Bu rəssamın əsərlərini
əri öz adına
çıxırdı
Rəssamların üslublarının tarixçəsini
araşdırıb-öyrənmək sevimli işimdir. Bu bir az da dəfinə axtaranların
həyəcanına bənzəyir,
xüsusən təxminlərim
doğru çıxanda.
Deyirlər Klod Monenin gözündə
katarakta varmış, əsərlərindəki dumanlı
atmosfer də burdan qaynaqlanır. Pablo Pikasso miqrendən
əziyyət çəkdiyi üçün kubist rəsmlər
yaradırmış. Alimlər müəyyənləşdiriblər
ki, Pikassonun əsərlərinin bəzilərinin tutma
vaxtı keçirdikləri hissləri çəkən miqren
xəstələrinin rəsmlərilə inanılmaz bənzərlikləri
var. Henri Russonun obrazlarının primitiv, kobud
alınmasının bir səbəbi vardı, fırça
ustasının akademik təhsili yox idi. Onun
üçün elementar detalları olduğu kimi çəkə
bilmirdi.
Rene Maqrittin əsərlərində
niyə bu qədər şlyapa var? Başqa bir sual:
yaratdığı sevgili obrazları niyə üzlərini
örtüklə gizlədirlər? Cavab rəssamın
bioqrafiyasında gizlənib: Maqrittin şlyapaçı olan
anası o uşaqkən özünü çaya atmışdı.
Meyiti sudan çıxaranda isə
üzü görünmürdü, bəyaz donu
üzünü örtmüşdü. Bütün
bu ağrılar, rahatlıqverməz xatirələr sonradan
sürrealizmin bənzərsiz nümayəndəsinin əsərlərinə
həkk olunacaq, onun üslubunu təşkil edəcəkdi.
Marqaret Kinin tablolarında özünə əbədi yuva qurmuş iri
gözlü uşaq obrazlarını görəndə də
öz-özümə sual verdim: Görəsən onu belə
iri gözlər çəkməyə vadar edən nəydi? Bu üslubun arxasında hansı əhvalat, hansı
ağrı dayanır? Axı bu heç nədən
formalaşa bilməz, onu bu üslubu yaratmağa vadar edən
bir səbəb olmalıdır?
Bu maraqla da XX əsrin
məşhur Amerikan rəssamı Marqaret Kinin həyatından
bəhs edən "İri gözlər" filminə
baxdım.
Ən əvvəl onu deyim ki, Marqaret Kinin adına
Vikipediyada rəssamlar haqqında film axtararkən təsadüfən
rast gəlmişdim. Daha sonra rəsmlərinə
baxanda yuxarıda dediyim məqam diqqətimi çəkdi.
Marqaret Kin 1927-ci ildə
anadan olub. Ötən əsrin 60-cı illərində əsərləri
qalereyaları bəzəyən Marqaret Kinin
tanınmağı bir məhkəmə qalmaqalı nəticəsində
baş tutdu.
Həmin məhkəməni XX əsr
rəssamlığında ən səs-küylü işlərdən
hesab etmək olar.
Məhkəməyə qədər Marqaret Kin
adı məlum deyildi. Çünki əsərləri
özünün deyil, həyat yoldaşı Uolter Kinin adı
ilə tanınırdı. Uolter bunu ilk dəfə
sırf kommersiya marağından etmişdi. Barların
birində təşkil etdiyi ilk sərgidə
xanımının əsərlərinin daha çox diqqət
çəkdiyini görən Uolter bir tərəfdən
qadın rəssamların cəmiyyətdə
tanınmağının çətin olduğunu
düşündüyü üçün, digər tərəfdən
məşhurlaşmaq arzusu ilə
yanıb-yaxıldığına görə əsərləri
öz adına çıxır və
güclü marketinq bacarığı sayəsində
onları satır. Qısa müddət ərzində
Uolter Kinin şöhrəti hər yerə yayılır.
Marqaret etiraz etsə də, Uolter tablolara görə
böyük pullar aldıqlarını bəhanə gətirərək
həyat yoldaşını üzə çıxmağa
qoymur. Malbert qarşısında dayanmaqdan
başqa arzusu olmayan Marqaret dinməzcə ərinə tabe
olur, əsərlərinin gətirdiyi şöhrətin
dadını ərinin çıxarmasına göz yumur.
"Qul"a çevrilən Kin, evlərindəki
gizli emalatxanada dayanmadan çalışır, şöhrətpərəst
həyat yoldaşı üçün rəsmlər çəkir.
O illərdə Marqaretin təkcə tabloları deyil, əsərlərinin
əks olunduğu açıqcalar, posterlər də Amerikada
yayılır. Təbii ki, Uolter poster və
açıqcaların satışından da qazanır. Kin ailəsi dəbdəbəli həyat
yaşamağa başlayır.
On ildən artıq
belə davam etsə də, Marqaret daha ərinin
despotizminə dözə bilmir. Üstəlik sənətə
qarşı dürüst davranmadığı
üçün vicdan əzabı çəkir. Ən ülvi hisslərin bəhrəsi olan bu əsərlərin
yoldaşının kommersiya maraqlarına, şöhrət
aludəçiliyinə qurban getməsini sindirə bilmir.
Havay adalarına köçüb qızı ilə
bir müddət orda yaşayan Marqaret Kin Yehova şahidlərinə
qoşulur. Onlarla tanışlıq uzun
müddət qəlbində boşluq yaşayan Marqaretə
yaxşı təsir edir, tədricən özünə gəlir,
güc qazanır. Bundan sonra o əsərlərin
həqiqətdə özünə məxsus olduğunu elan
edib müəlliflik hüququnu sübut etmək
üçün həyat yoldaşını məhkəməyə
verir.
Ancaq Marqaretin
müəllif hüququnu
bərpa etmək üçün dəlillər kifayət
etmir. Çünki "irigözlü qızlar"ı
Marqaret gizlincə, öz emalatxanasına qapanıb orda çəkirdi.
Çətin vəziyyətdə qalan hakim
Marqaret və Uolterə bir saat vaxt verərək məhkəmə
prosesi gedə-gedə irigözlü uşaq rəsmi çəkməyi
tapşırır. Bir qədər
keçəndən sonra Uolter çiyninin
ağrıdığını bəhanə edir. 53 dəqiqəyə rəsmi çəkib qurtaran
Marqaret məhkəmə prosesini udur. Bir neçə il
əvvəl vəfat edən Uolter ömrü boyu dəfələrlə
molbert qarşısında poz verən fotolar çəkdirsə
də, onun bircə dəfə olsun kətan üzərində
fırça gəzdirdiyini görən olmayıb. Qəribədir ki, məhkəməni uduzsa da Uolter o
rəsmlərin arvadına aid olduğunu heç vaxt etiraf etməyib.
Marqaret isə sağdı, yenə də
iri gözlü uşaq rəsmləri çəkir.
"Super gözəllər" çoxseriyalı cizgi
filminin rəssam-animatoru Kreyq Makkerken Marqaret Kinin
yaradıcılığından ilhamlanaraq
personajlarının gözlərini iri çəkib. Rejissor Tim
Börton isə 2014-cü ildə rəssamın həyatından
bəhs edən "İri gözlər" adlı filmi
ekranlaşdırıb.
Marqaret Kinin əsərlərini cəlbedici
edən yuxarıda dediyimiz kimi, onun personajlarının
gözlərinin iri olmasıdır. Rəssamdan bunun səbəbini
soruşanda o deyir: "Uşaq vaxtı bir dəfə
qulaqlarım tutulmuşdu. İnsanların
danışığını anlaya bilmirdim. Buna görə də onları başa düşmək
üçün gözlərinə baxırdım. Bəs necə, gözlər qəlbin
aynasıdır."
Bir qız uşağı təsəvvür
edin. Qulaqları tutulub. Heç nə
eşidə bilmir. Adamların nə
dediyini anlamır. Yalnız onların
gözlərinə baxaraq danışıqlarını
başa düşür, ürəklərindən keçəni
bilir. Və tədricən hiss etdiklərini kətana
köçürür, rənglərin dilinə çevirir.
Marqaret kətanın qarşısında hər dəfə
özünü uşaq kimi hiss edir, balaca Marqaret, rəng-rəng,
tablo-tablo artır. Marqaret Kin obrazlarının
daha çox gözlərinə üstünlük verməsi,
hisslərini personajlarının gözlərinə
köçürməsi, tablolarını iri gözlər
vasitəsilə "danışdırması" onların
başqa hissələrinin canlılığını
azaldır. Buna görə də rəssamın
personajları daha çox irigözlü kuklaları
xatırladır.
Maraqlıdır ki, insanlarla gözləri vasitəsilə təmas quran,
onları gözlərindən tanıyan Marqaret on il bir yerdə yaşadığı ərini
tanıya bilməmişdi. Sevginin gözü kor
olur deyirlər, yəqin ona görəymiş.
Mirmehdi Ağaoğlu
Ədəbiyyat
qəzeti.- 2017.- 2 dekabr.- S.20.