M.Ə.Möcüz Şəbüstəri
Qüdrətli Azərbaycan satirasının nəhənglərindən
biri olan, xüsusilə satiranın cənub qolunun
inkişafında və yüksəlişində mühüm
xidmətlər göstərmiş, zaman-zaman ədəbi tənqidin
maraq dairəsində yaradıcılığı daim
aktuallıq kəsb edən sənətkarlardan biri də
M.Ə.Möcüz Şəbüstəridir. Azərbaycan, Yaxın və
Orta Şərq ədəbiyyatının mütərəqqi ənənələri
əsasında yetişib formalaşan, ədəbiyyata,
xüsusilə satiraya yeni estetik
keyfiyyətlər bəxş edən Möcüz həm
dövrünün müasir fikirlərini poeziyaya cəsarətlə
gətirməyi bacarmış, həmçinin Cənubi Azərbaycanda
tənqidi realist satiranın yaranmasında da mühüm rol
oynamış bir sənətkardır. Onun
ümdə cəhətlərindən biri ondadır ki,
Möcüz ədəbiyyat aləminə gəlməsilə
satirada ictimai və sosial hadisələrə maraq artmağa
başlayır. Digərlərindən fərqli olaraq o,
yaradıcılığı dövründə xalqın bəsirət
gözünü açmaq üçün əlindən gələni
etdi, satiraları ilə xalqı şahlıq idarəsinə,
ölkədə hökm sürən rejimə, ölkəni
yarımmüstəmləkəyə çevirən Avropa
"işğalçılarına" qarşı
mübarizəyə səslədi. Məhz onun
ardıcıl ədəbi fəaliyyəti ölkədə
istibdadın dayaqlarını sarsıtdı, İranda və
Güney Azərbaycanda azadlıq və demokratik fikirlərin
yaranmasına güclü təsir göstərə bildi.
O, XIX əsrin ikinci yarısından başlayaraq İranda və
Cənubi Azərbaycanda formalaşan maarifçi tənqidi
realizmdən bəhrələnərək sələfləri
kimi hakim rejimin xalqa qarşı çevrilmiş siyasətini
satiralarında ifşa etməklə, yaşadığı
dövrün ziddiyyət və istibdadın dayaqlarının tənqidini
verməklə azadlıq və demokratiyanın
inkişafına yol açdı. M.Ə.Möcüz Mirzə
Cəlilin, M.Ə.Sabirin ləyaqətli davamçısı
kimi çıxış edərək onların Şimali Azərbaycanda
gördükləri işi o, vətənin cənubunda ləyaqətlə
həyata keçirir, Cənubi Azərbaycanda
başqalarından fərqli olaraq poeziyaya qlobal siyasi
mövzular gətirirdi. Filologiya elmləri namizədi F.Xəlilov
yazır: "70-ci illərədək aparılan bu tədqiqatlar
Möcüzün yaradıcılıq yolunu sistemli şəkildə
öyrənmək üçün uğurlu
başlanğıc olsa da, bu iş sonralar davam etdirilməmiş,
son 20 il ərzində bir durğunluq əmələ
gəlmişdir." Bu böyük sənətkarın
yaradıcılığı haqqında "XX əsr Cənubi
Azərbaycan satirasının inkişafında
M.Ə.Möcüzün rolu" adlı fəlsəfə
doktoru alimlik dərəcəsi almaq üçün təqdim
edilmiş dissertasiyanın müəllifi Sakibə
İsmayıl qızı Ələsgərova isə
adını çəkdiyimiz dissertasiyanın avtoreferatında
qeyd edir ki, M.Ə.Möcüz
yaradıcılığının tədqiqinə XX əsrin
40-cı illərində, əsərlərinin jurnalist-tədqiqatçı
Qulam Məmmədli tərəfindən Təbrizdə ərəb,
Bakıda kiril əlifbası ilə nəşrindən sonra
başlanmışdır. Lakin
M.Ə.Möcüz irsinin tədqiqi həmişə
ardıcıl və məhsuldar olmamışdır. Bir mülahizəni eyni ilə F.Xəlilovun
"M.Ə.Möcüzün yaradıcılıq yolu"
(1982) mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən
sonra 20 ilə də aid etmək olar. Dövri mətbuatda
dərc olunmuş 1-2 məqalə (Məsələn, professor
T.Əhmədovun "Gələcəyə inanan şair"
və M.Niqabinin "İlahi, ildırım göndər"
(ədəbi oçerk), K.Məmmədovun "XX əsr Azərbaycan
gülüşü", milli satiranın inkişafı
kontekstindən təhlillər (T.Novruzov "Sabir ədəbi
məktəbi") və s. istisna edilərsə, demək olar
ki, bu sahədə ciddi və konkret bir iş görülməmişdir.
Bu baxımdan düşünürük ki, 20 ildəki
boşluğu qismən doldura bilən Sakibə İsmayıl
qızının "Azərbaycan satirasının
inkişafında M.Ə.Möcüzün rolu" adlı
dissertasiyası diqqəti cəlb edir. Doğrudur,
M.Ə.Möcüz haqqında kifayət qədər məqalələr,
elmi işlər, oçerklər, nəhayət, dissertasiyalar
yazılmışdır. Bu əsərlərin
hər biri M.Ə.Möcüz kimi sənətkarın
yaradıcılığının müəyyən istiqamətini
əks etdirir. M.Ə.Möcüzü isə
istər Güney, istərsə də Quzey Azərbaycan ədəbiyyatında
daha çox tanıtdıran, ona ədəbiyyatımız
tarixində özünəməxsus şərəfli yerlərdən
birini tutmasına səbəb şübhəsiz ki,
satiralarıdır. Bir də diqqəti çəkən
məqam odur ki, böyük M.Ə.Sabirin, bənzərsiz C.Məmmədquluzadənin
yorulmaz davamçısı, onların tutduqları dönməz
yolu tutan M.Ə.Möcüz Şəbüstəri onların
vətənin şimalında gördükləri işi o vətənin
cənubunda görürdü. XX əsr İranda və Cənubi
Azərbaycanda baş verən siyasi, iqtisadi və xüsusilə
Azərbaycan xalqının taleyüklü məsələlərini
poeziyanın işığında qələmə alan böyük sənətkar həm tarixi məsələləri,
həm də bu tarixin xalqın həyatında
oynadığı bütün hadisələri satiranın
dili və köməyi ilə gündəmə gətirməyi
bacarırdı. Tarixi mövzuya müraciət etmək tarixi təhrif
etmək üçün deyil, əksinə, tarixə
işıq salmaq, lazımi an və məqamları
poeziyanın dili ilə tarixiləşdirmək olduğunu dərk
edən böyük sənətkar təsadüfi deyildi ki, tənqidi
realizm yolunu tutaraq xalqın acınacaqlı vəziyyətə
düşməsinin, ölkənin xarici imperializmin əlində
çapaladığının əsas səbəblərinin
şahlıq rejimi olduğunu cəsarət, böyük vətənpərvərlik
və təəssübkeşliklə qələmə alaraq
xalqı oyatmağa, dostla-düşməni bir-birindən
ayırmağa səsləyirdi. Onu da qeyd edək
ki, onun səsi ölkədə, xüsusilə xalq arasında
lazımınca eşidilirdi.
Cənubi Azərbaycanın Şəbüstər şəhərində
anadan olan Möcüz 16 yaşında maddi imkansızlıq
ucbatından ölkəni tərk etmək qərarına gəlir. 16 il
İstanbulda yaşamalı olur. İctimai-siyasi
proseslərin mərkəzinə düşən, Türkiyənin
vəziyyətinin də bir o qədər ürək açan
olmadığı qənaətinə gələn gəncdə
ümumiyyətlə həm şahlıq, həm də
sultanlıq rejiminə qarşı ikrah hissi yaranır. Bu çətinliklərə baxmayaraq, İstanbul
mühiti ona müsbət təsir edir, bu mühitin ədəbi
ictimaiyyətilə olan təmas onun
dünyagörüşündə, həm də
yaradıcılığında mühüm dönüş
yaradır.
Vətəndə - Güney Azərbaycanda və
bütünlükdə İranda baş qaldırmış
xalq hərəkatı, insanların öz hüquqları
uğrunda mübarizəyə qalxması onu vətənə
dönməyə sövq edir. Şairin vətənə
dönməsi onun inqilabi hərəkatın təsirilə dərc
olunan bir sıra mütərəqqi mətbuat orqanları ilə
əməkdaşlığı bir daha göstərir ki,
M.Ə.Möcüz Şəbüstəriyə həmin illərdə
İranda artıq məşhurlaşan "Molla Nəsrəddin"
dərgisinin də böyük təsiri olur. Məhz həmin illərdə çıxan mütərəqqi
mətbuat orqanları ilə əməkdaşlığı
və çap olunan şeir və felyetonlarında ifadə
olunan güclü satira onun molla nəsrəddinçilərlə
birləşdiyini və bu məktəbin qüdrətli
nümayəndəsi olduğunu bir daha göstərir.
Məlumdur ki, istər Quzeydə, istərsə də
Güneydə XIX əsrin sonları, XX əsrin əvvəlləri
müxtəlif ictimai-siyasi fikirlərin və ziddiyyətlərin
mövcud olduğu bir dövr kimi xarakterizə olunur. Məhz bu
ziddiyyətlərin içərisindən sağlam
düşüncə, qüdrətli yaradıcılıqla
çıxan Şəbüstəriyə təbii ki,
"Molla Nəsrəddin" və mollanəsrəddinçilərin
böyük təsiri olmuşdur. Bu təsirin
nəticəsi idi ki, "Payidar olsun cahan içrə demokrat
firqəsi" deməklə özünün tutduğu yolu
bütün millətə elan etmiş oldu. O,
bütün yaradıcılığı boyu, əzilən,
haqqı tapdanan insanların haqq və hüquqları
uğrunda əzmlə mübarizə apardı.
Səttarxan hərəkatına qədərki
dövrün ədəbiyyatı daha çox maarifçilik
xarakterli, cəmiyyətdə əsaslı islahatların
aparılmasına çağırışlar diqqətdə
olmuşdu. Səttarxan hərəkatının baş verməsilə
əlaqədar olaraq insanların istək və arzuları
yeniləşdiyi kimi, ədəbiyyat da dövrün tələbinə
uyğun dəyişməyə başlayır. Ədəbiyyat maarifçilikdən birdən-birə
inqilabi satiraya üz tutaraq M.Möcüzün sayəsində
özünün pik zirvəsinə çatır. Qeyd edək ki, XX əsrin I yarısından
başlayaraq Şimali Azərbaycandan olan ilk mühacirlərin
də İrana gəlməsi, burada siyasi proseslərə təkan
verir. İrana ilk dəfə olaraq modern
Avropa qəzet formasını gətirən də həmin illərdə
İrana mühacirət etməyə məcbur olan M.Ə.Rəsulzadə
olmuşdur. Bunu sonralar İranın
tanınmış ziyalıları olan Hüseynqulu Nəvvab,
Süleyman Mirzə, Seyid Həsən Tağızadə və
digər demokratik görüşlü ziyalılar da öz
çıxış və yazılarında dəfələrlə
qeyd etmişlər. Çünki bu qəzetlərin
səhifələrində böyük mütəfəkkirlərin
siyasi-publisistik yazılarıyla bərabər ədəbi-kulturoloji
məqalələri, şeir və tərcümələri də
geniş yer alırdı.
Cənubi Azərbaycan ədəbiyyatına dərindən
bələd olan akademik M.İbrahimovun XX əsrin I
yarısı Cənubi Azərbaycan şeirinin istiqaməti
haqqında söylədikləri dediklərimizi bir daha təsdiqləyir. Belə ki,
hörmətli alimimiz qeyd edir ki, ilk yerdə - demokratikləşmə,
azadlıq, ictimai quruluşun kökündən dəyişdirilməsinə
çağırış edən şairlər dururdusa, bir
qism şairlər onlardan fərqli olaraq açıq inqilabi
fikirlər təbliğ etmir, lakin cəmiyyətdə
islahatların aparılmasının vacibliyini dərk edirdilər.
Bir qism şairlər də ənənəvi səpkidə
şeirlər yazaraq insanları paklığa, təmiz əməllərə
səsləyən, lirik şeirlər yazırdılar. Bu mənada böyük alimimizin fikirlərindən nəticə
çıxararaq belə qənaətə gəlirik ki,
M.Ə.Möcüz birinci qismə məxsus şair olaraq Cənubi
Azərbaycan satirasının inkişafında müstəsna
yaradıcılığa malik bir sənətkar olmuşdur.
Çünki o, elə sənətkarlardan idi
ki, nə istibdadın zülmündən, nə də
şahlıq üsul-idarəsindən qorxmayaraq cəmiyyətin
bütün eybəcərliklərini, daxilində baş
qaldıran etirazını şeirə çevirərək həmvətənlərinin
gözlərini açır, onları açıq-aşkar
mübarizəyə səsləyirdi. Görkəmli
jurnalist və tədqiqatçı Q.Məmmədli
Möcüzün özünün yazdığı tərcümeyi-halından
şairin həyat yolunu bu sözlərlə təsvir edir:
"Təxəllüsüm Möcüz, adım Əlidir. Mən 16 yaşında ikən o vəfat etmişdir.
Həmin ildə İstanbula getdim, orada 16 il
qaldıqdan sonra qayıtdım və vətənimin ağlar
halını görüb, növhaxanlığa
başladım. Mənim
bu növhaxanlığım axundların xoşuna gəlmədi,
mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat
verdilər - məni çağırmadılar, toy oldu - mən
iştirak etmədim. Bununla belə
axıradək vuruşdum, yəni yazdım, özü də
ana dilində yazdım. "Yazılarımı
saxlamamışam, yoldaşlara və dostlara vermişəm,
onlardan bəziləri yığıb saxlayıblar".
Böyük şairin son sözləri bir daha göstərir
ki, onun istər Təbrizdə, istərsə də Bakıda
çap olunmuş kitabları natamamdır. Belə ki,
onun şeirlərinin güman etmək olar ki, böyük bir
qismi itib-batmış, bir qismi də ayrı-ayrı
adamların evlərində saxlanılmaqdadır. Çap olunmuş əsərlərinin bir qismində
natamamlıq, müəyyən qüsurlar nəzərə
çarpır ki, bütün bunlar da görkəmli, vətənpərvər
şairin kitablarının özünün
sağlığında çap olunmaması ilə əlaqələndirmək
olar. Şairin özünün də
yazdığı kimi "həmişə ana dilində
yazdım" cümləsi bir daha şairin vətəndaşlıq
qeyrətindən və doğma ana dilimizə olan sevgi və rəğbətindən
irəli gəlir. Təsadüfi deyil ki, şeirlərinin
birində belə deyir:
Dünən
şeir ilə bir namə apardım şahi-iranə,
Dedi: Torki
nəmidanəm, məra to beccə pəndari?
Böyük şairin yazdığı bu şeirdə
çox mətləblər açılır. Şair bu
şeiri elə bir vaxtda yazmışdı ki, Azərbaycan
dilində nəinki şeir yazmaq, idarələrdə, məktəblərdə
demirik, hətta məişətdə belə danışmaq
qadağan edilmişdi. Möcüzün
böyüklüyü onda idi ki, o bütün qadağa sədlərini
vurub-dağıda bilmiş, çoxmilyonluq Azərbaycan
xalqının adından danışmağı bacara
bilmişdi. Qulam Məmmədlinin
yazdığına görə, "Mirzə Əli
Möcüzün şeirlərindən ancaq ikisi öz
sağlığında - 1921-ci ildə, "Molla Nəsrəddin"
məcmuəsi Təbrizdə çap olunduğu zaman çap
edilmişdir. Bunlardan biri - imzasız verilmiş "Olsun
gərək", digəri isə "Şəbüstər
hamamları"dır ki, "Tazə şair" imzası ilə
buraxılmışdır. Bununla belə
Möcüz bir şair kimi öz vətənində çox
məşhur idi. O öz şeirlərini məktub vasitəsilə
dostlarına göndərir və beləliklə, əsərləri
xalq arasında yayılırdı. Onun satirik
şeirləri Cənubi Azərbaycanda hakim təbəqələri
amansızcasına ifşa edirdi. Şairin əsərlərinin
öz sağlığında çap edilməməsinin əsas
səbəblərindən biri də bu idi".
Həmişə elmə, maarifə yüksək qiymət
verən şair yaradıcılığında yeri gəldikcə
kəmsavad din adamlarına da münasibət bildirir, onların
xalqı avamlıq və cəhalətə sürüklədiklərini
qəlb ağrısı ilə qələmə
alırdı.
"Dövran mənimdir" şeirində olduğu kimi:
Elədim
bir neçə mollalər ilə razü niyaz,
Anladım
ki, o cəmaətdə kamal azdı bir az,
Dedim: Ey
qövm, qılın siz mənim arxamda namaz,
Yetirim mən də sizə dirhəmü dinar kəsir.
Böyük şairi daha çox xalqın savadlanması
xüsusilə qızlarımızın təhsil alması
daha çox düşündürdüyü
üçün ömrü boyu bu yolda mübarizə
apardı. Şərq qadınının mövhumatın pəncərəsindən
xilas olmasının birinci şərtinin maarifdə
olduğunu bütün varlığı ilə dərk edən
şair bu yolda vuruşmuş, mübarizə aparmış, nəhayətdə
1932-ci ildə Şəbüstərdə ilk qızlar məktəbinin
açılmasına nail olmuşdu.
M.Ə.Möcüzün
böyük istedadı, ictimai-siyasi həyatın bütün
sferalarına daxil ola bilməsi, vətəninə,
elinə sədaqəti, İran mühitinin sosial mənzərəsini
ustalıqla yarada bilmək qabiliyyəti, təzadlı həyat
səhnələrini özünəməxsus ustalıq və
həssaslıqla təsvir etmək bacarığı onu Cənubi
Azərbaycan satirasının inkişafında yeni bir mərhələnin
yaradıcısı kimi tanıtdırdı. Bu mənada onun
"Bir məsləhət", "Nəhrəvan şeyxləri",
"Candan keçmişik", "Saqi", "Gələ",
"Gəlməyəydim cahana kaş",
"Bahalıq", "Şah Firəngistandadır",
"Xalqı bidar eylərəm", "Mən neyləyim"
və onlarla satiraları həmçinin "Amandı dur məzardan!",
"Yaran, dünən çəməndə" adlı bəhri-təvilləri
çox xarakterikdir.
Bir daha nəzərə çatdırırıq ki, şairin əsərləri onun sağlığında çap olunmadığı üçün əldən-ələ keçən bu şeirlərin bir qismində misra natamamlığı, müəyyən qüsurlar mövcuddur. İkinci misrada olduğu kimi. Çox güman ki, istedadlı şair ikinci misrada "viranə" yaxud "pis" sözlərini işlədib. Qulam Məmmədli onun seçilmiş əsərlərini çapa hazırlayarkən özünün də qeyd etdiyi kimi qüsurları islah etməmiş olduğu kimi verməyi daha münasib bilmişdir. Bütün bunları nəzərə alaraq düşünürük ki, M.Ə.Möcüz Şəbüstərinin yaradıcılığı yeni tədqiqatçılarını gözləyir. Vətənpərvər şairin əsərlərinin yenidən islah olunmuş variantının çap olunması qarşıda duran mühüm vəzifələrdəndir. Çünki onun haqqında yazılan hər bir əsər, hər bir məqalə şairin adını əbədiyaşarlığını təmin edir, onu xalqın hafizəsindən silinməyə qoymur. Bunu hələ sağlığında duyan və hiss edən Şəbüstəri yazırdı:
Əgər olmasaydı cahanda midad,
Kim eylərdi Xəyyami, Sədini yad?
"Süxəndani-şirin zəmanü bilad"
Qələmdir, qələm, bərəkallah, qələm!
İnanırıq ki, Güney Azərbaycan
poeziyasında tənqidi realizmin əsasını qoyan,
xalqın içindən çıxan bu vətənpərvər
və cəsarətli şairin yaradıcılığı
daim diqqət mərkəzində olmalı, ona yenidən
müraciət edilməli, istər əsərlərinin tam
variantı, istərsə də
yaradıcılığının digər aspektləri
öyrənilməlidir.
Almaz
Əliqızı
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.28-29.