Bir araya gəlmək istəyi varsa...
Şərq
və Qərbin, islam və xristian mədəniyyətlərinin
qovşağında yerləşən Azərbaycan XX əsrdən
XXI əsrə müstəqil dövlət kimi yeni tarixi
statusda, zamanın fərqli çağırışlari ilə
gəldi. İqtisadi və geosiyasi mənzərəsi dəyişən
dünyaya öz kimliyini daha yaxından tanıtmaq
üçün dünya ilə Azərbaycanın yalnız
siyasətin və iqtisadiyyatın, hüququn və sazişlərin
dilində deyil, həm də mədəniyyətin, elmin və
intellektin dilində
danışmaq, öz qədim tarixini, zəngin mədəniyyətini,
köklü mənəvi dəyərlərini bütöv və
obyektiv şəkildə təqdim etmək vəzifəsi
aktuallaşdı. Yeni əsrin başlanğıcından bu
istiqamətdə dövlət səviyyəsində
böyük işlər görülüb, əhatəli
proqramlar həyata keçirilib və bunlar davam etdirilir.
Yeni əsrdə
qarşıya çıxan vəzifələrdən biri də
Azərbaycanın dünya ilə təmasının
qarşılıqlı dialoq və əməkdaşlıq
üzərində qurulmasıdır. Dünyanın ən
nüfuzlu və mötəbər mədəniyyət, elm və
təhsil ocaqları ilə birgə layihələrin həyata
keçirilməsi, belə demək mümkündürsə,
birbaşa onların özlərinin Azərbaycanı öyrənməyə
və tanımağa cəlb edilməsi zamanın
yetişdirdiyi zərurətdir. Bu baxımdan, 2013-cü ildən
Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi
adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Mərkəzinin
yaradılmasının müstəsna əhəmiyyəti
xüsusi qeyd edilməlidir. Akademik Nərgiz Paşayevanın təşəbbüsü
və iştirakı ilə təsis edilmiş mərkəzin
həyata keçirdiyi uzunmüddətli "Azərbaycan və
Qafqaz dillərinin və mədəniyyətlərinin
araşdırılması proqramı" ölkəmizin zəngin
tarixinin və mədəniyyətinin Qərbin aparıcı
elm mərkəzlərindən birinin mütəxəssisləri
tərəfindən araşdırılmasına, öyrənilməsinə
və dünyaya məhz Qərbdən, Qərbin öz
meyarları ilə təqdim edilməsinə şərait
yaradır. Proqrama Oksford Universiteti tərəfindən Qafqaz
regionunun tarixinə bələd olan görkəmli şərqşünas
alimlər - profossor Robert Hoyland və professor Edmund Heyziq rəhbərlik
edirlər. Azərbaycanı Nərgiz xanımın təmsil
etməsi isə həyata keçirilən təbdirlərdə,
görülən işlərdə, aparılan tədqiqatlarda
Azərbaycan və Qərb təcrübəsinin bir araya gətirilməsi,
ən başlıcası da milli maraqlarımızın
qorunması baxımından misilsiz imkanlar açır.
Onu da
xatırladaq ki, az qala Nizami ilə yaşıd olan Oksford
Universiteti dünyanın ən qədim ali təhsil
ocaqlarından biri sayılır. Hazırda bu universitetdə 20
mindən artıq tələbə oxuyur ki, onların təxminən
beş mini xarici ölkələrdən gəlir. Universitetdə
dörd mindən artıq müəllim
çalışır. Həmin müəllimlərdən 70
nəfəri Kral Cəmiyyətinin, 100 nəfərdən
çoxu isə Britaniya Akademiyasının üzvüdür.
Qafqaz
regionu və bu regionun tarixində, ictimai-siyasi proseslərində
mühüm yer tutan Azərbaycan mədəniyyətinin belə
bir nüfuzlu elm və təhsil ocağı tərəfindən
tədqiq olunaraq Qərb auditoriyasına təqdim edilməsi təkcə
Azərbaycan üçün deyil, Qafqazın digər
xalqları, elə Qərbin özü üçün də
böyük əhəmiyyət daşıyır. Bu bir həqiqətdir
ki, indiyə qədər Qərbdə Azərbaycan tarixi, eləcə
də Qafqazın müsəlman
xalqlarının mədəniyyəti az öyrənilib,
görülən işlər isə müxtəlif səbəblər
üzündən əhatəli və obyektiv olamayıb. Bu mənada,
Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq
və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə
başlaması elmdəki və münasibətlərdəki
boşluqların aradan qaldırılması istiqamətində
atılmış mühüm addım kimi qiymətləndirilməlidir.
Artıq
mərkəz tərəfindən konkret işlər
görülməkdə və bu işlərin real bəhrələri
özünü göstərməkdədir. Görkəmli rus
şərqşünası akademik Yevgeni Bertelsin 1940-cı ildə Moskvada nəşr
edilmiş "Böyük Azərbaycan şairi Nizami"
kitabının Britaniyanın "Gilgamesh" nəşriyyat
evində ingilis dilində nəşr edilməsi və Londonun
tanınmış mədəniyyət məkanlarından
birində təqdimat mərasiminin keçirilməsi uğurlu
hadisədir. Bu hadisəni real şərtləri nəzərə
alıb qiymətləndirəndə onun əhəmiyyəti
daha qabarıq görünür. Real vəziyyət isə
budur ki, biz nə qədər həssaslıqla yanaşsaq, qəbul
etməsək də, dünyanın etibar etdiyi nüfuzlu elmi və
ensiklopedik nəşrlərdə Nizami Gəncəvi İran və
ya fars şairi kimi təqdim edilir. Bu, Azərbaycana münasibətdən
(bu amili tam istisna etmək fikrində deyiləm) daha çox,
uzun zamanlar ərzində formalaşmış elmi yanaşma
stereotipindən irəli gəlir. Məsələn,
bütün səviyyələrdə (etnik, siyasi, iqtisadi, mədəni
və s.) bizə çox yaxın və doğma olan Türkiyə
filologiyasında nəinki Nizamini, eləcə də bu ölkənin
öz tarixi ərazilərində yaşayıb-yaratmış
və fars dilində yazmış böyük mütəfəkkirləri
"fars şairi" (ən yaxşı halda isə
"İslam klassiki") kimi qəbul etmək ənənəsi
hələ də davam etməkdədir. Mənə elə gəlir,
bu stereotipi aradan qaldırmaq sahəsində indi hamıdan
artıq Azərbaycan nizamişünaslığının
üzərinə daha ciddi iş düşür: tədqiqatlar
dünyanı inandıracaq elmi meyarlar çərçivəsində
aparılmalı, "məhəlli" səviyyədə
qalmamalı, beynəlxalq elmi arenaya
çıxarılmamağa layiq olmalıdır.
Özümüz deyəni özümüz eşitsək və
bununla da işimizi bitmiş hesab etsək, heç kəs bizim
mövqeyimizi ciddi qəbul etməyəcək. Dünyanı
inandıra biləcək elmi yanaşmaların ortaya
qoyulması üçün beynəlxalq səviyyədə
müzakirələr aparmağa, fərqli mövqeləri dinləməyə
və öz mövqeyimizi əsaslandırmağa hazır
olmalıyıq.
Öz həqiqətlərimizi
dünyaya qəbul etdirmək üçün yeganə yolumuz
isə hərəkətə gəlmək, yaranan hər bir
imkandan müdrikliklə istifadə etmək, irəliyə
doğru atılan hər bir addımı dəstəkləməkdir.
Bu baxımdan, Oksford Universitetində Azərbaycanı və
Qafqazı təqdiq edən mərkəzin Nizaminin adını
daşıması, eləcə də həmin mərkəz tərəfindən
"Böyük Azərbaycan şairi Nizami" adında
kitabın nəşr və təqdim edilməsi Nizami Gəncəvi
ilə bağlı mövcud olan stereotipin dəyişdirilməsinə
xidmət edən konkret iş kimi dəyərlidir.
Onu da nəzərə
almalıyıq ki, mərkəzin fəaliyyəti yalnız
Nizaminin yaradıcılığını tədqiq etməkdən
ibarət deyil. Mərkəzin qəbul etdiyi uzunmüddətli
və əhatəli proqram çərçivəsində
silsilə tədbirlər həyata keçirilir. Məsələn,
Oksford Universitetinin mütəxəssisləri tərəfindən
Qafqaz Albaniyasının qədim paytaxtı və Qafqazda
müsəlman mədəniyyətinin ilk ocaqlarından olan Bərdə
şəhərində arxeoloji qazıntıların
aparılması, heç şübhəsiz ki, tarix elmi
üçün yeni materiallar verəcək. Həmin
araşdırmanın nəticələri nəşr ediləcək
və elmi ictimaiyyətin müzakirəsinə təqdim
olunacaq. Bundan başqa, proqram çərçivəsində
elmlər doktoru dərəcəsi almaq üçün tədqiqat
üzərində çalışan Keti Kempbell Bərdədəki
arxeoloji qazıntılar vasitəsilə XIII-XIV əsrlərdə
monqolların Qafqaza yürüşünün tarixi izlərini
araşdıracaq, əldə etdiyi nəticələri
Türkmənistan və Qazaxıstan ərazilərində
başa çatdırılmış qazıntıların nəticələri
ilə müqayisə edəcək.
Proqram
çərçivəsində aparılan təqdiqatların
faydalı cəhətlərindən biri də budur ki, gələcəkdə
Azərbaycanda magistr və doktorluq dissertasiyalarının
mövzularının müəyyənləşdirilməsində
həmin tədqiqatların təcrübəsindən
yararlanmaq mümkündür və belə hesab edirəm ki,
bu, Azərbaycan elminin beynəlxalq səviyyəyə
çıxmasına öz müsbət təsirini göstərə
bilər. Məsələn, proqrama əsasən Ceyms Uaytın
magistr elmi dərəcəsi almaq üçün
araşdırdığı mövzu Nizami Gəncəvi
yaradıcılığına təzə və fərqli
mövqedən yanaşılmasını nəzərdə
tutur. C.Uayt
görüntünün yaratdığı təsəvvürlərin
Nizami Gəncəvinin "Xəmsə"sinin mətnində,
həmçinin, sonradan bu mətnlər əsasında çəkilmiş
miniatür illüstraisyalarda necə ifadə olunduğunu, eləcə
də bunun sonradan yaranan "Xəmsə"lərə təsirini araşdırır. Nizami Gəncəvi
yaradıcılığının müasir hermenevtika əsasında
təhlili filologiyamızın kulturoloji sərhədlərinin
genişləndirilməsi baxımından olduqca faydalı
nümunə ola bilər.
Proqramın
əhatə etdiyi istiqamətlərdən biri də Azərbaycanın
və Qafqazın tarixinə dair rus və Azərbaycan dillərində
yazılmış mühüm əsərlərin ingilis dilinə
tərcümə edilərək Oksford Universitetinin
saytı vasitəsilə
ictimaiyyətə təqdim edilməsidir. İnanırıq
ki, dünyaya çıxarılmağa layiq olan qiymətli
elmi əsərlərin belə bir mötəbər platforma
üzərindən təqdim edilməsi mədəniyyətimizin
tanıdılmasına və təbliğinə mühüm
töhfə olacaq.
Dünya
ilə ünsiyyət qurmaq üçün irəliyə
doğru addım atmağa, bizi sevənlərlə də, sevməyənlərlə
də bir araya gəlməyə və öz sözünü
deməyə, özümüzü tanıtmağa cəhd etmək
birinci şərtdir. Böyük Britaniyada bizim
özümüzü Nizami ilə
təqdim etməyimiz isə olduqca ciddi hadisədir. Ona
görə ciddi hadisədir ki, indi Şərqin də, Qərbin
də Nizamiyə daha böyük ehtiyacı var və bu
böyük mütəfəkkir bu gün də insanları
yüksək məqsədlər, həqiqət və ədalət
ətrafında bir araya gətirir. "Böyük Azərbaycan
şairi Nizami" kitabının Londoda keçirilmiş təqdimat
mərasimində akademik Nərgiz Paşayevanın qeyd etdiyi
kimi: "Şeyx Nizami heç zaman parçalayıcı,
ixtilaf yaradan şəxsiyyət olmayıb və ola da bilməzdi.
Çünki onun yaradıcılığı insanları və
məmləkətləri birləşdirmək gücünə
malikdir. Nizamiyə görə, müxtəliflik
qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək
bacarığı və istəyi də, vəhdətə can
atmaq arzusu da inkaredilməz, labüd və mütləqdir"...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.3.