DOSTLA SÖHBƏT
Yənə sənə gəlmişəm,
Qaçıb-qaçıb hamıdan
Astaca pəncərənin şüşəsini döymüşəm.
Demə mənə "yuxum var",
Demə mənə soyuqdu.
Geyin gedək sahilə
Susulacaq sözüm var,
Bilirsənmi əziz dost?
İnsan özündən qaçır
Yorulur yaxınlardan,
Bezikib insanlardan uzağa yelkən açır...
...hə, yetişdik sahilə...
Bax, Xəzər necə susub,
Gəl,
Sürümə ayağını.
Elə baxma üzümə,
Yorulmusan,
bilirəm...
Otur biraz sağımda.
Sağımda bir boşluq var,
Solum yaman ağırdır,
Məni yaman ağrıdır.
Dostum, dinlə Xəzəri,
Susmağı da gözəldi,
Yorğun-yorğun uyuyub
Yatmağı da gözəldi...
Hə, harda qalmışdım...
Solum ağrıdır məni
Zibillikdi
oralar...
ikiüzlü,
riyakar.
Allah,
Allah, nə qədər
səfeh bəndələrin
var.
Bilirsənmi, əziz dost,
Üşüyürəm gecələr,
Dizlərim isinməyir...
Sonra deyirəm səbr et,
Öləcəksən birtəhər.
Çox
danışdım deyəsən?..
Bağışla, səni yordum...
Gözlə,
Çantama baxım, şərabım
olacaqdı...
Hə, buyur nuş eləyək..
İçək
Uzağa
dalaq...
Sağlığına dostluğun
Bu gecə birgə
susaq.
SƏNİ GÖZLƏYİRƏM
Mən küləksaçlı,
Alçagözlü,
Payız
qoxulu qadın...
Sən dağ rüzgarları tək haylaz.
Əlimdə zeytun budağı
Meyvəsi gözlərin.
Pozaq sevgisizliyin əzbərlənmiş
əzbərin
İnandıraq dünyanı bizə...
Sən mənim qızlıq sevgim,
Mən sənə yasaxlanmış
qadın...
Xoşbəxt sona az
qalır,
Az qalır...
İndi
hansısa at nallı qatar
Ya da, yel qanadlı
bir uçaq
Düşüb saatından,
Uçuş vaxtından qaçaq
Səni mənə gətirir.
iki gözlü pəncərə- gözləri
buğlu
Əynimdə sevdiyin gecəliyim
Lampanın yumulur gözü.
Gecə
bizim,
Yasaxlar bizim,
Günahlar bizim.
Saat 2-yə
qalır 5 dəqiqə
Bilirəm, indicə qapı çalınacaq.
***
Məni ayrılıqla qorxudan
adam,
De görüm kim
ölüb gedənlər
üçün?
Bir məzar qazırıq,
İki göz yaşı...
Bu da , son ayindi ölənlər üçün.
Nə sən uşaqsan,
Nə də mən üzsüz.
Biz bizi bilərək edam edənik.
Gücümüz çatmayıb birgə
həyata,
Ayrı
pəncərələrin arxasında
biz
Eyni dərd
ipində qəbrə
gedənik.
Nə qaldi de səndə
Nə qaldı
məndən?
Bir nəmli əl izi
Bir öpüş yeri...
Qoy daha üşüsün o görüş
yeri.
Nə sən uşaqsan,
Nə mən məktəbli.
Bilirik, ayrılıq zamanı yetib,
Serroz xəstəliyi tutub sevgimiz
Bitib,
Son nəfəsi də
bu payız bitib.
SƏN DƏ GET
Sən də get,
Təbiət remarkasın hazırlayıb
ayrılığın,
Bozumtul buludlar
Yağışlı küçələr
Və görüş
yeri.
Sözlü baxışlarını götür üstümdən,
Götür, çiyinlərim sınacaq
indi.
Sən də get...
Burax təkliyimlə
baş-başa qalım.
Get adam,
Alıb
saçlarımdan əlinin
ətrin,
öldürüb arada bu eşqin xətrin
Gecikmə,
Dayanma, çıx get.
Gözündə bir baxış
izimi saxla,
ikicə kəlməlik
sözümü saxla.
Qırıq xəyallarım itkin
düşübdü,
əl atıb arada cibini yoxla...
Əlvida!
***
Bir ev təkliyim var bu gecə,
Küçələr səssiz
Ağaclar baş-başa verib qısılıb gövdələrinə.
Döngələrdə arabir qəfil kölgələr
sürünür,
yoxa çıxır.
Pəncərəmin altında iki addımlı səslərin bilinməzliyi...
Yaman uzun olur qış
gəcələri...
sabahlar arzular tək əlyetmez.
Darıxıram,
Düşürsən yadıma anamın "damdabaca"
nağılından
uşaqkən hey söylərdi
anam:
"Damdabaca ,
gəl bu qızı apar"...
...gəl apar bu
qızı, zalım adam.
Gözlərimi zilləyib səs
gələn tərəfə
sükutdan diksinirəm
Saat zamanı yükləyib əqrəbin belinə
çovur üzüyuxarı.
Pəncərəmə qısılıb
balaca pişik
Kim bilir hansı zibillikdə anası yemək axtarır...
Sıxılıram
Hər şey nə qədər anlamsızdır
sən olmadan,
Yootubda oxuyur nəfəskəsici
bir səslə
Cem Adrian..."bu gece uyut
beni
Bu gece kollarında
Göster
yüzünü cennetin"...
Utanmasam
bir siqaret də yandırardım,
Hə siqaret demişkən, tapmışam onları
gizlətdiyin yerlərdən,
Daha əsəbləşmirəm
bilirsən?
indi siqaretinlə də əzizsən...
Darıxıram,
Gözlərim pəncərədə,
Qulağım qapıda qalıb...bəlkə gələrsən
sükutu pozular təkliyimin.
Gülsadə İbrahimli
Ədəbiyyat qəzeti.- 2017.-
2 dekabr.- S.11.