Ədəbiyyatın kor dalanı
Ədəbiyyat 90-cı illərin solğun mühitindən 2000-ci illərdə
çıxmağa başladı.
Ədəbiyyata yeni qüvvələr gəldi və ədəbiyyatdakı bu canlanma əsasən onların xidməti idi.
Zaman da buna müsait idi, çoxdandır ədəbiyyatsız yaşayan
mühit yenidən ədəbiyyata qayıtdı.
Əlbəttə ki, söhbət kütləvi qayıdışdan
getmir.
Lakin ədəbiyyat
ölkə gündəminə
oturmağa başladı.
Kitablar çap
olundu, imza günləri, təqdimat mərasimləri moda oldu.
Ölkədəki sabitliyin də bunda rolu olmamış
deyildi.
Bir tərəfdən dünya
və Azərbaycan yeni bir fenomenlə
tanış oldu: Sosial media ilə.
Bütün bunlar ədəbiyyatın
populyarlığını artırdı.
Əlində kitab olan çoxlu
gənclər peyda oldu.
2000-ci illərin əvvəlləri
ilə sonları arasında çox böyük dəyişikliklər
baş verdi.
Əsasən AYO çevrəsindən yeni
şairlər, yazıçılar
çıxdı.
Bu prosesin hara gedəcəyi çox maraqlıydı.
İndi biz bu prosesin ölgünləşdiyinin
şahidiyik.
Sanki hər şey
90-cı illərə qayıdır.
Ədəbi proses getdikcə
öləziməyə başlayır.
Bunun obyektiv və subyektiv səbəbləri var.
Obyektiv səbəblər
budur ki, respublikanı əhatə
edən kitab-satış
şəbəkəsi yaranmadı.
Güclü nəşriyyatlar ortaya çıxmadı.
Kitablar yenə
də bahalı olaraq qalır.
Ölkədə bircə dənə də olsun normal ədəbi mükafat yoxdur.
Hamımız 1000 tiraja sıxışıb
qaldıq.
Bütün bu fərdi cəhdlərlə
prosesi ancaq bir istiqamətə qədər inkişaf etdirmək mümkün idi.
O cəhdlər oldu əslində.
İndi
proses daha böyüməli, daha güclənməli idi.
İmza günlərinə fikir verin.
Əsasən yazıçılardı, şairlərdi.
Oxucuya gedən
yollarımız qapanıb.
Özümüzdən velosiped icad etməli deyilik.
Bəli, yazıçılarımız əvvəlkilərdən daha
populyardır, lakin tirajlar da məlumdur.
Kitab mağazaları
çox azdır.
Faktiki olaraq reklam işləmir.
Ən pisi də odur ki,
meyarlar itib.
Çünki bazar işləmir.
Bazar işləməyəndə
kimin nə olduğunu müəyyən
etmək də çətindir.
Bu problemlər mövcud
ola-ola yazıçılarımız
Nobel sevdasına düşüblər.
Qazaxda kitab sata bilmirik, Biləcəridən çıxmaqdan
danışırıq.
Kimdən soruşsan, imza günü keçirdib, şəkilləri var.
Beş-altı nəfərlik oxucu dəstəsi də var.
Bəli, heç zaman olmadığı qədər
tədbir, imza günü, təqdimat keçirilir.
Məqalələr yazılır.
Di gəl ki, oxucu yoxdur.
Oxucu bu prosesin lokomotividir.
Bir də bu sosial media məsələsi.
Hamı üzdə.
Hamı oxucunun əlinin altında.
Pünhanlıq yox.
Sirr yox.
Bəlkə bu da oxucunu
qaçırdır.
Bilmirəm...
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2017.-
2 dekabr.- S.23.