını qaldırıb, gözlərini gözlərimə
zilləyərək, birnəfəsə "anan keçən
il qarlı bir səhərdə dünyasını dəyişdi,
ateistsən, bir ilə yaxındır bu şəhərə gəlmisən,
telefon nömrənin sonu 89 ilə bitir, həyat
yoldaşından üç il əvvəl ayrılmısan,
çox gözəl peşən var..." söylədi. Təəccübdən donub qalmışdım ki,
son cümləni eşidib gülümsədim. Sifətimə
sirayət etmiş ifadəni sezən qadın davam elədi: "Həəə... işsizlik
gözəl peşədir, yaraşıqlı oğlan".
Matım-qutum qurumuşdu... Qadının
söylədikləri doğru idi. Mənim haqqımda bu
qədər məlumatı haradan və necə
toplamışdı?.. İşsiz
olduğumu da bilmişdi... Halbuki, zahiri görkəmimlə
heç işsiz adamlara bənzəmirdim... Qadın
körpəni döşündən ayırdı, sağ əlini
qaldırıb qara uzun barmaqlarının
üçünün qatını açdı, üzümə
diqqətlə baxdı.
-Cəmi
üç günün qalıb.
-Anlamadım,
necə yəni?
-Yəni
üç gün zamanın var, üç gündən sonra
həyatdan köçəcəksən!
-Öləcəyəm
yəni?
-Hə,
düz üç gündən sonra.
Ürəyim gizildədi, bədənimdən bir ürpərti
keçdi.
-Sən nə
danışırsan, xanım, cavan oğlanam, niyə ölməliyəm
ki? Bəlkə bir də baxasan əlimə?
- son cümlənin ağzımdan
çıxdığına qulaqlarım inanmadı..
Başını yellədi.
-"Pişəvəri" parkının ortasında
uca bir küknar ağacının altında skamya var. Şənbə
günü saat 21:00-da ölüm səni orda gözləyəcək.
-Getməsəm
necə olacaq?
-Fərqi
yoxdur, o sənin görüşünə gələcək. Amma bil ki, sənin qismətin, alın yazın
ordadı.
Gülməyə başladım. Falçı
qadının qaşları alnında düyünləndi, əlini
bir də qaldırdı, barmaqları ilə üç rəqəmini
xatırlatdı. Simasında acı bir təbəssüm
yarandı.
-
Yaxşı daaa... artıq gedə bilərsən"-
qadının səsi kal çıxdı..
Ayağa
qalxdım, əyilib çantamı götürdüm, evə sarı
yola düşdüm.
Görəsən mən niyə gənc öləcəm? Axı özümü
sağlam hiss edirəm,
altı ay bundan əvvəl qan təhlili də vermişəm. Həkim sağlam olduğumu söyləmişdi.
Bəs arzularım necə olacaq? Hansı arzular? Mənim daha arzum
yoxdur. Yox... ola bilməz. Falçılar hamısı
yalançıdırlar. Fal da, falçı da yalandan,
fırıldaqdan başqa bir şey deyil! Qadının tək
məqsədi məndən pul qoparmaq idi... O mənim gələcəyimi
bilə bilməz! Kimdir, axı, o?
Nostradamus? Xeyr. Heç kim,
heç kim gələcək haqqında öncədən dəqiq
məlumat verə bilməz. Qadın yalan deyirdi..
Qorxu hissi
tədricən ruhuma sızırdı, əllərim soyuyurdu,
ürəyim sıxılırdı... Darıxmaq
hissi təpədən-dırnağa məni
bürüyürdü. Anamın
öldüyünü, yoldaşımla
ayrıldığımı hardan bildi? Nə
olsun ki, bildi? Bəlkə, bu məhəllədə
yaşayır, bəlkə, qonşularım vasitəsilə
yığıb bu qədər məlumatı... O, işinin
peşəkarı olan bir yalançı idi. Vəssalam.
Ölümün zamanını kimsə qabaqcadan söyləyə
bilməz! Evə çatıb tez bir stəkan sərin su
içdim ki, bəlkə
bu vahimə canımdan çıxsın. Falçının
sifəti, uzun qara barmaqları gözümün
qabağından getmirdi. "Üç
gün... üç gün..." səsi qulağımda
çingildəyirdi. Ac olduğumu belə
unutmuşdum. Divanda arxası üstə
uzandım, qolumu alnıma söykədim, gözlərimi tavana
zillədim. Qadını və
başıma gələn bu əcaib hadisəni
unutmalıydım. Heç bir əlahiddə
gücü olmayan, adi bir qadının sözlərinə niyə
bu qədər önəm verirdim? Zamanımı belə
mənasız, boş şeylərə sərf etməməliydim.
Guya ki, şənbə günü o parka gedəcəkdim?
Axı getməyəcəm. Qadının
dediklərinin fikirlərimi alt-üst etməsini anlaya bilmirdim.
Bəlkə də, hər şey sadəcə
zarafat idi. Soyuq, yersiz və qorxunc zarafat.
Bu fikirlərlə iki günümü başa
vurdum.
...Yuxusuzluqdan
özümü o qədər yorğun hiss edirdim ki, evdən
çölə çıxmağa taqətim yox idi. Zamanımı internetdən film izləməklə
keçirirdim. Falçını və məşum
nitqini unutmaq istəyirdim. Yenə noutbukumu
açdım, izləmək üçün filmlərin
elektron kataloquna daxil oldum, qəribə idi, hansı filmi
seçdimsə, qarşıma fransızların məşhur
"Papillon" u ("Kəpənək")
çıxdı. Bəlkə də
internetdə qarışıqlıq var idi. Qalxıb evin içində gəzməyə
başladım. Güzgünün
qabağında ayaq saxladım. Saçlarım
bir-birinə yapışmış və
yağlanmışdı. Çimmək
üçün hamama girdim, amma suyu açmadım. Bir az hamamda oturub fikirləşdim. Aclıqdan
ürəyim ağzıma gəlirdi. Mətbəxə
getdim. Soyuducuda iki gün əvvəldən
qalmış plov var idi. Götürüb
hamama gəldim və yeməyə başladım. Hamamı daha güvənli yer bilirdim, beynimdə
dolaşan fikirlərlərdən sanki burada uzaqlaşırdım.
Yeməyi bitirəndən sonra suyu
açdım, səsini dinləməyə başladım.
Krandan axan suyun şırıltısı
Niyaqara şəlaləsinin səsiymiş kimi,
qulaqlarımı deşirdi. Ayaqlarımı
suyun altına tutdum. Sudan buxar
qalxırdı, amma nədənsə istini hiss etmirdim, əlimlə
ayaqlarıma toxundum, buz kimi soyuq idilər. Suyu
bağladım. Hamamdan çıxdım.
Ayaqlarım islaq-islaq güzgüyə tərəf
getdim. Duruxdum.. Güzgüdə
özümü görmədim. Gözlərimi yumub
açdım... Güzgü qarşımdaydı, öz yerindəydi,
güzgüdə əksim yox idi, güzgü məni göstərmirdi...
Deyəsən, həqiqətən son gecəm idi... Kitab rəfinə sarı addımladım, rəfdəki
kitabların adını bir-bir oxumağa başladım.
Bukovskinin "Makulatura" əsərini
götürüb vərəqlədim. Bu
kitabı anam hədiyyə etmişdi. Kitabı
burnuma tərəf qaldırıb vərəqlərin qoxusunu
ciyərimə çəkdim. Anamın
yaylığının ətri gəlirdi...
Qara falçıya inanırdım. Barəmdə
dediyi hər söz həqiqət idi. O, yalan demirdi. Saat
21:00-da "Pişəvəri"
parkında həyat son sözünü mənə deyəcəkdi. Sonun nəfəsini hiss edirdim.
Yolumu gözləyəcək kimsə yox idi. Kaş ki,
sevdiyim bir qız olaydı, heç olmazsa onunla
vidalaşardım. Olsa idi, zəng edib
"Bağışla məni, bağışla ki,
ömür aman vermədi, yenidən əllərini tutam. Səninlə
bir yuva qura bilmədim, sevgilim! Məni sevdiyinə
görə təşəkkür edirəm" deyəcəkdim,
Sözlərimin sonunda mən ağlayacaqdım, sarı
saçlı qız da telefon xəttinin o biri tərəfində,
mənə qoşulub hönkür-hönkür
ağlayacaqdı. Sevdiyim qız "imkan
varsa getmə, sevgilim, uzaqlaşma... sənsiz yaşaya bilmərəm"
- deyəcəkdi. Mən isə müharibəyə gedib
şəhid olacağını bilən əsgər kimi
"səni məzarım üstə gözləyəcəm,
tez-tez gəl görüşümə" - deyib sonra telefonu
söndürəcək, gözlərimin yaşını
köynəyimin qolu ilə siləcəkdim...
Qısa həyatımda öz varlığımı
unudub, yaşamamağı tərcih etdiyim günlərim
çox olub.
Yaxşı ki, sabah o küknarın
altındakı oturacaqda bu həyatla birdəfəlik
vidalaşacam. Kim bilir, onun üstündə
neçə-neçə sevgililər oturub, qaranlıqda
eşqdən-məhəbbətdən, gələcək
ümidləri haqqında danışıblar, gizlin-gizlin
öpüşüblər. Oturacaqdan mənə
düşən pay isə yalnız ölüm olacaq.
Bəlkə, o oturacaqda rahat-rahat dünyadan köçəcəyəm. Bəlkə də, çətin
olacaq. Hansı şəkildə öləcəm?
Bəlkə boğulacam, son nəfəsimi nəfəssizliyimin
sükutunda verəcəm? Bəlkə
yanacam? Qovrula-qovrula, əzab və iztirab
çəkə-çəkə, alışıb yanacam,
külə dönəcəm? İnsan
ölmək istəmir. Lakin ölümün hənirtisini
hiss edəndə, biləndə ki, ölüm burnunun dibindədir,
o zaman son nəfəsini verməyin ən rahat şəklini
arzulayır özünə.. Amma həyatın
öz planları var. Kainatın möhtəşəm nizamında insan
özbaşına hərəkət edə bilməz. Həyat incitmədən əl çəkəsi
deyil, nizamı pozanın cəzası kəsilməlidir.
...Qismət!.. Alın yazısı!.. Hə, mənim qismətim məhz o küknarın
altındakı oturacağın üstündədir.
"Qismət" sözünün içimdə
hüzur yaradan gücünə heyran qaldım. Canıma, qanıma sancı
kimi, ağrı kimi hopan qorxunun getdikcə
azaldığını hiss edirdim. Ölümə
üzüağ və alnıaçıq gedəcəm!
Çünki qismət belə imiş! Hər
gün yemək bişirməkdən, paltar yumaqdan, çimməkdən,
hətta yan qonşunun dığ-dığ arvadının səsindən
və uşaqlarına çığırışından
yaxam qurtaracaq. Bir daha dayanmadan təkrarlanan
həyat hadisələri ilə üzləşməyəcəm.
Əslində insanı öldürən təkrarlardır, bunun
adını biz əcəl qoymuşuq. Təkrar
sözünün dərinliyində acı bir hiss əbədi
yuxuya gedib. Hər səhər yuxudan oyanıb eyni günəşi
görmək kimi bir hiss...
Ayın
sonunda ev yiyəsi gəlib kirayə
haqqını istəyəndə qapını açan
olmayacaq. Bütün
kitablarımı dəyər-dəyməzinə satıb,
kirayə pulunu götürəcək. Bukovskinin
"Makulatura" əsərini üstümdə
götürməliyəm. İcazə vermərəm,
anamın yadigarı, anamın yaylığının ətrini
verən kitab pula satılsın.
Oturacağın üstündə meyitimi kimsə görəcək,
yan-yörəsinə baxacaq, kitabdan başqa heç nə
tapmayacaq, kitabı götürüb saxlaycaq. Bəlkə də,
məzarımın içinə qoyub mənimlə birlikdə
basdıracaqlar. Bu fikirlərlə saata
baxdım, düz iki saat qalırdı ölümə. Qalxıb dolabdan bir dəst yuyulmuş paltar
çıxarıb geyindim. Kitabı əlimə
aldım, otağıma son dəfə nəzər saldım.
Evdən çıxıb yolumu o falçı
oturan yerdən saldım.
Ürəyimin dərinliyində bir ümid
qığılcımı sönmək istəmirdi,
falçı qadın məni görsə, bəlkə
yanına çağıracaq, üç gün əvvəl
sənə dediklərimin hamısı yalandır deyəcəkdi.
Uzaqdan falçının oturduğu yerə baxdım. Qadın yerində
deyildi, üstündə oturmaq üçün yerə sərdiyi
qalın kağız parçası uzaqdan ləkə kimi
görünürdü. Hava qaranlığa sarı gedirdi. Biləyimdəki
saat 20:15-i göstərirdi. Ölümə
doğru addımlayırdım. Ayaqlarım
altındakı yeri sanki hiss etmirdi, sərxoş adam kimi səntirləyə-səntirləyə
yeriyirdim. Ömrümdə ayaqlarım belə
keyiməmişdi.
Mən bir ömür ateist yaşamışdım, hətta
bu düşüncə ilə özümdən başqa
çoxlarına təsir etmişdim. İndi hər
hansısa bir qüvvə axtarırdım dua etməyə.
Dua edib deyəm ki, kaş o birisi dünyada Allah
olmasın, yoxsa bu düşüncələrimin cəzasını
çəkəcəm. Görünür, Tanrı deyilən
anlayış məhz çətin anlar üçün dəyərli
imiş. İndi mən, bu çıxılmaz
anımda bir qüvvə axtarırdım, elə bir qüvvə
ki, bütün ürək sözlərimi ona deyəm.
Tanrısızlığım kimsəsizliyimdən də
acı idi... Tanrısız axı ürəyimdə
kiminlə danışacaqdım? Kimə
deyəcəkdim ki, "bağışla"? Tanrı
sözü "bağışla" demək
üçün yaranıb!
Artıq parka yaxınlaşırdım. Uzaqdan
ağaclar, Pişəvərinin abidəsi
görünürdü. Qaranlıqda
Pişəvərinin heykəlinin üstünə işıq
salmışdılar və abidə günəş kimi
yanırdı. Pişəvərinin sağ çiyninə
qara bir qarğa qonmuşdu, heykəlin qaşları
düyünlənmişdi, sifətınə sərt ifadə hakim kəsilmişdi. Elə bil, qarğa onu narahat edirdi. Sanki heykəl bu dəqiqə canlanacaq, əlini
qaldırıb qarğanı qovacaqdı. Parka
girəndə havanın soyuq olması canımı
üşütdü. Mənə elə gəldi ki,
"Pişəvəri" parkı bu şəhərin içində
deyildi, başqa bir soyuq iqlimli
ölkəyə aid idi, havası da aid olduğu ölkə
kimi buz kəsmişdi..
Falçının dediyi ağacı axtarmağa
başladım. Doqquza on dəqiqə qalırdı..
Sonuncu dəqiqələrimdə də həyatda
gözəllik tapa bilmirdim. Ümumiyyətlə,
dostlarım "həyat gözəldir" - deyəndə həmişə
təəccüblənmişəm. Ağacı
tapdım, o parkın ən uca küknar ağacı idi.
Uca küknarın rəngi parkın o biri küknarlarından fərqlənirdi....
İlk dəfə idi ki, sarı rəngdə
bir küknar ağacı görürdüm. Sanki ona da
deyiblər ki, saat 21:00-da öləcəksən, o da kəsilmək,
ya da yanmaq qorxusundan belə saralıbdır.
Küknarın altındakı oturacağa
yaxınlaşıb əyləşdim. Kitabı
yanıma qoyub saata bir də baxdım. Üç dəqiqə
qalırdı... Falçının üç barmağı
kimi qorxunc və darıxdırıcı üç dəqiqə...
Bədənimi
soyuq tər basırdı. Alnımda
puçurlanmış tər damcılarını köynəyimin
qolu ilə sildim.
Yox... belə oturmamalıyam. Oturmuş vəziyyətdə
ölsəm, üzüqoylu yerə yıxıla bilərdim.
Uzanmaq ölüm zamanı ən doğru
üsuldur.
Kitabı başımın altına yastıq əvəzi
qoyub oturacaqda uzandım. Ətrafda ins-cins gözə dəymirdi.
Parkda məndən başqa kimsə yox idi ki,
ölüm anıma şahidlik etsin. Gözlərim
küknarın saralmış budaqlarına ilişib qaldı.
Soyuq tər alnımdan axıb gözlərimə
dolurdu. Tərimi köynəyimin qolu ilə
silmək istədim, amma əlim qalxmadı. Daha öldüyümə tam olaraq inanırdım.
Nə kirpik çala,
nə də gözlərimi qırpa bilirdim. Həddən artıq dinc bir halım var idi.
Los-Ancelesin beş ulduzlu otelində lüks
bir çarpayının üstündə uzanmış kimi
dinc idim. Ətrafın səsini, küləyin
vıyıltısını duymurdum, havanın
sazağını belə hiss etmirdim. Çətin günlər
bu oturacağın üstündə bitməkdə idi.
Metronun stansiya adlarını da, dolların məzənnəsini
də, televiziya xəbərlərini də, ev
kirayəsini də unutmuşdum. Artıq
düşünə bilmirdim. Axı mən
ölmüşdüm!
O biri
dünyanı görməyə tələsirdim, anamla
görüşməyə tələsirdim. Amma
gözlərim hələ də açıq idi,
saçlarım gözlərimin içinə girirdi. Yavaş-yavaş
qatı zülmət çökürdü. Küləklərin sovurub apardığı sərgərdan
bulud kimi çəkisiz, yüngül idim. Mən havadan
dalğaya çevrilmişdim! Hər kəs
ölümdən sonra belə rahat olacağını bilsəydi,
yer üzündə bir insan da qalmazdı. İçimdə
birisi səslənirdi: rahatlaşdın, bax... nə qədər
gözəldir belə olmaq! Ölümə eşq olsun!
Daha heç şey yox idi. Hər yer qaranlıq və
səssiz idi, sükutun inqilabı baş verirdi.
...
Qulağımın dibində hənirti hiss edirəm, kimsə
qulağıma füləyir, diksinib ayağa qalxıram. Yanımda dayanmış iti görürəm, qəhvəyi
gözləri ilə mənə baxır. İtin
nəfəsi məni yuxudan oyatmışdı.
Səhər
açılmışdı, saat 6:15-i göstərirdi. Kürəyim ağrıyırdı. Yenə
günəşin sifəti, yenə avtobusların səsi, yenə
sərçələrin çığırtısı,
küknar... yalnız qarşımdaki itin məzlum
baxışları bu əhvalatımın şiddətini az
da olsa alırdı.. İt çox qəmli
baxırdı. Sanki mənə baxıb
üzülürdü. Ətrafimda gördüyüm nə
vardısa, hamısı mənə salam
deyir, xoş gəldin söyləyirdi və mən bundan
çox üzülürdüm...
Oturacağın üstündən kitabı
götürüb falçıya doğru yola
düşdüm. O yalançı falçının yanına gedirdim. O
yalançı falçının...
Gedib ona deyəcəm ki, sən yalançısan, sən
məni aldatdın. Niyə ölmədim mən? Niyə ölümdən qayıtdım? Sən
bir saxtakar falçısan, saxtakar...
Axı mən niyə ölə bilmədim? Bəlkə
falçı ölüm zamanını dəqiq deyə bilməyib?
Bəlkə çaşıb? Bəlkə yaxın zamanda, ən yaxın günlərdə
öləcəm?
İnsan ölümü dərk etdiyi andan sonra
yaşamağı heç istəmir. Hər insana itirməkdən,
ayrılmaqdan, yıxılmaqdan sonra ölüm ləzzətli
gəlir.
Addımlarımı iri-iri atırdım, falçı
ölüm zamanımı uzaq günlərə desə,
birbaşa intihar edəcəm. Bunu özünə də
deyəcəm, deyəcəm ki, daha sənin ölümümün
dəqiq zamanını deməyinə ehtiyacım yoxdu.
Falçının oturduğu yerə yaxınlaşdım. Xeyli insan toplaşmışdı, böyük izdiham var idi. Qaça-qaça izdihamın içinə girdim. Falçı yerindəydi, kürəyini divara söykəmişdi, körpə də qucağındaydı. Falçı ilə uşaq arasında bir fərq var idi, uşaq tərpənirdi, amma falçı daş kimi hərəkətsiz oturmuşdu. Falçının gözləri bərəlmiş, hədəqəsindən çıxmışdı, yanında yerdə boş dərman şüşəsi var idi. Körpə təəccüblə izdihama baxırdı. İnsanlar polisin qorxusundan körpəni falçının qucağından götürmək istəmirdilər.
Mən bu halda mütləq evə getməli idim. Otağıma girmək istəyirdim, qapını bağlamaq, işıqları söndürmək və "Makulatura" kitabından anamın iyini almaq...
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.4-5.