“Öz əsərini
danışdır”
Mehmet Ümit Görgülü -
"Cibimizdəki cinnət"
1970-ci ildə Türkiyədə - İzmir
Ödemişdə anadan olub. Orta məktəb və litseyin
ardıyca "9 Eylül Üniversiteti"ndə "Psixoloji
danışma və rəhbərlik" bölümündə
ali, daha sonra eyni üniversitetin "Sahne
Sanatları" bölümündə "Teatro yüksək
lisans" təhsili alıb. TRT 1 ve TRT İNT
kanallarına Dram yazarlığı və çocuq
proqramlarına danışmanlıq edib. Əsərləri
kitab olaraq və müxtəlif jurnal-qəzetlərdə
çap olunub. "Tiyatro qazetesi"
yazarlarındandır. Eyni zamanda "Yarın
oyuncuları"nın baş yönətmənidir. "Oyun yazarları
ve çevirmenleri derneği" üzvüdür.
Yazmış olduğu "Cibimizdəki cinnət" əsəri 2014-cü
ildə Tiyatro qazetesi Anadolu ödüllerinde en iyi yazar
ödülü aldı.
Peşəkar biliyi və xüsusi
müşahidə özəlliyi, toplu cinayətin tək-tək
insanlar üzərində təsirini,
psixodram və teatrın xüsusi özəlliyi
sayılan "rola girmə"lə birləşdirən
yazar problemi yeni bir teatr diliylə
çatdırır. Əsər, xüsusilə
yerli teatr oyun yazarlığına gətirdiyi yeniliklərlə
diqqət çəkir. "Cibimizdəki cinnət"
klassik mövzu və quruluş qəliblərindən
yorulmuş, problemlərin daha dəyişik
yolla səhnələnməsini arzulayan tamaşaçı və
teatrlar üçün fərqli
bir əsərdir. Hədiyyə Şəfaqət
- Mehmet bəy, bir də
özünüzdən öyrənmək istədim - siz
kimsiniz?
-Mehmet
Ümit Görgülü... 1970-ci ildə İzmir Ödemişdə
doğuldum. Futbolla maraqlanırdım, lakin
psixologiya və teatr təhsili aldım. Bir
neçə dəfə teatr qurdum. Onlar
tez-tez iflasa uğrayırdılar. Özəl ibtidai məktəb
açdım, lakin niyəsə tam iyirmi il sonra düşündüm
ki, pulla təhsil əldə etmək (və ya vermək)
mümkünsüzdür və onu bağladım. Şeirlər, ssenarilər, teatr üçün əsərlər
yazdım. Musiqini sevirəm. Saz
çalıram... Qədim bir yunan musiqi alətində
çalmağı öyrənməyə cəhd edirəm. Əsərlərimin bir çoxu səhnələndi,
şeirlərim kitab olaraq çap olunmayıb, bəzi
pyeslərim çap olunub. Onlar da
dost-tanış israrıyla. Mən yazdımmı,
işim bitmişdir... Hə, bir
də həyata gəlmək şansım olsaydı,
qaraçı kimi doğulmaq istərdim...
-Özəl bir səbəbi
varmı?
-Özgürlük...
Heç yerə və heç nəyə bağlılıq
duymadan yaşamağı dadmaq...
Azad başlamaq...
-Bəs yazmağa necə
başladınız?
-Atam dəliydi.
Bəli, bəli, bildiyiniz, qaydalara uymayan dəli... Uzun illər xəstəxanada
müalicə olunurdu. Onunla heç dialoq
qurammadım, danışmağa ehtiyacım vardı. O
zaman gündəlik tutub atama demək istədiklərimi
ora yazmağa başladım...
-Bu çətindimi sizin
üçün?
-Hımmm...
Çətin sualın özüdür... Çəkdiyi
ağrılarla öyünən insanları elə də
anlamıram. Məncə, yazmaq
ağrılı deyildi, amma yazmaq ağrının nəticəsiydi. Yazmağın mənə
yaxşı təsir etdiyini gördüm bəlkə də.
Əslində çox zaman yazar nə səbəbdən
yazdığını anlamaz...
-Yəni...
-Özüm
də özümə çaşqın qalaram. Mənə ən böyük ağrını
yazmamaq verir. Bəlkə də bu səbəblə
yazıram. Yazmaq
mənim üçün iz buraxmaqdır, amma bir yandan da
anlamaqdır, yazarkən insanı və dünyanı daha
yaxşı anlayıram. Əlbəttə, şeir başqa. Şeir
Tanrısallıqdır, özümüzü - iç düşüncəmizi
özümüzə bəlli edəndir. Məncə,
Şekspir buna görə yaxşı dramaturq sayılır.
Eləcə də Bertol Brext, Höte də...
-Psixoloqsunuz...
-Psixolojik
danışman. Mənim
uşaqlığımda çoxlu dəlilərim oldu, bu
üzdən dəliliyə maraq duydum. Atam
da. Dediyim kimi, bir dəliydi. Yəqin ki, o səbəbdən
universitetə hazırlıq zamanı psixoloqluğu
seçdim. İndi düşünürəm, heç
vəkil, mühəndis, həkim, başqa bir şey olmağı düşünmədim.
Sonradan fərqinə vardığım bir şey vardı, əslində
psixologiyaya maraq duymağımın bir səbəbi də
qorxuydu. "Mən də bir gün dəli olarammı?"
qorxusu... Və bu
mənim işim oldu.
-Qorxular keçdikdən sonra, indi
sizin üçün dəlilik nədir?
-Bir
müddət sonra buna diqqət etdim, bu dünyaya əslində
normal sayılmayan adamlar yön verdilər. Məsələn,
Atatürk. Onun etdiyi bir ağıl
düşüncə işiydimi? Qətiyyən.
Normallıq heç də sağlıq ölçüsü
deyil... İzah etməyə
çalışacam. İşim qaydalarla
bağlıdır, məsələn toplum olaraq normal qəbul
olunmayan adamları normal hala qaytarmaq. Amma
arada qalıram, adət olunandan kənarda olmaq daha yüksək
bir insani dəyərdir. Bir anlamda çərçivələri
yıxmaq. Bunu etmədən nə haqda
danışacağıq? Baxın, siz də dəliləri
sevirsiniz... Şeirlərinizi
oxudum,
bütünlüklə anlamıram, dildəki fərqlərə səbəbindən,
amma anladığım qədəriylə də yetdi ki, sizdəki
yaradıcı dəliliyi hiss edim...
Fikrimi çatdıra bilirəmmi? Dəlilik
əslində budur-cəsarət, verilənlərə qane
olmamaq, özününkünü yaratmaq...
- Amma bir yandan da "Cibimizdəki
cinnət" dəlilikdən keçərək gedən
yolun bir başındakı şeyə - cinayətə işarə edir. Ya da cinayətə gedən yolu cızır.
-Əslində hər bir cinayət özünü
işarə edəcək ip uclarını əvvəlcədən
verir. Dəliliklər, haqlısınız, cinayətin
ipucları və əlamətləridir. Bu
səbəbdən hər bir dəliliyi doğru
"oxumaq" və yorumlamaq gərəkdir. Cinayətə gedən yol dəlilikdən keçə
bilir. Amma əksi də burdadır-cənnətə
gedən yol da dəlilikdən keçəcək. Sırat körpüsü kimi; keçərsinizsə
cənnətə, keçəməzsinizsə, cəhənnəmə
düşərsiniz. Cinayət cəhənnəmdirmi?
Bəli, cəhənnəmdir. Ona
qarışan hər kəsin həyatını cəhənnəmə
çevirir...
-"Cibimizdəki cinnət"ədək
çoxmu uzun yol gəldiniz? Yetərincə təcrübələrə əsaslanan
ciddi bir oyun. Sanki müalicə etdiyiniz xəstələri
müşahidə etdikcə narahatlığa daha çox
qapıldınız və çıxış yolu ümidiylə
bu əsəri yazdınız.
-"Cibimizdəki
cinnət"in bir hekayəsi var. Təhsil alarkən dərk
etdik ki, psixoterapistlər həm də bir sehrbaz, bir şaman
kimidirlər, bir Tanrını təqlid var içlərində...
-Şamanlar qədim həmkarlarınızdır
deyirsiniz?
-Doğru,
amma onlar təcrübəni və altşüurdan gələn
işarələrlə birləşdirərək edirdilər
bunu. Müasir
dövrdə təcrübəsiz psixoloqlar hər yanı
tutdu. Onlar şaman deyillər,
iç səsləri də yoxdur. Dərs
aldıqları kitablardan və müəllimlərinin təcrübəsindən
yararlanıb yetişirlər. Və bu təcrübəsizliyə
insan etibar edilir. Mən buna qarşı
çıxdım. Bəzi müəllimlərimə
qarşı çıxdım. Bəzən insanları
sadəcə dostluğa, sevgiyə, ailə ortamına yönəltməyə
ehtiyac olur... Fəqət tezliklə
anladım ki, bu psixoloqun, terapistin işinə yaramayacaq... Çox xəstə, uzun sürən
müalicə daha çox gəlir, daha çox qazanc deməkdir... Bu pul gətirən işdir və
psixoloqlar doğru və yaxın yoldan getsələr, iş
kasadlayacaq..
-Kapitalizm. Müalicə olunmaq
ehtiyacı olduqca dəlilik bir kapitaldır...
-Eynən.
Sadə danışıq yoluyla dərdimi
başa sala bilməyəcəyimi anladığımda bu oyunu
yazdım. Türkiyədə 45 ildir davam
edən "Qrup Psixoterapiləri Konqresi" vardır. Beynəlxalq konqresdir. Berqamada
Akslepion adlı antik şəhər olmuşdur. Akslepion tarixdə
ilk qrup müalicələrinin aparıldığı, su səsi
və musiqi ilə xəstələrin müalicə edildiyi və
özəl yuxu otaqlarının olduğu sağlıq mərkəzidir.
Bəhs etdiyim konqres də orada baş tutur. Dünyaca məhşur
psixoterapistlər orada bir araya gələrək dörd gün
boyunca təcrübələrini bölüşürlər. Həmin dörd
gün ərzində müxtəlif tədbirlər baş
tutur. "Cibimizdəki cinnət"i
konqresdə, antik teatrda oynamaq üçün yazmağa
başlamışdım. İzn verilməyəcəyini
bilirdim, amma bir dəlilik göstərib çıxıb
oynayacaqdıq. Təəssüf ki edəmmədim...
-Nədən?
-Çünkü
bir anda orda toplanan "tanrılara" ağıl verməyin bir
işı yaramayacağını anladım...
-Bəs niyə sırf cinayəti
anladaraq çatdırmaq istəyirdiniz?
-Cinayət
deyil, diqqət edin - cibimizdəki cinayət. Kiçikliyimdən bəri
Markezin "Qırmızı bazar ertəsi"
romanındakı kimi hadisələrin şahidi oldum,
başı bədənindən ayrılmış insanlar
gördüm, bir qohumum qızını və anasını qətlə
yetirmişdi. Qorxunc şeylərdi, amma mənə cinnətin
nə olduğuyla maraqlanmağıma təkan verdi.
Böyüdükcə Hitleri tanıdım -
onun kütləvi cinayətlərini öyrəndim, Atom
bombasını yaradan və tətbiq edən insanların
kütləvi cinayətini öyrəndim. Bir
insan anasını və bacısını necə olur
öldürə bilir? Eynilə, bir toplum necə olur bütün
dünyanı qana bələyir? Bu suallar cibimizdəki cinnət
oyununun sualları...
-Bəs cavablar?
-Cavab
sevgidə, fərqində olmaqda...
Qarşısına keçməkdə.. Mənim yazmış olduğum əsərdə
cavablar varmı, yoxmu, bilmirəm, bəlkə bunu siz oxucu
olaraq görə bilərsiniz...
-Oxucu olaraq səbəbləri görə
bildim. Oxumaq asandır, oxuduqca düşünürsən,
doğrudur, qarşısına keçmək olar. Orda
başlamasaydı, burda bitməzdi...
Amma mümkün də deyilmiş ki, gəlib haralara
çıxır... Əsərdə də, həyatda da... Sizin həm də zədələriniz vardı,
görmüşdünüz. İlişib qalmış
səhnələr... Çətin deyildimi, ya elə o şeylərdən
qurtulmaqdı yazmaq?
-Çətin
olmadı. Çünki bu bir
mövzu deyil, fəlsəfəydi mənim üçün.
Mövcud sistemin cinayəti bir yerdən alıb
cibimizə qoyması. Yoxsa
özlüyümüzdə biz cinayətdən çox
uzağıq. Lakin ruhi zədəmiz
varsa və ya təhdid altındayıqsa... Bir şey də
danışım uşaqlığımla bağlı. Kənddə böyüdüm. Evimizin
divarından həmişə bir tüfəng asılı
dururdu. Əkinlərimizə çöl
qabanı girərdi bəzən və bu baş verərsə,
onları qorxudarıq deyə saxlayardıq tüfəngi.
Məsələn, əkinimizə qaban girəndə
belə evə qaçıb tüfəngi divardan
götürməyimiz, əkinə qayıtmağımız
zaman alırdı. Qabanların çoxu
hay-küydən qaçıb gedirdi. Bizim
də hirsimiz soyumuş olurdu keçən zamanda. Arxalarıyca boşuna, qorxutmaq
üçün, ya da havaya atəş açardıq...
İndi tüfənglər divarda asılı qalmır,
onları maşınımızın baqajında, belimizdə,
ağlımızda
gəzdiririk. Sistem bizi o hala gətirib ki, özümüzü
davamlı təhdid altında hiss edirik. Mən insanın özündə
yaratma eşqi, güvən, yaxşılıq, bağışlama
hissinin olduğuna inanaram. Amma ətraf, sistem bunu öz
üsullarıyla məhv edir, inamsızlığa,
pisliyə və intiqama çevirir...
-Əsəriniz cinayət səhnələrini
göstərməz. Bəli, sonda öldürən
adamlar var, özündən çıxıb, silahını
çəkir və vurur. Yəni siz buna gedən
yolu yazdınız. Üstəlik yuxarıda da dediyiniz
kimi, bunu edənlər bir kəndli, cahil deyil, modern
yaşamın insanıdır... Demək istədiyiniz...
-Cinayət
izləmək istəyən televiziyaya baxa, qəzet oxuya bilər.
Oralar doludur bu cür xəbərlərlə... Təəssüf ki..
Heç bir teatr tamaşasının cinayəti
ətrafımızdakı gerçəklər qədər
anlata biləcəyinə inanmıram. Bu
bir oyun, bu bir sənət, cinayətə gedən yolun hekayəsi.
Mən bir kahin kimi, ya da oğlunu onu gözləyən
pis dünyaya hazırlamaq istəyən ata kimi, teatrın imkanlarından
istifadə edərək fərq edilməsini təmin etmək
istədim. Bütün əsərlərimdə
gizli bir öyüd vardır, nə məni, nə o gizli
öyüdü tapanı çaşdırmayacaq, ancaq istənərsə
işə yarayacaq bir öyüd - axtarmaq. Axtarmağın
özü belə nəyəsə faydalıdır,
axtardığınızı tapmasanız belə...
-Amma tamaşaçı "Cibimizdəki
cinnəti" səhnədə tapa bilmədi...
-Tamaşanı
bir dostumla İzmir özəl teatrımda səhnələşdirdik.
Yanılmıramsa, 2013-cü ildə. Bu tamaşa
üçün bir xəyalım vardı. Sizə
qəribə görünəcək, amma "Cibimizdəki cinnət"
üçün belə düşünmüşdüm. İlk oyun üçün tək bir dəvətnamə
olacaqdı. Tamaşanı izləməsini istədiyim xüsusi adama
ikinci tamaşa üçün daha iki dəvətnamə verəcəkdim.
Onlar gələcəkdisə, hər birinə
daha iki dəvətnamə. Hər
tamaşadan sonra hər tamaşaçıya əlavə iki dəvətnamə. Onlara da dəvətnamə
veriləcəkdi. Yeganə şərt
buydu - tamaşanı bəyəndinizsə, dəvətnamələri
başqa adamlara verin.
Əsərin sınağıydı bu.
Tamaşaçı gəlməyəcəkdisə,
anlayacaqdım ki, alınmayıb...
-Bəs artan xətlə davam etsəydi?
-O zaman
gözəl olmazdımı? Amma olmadı. Tamaşanı hazırladıq. Tək tamaşaçıyla məşq etdik. Tam o zaman anamın xərçəng olması xəbəri
gəldi. Əlim hər şeydən
soyudu, atdım getdim. İş dayandı.
Bir neçə il sonra anam
yaxşılaşdı, amma başqa bir əsər
yazırdım.
-Sonralar da qayıdıb oynaya bilərdiniz.
Nə mane oldu?
-Əslində heç nə mane olmadı. Mən vaz
keçdim. 2015-ci ildə kitab kimi çap
olundu. Dərnəyimizin
başkanı Nazif Uslu oxumuşdu, o israr etdi. Kiçik redaktələrlə çap etdirdik.
-Və mükafat aldı.
-Bəli,
2015-ci ildə
Anadolu Teatr mükafatlarından birini aldı...
-Oynanmadan həm də.
-Bəli,
kitab çıxdığı zaman mətn olaraq
mükafatlandırıldı.
-Buna baxmayaraq, yenə də səhnəyə
qoymağı düşünmədiniz. Başqa
teatrlarındamı diqqətini çəkmədi?
-Diqqət
çəkməmək deyildi. Bəzi teatr
qrupları istədi. Lakin tənqidçilərin
fikrincə, yüksək oyunçu qabiliyyəti tələb
edən bir əsərdir. İndilərdə
İzmir Dövlət Teatrına getdi, repertuara salınmaq
üçün. Orada nə
düşünəcəklər, bilmirəm. Əslində, maraqlanmıram deyəsən. O əsər
məndən keçdi. Kimsə xatırlatmasa,
ağlıma belə gəlmir. Mən bir
tamaşa üçün əsər yazmıram, onu yazarkən
onu yazan özümü də oynayıram. Belə bir qəribə münasibətimiz var teatr və
yazı sənətiylə. Brext özgələşdirməyi
səhnəyə çəkər ha, mən özgələşdirməyi
öz iç səhnəmə və dünyama tamaşa, şeir yazaraq
qoyuram. Öz dediklərim özümə belə qəribə,
anlaşılmaz gəlir, amma əminəm ki, məhz siz bunu, mən ifadə
edə bilməsəm belə anlayacaqsınız. Belə hiss
edirəm ki, öz dünyamda o qədər rahatam ki, sanki maddi
dünyadan tamam qopub getməmək üçün mətnlərimi
yazaraq insan içinə qarışıram..
-Tamam, tamaşa oynanmadı, kitab
halına gəldi. Zatən mən də əsəri
kitabdan oxudum. Yəni bir yerlərə
yetişdi. Tamaşaya nə qədər
tamaşaçının gələcəyini
sınayammadınız. Bəs kitabı əlinizə
alanda nə hiss etdiniz?
-Təbii
ki, xoşbəxt oldum. Ardıyca tənqidin
çox müsbət yanaşması da bəlli olunca
rahatladım da. Bir yazı adamı daha nə
gözlər?
-Axtardığınız, görmək
istədiyiniz biri varmıydı kitabı əlinizə
alar-almaz? Məsələn, atanız...
-Bəli,
ilk atama getdim...
-Duydumu, anladımı?
-Atam
ölmüşdü, onun xatirəsinə təqdim etdim...
-Təəssüf edirəm...
-Bax orda
"ohh bee" deyərək rahatladığımı hiss
etmişdim. Əslində, mənim
yazılarımdan aldığım ləzzət elə
yazılma prosesində baş verib bitər. Qalanı maraqlı deyil, sonradan oxuyarkən, ya
başqasından dinləyərkən heç nə hiss etmərəm,
etsəm belə bir anlıq, keçər. Əsər yazmaq dünyaya daha bir ağac əkmək
kimidir. Ağacın
budaqları vardır, meyvəsi vardır, kölgəsi
vardır. Kim nəyindən istəyir
faydalansın. Bəlkə də quruyanda
belə kimsə onu kəsib bir dolab düzəltdirəcək.
Bunu bilmək mənə yetir-o mənim
ağacımdır, onu mən əkmişəm. Əlbəttə,
bir də o ağaca qonub oxuyan quşlar, budaqlarına
dırmaşacaq uşaqlar olacaq-bu bir ayrı xoşbəxtlik...
-Bu eşqlə bir də teatr
yaratdınız...
-Həyatım
boyunca teatr yaradıb, teatr batırdım. İşləyərəm,
pul yığaram və teatr açaram. Burayacan
asandır. Sonra pul bitər, teatr
bağlanar. Türkiyədə özəl
teatrı yaşatmaq çətindir. Ən
tanınmış teatrlar belə iflasın bir
addımlığında olarlar. Əlbəttə, təlabata
uyub ucuz işlər görərsənsə bu ayrı,
asandır...
-Sənətin hər yerdə istəklisi
azdır deyirsiniz yəni...
-İlk teatrımı Üniversitetdə oxuyarkən
yaratdım-Teatr klubu. Sonra bizi
düşüncələrimiz səbəbiylə qovdular.
Daha sonra qovulmuş dostlarla birgə "Bələdiyyə Gənclik
Səhnəsi"ni yaratdıq. Bələdiyyə bizə salon verirdi sadəcə.
Universiteti bitirdikdən sonra bir müddət
oranı idarə etməyə davam edirdim.
-Bəs indi?
-İndi
iki teatrımız var. Biri böyüklər
üçün-"Ege Gösteri Sanatları" teatrı, digəri Türkiyədəki
beş kənd teatrından biri -"Köy Teatrosu". Fərqli, adət
edilməmiş yöndən yanaşmışıq. Məsələn,
"Köy Teatrosu" üçün əsərləri kəndlilərlə
birlikdə, onların uşaqlarını narahat edən mövzulardan bəhs
edərək ortaq yazırıq.
Kənd teatrımız karvanla başqa kəndlərə
də gedir, çöldə, çəməndə, bir
eyvanda belə tamaşalar göstəririk.
-Aktyorlarınız kimdlərdir?
-Kənd
teatrımızda kəndlilər, uşaq və gənclər
oynayır. Aktyorlarımız
onları yetişdirdilər, daha təcrübəlilər yeni
gələnləri yetişdirir. İstedadlı,
bacarıqlı insanlar var, qatılırlar. Böyüklər üçün olan
teatrımızın truppası daha peşəkar aktyorlardan təşkil
olunub təbii ki. Etiraf edim
ki, davamlı oynaya bilmirik, pulla bağlı çətinliklər
mane olur. Özümüz bilet satmırıq,
bunun üçün bələdiyyələr bilet sifariş
etdikcə, tamaşaya təlabat olduqca oynayırıq.
-Biz burda, teatrımızda əsərinizi
səhnəyə qoymağı düşünürük. Necə xəbərdir? Dediyiniz kimi, axı
yazıldıqdan sonrası sizi maraqlandırmır?
-Sevindim əlbəttə.
Sürpriz oldu. Azərbaycanı
sevərəm, kökümüz eyni, dilimiz eyni,
anlaşırıq. Bu cür qarşılıqlı əlaqələrin
yaranması və davam etməsi çox faydalıdır. Sizdən başqa da bir neçə
teatrdan təklif var. Elə dedim, amma əlbəttə
əsərin maraq doğurması da çox xoşdur. Oxunur, dəyəndirilir.
-Başqa pyeslər yazdınız.
Onların taleyi necə oldu?
-Bəziləri
burda, İzmirdə, başqa teatrlarda, biri AB layihəsində
İtaliyada səhnəyə qoyuldu. Hazırda
bir filmin çəkilişlərinə hazırlıq gedir,
ssenarini yazıb bitirdim, komanda digər işləri
tamamlayır.
-Psixoloq kimi davam edirsinizmi?
-Bəli.
İdman liseyində psixoloq olaraq və nağıl terapisti kimi
davam edirəm.
-Kəndə
qayıtmağınız da maraqlıdır. Nədənsə
inanılır ki, incəsənət, ədəbiyyat, mədəniyyət
iri şəhərlərdə, paytaxtlarda təşəkkül
tapır, yaşayır və inkişaf edir... Siz əksinə getdiniz... Bu sizin doğulub-böyüdüyünüz kənddir?
-Bu mənim
böyüdüyüm kənd deyil. İndi
İzmirin Kaynaqlar kəndində yaşayıram.
"Cibimizdəki cinnət"i yazdığım il buraya köçdüm. İçməli
suyu dağdan, şəlalədən gətirirəm, göbələk
yığıram, oğlumla uçurtma düzəldib
uçururam. Kənd yumurtasını kərə
yağında bişirirəm... Bu mənim
xoşuma gəlir. Bütün kənd məni,
mən bütün kəndi tanıyıram. Huzurluyam. Kəndin
heyvanlarıyla, çinarlarıyla və insanlarıyla güvəndə
olduğumu hiss edirəm. Bir az kecikəndə
qonşum narahat olur, zəng edir, arayır. Məncə,
kənd də bizi sevir. Yoxsa uşaqları
üçün teatr yaratmağımı dəstəkləməzdilər,
elə deyilmi? Şəhərdən 15 kilometr
uzaqlaşdım, amma bu məni 15 il əvvəlin
dəyərlərinə qaytardı.
-Yəni bir türk kəndində
heç nə dəyişmədimi keçən zaman
içində?
-Təbii
ki, dəyişdi, amma mən yaxşı şeyləri
görməkdə israrlıyam. Bu, insanın əlində
olan bir şeydir. Dəyişim doğrunu
axtarıb tapana kimi yaxşıdır. Əgər
bundan sonra da nəsə axtarmağa davam edərsinizsə
batarsınız.
-Əsərdə həm də
bunumu göstərməyə
çalışdınız-yadlaşma və uzaqlaşma,
qohum-qonşu münasibətlərinin, dostluqların
dağılması, davamlı yaşam çabası
insanları yanlızlaşdırdı, təklədi, əzdi. Sevgi, mərhəmət, vəfa, şəfqət yerini
yalnızlığa verdi, bu isə gəlinən
nöqtədə çıxış yollarını qapatdı...
-Yalnızlıq
nəzarətimizdən çıxdısa pusquda duran xəstəlikdir.
Yarada bilməyən insan yox etməyə
başlar. Yaratmaq, sevgisini göstərmək imkanları
əlindən alınmış insan ya məhv olur, ya məhv edər.
Səmimiyyət önəmlidir,
qarşımızdakı insanın səmimiyyətindən
yanıldıqsa inanmarıq, inanmadıqsa sevmərik. Sevə bilmədikcə yalnızlaşar,
yalnızlaşdıqca cinayətə gedərik. Sevgi, içsəllik, gerçəklik yoxsa,
dünya sıxıntısına dözüm çətinləşər.
Toplumsal və ya şəxsi olaraq.
Ayrı-seçkilik
məsələn, insanları siniflərə
bölmək, onlardan faydalanmağa görə münasibət
bəsləmək, ədalətsizlik qəzəb doğurur. Qəzəb təhlükəlidir, qorxuncdur. İnsanlığı
təhlükəyə aparar.
Bir çox cinayət məhz ədalətin
Tanrı və dövlət tərəfindən
qorunmayacağına əminlik yarandığından baş
verər. İntiqammı? Yox. Buna intiqam deməyək.
Hə, yarada bilmək
haqqı əlindən alınan insan yox edər.
Əslindəsə o dünyanı şəkilləndirməyə,
dəyişdirməyə gəlib, Bir ağac əkərək
dünyanı dəyişdirə bilərsiniz, bir ağacı
yox edərək də... Məsələn, Neron Romayı yandıraraq
"Mən varam" dedi, həzrəti Nuh gəmi düzəldərək.
Qəribə görünə bilər, amma
ikisinin də etdiyi işdən eyni həzzi
aldığını düşünürəm. Dünyada bir şey dəyişdi. Yəni, artıq
"düşünürəmsə, varam"
düşüncəsi bitdi, artıq "yaradıramsa,
varam" düşüncəsi keçərlidir...
-Bu günlərdə Əziz Nesinin "Yaşar nə
yaşar, nə yaşamaz" əsərini dilimizə
uyğunlaşdırmaqdayam...
-Fövqalədə
gözəl əsərdir.
-Yaşarın bu qədər dözə
bilməyinə
heyrətləndim... Düzdür, sonda özündən
çıxdı, amma kimsəni öldürmədən
tutuldu... Sizcə, həbs edilməsəydi,
cinayət baş verəcəkdimi?
-Bu
gün yaşasaydı, baş verəcəkdi. O kitabın
yazıldığı zamanlarda günümüzdəki qədər
yalnız və qəzəbli deyildik... Ən əsası
ümidsiz deyildik... Zamanımız cinayətlər
üçün daha yararlı...
-Mehmet bəy, pyesdə toxunmusunuz,
Atatürkü yazmaq və oynamaq istəyirsiniz...
-Çox
həm də. Onun uşaqlığını və
gəncliyini yazmaq istəyirəm. Anlaya
bilmek üçün. Əvvəl yazaraq,
sonra oynayaraq. Atatürk sıradan bir adam
deyil. Anlamaq da mümkün deyil. Bəlkə
bir az duymağa çalışa bilərik, bunun üçün
də onu oynamaq işə yaradı bəlkə..
-Mehmet bəy, "oynayaraq
yaşamaqla" "yaşamaqla oynamaq arasında" fərq
nədir?
-Roldan-rola
girmək psixodramların bir üsuludur. Özəlliklə
monotamaşalarda xəstə problemi olan adamların, şeylərin
və duyğuların
rolunda çıxış etdirilərək
yaxşılaşmağa çalışılır. Özünü onların yerinə qoymaq anlamağa
kömək edir. Bu əlbəttə, aktyorun rola girməyindən
fərqlidir, oynayaraq yaşamaq yaşayaraq oynamaq qədər səmimi
deyildir.. Evet, bu əsərin səhnələnməsində
aktyorluq çətindir. Amma imkansız da deyil.
Tamamilə bilərəkdən bu yolu
seçdim.
Tamaşaçıda tamaşamı, müalicəmi
duyğusu yaradacağını təxmini bilirəm...
-Mən oxuyarkən
düşündüm ki, belə əsərlərin səhnələnməsi
bir həkimin bir və ya bir qrup xəstəyə verəcəyi
faydadan daha artığını verə bilər...
-İllər öncə belə bir təcrübə
yaşandı.
Savaşdan sonra zədələriylə
baş-başa qalan bir əsgərin dramını
hazırladım. "Qapıların
dışında". Bir gün tamaşadan sonra
yanıma iki adam gəldi. Özlərini
tanıtdılar. Savaşdan
qayıdıblar, zədələri üzündən iki ildir
xəstəxanalarda müalicə alırlar. Oyunu ikinci dəfə izləmişlər. Mənə bir not yazmışdılar. Hələ
saxlayıram o kağız parçasını: "Bu
tamaşanı izlədikdən sonra qorxulu yuxulu gecələr
bitdi. Təşəkkürlər!"
-Çox gözəl...
Duyğulandım... Belə xatirlərinizin çox olmağını
istərsinizmi?
-Bakıda
teatr və pedaqoji təhsil alıb qayıtmış bir dostum
var, öz kəndində teatr yaratdı və hər il teatr festivalı təşkil
edir. Bir dəfə orada tamaşa
oynayırdıq. Mən bütün kəndin
evlərini satın almış, hamını kənddən
çıxıb getməyə məcbur edən varlı və
pis adamı canlandırırdım. Tam o
arada tamaşanı izləyən uşaqlardan biri "Görəsən
mənim atam da evimizi satdımı?" - deyə
soruşduğunu eşitdim. Aktyor
üçün inanılmaq gözəldir. "Cibimizdəki cinnət"i yazmaq da bax o
uşağın narahatlığı və o iki əsgərin
qorxulu yuxularının bitməsi kimi şey. Bir insan belə
təsirlənsə və səbəbləri
düşünsə, yazar hədəfə
çatmışdır demək...
-Özünüzdən "on il
sonra necə olacağam" - deyə soruşursunuzmu indi də?
-Artıq
soruşmuram. Bu plan gərəkdirir. Plan qurmaq istəmirəm. Məsələn,
siz. Hələ plan qurursunuzmu? Oxudum,
qurmursunuz. Deməli məni
anlayırsınız. Hətta sualınızın cavabını belə
əvvəldən bilirdiniz. Ölümü
anladığım andan plan bitib. Öldürülə
bilərik. İndi qatilin kim olduğu
çox zaman bilinməz, ölümlər gizli və yavaş
gəlir, bəzən bütöv bir sistem ölümü təşkil
edir və kimsəni birbaşa günahlandırammarıq...
-Mehmet bəy, bütün bunların
bütün çılpaqlığıyla
tamaşaçıya göstərilməsi onu bir az da xəyal qırıqlığına
uğratmazmı? Hər şey çox ümidsiz, cinayətin
qarşısına keçilməsi demək olar
mümkünsüz görünür...
-Xəyal
qırıqlığımı? Sanmıram.
Mən bu əsəri yazdıqdan sonra kəndə
köçdüm, öz əsərim məni özümə
dönməyə apardı. İndi burda dünyayla
bağlı ümidlərim bir az da olsa
artdı. Qosqoca meşənin
içində tək başıma dolaşıram və
"dünya nə qədər böyük, hər kəsə
yer var" - deyirəm... Halbuki şəhərdəykən dünya yetərsiz
görünürdü. Dedim ha, mən təkcə anlatmaq
üçün deyil, anlamaq üçün də
yazıram. "Cibimizdəki cinnət"i yazdıqdan sonra
anladım necə bir dünyada yaşamaq istədiyimi... Məncə, hər
insan dalana dirəndiyində boş xəyallar qurmaqdansa nə
istəmədiyini düşünsün. Beləliklə, istədiyini
aramağa və yaratmağa can atarsan... Bəlkə
də haqlısınız, əsərdə bir xəyal
qırıqlığı var, amma incə bir cizgi də var.
Psixologiyanın ən önəmli işlərindən biri fərqində
olmağı yaratmaqdır. Fərqinə varmağa yaxınlaşanda insan
sarsılır, xəyal qırıqlığına
uğramışdır, sarsıntı təbiidir. Amma görür. Eləcə cinayətin bir
addımlığında fərq etmək də
mümkündür... Bu
tamaşadan sarsılan adam həm də səbəbləri
görəcəkdir...
-Bizi bir anda özümüzdən
çıxaracaq bir səbəb həmişə
başımızın altında hazır durur yəni...
-Durmurmu? Olmurmu? Daha da artır... Xəbərləri izləyin... İnsanlıq bunun fərqində
olmalı... Cinayət zəngləri
bütün bəşəriyyət üçün çalınmağa
başlayıb... Eşidə
bilənə... Sadəcə insan cinayətləri deyil, təşkil
olunmuş, toplu cinayətlər...
Təəssüf ki, bu pyesin yazılma səbəbi məhz
bunlar olub və eyni səbəblərdən
aktuallığını get-gedə artırır...
-Mehmet bəy, sizi tanımaq, sizinlə
söhbətləşmək gözəldi. Ümid
edirəm sizin üçün də xoş oldu.
-Hədiyyə
xanım, mutlu oldum. Suallarınız da gözəldi. Cavablayarkən bir daha
özümü gördüm, kim
olduğumu öyrənmiş oldum...
Təşəkkürlər. Azərbaycan
oxucusuyla tanış olmaq qürurvericiydi.
-Mehmet bəy, oyun bitərmi?
-Yenisi həp
başlar...
Söhbətləşdi: Hədiyyə
Şəfaqət
23 noyabr 2017
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.12-13.