Həmid Herisçi: Gənclər bu gün ədəbi qəhrəman

yarada bilməyib, bütün güclərini “Ədəbi qurban”

surətini yaratmağa səfərbər edirlər

 

- Ədəbiyyatımızda, ədəbi həyatımızda nə baş verir indi, Həmid bəy?

- Bu gün nə varsa, sanki baş-ayaqdı. Tərsdir. Misal üçün, gənclər ağsaqqallıq edir, mətbuatda bütöv bir millətə "ağıl duası" yazırlar. Ağsaqqallar isə susurlar. Qəribə yerdəyişmədir. Buna deyirlər, əsl "postmodernist situasiya". Qısası, "hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı"...

Hə, təəssüf ki, ədəbiyyatımızda, xüsusən gənclərin yaradıcılığında postmodernizm uzunömürlü oldu. Postmoderndə isə nə varsa düşür həyatın tərs qanunlarının cənginə. Gənc ağsaqqallıq etməyə başlayır. Dönür saqqallı uşağa. Millətini aşağılayır. Özünü dartır. Dəyərlər şkalası "top-onluq"larla əvəzlənir. Ədəbi proses əvəzinə ədəbi yarış başlayır. Ancaq lap axırda hamıya bircə həqiqət bəlli olur ki, bütün bunlardan heç kim... bir də təkrarlayıram heç kim yerindən tərpənməyib. Elə yerindəcə sayıb. Lakin hamı yalançı, saxta bir prosesə inanıb. Hamıya elə gəlir ki, guya ortada bir hərəkət-filan var. Ədəbiyyatımızda əvvəlcə yaşlı nəsil süqut etdi. İndi növbədə gənclərdir. Hər yazdıqları əsərlə, şeirlə özlərini gülünc vəziyyətə qoyurlar. Yazmasalar, daha yaxşıdır. Çox istedadsızdırlar.  Xahiş edirəm ki, bunu təkcə ədəbiyyatın ayağına yazmayasınız. Musiqidə, TV sənətində də oxşar faciə yaşanır. Həvəskar müğənnilər, aparıcılar peşəkarların pişiyini, necə deyərlər, divara dırmaşdırıblar. Əvvəllər ədəbiyyatımız qocaların inhisarı altında inildəyirdi. İndi, o gənclərin zülmündən zara gəlib.

Nəticədə millətin üzü ədəbiyyatdan dönüb. Bu gün millət ancaq meyxana ustalarını, qəzəl xiridarlarını qəbul edir. Pulunu, vaxtını məhz bu janrda yazanlara etibar edir. Yəni, klassik janr yazıçıları toy-büsatlarda xalq tərəfindən maliyyələşdirilir. Özünə meydan qazanır. Ortada qalanlar sərbəst vəzndə, hecada yazanlardır. Xalqdan qopmuş bu kütlə çox təhlükəlidir.  Həmin kütlə xalqı itirdiyinə görə gözünü rəsmi dövlət qurumlarına dikib. Dövlətdən qayğı, təqaüd gözləntiləri də buradan qaynaqlanır. Sərbəstdə, qafiyədə yazanları xilas etmək lazımdır. Ancaq bunu kim etməlidir: özləri, yoxsa millət? ... Hə, bax, bunu aydınlaşdırmaq lazımdır.

- Bir müsahibənizdə qeyd edirsiniz ki, bizdə yazarlar oxucunun beyninə "ədəbi qəhrəman" yerinə "ədəbi qurban"larını yeritmək istəyirlər.  Maraqlıdır ki, "ədəbi qəhrəman"la "ədəbi qurban" arasındakı sərhəd haradan başlayır?

- Sabir Əhmədli kimi yaşlı yazıçı oğlunu itirdi, Cəbrayılını əldən buraxdı, sevdiyi bütün ünvanlardan, ən vacibi, işdən uzaqlaşdı, ancaq indiki gənc yazarlar kimi pessimizmə, dekadansa yuvarlanaraq "ah-ufa" yoluxmadı. "Ömür urası" roman-utopiyasında nikbin gələcəyə inandı. Qələm vasitəsilə bir növ öz Cəbrayılını, doğma ocağını yadelli tapdağından qurtardı. Xəyallarında Qarabağa qayıtdı. Qoymadı Cəbrayılındakı komasında düşmənlər axıracan məskən salsınlar...

Oxşar nikbinlik, gələcəyə inam hissi gənclərə yaddır. Əsərlərini Allaha pənah başlayırlar, lakin sonra avara qalırlar. Çıxış nöqtələri sadədir: öz qəhrəmanlarını əsərin axırında birtəhər öldürüb romanı bitirirlər. Yəni, romanı Allahın köməyi ilə başlayıb, Əzrayılın köməyi ilə qurtarırlar. Bu "hind süjetləri", ölüm səhnələri artıq hamını bezdirib. Ancaq gənc yazarlar ölümdən başqa çıxış yolunu tanımırlar. Dirilməyə inanmırlar. Cəlil Məmmədquluzadənin müasir "Ölülər"i, məhz indiki ədəbi gənclikdir.

Ölüm sevdaları qalsın bir qıraqda. Bu gənclər ilk növbədə "ədəbi qəhrəman" yetişdirə bilmirlər. Həyat qurbanlarını, uğursuz tale sahiblərini gətirib qoyurlar ədəbi mətnin ortasına. Yəni, gənclər bu gün ədəbi qəhrəman yarada bilməyib, bütün güclərini  "ədəbi qurban" surətini yaratmağa səfərbər edirlər. Bu cür mətnləri elə ilk cümləsindən tanıyıram. Ona görə də davamını oxumuram.

Uğursuz taleləri - növbəti "bədbəxt Lizaları" ədəbiyyata gətirmək xəstəliyi bu gün özünün qızıl dövrünü yaşayır. Gənclər harada uğursuz birisini görsələr, xəzinə tapmış kimi sevinirlər. Tez əl atırlar qələmə. Uğurlu və ya sərt təfəkkürlü insanlar, eləcə də diribaşlar, bir sözlə, güclü adamlar bu gənclərin maraq dairəsindən kənardadır. Onlar untermenşə inanırlar. Ubermenşlərə deyil. Gördüyümüz kimi, hədəflərimiz  çox fərqlidir. Mən fövqəlinsana, postinsana inanıram. Bu surəti ədəbiyyata gətirmək mənə asan olmayıb. Şükür, bunu bacardıq.

- Bəzi yazarlarımızda müşahidə  olunan "natamamlıq kompleksi" halının çarəsi üçün sizcə, neçə yüzillik "müalicə" lazımdır? Ümumiyyətlə, bu "xəstəlik" haradan qaynaqlanır?

- Ədəbiyyatın özünün uşaq xəstəlikləri var. Biri elə dekadans, simvolizm, mücərrədçilik. Yazıçı bu xəstəliklərə mütləq yoluxacaq. Ancaq Mayakovski, Nazim Hikmət ənənələrinə söykənərək bu dərin quyudan Yusif kimi eşiyə çıxmaq mümkündür. Özümü belələrindən biri bilirəm.

- Son dövrlərdə bəzi səs-küylü açıqlamalarınızı, sensasion müsahibələrinizi reklam xatirinə, diqqət mərkəzində olmaq üçün etdiyinizi deyənlər çoxdur. Sizcə, müasir dünyada hər şeyin reklam olunduğu bir dövrdə ədəbiyyat adamının da reklama ehtiyacı varmı?

- Bu müsahibəm digərlərindən o qədər də seçilmir. Harada gördünüz səs-küyü? Sensasion iddiaları? Həmin başlıqları müsahibələrimə, adətən, redaksiya işçiləri qoyur. Niyə? Oxucu kütləsi yığmaq xatirinə. Ancaq mənim adım olan yerdə buna ehtiyac yoxdur, biləsiniz. Artıqdır. Bu sadə hikməti redaktorlara hələ də öyrədə bilmirəm.

- Bir müddət televiziyada maraqlı araşdırma verilişləri hazırlayırdınız? Birdən-birə niyə uzaqlaşdınız?

- Tez oyansaz, məni yenə də orada görərsiniz. İndi də iki həftədir "Xəzər TV"-də yoldaşım İlhamiyyə Rzayeva ilə birgə camaatı yuxudan oyadıram.

- Yay aylarında yeni hekayələr kitabınızı təqdim etdiniz? Kitaba olan reaksiyalar gözlənilən idimi? Çünki orada bəzi siyasi və tarixi məsələlər gün işığına çıxarılırdı.

- Peşəkar ədəbiyyatşünas Əsəd Cahangir "Ölüm-dirim" məqaləsində son 8 hekayəmi sırf  ədəbi meyarlar, ölçülərlə tədqiq edib. Mənə dedi ki, "səni öyrənmək üçün bütün ədəbiyyatımıza yenidən nəzər salmaq lazımdır". O, bunu bacardı. Həmin məqaləsi ilə ədəbiyyatşünaslığın magistral yolunu müəyyən etdi. Məqalənin böyük qismi bəndənizə aiddir. Onu oxumadan müasir ədəbiyyatımız, ədəbi prosesimiz barədə əlavə nəsə danışmaq... bilmirəm mümkündürmü? Məqaləyə əlavəm yoxdu.  Ədəbiyyatşünas nəfəsi dəyməyən mətnlərə inanmıram. Mənə bu nəfəs dəyib. Nəticəsi yaxşıdır. Sağ əlim, üzr istəyirəm, mən solaxayam, sol əlim hamının başına... "Solaxay" romanım, xüsusən.

- Şeirlərinizi "Nobel" mükafatına layiq görəcək dərəcədə bəyənənlər və poeziyadan nəsrə keçməyinizi faciə adlandıranlar var idi. Sizin bu fikrə münasibətiniz necədir? Sizin üçün tərəzinin gözünə qoyduqda hansı daha ağır gəlir: Nəsr əsərləriniz, yoxsa şeirləriniz?

- Şeiri də, nəsri də çoxdan yazıram. Mənim haqqımda "Ədəbiyyat qəzeti"ndə yazmaq üçün sizə 20 il vaxt lazım gəldi. Şeirlərimə artıq virtual "Nobel" ödülü verənlər var. İnşallah, nəsrimin qəbulu, nisbətən, az vaxt aparar. "Zerkalo Klaranın güzgüsü", "İtlər vadisi", "Qarğadili" kimi bir çox hekayələrim, "Solaxay" romanım dünya oxucusuna ünvanlanıb. Müasir Azərbaycan ədəbiyyatını bu əsərlərsiz görmək bəzilərinin qara arzusudur. Ancaq arzuları ürəklərində qalacaq. Xahiş edirəm ki, şeirlərimi nəsrimə qarşı qoymayasınız. Yadda saxlayın, küləkli havada ağac ilə yelin çəkişməsi eyni çəkili güləşçilərin savaşıdır. Mənim nəsrimlə şeirim də eyni çəkilidir.

- Şeirlərinizin maraqlı adı olur, sizcə də, əsərin və ya şeirin adı onun məzmunu ilə vəhdətdə olmalıdır, yoxsa bunun elə də önəmi yoxdur?

- Əsəri müəllif yazır. Adını verən isə sanki başqa qüvvədir...

- Sizcə, oxucunun kəmiyyətini keyfiyyətə dəyişmək yazıçının vəzifəsidir, yoxsa bu dövrlə əlaqəlidir?

- Ədəbi mətnə düşməyən hadisə, insan sanki ölüdür. Yoxdur. Həyat yaşantılarının mütləq ədəbi davamı olmalıdır. Mənim məxfi "lakmus kağız"ım budur. Ədəbi mətndən kənarda qalanları ölü, cansız, yalan bilirəm. O ki qaldı, kəmiyyətə... Kəmiyyəti keyfiyyətə çevirən güc yenə də yazıçıya aiddir. Dövr, zaman... mücərrəd anlayışlardır, sübuta ehtiyacı olan məsələlərdir. "Yazıçı" isə nağd, real anlayışdır. Düyünləri də məhz o həll edir, zaman deyil. Yadda saxlayın, dünyada ən diri varlıq insandır... Xüsusən yazıçı. Mücərrəd anlayışlara çox da aldanmayın.

- Bir az şablon səslənsə də, mənim üçün maraqlıdır, Həmid Herisçi müasir dövrün yazarlarından kimi oxuyur və kimin gələcəyinə daha çox inanır? Ümumiyyətlə, sizcə, bugünkü Azərbaycan ədəbi mühitində gənc imzalara mütləq inam "qazanclı" yatırımdırmı?

- Yazıçıları deyil, insanları oxuyuram. Həyatı oxuyuram. Kitabları deyil. Demək öz arzularıma, öz hədəfimə yetişmişəm...

 

Söhbətləşdi: Cahanxanım Seyidzadə

 

Ədəbiyyat qəzeti.- 2017.- 2 dekabr.- S.10.