Vicdan yolunda müəmmalı qəza
və ya Alber Kamyunun
"Çöküş"ü
Haradasa oxumuşdum ki, bəşəriyyətin tarixi elə insanın özünə bənzəyir. Əvvəlcə uşaqlıq çağı,
keçid dövrü, sonra müdriklik və qocalıq, nəhayət,
keçmişə qovuşub əriyərək itmək.
Çoxları belə düşünür ki, indi bəşəriyyət
qlobal şəkildə taun kimi yayılan əxlaqi böhran
çağını yaşayır. Halbuki bu
"böhran" əbədi bir mövzudur. İnsan cəmiyyətinin
təşəkkül tapmağa başladığı
çağlarda da bəşəriyyətin ən
böyük qayğısı mərhəmət hissinin itməsi
olub. Gələcək haqda kədər və həyəcanla
düşünmək üçün həmişə səbəb
tapılır.
Tanınmış
filosof Karl Yaspers ötən əsrin mənzərəsini belə
təsvir etmişdi: "Texnika insanı əhatə eləyən
gündəlik həyatı radikal şəkildə dəyişdirib,
əmək fəaliyyəti sahəsi zorən kütləvi
istehsal mühitə keçib, bütün mövcud
olanları hərəkətə gətirib hansısa texniki
mexanizmə, Yer kürəsini isə nəhəng fabrikə
çevirib. Bununla da insanı tamamən öz kökündən
ayırıb, həmin vəziyyət bu günə kimi davam
edir. İnsan vətəni olmayan və ənənələrini
itirən Yer sakininə dönür. Xeyirxahlıq və
öyrənmək əzmi zəifləyib. Dövr
simasını dəyişdikcə dağıdıcı
xarakter alır".
Fransız
yazıçısı və ekzistensialisti Alber Kamyunu ən
çox düşündürən də bu idi. O,
bütün əsərlərində insanın
yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji
mexanizmini açmağa çalışırdı. Onu
çox vaxt Əlcəzair xalqı üçün heç
nə etməməkdə ittiham edirdilər. Kamyunun müasiri,
fransız yazıçısı və jurnalisti Olivye Todd
"Alber Kamyu. Həyat" kitabında bununla bağlı
çox ciddi məqamlara aydınlıq gətirir:
"Kamyu
Tələbələr Evində Stokholm Universitetinin müəllim
və tələbə kollektivi ilə görüşdü.
Tələbə xorunun ifa etdiyi təbrikdən sonra diskussiya
başladı. Kamyu mühazirədən çox müzakirəyə
üstünlük verirdi. Tələbələrin Əlcəzairlə
bağlı kəskin suallarına o, belə cavab verdi:
- Mən
həqiqətən bir il səkkiz ay susmuşam, ancaq bu, o demək
deyil ki, mən heç nə etməmişəm. Mən həmişə
demişəm ki, Əlcəzair xalqının
hüquqlarını tanımaq, ona əsl demokratiya şəraitində
yaşamaq üçün imkanı vermək lazımdır.
Əgər biz bunu etməsək, Əlcəzair və
fransız xalqları arasında nifrət o dərəcədə
böyüyəcək ki, artıq ziyalıların bircə
nümayəndəsi belə daha böyük ədavətə
səbəb olmadan bu məsələyə müdaxilə edə
bilməyəcək".
Çıxışın
sonunda Kamyu belə bir ifadə işlədir: "Mən ədalətə
inanıram, lakin mən ilk növbədə ədaləti
deyil, anamı müdafiə edəcəyəm".
Məhz
bu ifadə əlcəzairlilər tərəfindən
yanlış anlaşıldı. Kamyu fikrini bəlkə də
dəqiq ifadə edə bilməmişdi, lakin təəssüf
ki, bu fikri kontekstdən çıxaranlar oldu. Olivye Todd
yazır ki, Kamyu kimi adamlarda - Əlcəzair sakinlərində,
cənublularda anaya bağlılıq əbədi hissdir.
Ədalət isə zamandan, siyasi quruluşdan, partiya
dünyagörüşündən, mövcud qanunlardan
asılı olan dəyişkən anlayışdır. Kamyu
öz oğulluq məhəbbətini ilk növbədə
ağılsızlığa, divanəliyə qarşı
qoymaq istəyirdi. Lakin bir çox əlcəzairli və
"mütərəqqi" xadim bu ifadəni başqa cür
yozdu: "Məni dünyaya gətirən qadının əmin-amanlığı
Əlcəzairin yerli əhalisinin taleyindən vacib və əzizdir".
Bəziləri isə bunu lovğalıq hesab elədi, yəni
yazıçı anasını və milyonlarla əzab
çəkən əlcəzairlini tərəzinin bir
gözünə qoyur.
Kamyu
sonralar bu cümlənin uzun-uzadı izahını verməli
olmuşdu. Bu sözləri də nə vaxtsa Kamyu yazıb və
onun yanlış anlaşılması da məhz bu fikirlərin
nəticəsidir: "İnsanlar hansısa insanın
özünə inanmaqdansa, onun haqqında yaranmış təsəvvürə
inanmağı daha üstün tuturlar".
Kamyunun
atası müharibədə həlak olmuşdu, o,
uşaqlıqdan həyatın bütün acılarını
görmüşdü. Dünyaya göz açandan
kasıblıq və rəzalət görmüş
yazıçıya acı həyatın hədiyyəsi gənc
yaşında tapdığı vərəm xəstəliyi
idi. Kamyu özünün dediyi kimi, azadlığın nə
demək olduğunu Marksın əsərlərindən deyil, səfalətin
özündən öyrənmişdi.
Bu
günlərdə Kamyunun "Çöküş"
romanını oxudum. Çox ağır, olduqca çətin
həzm olunan əsərdir. Əsərdə süjet xətti
yoxdur, şüur axını formasında yazılıb. Kamyu
insanın çarəsizliyini o qədər dəhşətli
ifadələrlə təsvir edir ki, bu müdhiş həqiqət
önündə susmaqdan başqa çıxış yolu
qalmır. Roman keçmiş vəkil Klamansın
yağışlı gecədə bir qızın
özünü körpüdən atmasını seyr etməsiylə
başlayır, bu hadisə əsərin bütün
künc-bucaqlarına işıq salır. Bu hadisənin fonunda
Kamyu insanın çöküşünü təsvir edib.
Bu çöküş qəfildən baş vermir, cəmiyyətin
qanunları bu çöküşü qaçılmaz edir.
Birinci şəxsin dilindən yazılmış əsərdə
qəhrəman öz vəziyyətini bu cür izah edir:
"Məhəbbət
və mənəvi təmizlikdən cana doyaraq nəhayət,
qərara gəldim ki, hələ ehtiyatda əxlaqsızlıq
var - bu, əslində mükəmməl
şəkildə məhəbbəti əvəz edir..."
İnsan
kamil məxluq deyil. Hər bir insanın içində
yaxşılıqla pislik yanaşıdı, hansının
hansını üstələməsi konkret situasiyalardan
asılıdır. İnsan öz mahiyyətindən
qaçdıqca öz içində batır. Kamyu bunu dahiyanə
şəkildə Klamansın timsalında anbaan göstərir.
Klamansın faciəsi əslində bütün
insanlığın faciəsidir. Bu cür ağır mətnlərdə
insan həyatın ağır suallarına çox
asanlıqla cavab tapa bilir.
İnsan
o həddə gəlib çatır ki, artıq azadlıq, həyat,
ölüm, günah hissi, bütün dəyərlər
öz mənasını itirir. Bu, təkcə XX əsr
insanının deyil, bütövlükdə insanın
qüsurudur.
Kamyu 1946-cı ilin mart-may, 1949-cu ilin
iyun-avqust ABŞ və Güney Amerika ölkələrinə
səyahət zamanı apardığı qeydlərdən ibarət
"Səfər gündəlikləri"ndə yazır:
"Özümü
yenidən bu qədər gücsüz hiss etmənin
hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım
olacaq. İyirmi beş il ərzində özümü
yaratmalı və axtardığımı tapmalıyam.
Ardınca qocalıq və ölüm gəlir. Mənim
üçün ən əhəmiyyətli olan şeyi bilirəm.
Boş-boş danışmalar və qısır yoxsulluqla
vaxtı yelə verməyin yollarını da bilirəm.
İçimdəki iki-üç meylə hakim kəsildim.
Amma mənə gərək olan bu üstünlükdən nə
qədər də uzağam. İnsanlara xas istəklərim,
qaynar təbiətimlə bu unuduluş dənizlərinə,
ölümün sehrinə bənzəyən bu
ölçüsüz səssizliklərə uyğunlaşma
arzusu arasında sürətlə parçalanıb
qaldım".
Ancaq
qocalıq gəlməmiş ölüm özünü
yetirdi.
Kamyunun əsərlərində
həm də dini ekzistensialist ( ölüm qorxusu) ruhu aydın
hiss edilir. Bu da onun hələ gənc yaşlarından
ağır xəstəliyə düçar olması və
daim ölüm mələyinin qanadlarını öz üzərində
hiss etməsi ilə əlaqədardır. Amma onun
uşaqlıqdan qorxduğu ölüm mələyi ona xəstəlik
vasitəsilə deyil, müəmmalı avtomobil qəzası
ilə gəldi. Digər tərəfdən də dini
ekzistensialistlərdən fərqli olaraq Kamyu insanı fəlakətə
sürükləyən əməllərinin arxasında onun
bundan həzz alması faktının olmasına diqqəti cəlb
edir və bunu absurdizm adlandırır. Absurdla mübarizə
üçünsə, Kamyu onun hansı şəraitdə
mövcud olmasını, onun reallıq kimi qəbul edilməsinin
vacibliyini söyləyir. Məsələn, Kamyu "Sizif
haqqında əfsanə" əsərində yazır ki,
onun mənasız qəhrəmanlığını başa
düşmək üçün ruhən gərək
özünü onun yerində hiss edəsən. Sizif
daşı dağın başına çıxararkən
çox xoşbəxtdir, ancaq zirvəyə az qalmış
daşın yenidən əlindən çıxaraq geri
qayıtması da onun kefini pozmur. O, xoşbəxt adam kimi yenidən
zirvədən daşın dalınca qayıdaraq onu təkrar
zirvəyə qaldırmaq üçün tər
tökür. Ancaq yorulmur. Niyə? Ona görə ki, hökmən
daşı dağın başına qaldıraraq bundan ləzzət
alacağına əmindir. O, bunun absurd olduğunu və
heç vaxt istədiyinə nail ola bilməyəcəyini
anlamır. Ona görə də əziyyətinə baxmayaraq
özünü xoşbəxt hiss edir. Kamyunun əsərlərindəki
qəhramanların çoxunda da Sizif ruhu var. Onlar absurd əməllərindən
ləzzət alırlar, başlarına gələn hadisələrin,
onları gözləyən ölüm təhlükəsinin,
yaxınlarını itirməsinin, vicdanı ilə mübarizələrinin
təsiri altında hərəkət edirlər. Bununla belə
onun qəhrəmanlarının taleləri oxşar deyil və
bir-birinə bənzəmirlər.
Kamyunun
absurdizminin zirvəsində isə cəmiyyətin güc yolu
ilə dəyişdirilməsinin insanlara gətirdiyi fəlakətlər
dayanır. Kamyu bunu olduqca təhlükəli sayır. Bu
müstəvidə də faşizmi və stalinizmi kəskin tənqid
edən Kamyu yazır: "Cəmiyyəti zorakı yollarla dəyişdirmək
cəhdi qarşı tərəfin də analoji addımlar
atmasına gətirib çıxarır və bu qəbuledilməzdir.
Çünki zorakılıqdan zorakılıq doğur və
bunun qurbanları isə günahsız insanlar olur".
Bütün
bunlar da Kamyunun bəşəri insanpərvərliyini, onun haqq
və ədalətə sadiqliyini göstərir.
Onu da
xatırladaq ki, Nobel mükafatı alanda Alber Kamyunun 44
yaşı vardı. O, yazıçı üçün
yetkinlik dövrü sayılan yaşa yenicə qədəm
qoymuşdu. Apardığı qeydlərdən və
dostlarının xatirələrindən də
göründüyü kimi, böyük planlarla
yaşayırdı. Lakin bu planları həyata keçirmək
qismətində deyilmiş. Alber Kamyu Nobel mükafatı
alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında
həlak oldu. Gücsüzlüyün hüznü bir
ömrü rahat yaşamağa Kamyuya imkan vermədi.
Bir
neçə il bundan öncə İtaliyada çıxan
"Corriere della Sera" qəzeti sensasiyalı məlumatla
çıxış etmişdi. Qəzet kəşfiyyat məlumatlarına
əsaslanaraq Kamyunun ölümünə fitvanın o
dövrdə SSRİ xarici işlər naziri işləyən
Şepilov tərəfindən verildiyini yazırdı.
Çünki Şepilov KQB şefi ilə söhbətində
ona Kamyunun Avropada apardığı antisovet təbliğatının
sosializmin Qərbdə yayılmasına zərbə
vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından
şikayətlənmişdi. Şepilov həmçinin,
Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını
qan içində boğmasına qarşı
çıxmasından və dissident Boris Pasternakı Qərbdə
güclü şəkildə müdafiə etməsindən
narazılıq etmişdi.
O vaxt qəzanı
araşdırmaq üçün Fransada xüsusi komissiya
yaradılmışdı. Araşdırma zamanı məlum
olmuşdu ki, qəzaya səbəb əyləcin tutmaması və
təkərlərin gözlənilmədən boşalması
olub. Halbuki əyləcin tutmaması və təkərlərin
qəfildən boşalması üçün ciddi əsas
olmalı idi. Çünki maşın o dövrdə ən
etibarlı maşınlardan biri hesab edilirdi və üstəlik
də təzə idi. O vaxt rəsmi komissiya əyləcin nə
səbəbdən tutmamasının səbəbini izah etməkdə
çətinlik çəkdi və bunu adi qəza kimi dəyərləndirdi.
Ancaq kuluarlarda gedən söhbətlərə görə
SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları
öncədən əyləci və təkərləri
sıradan çıxarmışdılar. Bu versiya əhali
arasında indinin özündə belə dolaşmaqdadır.
Ancaq bunu sübut etmək üçün əldə
tutarlı fakt yox idi. Necə deyərlər, SSRİ kəşfiyyatı
adətən həmişə öz işini yüksək səviyyədə
həyata keçirir və iz qoymağı sevmirdi. Bu dəfə
də belə olmuşdu.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.31.