Çadırları qurulub-sökülən
dünyanın burasında
Mən Vaqif Bayatlı Odərin qutsal dünyasına buradan, bu qapıdan - dünya mədəniyyətinə
tarix boyu vəzncə ağır altun-yüklə qoşulan
Azərbaycandan girmək
istəyirəm:
Azərbaycan - göy üzündə
Çiçəktək qoxlamağa
Ataqılınc, Atabilək,
Qalxan düşmən ordusunu,
Oxunu haqlamağa
Atasinə, Atakürək,
Bir kimsəyə qoxlatmadan
Allahacan
saxlamağa
Anagül,
Anaçiçək,
Ən uca yuvalar üstə
Yuvalar bağlamağa
Anatel, Analələk,
Ən uca dualar üstə
Dualar bağlamağa
Anadil, Anadilək,
Göy üzündə diz çöküb
Üz sürtüb ağlamağa
Anakünc, Anadirək,
Və hər an, hər
an Tanrının
Kirpiyilə yırğalanan
Anabeşik, Anayüyrək -
Hamımız içində körpə,
Hamımız içində köyrək,
Hamımız içində çiçək.
Mən Çiçək-Vaqifi
Çəmən-şeirlərindən çox sevirəm. Hələ yazmadıqlarını,
yazacaqlarını isə
Vaqifin özündən
də çox. Çünki hələ ətə-qana
dolmamış "eydos"
zərrəciklərinin - ideya
toxumlarının Kainatın
hər yerindən Vaqifin məkanına doğru necə dalğam-dalğam axışdığını
da duyuram. Xam materiyadan sıyrılmış
ruhanə duyuluşlar
Vaqif məkanında şeirə çevrilmək
üçün həsrətlə
fəzada dolanır, sayrışırlar. Hər duyuntunun
şeirə çevrilməsininsə
öz vaxtı var. Zaman gələcək, Vaqif onları tutub şeir düzəldəcək. - Qaba daşları yonub məbəd düzəldən usta kimi.
Buna görə də demək olar: Azərbaycanı Kainatla bağlayan ən titrəyişli-vibrasiyalı tellərdən
biri - Vaqifdir. İndi Vaqif Bayatlı Odər. Adının üstüylə köç eləyən şair. Vaqifdən Cəbrayılzadəyə, oradan
Bayatlıya, Bayatlıdan
Önərə, Önərdən
Odərə köç
eləyə-eləyə, dəyişə-dəyişə
haçansa Vaqifi də tərk edib, adının yeni bir torpağına
girəcək tərəkəmə
şair elə bununla da dəyişən
dünyanın əbədiyyətinə
"yupyumru eşq"lə
"sən - varsan!"
deyir.
Bayatlı poeziyasında əbədiyyət
- bitməz-tükənməz sürəkli bir sonsuzluq deyil, dopdolu anlardan, çağ-çağ tarixdən
tikilir. Əbədiyyətin hər anında
- tarixin möhürü,
yapqısı, hər
yaranın, cızığın,
şırımın, çapığın
yeri var, bitişmiş, bitişməmiş.
Bəşər mədəniyyətinin böyük
bir budağını
özündən göyərtmiş
Azərbaycan türkcəsi
Bayatlı poeziyasında
çox qüvvəli
energetikası ilə dillənir. Bayatlı şeirində Türklüyün
ruh kimi, mənəviyyat kimi dünyanın qan damarında dolandığı
gerçəyindən, dünyanın
ən uca fikrini türk sözü ilə ayıtmaq (ayıltmaq!) gerçəyindən fərəh,
güc, önərlik,
odərlik duyursan. Burada türkcənin bütün
məhrəm hissiyyat qatlarında gəzilir, ayaq basılmamış pillələrinə çıxılır,
doğma dilə sığınmanın və
özünəinamın gücünədir
ki, Vaqif Bayatlının söz ordusunda bir dənə
də yersiz yabançı kəlmə
- muzdlu əsgər yoxdur.
Dünya özü - poeziyadır. Tanrı - dünyanı
poeziya qanunları ilə yaradıb. Müqəddəs kitabların şeircə
olması da bu gerçəklikdəndir.
Şer sənəti də sözün dünyaya oxşamaq, onun harmoniya və xaosuna girmək, onun harmoniya və xaosunu anlamaq və dilə gətirmək istəyindəndir. Bayatlı Odər
poeziyasında da insanca danışmaq - təbiətin, təbiətcə,
varlığın dilində
danışmaq - insanın
həyatı, vergisidir.
Bayatlı Odər, poeziyası
ilə Türkcə (İnsanca)
- Tanrıca "lüğət"
yaradır. Odər yazılarında Türkcə
- yaranışın - həyat
ağacının yeddi
pilləsindən (kök,
gövdə, budaq, tumurcuq, çiçək,
meyvə, toxum) keçərək, yenidən
daha dərinə kök atır, yenidən daha qayımca gövdələnir,
yenidən daha qüvvətlə budaqlanır,
yenidən daha boyluca tumurcuqlanır, yenidən bolluca ətrində, çalar-çalar
rənglərində çiçəklənir,
yenidən daha dadlıca, suluca meyvələnir, yenidən
daha barlıca toxumlanır. Bu toxumların
dilimizin, könlümüzün
münbit zəminində
yenidən göyərməsi
də olarıdır.
Bayatlı şeiri içindən
yetişir: söz - özündən doğur,
fikir duyğulana-duyğulana
böyüyür. Həmişə
də hər bir şeirin dışarıdan sezilməz,
içəridən tutarlı
bir ideyası olur ki, bu
ideya da şeir boyunca özünü axtara-axtara,
dolana-dolana, burula-burula,
sanki damcı-damcı
dağ sularını
dəstələyib dənizə
selləmə aparırmış
kimi çırpıla-çırpıla,
yüyrək, ağrılı,
oynaq, divanə bir hərəkətlə
başa varır.
"Lövhi-məhvuz" "Qurani-Kərim"ə
görə
- Allahın yanında
olan "kitabın əsli (anası)"
(13:39), "incilər kitabı"
(56:77-78), "tanrısal, mötəbər
bükülü" (80:13-16), "aydın kitab" (11:6-8;
27:75-77), "qoruyan kitab"
(50:4), "vaxtı müəyyən
edən yazı"
(3:145), "açıq-aydın kitab"dır (36:12). Planetin ortasında,
göy üzünün
altında, Sıfırıncı
illərdə yaşayan
Azərbaycan şairi Vaqif Bayatlı Odər o "Lövhi-məhvuz"u
oxuyurmuş kimi yazır. "Kainatın
tək ibadət yeri" olan Yer üzündən - Yer üzünün Pir-Azərbaycanından.
Hind fəlsəfəsinə görə, Brahma (monoteist
dinlərcə Tanrı)
nəfəs verməsiylə
dünyanı üfürüb
yaradır, nəfəs
almasıyla dünyanı
çəkib yoxaldır. Kainat Tanrının
bir neçə on milyard illik nəfəs
dərimində yaşayır.
V.B.Odər 4-5 kitablıq şeirində
bu nəfəs dərimindəki həyatın
yetə bildiyi qatlarını Türkcə
- Tanrıca yazır -
göy üzünün
və qəlbinin
"Lövhi-məhvuz"undan oxuyurmuş kimi.
Odər
indi dünyanın və özünün o qatındadır ki, bu qatda artıq
onunla Tanrı arasında heç nə yoxdur, bütün ilişgilər
və ilişiklər
çən kimi, duman kimi çəkilib,
Tanrı, Tanrı dağları, Tanrı çəmənlikləri, Tanrı
bulaqları apaydın
görünür. "Göy
üzündə ayaqyalın yüyürən..." Odər o dos-doğma yurdda Tanrı ilə
üz-üzədir. Odər yazılarının
türkcəsi - Türkcə-Tanrıca "lüğət"i
bu ilahi məqamı, ali duracağı
dalğa-dalğa, nəfəs-nəfəs ayıltmaqdadır.
(Bu yazılar tərcümə edilsə, gərək
tərcümə edildiyi dil də türkcənin bu qatına
çıxa). Odər yazıları -
insanı Allaha incə-incə, sıcaq-sıcaq, pillə-pillə,
ancaq böyük təkanlarla yaxınlaşdırır.
Axirəti, məhşəri, cənnəti, cəhənnəmi
tarixin yaşanılmış, yaşanılan və
yaşanılacaq çağlarında
görükdürür. İlahi
dünyanı - bizimki edir. Odər
açarı - kainatın sonsuzluğundan bir körpə qəlbinədək
bütün qapılara düşür.
Odər yazılarının poetik
fəza labirinti - insanı
aydınlığa, çıraqbanlığa aparır. "Mən əvvəl-axır
sizi Güladama - //
Göyadamına çevirəcəyəm, // giladamlar..." Odər bəzən bütün dağı dumana
bürüyür ki, onun zirvəsi daha aydın, daha büllur
görünsün. Odər
yazılarında hər nəsnənin tərsinə
varılır, astarına girilir ki, dünya düz
üzüylə, hər üzüylə daha aydın, daha
çıraqban görünsün, ən uzağı, ən
soyuğu, ən əlçatmazı ən
doğmalığında, istisində, əlçatarında
görülsün. Odər yazılarının məsihalığı
da elə budur: Əlçatmazı əlçatar etmək,
gücçatmazı gücçatar etmək, duyulmazı
duyar etmək, varılmayana varmaq, qonulmayana qonmaq,
uçulmayana uçmaq, Tanrının həndəvərində,
böyür-başında dolanmaq - öz yurdunda,
ocağında dolanırmış kimi, Tanrısallıqda
bulunmaq, Tanrısallıqda yaşamaq. Şeytanlardan
uzaq, mələklərlə qardaş-bacılıqda
yaşamaq.
Tanrı
- dünyanın içindədi,
- meyvəni içindən yaradan toxum kimi. Tanrı
- dünyanın ruhudu. Tanrı -
dünyanın əxlaqıdı. Tanrı
- dünyanın ölçüsüdü. Tanrı - dünyanın özü, nəfəsi və
nurudu. Tanrı - varlığını zərrəsindən
bildiyimiz, gerçəyini yaratdıqlarından duyduğumuz,
mütləqliyinin həqiqətinisə yalnız
özünün bildiyidi.
Odər yazılarının gerçək
etgisi onlarda həm də güclü
katarsisin, saflaşdırıcı enerjinin
olmağındadır. Fəqət bu yazıların əxlaqi,
ictimai, fəlsəfi amacını çılpaq
görüntülərində axtarmağa belə dəyməz.
Vaqifin poetikasına antipoetika girmir.
V.B.Odər son 15-20 ildə çalxalanan Azərbaycanın ictimai-siyasi
həyatında da bir həyalı şair sifətiylə, fəqət əqidəli
milli mücahid kimi görükür. O, bu illərdəki çoxsaylı
çıxış və
müsahibələrində də dədəqorqudsayaq
çarpışmaları ilə Azərbaycan Quruculuğunu aşırılıq
və sapıntılardan
qorumağa can atır.
- Bir-birilə dirəşən
siyasi qüvvələri
bir araya gətirməyə çalışarkən,
huşunu itirsə də... Dibində əqrəblər, çöhrəsində
təbəssümlər oynaşan
siyasətdənsə Vaqif
Bayatlı çox aralıdır...
Bayatlı Odər dünyadan
yalnız özünəxas
bir poeziya ərsəyə gətirdiyi
üçündür ki,
bu poeziyanın hər bir həssas
insanda özünəxas
bir dünya yaratmaq potensialı da var. Əzəl dünya şair dünyasında yenidən
yaranıb, onu oxuyanın dünyasında
təzədən cücərdikdən
sonra özünə baxarkən, yəqin, düşünür və
öz sahmanına bir daha əl
gəzdirir, - şairlə,
onu oxuyanlarla birgə...
Vaqif, poeziyasında, poeziya dilində, düşüncəsində
Sənə o qədər
doğmadır ki, sanki Səninlə bir dam altında böyüyüb, Sənin
yatdığın beşikdə
yürünüb, Səninlə
bir ananın döşündən süd
əmib.
Vaqif Bayatlı
Odər yazıları
dünyanı qısırlaşmağa
qoymayan, təbii, ilahi duyğularla yaşayan insanlar üçün böyük
nemət və güclü təkandır. - Yaradılışın
ilk və tükənməz təkanının
bir şah dalğası kimi.
Rahid Ulusel
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.9.