“Qırmızıdan
düzgün istifadə
etməyəndə
o rəng əsərdə çığırır”
ART müsahibə
Müsahibimiz
rəssam Fikrət İbrahimlidir
- Fikrət
müəllim, əlinizdə hansı işlər var?
- 2 il öncə 60 yaşım oldu. Qeyd etmək kimi bir fikrim yox idi. Emalatxanada
işləyirdim. Nazir müavini Ədalət
Vəliyev gəldi. Əvvəl də bir
neçə dəfə emalatxanamda olub. Dedi ki, "xeyli
əsərlərin var, yubileyin gəlir, niyə sərgi eləmirsən?"
Dedim, "mən sərgi eləsəm, gərək kataloq
olsun, əsərlərimin çərçivələri
olsun..." Dedi, "hamısını biz eləyəcəyik".
Kataloq hazırlandı. Sərgi
üçün məkan danışdıq. Milli İncəsənət Muzeyində olacaqdı.
Sonra nə oldusa, işlər yubandı. Hələ də sərgim olmayıb. Deyirlər
gələn il olacaq. Görək
də.
- İndiki işlərinizi yəqin
ki, həmin sərgiyə hesablayırsız.
- Yox. Bu sərginin ümumi olacağını
düşünürəm. Fərdi sərgidir.
Bundan sonra olacaq sərgilərdə tematik nələrsə
düşünə bilərəm. Bu sərginin
adı "Pillələr" olacaq. Burada "Əzim Əzimzadə"də
oxuyandan bu yana çəkdiyim bütün
əsərlərdən seçmələr, 1972-ci ildən bu
yana çəkilmiş rəsmlərim haqqında məlumat
olacaq. Bir növ hesabat verəcəyəm.
- Fikrət müəllim, əsərlərinizdə
daha çox qürubun, dekadansın rəngi olan tünd
sarı, açıq qəhvəyi rəng diqqət çəkir.
Pol Qogen də bu rəngdən çox istifadə
edirdi. Bu rəngin xüsusi anlamı
varmı?
- Yəqin
bu bir perioddur. Başqa işlərimə baxsaz,
yəqin ki, ayrı rənglərin dominantlığını
görəcəksiz. Yəqin ki, bu
yaşla bağlı məsələdir.
Düşünürəm ki, bu məndən asılı bir
iş deyil. Böyük müqayisə
çıxmasın, Pikassonun əsərlərinə
baxdıqda "mavi periodu", "çəhrayı period"u
görürük. Bu dəyişən bir
haldır. Daha çox
düşdüyün mühit, yaşadığın hadisələr,
keçirdiyin əhvalla bağlıdır. Bu həmin yaşantıların görünən tərəfidir.
Rəngləri rəssamın daxili, hissləri
müəyyən edir. Biri var hansısa
sifarişlə hazırladığın rəsm üzərində
işləyəsən, biri də var öz düşüncələrini,
görmək istədiklərini çəkəsən. Təbii ki, sifariş olduqda hər şey sifarişə
uyğun çəkilməlidir. Sifarişdə
də adətən reallıq yer alır. Məsələn,
hər şeyi öz rəngində çəkməyə məcbursan.
Amma rəssam xəyalındakı rəsmi çəkəndə
vəziyyət dəyişir, artıq o, daxilinin diktəsilə
hərəkət edir. Məsələn, bina ağdırsa, onu
qırmızı da çəkə bilər.
- Görmək istədiyi kimi...
- Bəli.
Ovqatına uyğun. Əgər
rəssamın əsas məqsədi gördüyünü
olduğu kimi köçürtmək olsaydı, o zaman
fotoqraflar bu işi bizdən yaxşı görərdi ki.
Bir dəfə Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə,
Arif Məlikov Kəpəzə gedirlərmiş. Orada Səttarın
işi istədiyi kimi alınmırmış. Yerini tez-tez dəyişirmiş. Axırda
Arif deyir ki, "Ay Səttar, niyə bu qədər əziyyət
çəkirsən, rəssamsan da, götür Kəpəzi
bir az bu tərəfə çək".
Mən də
18 il İçərişəhərdə
yaşamışam. Hər yerinə bələdəm.
Rəsmlərimdə elə yerlər var ki, o
İçərişəhərdə yoxdur. Bəzən rəsmlərdə dəyişiklik edirəm
ki, kompozisiya uyğun olsun, əsər oxunsun.
- İncəsənətdəki
cərəyanlar yaradıcılığınıza necə təsir
edir?
-
Dünya "gör-götür" dünyasıdı. Təbii ki, təsir edir. Hər
insan özünün ruhuna yaxın olanı
götürür. Elə əsərlər
olur ki, sənəti anlamayan insanlar belə ona heyranlıqla
baxır. Məsələn, biz Van Qoqa
baxırıq, Qogenə baxırıq. Onlar
kimə baxır? Bizim miniatürlərə.
- Miniatür məsələsinə
xüsusi qayıdacağıq.
Yaradıcılığınıza hansı janrın, cərəyanın
daha çox təsir etdiyini düşünürsüz?
- Realizm
daha çox üstünlük təşkil edir. Düzdür, öz əlavələrim çox olur
bu reallığa. İmressionistlərin əsərlərini
çox sevirəm. Bir də içimdən
gələn rəsmləri çəkirəm, sevdiyim
adları verirəm. Miniatür isə
stolüstü kitabımızıdr, ruhumuzdur. Ümumilikdə ekspressionizm, imressionizm,
postimressionizm, daha çox realizmin üstündə qururam rəsmlərimi.
Emalatxanama dostlar uşaqları ilə gələndə
balacalara vərəq verirəm. Sonra soruşuram, nə ilə
çəkmək istəyirlər, qələmlə,
yağlı boya ilə… Əksər uşaqlar
yağlı boyanı seçir. Uşaqların
rəng seçimi, çəkdiyi şəkillər çox
maraqlıdı. Həm safdılar, həm
də olduqca qəribə bir azadlıqları var, cəsarətlə
çəkirlər. Nəticədə
çox qəribə rəsmlər ortaya çıxır.
Baxın, divarlarımda indi də qızımın,
oğlumun 3-4 yaşında çəkdikləri rəsmlər
qalır. O
vaxtlar işə gedirdim, qayıdanda görürdüm iş
otağımda uşaqlar rəngləri dağıdıblar, hərəsi
bir yanda nəsə çəkir. Yoldaşıma
deyirdim ki, "bunları niyə buraxmısan bura?" Deyir, "neyləyim, sənə oxşayıblar
da".
Qızım bu sənəti davam etdirdi. İndi bu sənətdədi,
dərs deyir. Amma oğlum iqtisadiyyatı
seçdi. Amma onun da hələ həvəsi
var.
- Təbii, sənət genetikdir.
- Həm
də gözünü açıb rəngləri
görüblər.
- Fikrət müəllim, sizcə,
Orta əsrlərdə islam, Şərq
ölkələrində rəsm çəkmək niyə
qadağan edilib?
- Elə
bir qadağa olmayıb. Bunlar sonradan təhrif
şəklində dinə yeridilib. Çünki Peyğəmbər
o vaxtı Kəbəyə girəndə əlini Məryəmin
şəklinin üstünə qoyur, deyir: "Bundan başqa
gördüklərinizi dağıdın". Orda
da bir xeyli büt var idi. Bütü də
ona görə dağıtdırmışdı ki, o insanlar
bütlərə sitayiş edirdi, ona sənət nümunəsi
kimi baxmırdı. Hədislərdə
qeyd olunur ki, "büt düzəldib ona sitayiş etmək
günahdı". Söhbət heykəl
düzəltməkdən getmir, sitayiş etmək
üçün, düzəldilən bütlərdən
gedir.
Sonradan çox şeyi dəyişiblər. Məsələn,
bəzən deyirlər ki, Atəşpərəstlik də
bütpərəstlik olub. Bu qənaətlər
düzgün deyil. İbrahim Peyğəmbərin
atası Azər olmayıbmı? Bütün
dinlər təhrif edilib. İslamda elə
bir şey yoxdur. Bu sonralar olunmuş əlavələrdir.
Əgər
qadağa var idisə, bəs dünyanı bu gün də
yerindən oynadan miniatür rəsmlər islam
ölkələrində necə yaranırdı?
Parisdə sərgi zamanı avropalı rəssamlar
Behzadın "Şeybani" əsərini görəndə
dəhşətə gəldilər.
Xalça da, rəsmlər də, əsl sənətin
bütün növləri də kodlardan ibarətdir. Necə ki, bu
dünya kodlarla zəngindir. Hər
addımımızın belə bir mənası var. Bu mənanı
hər sənətçi bir yolla çatdırmağa
çalışır. Biz rəssamlar da
bu yolla nəsə göstərmək istəyirik.
- Sizcə, miniatür rəsmlərin
Şərqdə, realizmə aid əsərlərin Qərbdə
yaranmasının bir səbəbi varmı?
- Az
öncə dediyiniz qadağalar məsələsinin də buna
təsir etdiyini düşünmək olar. Miniatür
müstəvi üzərindədir. Tamam
başqa bir dünyadır. Bu gün miniatürü davam
edənlər var. Amma faşizmə qulluq edənlər də az deyil. Kökü olmayan, təməli
bilinməyən nəsnələri bir yerə toplayıb nəsə
elədiklərini düşünürlər. Amma əsassız bir nəticə hasil olur. Sənət həm də daxilin ifadəsidir. Kimin daxili necədirsə, ifadəsində bu
görünür.
- Orxan Pamukun "Mənim
adım qırmızı" romanında qeyd olunur ki, Şərqdə
miniatür sənətinin yayğın vaxtlarında realizm
janrında rəsm çəkmək insan gözünün
gördüyünü vəsf etmək kimi qiymətləndirlirdi,
miniatür isə Allahın yerə baxışı
sayılırdı. Realizmdə perspektiv,
uzaqlıq olduğuna görə onlar bu rəsmləri çəkməyi,
rəsmin ortasına insan simasını qoymağı günah
sayırdılar. Sənətkarlar o qədər təvazökar
idilər ki, onlar heç vaxt öz baxışlarını vəsf
etməzdilər, həvəskar rəssamların da bu işə
qol qoymamaları üçün cəzalar tətbiq olunurdu. Bəlkə
də bu birbaşa islamla əlaqəsi olan məsələ
deyildi, ola bilsin son dərəcə
inkişaf etmiş kamil insanın Allaha jesti və ehtiramı
idi.
- Mən
o əsəri oxuyacam. Çox maraqlı
göründü. Həqiqətən də
miniatür əsərlərdə perspektiv yoxdur, bəzən əks-perespektivlər
diqqət çəkir. Bu əsərlərdə
həqiqətən də baxış bucağı fərqlidir.
Düzgün müqayisə olmaya bilər, amma mən
məsələn, "Qurani-Kərim"i hər dəfə
yeni kitab oxuyurmuş kimi oxuyuram. Eləcə
də miniatür rəsmlərə baxanda bu hissi keçirirəm.
Dəfələrlə baxdığım bir
miniatür rəsmə yenidən baxanda, sanki yeni bir əsərə
baxıram, orada başqa bir mətləblər
açılır gözümdə.
Ümumiyyətlə, dünyanın sənət üzərindəki
kodları miniatür rəsmlər və xalçalarda
yaşayırdı. Dinlər və kitablar təhrif edildiyi
kimi artıq rəsmlər və xalçalar da təhrif
edilir. İnsan mətləbdən çox
uzaqlaşır.
- Bitkilərdən, təbii
komponentlərdən təbii yollarla alınmış rənglər
var idi, onlardan son dövrlərə qədər
xalçaçılıqda istifadə edirdilər, bir vaxtlar
rəsmlərdə istifadə olunub... Bu rənglərlə
çəkilmiş rəsmlərlə, hazırkı qeyri-təbii
rənglərlə çəkilmiş bir rəsmin sizin
üçün batini baxımdan fərqi varmı?
- Təbii
ki... Torpaqdan, bitki köklərindən, bitki
qabıqlarından və s. Alınan rənglərin
yaratdığı auranı heç nə yarada bilməz.
Mən bu məsələ ilə bir vaxtlar
yaxından maraqlandım, o rəngləri almağın
yolların öyrəndim. Xalçaçı
dostlarım da var ki, hələ də bu sahə ilə
maraqlanırlar. Sadəcə bir az
vaxt alan işdir. O işə başladınsa, gərək
başqa işlərini saxlayasan.
Bizə rəhmətlik Lətif Kərimov dərs deyəndə
bu rənglərin nədən alındığını
başa salırdı. Özü də elə formada anladırdı ki, insan təkcə
başa düşmürdü, hiss edirdi. O rəngləri
şeirlərlə, deyimlərlə anladırdı. Rəng ahənglərinə uyğun deyimləri var
idi. Hər rəngin musiqisini bilirdi, rəssam
tələbələrə o musiqilərin həmin rənglərlə
ahəngini anladırdı.
- Rənglərin xarakterindən
danışmalı olsanız, qırmızı haqqında nə
deyə bilərsiz?
-
Qırmızı rəssamlıqda çox çətin rəng
sayılır. Onu hər rəssam istifadə edə
bilmir.
- Rəsmə yatmır, eləmi?
-
Yatır. Sadəcə hər rəssam
yatızdıra bilmir. Toğrul rənglərin müqayisəsindən
danışanda belə deyirdi: "Bəzi müğənnilərin
səsi zəif olur. Amma o səsindən elə
istifadə edir ki, onun oxuduqları hər kəsə xoş gəlir.
Rəngləri də yerində istifadə eləmək
bacarığı önəmlidir".
Qırmızıdan düzgün istifadə etməyəndə
o rəng əsərdə çığırır. Diqqəti
öz üzərinə çəkir və rəsm oxunmur.
Diqqət yalnız bir yerə yönəlir.
Amma qırmızını elə istifadə etmək
olar ki, o əsərə insanın ruhunu çəkər.
İntibah dövründə də, ruslarda da, elə
bizim rəssamlar arasında da qırmızıdan yerində
isrifadə eləyə bilənləri var. Bəzən tələbələrin
rəsmlərində görürsən ki, qırmızı ləkə
kimi görünür. Yamaq kimi diqqət
çəkir. Əsərin
işığını alır.
Məsələn, Tahir Salahov əsərlərində bəzən
bircə dənə qırmızı nöqtəylə əsərə
tamam başqa ahəng verir. Bir qırmızı
nöqtə işi oynadır, əsərə dinamika verir.
Tahir Salahov sağ qalmış mogikanlardandır.
- Müasir Azərbaycan rəssamlıq
sənətini necə qiymətləndirirsiz?
-
Müasir gənclərimiz arasında çox talantlı
uşaqlar var. Adam rəsmlərinə baxanda fərəhlənir.
Müasir
dönəmin üstünlüklərindən biri də odur
ki, internet var. Gənc rəssamlar istədikləri muzeylə tanış ola bilir, istədiyi rəsm əsərini
tapıb baxa bilir. Biz böyük əsərlərə
solğun reproduksiyalardan baxırdıq.
İndi gənclər istədikləri muzeydə sərgi
aça bilər, ora əsərlərini göndərə bilər.
Gənclər Bakıda sərgilərinə dəvət
edirlər, gedirəm, baxıram, ürəyim
açılır. Həddindən artıq talantlı gənclərimiz
var. Bəzən emalatxanama gəlmək istədiklərini
deyirlər. Deyirəm, "gəlin, siz məndən
öyrənin, mən sizdən öyrənim".
Biz biliklərimizi gənclərlə
qarşılıqlı paylaşmalıyıq.
Söhbətləşdi: Sərdar
Amin
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.21.