Cemin atası
Hekayə
Cemin atası ədəli-dədəli mələkdir. Qanadları da
var. Gözlərimlə görmüşəm. Boyu çox ucadır.
Qız qalası boyda olar. Adı məhləmizin
üstünü yorğan kimi örtsə də, özü
yerlə göy arasında qalıb. Cemdən savayı
heç kim ona yaxın dura
bilmir.Özündən asılı deyil. Təni
yandırıcıdır.Yaxın duranı
qarsır.Başının üstündə dəmir halqaya bənzər
qırmızımtıl halə var. Gündə
beş-altı dəfə özü-özünə alışıb
qığılcımlanır. Ölüdən "arxa"
uman bələdiyyə sədri Məlikağa mələk
göydən enəndən məhlənin işıq dirəklərini satıb. İlin-günün bu
vaxtı kim puldan qaçar? Məlikağanın
əmriylə işıqçılar Cemin atasının
başı üstə hərlənən elektrik haləsinə tel atıb məftil-məftil evlərə
paylayıblar. Cemin atası məhlənin
"Atom elektrik stansiyasıdır". Bizə
pulsuz işıq verir. Bu işıq
hökumət işığına bənzəmir ha. Nur kimi safdır.
Ağlığı altında dibsuz qaranlıqlar belə
aydınca görünür. Şüləyi
adamı keçmişinə qədər
işıqlandırır.
Cemin atası aşağı enəndən
keçmiş unudulub, daha görünmür. Məhlə adamları ancaq bu günlə
yaşayır. Nə qocalan var, nə ölən. Hamı
sevinə-sevinə yaşayır. Uzunömürlü
olduğumuz üçün şəhərdə bizə
"Qarğalar" məhləsi deyirlər. Atasını Cemin özündən savayı
heç kəs gözüylə görməyib. Onun işıqlı üzünə baxmaq olmur ha. Gözün tutulur.
Biz çox qaranlığıq. Məhlədə ondan savayı alayı işıq
da yoxdur. Üzümüz də fikirlərimiz
kimi onun yanında qapqaradır. Bunu yaxşı bildiyindən mələk
iri projektor kimi səhərdən axşama qədər məhlənin
göy üzündə dayanıb işığını
üstümüzə sərib.
Hərdən nəfəsini dərib
tüstü verə-verə "paravoz" kimi
fısıldamağı var. Sən deyən yemək də
yemir. Su heç içmir. Eləcə fənər kimi göydən
asılıb durub. Mələk
olmağına baxma. Bizim qədər uşaq istəyəndi. Göydə nə qədər işi olur-olsun Cemi
unutmur. Hər axşam oğlunu
özüylə göyə aparır. Ucadan gülə-gülə
Cemi buludlardan yuxarı atmaq onun sevgi əyarıdır. Mələk sevgisi belə olar da. Cemin də yeməli vaxtıdır. Beş yaşı təzəcə olub. Hələ bizim bu
yalan dünyanı dişinə vurmayıb, yaxşı
tanımır. Dil də açmayıb, danışmır da.
Eləcə iri, kömür kimi qara gözlərini geniş
açıb dinməz-söyləməz atasının işığı
altında birtəhər görünən insanların boş
cuval kimi dartılı üzlərinə baxır.
Yaltaqlıqda ad çıxarmış məhlə kişiləri
mələyə yarınsınlar deyə Cemə bizim dildə
danışmağı öyrədirlər. Xeyri yoxdur. Danışmır.
Atası kimi quş səsinə oxşar qəribə
səslər çıxarır. Cemgilin dalanında bizim kimi
danışan ancaq
anası Məsmədir. Məsmə
pis mənada "əllamədir". Onun
mələyə yaraşan nə layiqli üzü var, nə də
urvatlı adı. Gödək, əyri
qıç, fikri-xəyalı ancaq pul olan xalis yer
adamıdır. Başını
qaldırıb bircə dəfə də olsun ərinin
işığına baxmır. İşi-peşəsi
onu ayağından dartıb göydən yerə salmaqdır.
Məsmə yerin ötəri dəbini
göyün sehrli təbindən yaxşı bilir. Özünü
anlamaq qədər arif deyil. Dəb
adamıdır. Onun o gözəllikdə mələklə harda və necə evləndiyini də məhlədə heç kəs bilmir. Bir də
gözümüzü açıb
görmüşük ki, Cemin beş yaşı var. Mələklər
cürbəcür olur. Göydən yerə
müjdə gətirəni var. Burdan ora nəsə aparanı
var. Cemin atasının bəxtinə bax. Hərdən mənə
elə gəlir ki, Məsmə arvad onu tüfənglə vurub
göydən yerə salıb.
Ya da sapandla daşlayıb. Nə bilim vallah.
Adam babal yuya
bilmir. Adam olsaydı, kefinin
yaxşı vaxtı ondan soruşardım ki, "Ay kişi, bu əyriqıç
Məsməni alanda sənin gözün kor idi? Bir bunun ləkərinə
baxaydın da!". Amma o da
var ki, sən demə, mələklər həqiqətən də
kor imiş. Bunu mənə Cem deyib. Onlar bizi necəsə başqa yerləri ilə
görürlər.Gözləri olmur. İndi
bu evlilikdən bəlkə mələyin özü də
peşmandır. Sadəcə mələkdir
deyə, səsini çıxarmır. Yəqin
onlar heç zaman boşanmırlar. Bəlkə onlar
üçün pis heç nə və heç kim yoxdur. Bilmirik axı. Mən təkcə onu yəqin bilirəm ki,
yaxşı ilə pisi biz insanlar
düşünmüşük. Cemin
atası üçün Məsmə arvad bəlkə də
dünya gözəlidir. Nə bilim vallah?
Hardan bilim? Mən mələk
zövqü bilirəm? İndi ya həlhələdən,
ya vəlvələdən. Daha fərqi eləməz.
Olan olub. Keçən
keçib. Bir də Məsmə arvad
öz xoşu ilə o gözəllikdə mələyi əlindən
buraxmaz axı. Sən ilahi müdaxiləni də az bilmə! Bəlkə elə bu
yaxınlıq bizim qanmadığımız sirli bir mənanın
açılmasından ötrüdür. Nə olsun ki,
biz beş ildən sonra ayılıb Cemin
atasının Mələk olduğunu görmüşük.
Elə bilirsiz onun məhləmizə niyə görə işıq
saldığını yəqinliklə anlayırıq ? Ətövbə
əgər biliriksə. Vallah bilmirik.
Simi vallah heç ağlımıza belə gəlmir.
Amma Məsməyə baxanda yenə bizə
şükür. Biz heç olmasa mələyin
bura nəyə gəldiyi haqda baş sındırıb
düşünürük. Məsmə
deyəsən bir yastığa baş qoyduğu ərinin mələk
olduğunu belə bilmir. Ona elə gəlir ki, əri mələk deyil, yad
planetlidir. Qonşulara da belə deyib :
- "Əşşi sən onun göydən sallanmağına
baxmayın. Əlindən bir iş gələn deyil. Əfəlin biridir.
Fərsizdir e. Deyirəm mənə bir sehr
göstər. Əgər doğrudan da mələksənsə,
adi dəmir parçasını qızıla çevir.
Mən də baxım sevinim. Və inanım ki, sən doğurdan da mələksən.
Neynəsə yaxşıdır? Hər gün mənim üçün burnunun
deşiklərindən qızıl gül
çıxardır. Əgər o siz deyən
kimi mələk olsaydı duadan zaddan oxuyub məni
dünyanın "kraliçası" eləyərdi də.
Yerlə göy arasında yaşadıb
acından öldürməzdi ki. O, mələk zad deyil.
Başında fənəri olan adi "qumanoiddir"!.
Hərdən
mənə elə gəlir Cemin atası Əzrayıldi. Məsmə qanadlarını yolub karsız edib.
Görmürsüz məhlədə haçandı heç kim ölmür. Amma buna da
inanmıram. Ola bilməz. Cemin
atası Əzrayıl ola bilməz. Əksinə, o dünyaya nəsə gətirənə
oxşayır. Məsmə əri üçün
dünyaya yaraşan
bir gəlirli iş
tapıb.Hər gecə Cemin atası Məsmə
üçün göydən aşağı rəngbərək
ulduz parçaları gətirir.
Ağzında mələk deyirsən. Göbəyi göydə kəsilənin hədiyyəsi
ulduz olar da. Arı şanı olmaz ki.
Göy üzünün çiçəyi
ulduzlardır axı. Ulduzlar göy üzündə
çəməndə çiçək bitən kimi bitirlər.
Əlin çatanı dərə bilirsən. İstəsən bir canı sulu buludu aşağı əyib çiçəkləri
çiləkdən suladığın kimi hər gün
sulayarsan da. Amma sözüm ulduz sulanmasından
deyil. Sözüm Məsmənin
tamahındandır. Ulduz ola, Məsmənin
tamahı ola. Dedim axı Məsmə istənilən
"ulduzu" bircə anda pula çevirməyi bacaran xalis
alver adamıdır. Onun
gözünü açandan əvvəldən axıra qədər
oxuya bildiyi yeganə mətn
manatın üstündə yazılmış beş
altı hərfdir. Hərf bilməsə də,
Məsmə "hərif" deyil. Ərinin
ona xatirə kimi göydən düşürdüyü
ulduzları sandığa yığmır. Zərgər Vahidə verir ki, brilyant adıyla camaata
satsın. İndi sən təzada bax. Bu Cemin atası, bu da
anası. Məsmə
gor əhli kimi ancaq qarnını düşünür.
Mələk də
göy əhli olduğu üçün göynən
gedir. Yazıq Cem, bu ayrı-ayrı hallar içində necə
dil açıb danışsın? Lap danışsa da, nə
desin? Atası göydə, anası yerdə.
Dil açıb dillənəndə onları
bir köşəyə yığıb necə
danışdırsın? Bu ər-arvadın
özləri birdilli deyillər axı? Cem desin ki, yerlə
göy heç zaman bir ola bilməz. Desin ki, yer üzü mələk
öldürmək üçün tələdir? Deməz
axı. Ona görə deməz ki
özü də mələkdir. Bura da elə-belə
gəlməyib.
Ərinin
adı Məsmənin başqa işlərinə də yarayırdı. İşıq kirəsi ödəmirdi. Bələdiyyə
sədri həftədə
bir dəfə iclasda adını
çəkirdi. Polisi ərinin
qarsıdıcı istisi ilə qorxudurdu. Hətta bir dəfə onu hansısa bir
Norveç şirkəti hamam çəkələklərinin
baxış sərgisinə dəvət etmişdi. Ona qalsa göydə
bir dənə də olsun salamat ulduz
qoymazdı. Hamısını yerə
daşıtdırıb satardı. Nə
yaxşı ki Cemin atası onun bu istəyini qulaqardına
vururdu. Hələ ki, küllü-kainat
Cemin atasının nəfs toxluğuna hərlənirdi.
Hərdən yeri-göyü yaradan Allah da Məsmənin nəfsiylə
bacarmırdı. Allahın o boyda mələyini Məsmə
yerlə göy arasında qatar bələdçisinə
çevirmişdi. Amma sən sevgini az bilmə.
Sevgi sənə elə də asan iş kimi gəlməsin. Çalış Məsməyə mələyin
gözüylə baxasan. Allah istəyəndə
quru daşın canında belə sevgi göyərdir. İndi bu iş də belə. Mələklə Məsmənin sevdası tamam
başqa bir həngaməydi. Deyiləsi, yazılası
iş deyildi. Onların Cemi harda və hansı yolla yaratması da məhlə
arvadları üçün sirri-xudaydı. Mələk
isti, Məsmə soyuq. Mələklərin
görəsən uşaq yaratmaq üçün nələri
olur? Bunlar biri-birilərinə nətər
yaxın durublar? Harda öpüşüb
görüşüblər? Amma bir iş də var ki,
ağzında mələk deyirsən. Kenquru
demirsən. Bəlkə Cem mələyin
eləcə quruca nəfəsindən yaranıb. Bu işdə Məsməyə ehtiyac qalmayıb.
Bəlkə Məsmə Məryəm ana kimi hələ
də bakirədir? Nə bilmək olar.
Axır vaxtlar günəş də gözümə bir qədər
kəm görünür. Elə bil bir az
kiçilib. Allah axırını xeyir eləsin.
Məsmə arvada nə var ki. Bir də gördün günəşi
paralayıb bit bazarında satır. Hərdən
göy üzü sıx buludlu olanda Məsmə arvadın
evindəki ulduzlar işıq-işıq parıldayırlar.
"Çoban aldadan" ulduz misalı
yanıb-sönən bu parıltılı daşların
işığını uzaqdan görən bəzi
uçaqlar çaşıb göydə yollarını
azırlar. Yeri göyə, göyü yerə
oxşadırlar. Onları da hələ
ki, Allah saxlayır. Nə deyim vallah. Daha olan olub,
keçən keçib. İndi bu evliliyin
cözülməsi kimə lazımdır? Ortada ayı boyda Cem var. Bundan sonra daha mənim
üçün nə mələk maraqlıdır nə də
Məsmə! Cemin varlığı yerlə göyü birləşdirib.
Mələyi də, Məsməni də
keçmiş edib.
Cem atasını anasından çox istəyir. Üzdən də
ona oxşayır, nəfsinin toxluğundan da. Qanadları
olmasa da onun
da ürəyi atası kimi sevdalıdır. Onun
da başının üstündə işıq haləsi
var. Kibriti çəkib
alışdırsan yanacaq! Boyu da tay
tuşlarından iki baş hündürdür. Çilədanında
atasının deyə bilmədiyi sözlər də
çoxdur. Beş yaşı olsa da,
atası kimi o da dünyanı işıqlandırmaq istəyir.
Ayaq üstə olana qaçmağı,
yıxılana ayağa durmağı öyrədir. Sən
onun adam kimi görünməsinə baxma.
O, bizim kimi adam deyil.Atası kimi mələkdir.
Buludlu havalarda mələk göyə çəkilir. Cemlə
birlikdə biz də oturub səbirlə onun yolunu gözləyirik. Ayda bir dəfə
onunla Allaha məktub göndəririk. O, heç kəsə
yox demir. Eləcə gülümsünüb məktublarımızı qanadının altına qoyur. Mələk Məsmə ilə evlənəndən
məhlədə heç kəsin dərdi yoxdur. Hamı xoş hallıdır.
Dünya beləcə Cemin atasının
işığına fırlanacaqdı. Qoymadılar
ki. Məhlə adamları beləcə
yaşayacaqdılar. Olmadı ki. Soruşma
kim qoymadı. Deməyəcəm.
Mələk göylə yer arasında, Məsmə
arvad da yer üstündə yaşayıb Cemi böyüdəcəkdilər.
O, da alınmadı. Cem mənanı anladı.
Və susdu. Sən yazı yazanı az bilmə. Özümü demirəm
ha. Bu oxuduğun
yazını mən yazsam da, mənim də
yazımı yazan var. Nə yerdə, nə də göydə,
"gorsuz" yazı yazılmır ey dili qafil. Onu bil ki, hər
bir adam ömründə bir dəfə
öz doğma "goru" ilə rastlaşacaq. Hər bir adamın, hər bir işin axır
"goru" var. "Gor" üstünə qara kəlağayı
atılmış ömürdür. Orda, o
qara kələğayının altında nə baş verir
onu heç kəs bilmir. O,qaranlıq
məkan ancaq "gor" yiyəsi üçün
işıqlıdır.
Bir
gün Əzrayıl Cemin zamanı yetmiş babası Səmədin əlindən
tutub "göra" apardı. Babası gedəndən
sonra Cem "gorun" nə olduğunu bildi. Anladı ki, bütün insanların sonu
ölümdür. İnsan sonda
"gora" gedir. Baxıb gördü ki
babası yoxdur. Hamı burdadır, o isə
yoxdur. Bu dünyanı hələ əməlli-başlı
anlamamış Cem "goru" heç anlaya bilmədi.
Axı bu kişi necə oldu? Dünən burda idi axı. Ola bilməz ki, adam birdən-birə yox olsun. Yox olsa onda adam olmağın mənası nədir? Heç bir məqsədi
olmasa, Allah insanı yaratmaz.
Suallardan beyni yorulmuş Cem babasının
arxasınca gora düşdü. Goru hələ
heç kəs görməmişdi. Buranın torpaq
qoxulu tamı vardı. Sağdan
alov, soldan nəmişlik qoxusu bürkü kimi adamın
üzünü qarsırdı. Beləcə
bu dar dolanbac yol ilə Cem canı sıxılana qədər
getdi. Dayananda qarşısında qara
qanadlı bir quş gördü. Dimdiyində
lələkli qələm vardı. Əlini
uzadıb lələkli qələmi quşun dimdiyindən
götürdü. Quş dərindən nəfəs
alıb iki dəfə asqırdı. Sonra
tükləri tökülmüş caynağını Cemə
uzadıb "İşıqlı dünyada nə
görmüsənsə bu qələmlə ocvuma yaz!"-
dedi. Cem beş
yaşına qədər dünyada gördüklərini elə
indicə qarşısında süfrə kimi
açılmış quşun ovcuna yazmaq istədi. Birdən atasının mələk, anasının
yer qadını olduğunu xatırlayıb başını
yuxarı qaldırdı. Yuxarıdan kimsə
diqqətlə ona baxırdı. Sağdan,
soldan canını sıxan qəbir evinin çox geniş
göyü var imiş. Görəsən yuxarı qalxmaq
Cemin ağlına əvvəlcədən niyə gəlməmişdi? Cem təkan verib yuxarı hoppanmaq istədi. Ya ayaqlarının heyi yox idi, ya da bədəni
"gorda" ağırlaşmışdı. Özünə gücü çatmadı.
Titrəyən əlləri ilə quşun lələklərini
tumarlaya tumarlaya: "Babamı görüb geri qayıda bilərəm?"-
soruşdu.
Quş:
-"Burdan hələ heç kəs geri
qayıtmayıb!"-söylədi.
Cem
beş il ərzində
gördüklərini bir-bir yazıb qələmi
yenidən qara quşa qaytardı.
Quş qələmi ondan alıb bir göz
qırpımında göyə çəkildi. Cem
başını aşağı salanda torpaq üstə
uzanmış babası Səmədi gördü. Nə qədər çağırsa da, babası
onu eşitmədi. Yuxarıdan ona doğru
enən qaraltını görənə qədər Cem
babasını hayladı. Babası eşitmədi ki, eşitmədi.
Qaraltı Cemin əlindən tutub qəbir evindən
yuxarı qaldırdı. Cem gördü
ki, boyu uzanıb buludlara dəyir. Yaşı
da çoxalıb. Bir xeyli beləcə o
qaraltıyla harasa uçdular. Sonra gözlə
görünməyən o qaraltı Cemi bir işıqlı
vadiyə çıxarıb sal daş üstə oturtdu.
Qeybdən
gələn səs Cemə -"Otur,gözlə!
Zaman özü gələcək!"-dedi.
Cem beləcə
altı il gözlədi.
Altı ilin tamamında babası Səməd kişinin
axsaya-axsaya ona sarı gəldiyini gördü. Cem
babasının axsadığını yuxarı dünyada
görməmişdi. Ayağa qalxıb ona
sarıldı. Babası
sınıxmışdı. Gözünə
küskün dəyirdi.
Göz
yaşlarının arasından: -"Ay Baba sən dünyada
axsamırdın axı!"-pıçıldadı.
Babası da Cemi gördüyünə sevinmişdi. Elə sevincinin içindən
də: -"Altı ildir yol gəlirəm. Buna
ayaq dözər?"- söylədi.
Cem:
-"Baba burda nə var?" - soruşdu.
Cəməd
kişi: -"Ay bala burda heç nə yoxdur.
Burda nə baba var,nə nəvə var!
Burda doğma, yad, dost, düşmən filan da yoxdur! Burda nəfs də yoxdur, istək də. Arzu da. Burda düşüncələr
də başqadır. İstəklər də.
Ağrı da! Burda heç nə yoxdur! Burda
heç bədən də yoxdur. Ancaq təəssüf
var, mənim balaca Cemim! Məni
yola çıxarıb dolandıran da həmin o təəssüfdür!
Gözümə hər an yol kimi
görünən isə
peşimançılıqdır!"- dedi.
Cem:-"Sən
altı ildir hara gedirsən ay Baba?" -xəbər
aldı.
Səməd
kişi:-"Bilmirəm ki!"-dedi.
Cem
babasının əlindən tutub onunla birlikdə yol getmək
istədiyi zaman qarşısında atasını
gördü. İri
qanadlarını üstünə gərmiş atası bir
göz qırpımında Cemi qucağına alıb
yuxarı dünyaya çıxardı. Atası
onu qucağından torpaq üstünə qoyanda Cemin iyirmi
dörd yaşı vardı.
Hava da soyumuşdu.
"Goru"
görüb geri dönmüş Cem birdən-birə
anladı ki, üç ayrı zaman kəsiyində
"tanıyacaq" ömrünü bir düşüncə
halqası içində yaşamağı öyrənməlidir.
O, göydə yazılan mənanı, "gorda" anlayacaq həqiqəti
və bu yalan dünyada görəcək
sevgini bir yaddaş gerçəkliyində yaşamağı
bacarmalıdır. Böyük məna bu üç halın
çarpazlaşdığı yerdədir. Bu halın
birinə çox, birinə az bağlansan
heç nə anlamayacaqsan. Onun ömrü əvvəlcədən
göydə yazılmış taleyindən, yerin altında
yaşayacaq ölümündən və bu görünən
dünyada idarə olunan təsadüf və yalançı
doğmalıqlardan asılı olacaq. Bu üç halın harda qovuşacağını
zamanında anlamaq isə hələ heç kəsə
nəsib olmayıb. Bunu bilən Cem atası kimi
birdəfəlik susdu. Bir də heç zaman danışmadı. Deyirsən
mən də susum?..
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.8-9.