Marsel Prust anasından
savayı heç bir
qadını sevmədi
"Longtemps,
je me suis couchy de bonne heure". Böyük yazıçı
Marsel Prustun "İtirilmiş zamanın
axtarışında" əsərinin birinci cümləsi
belə başlanır. Tərcüməsi belədir:
"Çoxdan erkən yatmağa öyrəncəliyəm".
Qəribə müəllifin qəribə romanı.
Şotlandiyanın müasir yazıçısı Endryü
Krumi "Mister Mi" əsərində yazır ki, Prust
yuxusuzluqdan və astmadan əziyyət çəkib.
Kitabın sonunda tələbələrə məsləhət
görür ki, "İtirilmiş zamanın
axtarışında" romanındakı Berqotun ölümünü
diqqətlə oxusunlar və nəticə
çıxarsınlar. Onun fikrincə, həmin əsər
yeni yazarlar üçün ideal öyrədici mənbə
rolunu oynaya bilər.
Azərbaycan
oxucuları Marsel Prustun yaradıcılığı ilə
ilk dəfə rus dilində tanış olublar. Kitabın rəflərdə
toz basmadığı həmin illərdə
yazıçının əsərləri milyon tirajlarla dərc
edilib. Hər bir evdəki kitab guşələrində klassik
yazıçıların cərgəsində onun da əsərlərini
görmək olardı. Prust tarixi əsərlər yazar,
çoxmilyonlu oxucuların nəzərindən düşməz,
rəğbət dolu ürəklərdə yaşayardı.
O, elə indi də oxunur.
Marsel
Prust 1871-ci ildə Paris ətrafındakı qəsəbədə
doğulub. Valideynləri Paris kommunasının əlindən
qaçaraq adıçəkilən qəsəbəyə
sığınıblar. Atası məşhur həkim olub,
anası Janna Veyl varlı yəhudi maliyyəçilərinin
nəslindən çıxıb. Prust ana tərəfdən
Karl Marksın qohumu sayılıb.
Marsel
uşaq vaxtı heç də yaxşı oxumayıb.
Düzdür, ədəbi əsərləri çox
mütaliə etsə də, məktəbdə həmişə
danlaq yeyərmiş. Marsel universitetin hüquq fakültəsinə
meyil göstərib. Təhsilini yarımçıq
saxlamasının yaxşı mənada günahı filosof
Anri Berqsonun mühazirələrində olub. O, hüquq
fakültəsində oxuyarkən tez-tez Berqsonun mühazirələrinə
qulaq asmağa tələsərmiş. Özünə iş
axtarması isə uzun çəkib. İlk iş yerini
kitabxanada tapıb. Və tez də xəstəliyinə görə
uzunmüddətli bülleten açdıraraq yeni iş yerindən
uzaqlaşıb, şəhərdə gəzib, günlərini
ədəbiyyat adamlarının arasında keçirib. Sual
oluna bilər ki, bəs Marsel necə dolanıb? Onun
üçün bu problem deyildi. Ailəsi varlı
olduğundan yazıçı kitabxana məvacibinə qalmamışdı.
Onun üçün əsas mənəviyyatını zənginləşdirmək
idi.
Marsel
Prust daim filosofların mühazirələrinə qatılar,
böyük yazıçılarla görüşə can
atar, yeni dərc edilən kitabları alıb yanğı ilə
oxuyar, hər detal üzərində saatlarla düşünərmiş.
Məhz bu səbəbdən Prustun əsərlərində
detallara çox varılır. Ancaq zəhlətökən
detallar yox, hadisələrin inkişafında vacib
sayılası xırdalıqlar. Bu cəhəti onu oxucuya daha
da sevdirib.
İlk
yazılarını oçerk və novellalar təşkil
edir, 1896-cı ildə hekayə və esselərdən ibarət
kitabı dərc olunub. Sonra tərcümə işinə
girişib. Daha sonra siyasətə qoşulub. Varlı ailənin
oğlu bilmirdi nə ilə məşğul olsun ki
içinin boşluğu dolsun. Getdikcə irihəcmli əsərlər
yazmağa özündə baza tapıb. Hiss edib ki, bildikləri
romanlar yazmasına əsas verir. Ancaq ağır-ağır
yazıb. Çünki hələ 9 yaşında astma xəstəliyinin
ilk əzabını duyub. Və həmin yaşdan etibarən
bütün ömrü boyu həmin xəstəlikdən əzab
çəkib.
1903-cü
ildə yazıçının atası, iki il keçməmiş
anası vəfat etdi. Əzablı günləri şiddətləndi.
Heç olmasa valideynləri sağ ikən astmadan əzabları
başlananda yardım edərdilər. Əlbəttə,
varlı Prust həkim və tibb bacılarını evə
çağırıb lazımi tibbi məsləhətləri
yerinə yetirər, həblərini atardı. Ancaq valideynləri
ona mənəvi dəstək olardılar. Prust mənəvi
istiliyi həkimlərdən ala bilmirdi. Digər əzabverici məqam
anasının arzusunu yerinə yetirməməsi ilə
bağlı idi. Anası həmişə onu böyük
yazıçı kimi görmək istəyirdi. Öləndə
oğlunu hələ də hekayə və esseler yazan ortabab
yazıçı kimi gördü. Məhz bu səbəbdən
Marsel Prust özünü bağışlaya bilmirdi. Ancaq
özündə güc tapdı. Söz verdi ki, böyük
yazıçı olmaqla anasının ruhunu sevindirəcək.
Veyil-veyil gəzməyinə ara verdi, mühazirələrə
qatılmadı, eləcə masa arxasına keçib gecə-gündüz
yazdı. Həmin günlərdə yazıçı barədə
qəribə söz-söhbət gəzirdi. Fransada
danışırdılar ki, xəstə yazıçı
Osman bulvarında iki otağı kirayəyə
götürüb. Divarları palıd ağacından olan bu
otaqları ona görə seçib ki, çöldəki səs
içəri girməsin, rahat yazsın. Pəncərənin pərdəsi
isə heç vaxt açıq olmaz, günəşin şəfəqi
düşməzmiş. Günortalar yatar, gecələr
yazarmış, sobada kartof qaynadıb yeyər, hər tərəfi
bağlı avtomobillə şəhərə gedərək
müşahidələr apararmış. Bəlkə də
belə rəvayətlərdə həqiqət izi
varmış, bəlkə də yox.
Ancaq bircə
o məlum oldu ki, Prust "İtirilmiş zamanın
axtarışında" romanının ilk cildini yazıb.
1913-cü ildə onun əsərini dərc edəcək nəşriyyat
tapılmadı. Daha doğrusu, nəşriyyatlar belə əsərə
pul ayırmağa risk etmədilər. Yazıçı
öz hesabına ilk kitabını nəşr etdirdi. Ancaq tənqidçilər
çox da əhəmiyyət verməyib əsərə
laqeyd yanaşdılar. Sanki belə bir kitab, belə bir əsər
ərsəyə gəlməmişdi. 1919-cu ildə Marsel
Prustun romanının ikinci cildi işıq üzü
gördü və həmin əsər Honkurov mükafatına
layiq görüldü. Tənqidçilər anladılar ki,
Prusta qarşı haqsızlığa yol veriblər. Brilyant
palçığa batdı, lakin parlaqlığını
itirmədi.
Prusta
böyük şöhrət gəlmişdi. Lakin 3 il sonra o,
ağ ciyər sətəlcəmindən vəfat etdi:
ağrı və əzablar içində. Ancaq ölməzdən
əvvəl kitablarında müəyyən dəyişikliklər
etməyi bacardı. Marsel Prust ölərkən
yaxınlıqda heç bir qadın olmayıb. Çünki
o, anasından savayı heç bir qadını sevmirmiş.
Prustun əsərlərində
XIX əsr Fransasının bütün
yazıçılarının ənənəsi duyulub.
Balzakın illüziyaları, Floberin gerçəkliyi,
Stendalın daim qabartdığı psixoloji məqamları -
Prust bütün bunları əsərlərində cəmləməyi
bacarmışdı. Yazıçının çox
oxunmasına səbəb də bu idi: İllüziya, gerçəklik
və psixoloji məqamlar. Prustun fəlsəfəsi yalnız
ardıcıl subyektizmlə məhdudlaşmırdı, həm
də içində ardıcıl idealizm də hökm
sürürdü: "Həqiqət, gözəllik, xoşbəxtlik
yalnız daxilimizdədir" anlamı. Biz sevgini
özümüzdə daşıyırıq, bu, ürəyin
tələbatıdır. Sevimli qadın isə - sadəcə
təsadüfdür. Prustun üslubunu mikroskopik üslub
adlandırıblar: sanki insan əşyanın içinə
girir. O, Avropanın modernizm duetini - Coys və Kafkanın
sırasını zənginləşdirib trio yaratdı:
Coys-Kafka-Prust triosu.
Yeni əsrin
başlanğıcında baş verən hadisələr əsərlərinə
təsirsiz ötüşdü. Əsərlərindəki əsas
məqamlar XIX əsrlə bağlı oldu. Əsasən,
Fransa-Prussiya müharibəsinin təsirləri kitablarında nəzərə
çarpdı. Bəlkə də, 1922-ci ildə vəfat etməsəydi,
Ümumdünya maliyyə böhranını, İkinci
Dünya müharibəsini, ölüm düşərgələrindəki
vəhşətlər də əsərlərinə nüfuz
edərdi. Və bu onun təqdimatında çox möhtəşəm
alınardı.
Kommunanın
tüfənglərinin əlindən qurtulan Prust ailəsində
doğulan Marsel sağlığında orduda xidmətə
göndərilmədi, astma xəstəliyi bu arzusunu ürəyində
qoydu. Heç hündürlüyü də hərbə
uyğun gəlmədi: 1. 68 santimetr. Həyatının ikinci
hissəsini astma xəstəliyinin əzabları içində
yaşayan yazıçı tezliklə öləcəyini
duyurdu. Məhz bu səbəbdən "İtirilmiş
zamanın axtarışında" əsərinin cildlərini
yazıb nəşriyyatlara təhvil verirdi. Həmin əsər
15 cild oldu. Antuan Ekzüperi hesab edirdi ki, "bu, Prustun
avtobioqrafiyasıdır". Əksər yazıçılar
onunla razılaşmırdılar: "Prust elə də
çox yaşamayıb ki, 15 cildə yerləşsin". Hər
halda bu məsələ hələ də çözülməyib.
Yazıçının bioqrafı Alen de Botton yazırdı
ki, Marsel Prustun əsərlərində ənənəvi fəslsəfi
problemlər mövcud olmayıb. O, yalnız həyatdakı
vacib suallara cavab tapmağa çalışıb. İnsanlara
ən çətin anlarında nəyi necə etməyin
yollarını obrazların dili ilə
çatdırmağı bacarıb. Anladıb ki, hər
çətinlikdən çıxmaq mümkündür.
Budur, onun əsərlərinin insanlara faydası. Xəstəliyi
isə obrazlarının faciəsini mükəmməl şəkildə
əks etdirməsinə imkan yaradıb. Dahi
yazıçılar düşünür ki, Prust xəstəlikdən
əziyyət çəkməsəydi də, faciəvi taleli
insanların daxili dünyasını əsərlərində
təsvirini verə biləcəkdi. Çünki o, hər
yazıçıya məxsus olmayan xüsusi istedadla
doğulmuşdu.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.27.