İnsan mənzərələri
Pirayə xanıma
Ləman -
yaşı bəlli deyil,
bəlkə on üç,
bəlkə iyirmi,
əsmər
və arıqdı.
Burnu qıpqırmızı,
üzü dəyirmi
və insanı
təəccübləndirəcək qədər
yekədir
yaşıl plaşının altında
məmələri...
Vədat -
on səkkiz yaşında,
yoğunpeysər,
boynunda altıoxlu qalustuk,
üzündə
sızaqlar var,
elə hey danışır:
"Heç bir yerin
hamamına bənzəməz
Bursa hamamları,
hələ "Fərəhəfza"
-
bağ-bağat içində bir otel,
müştərilər təmiz,
qiymət də
elə baha deyil,
üç-beş
papel,
müəyyən qədəri
sahibkara
çatır...
Keçən il
bir erməni qızı apardım,
erməni milləti bicdi,
bizim türklərə bənzəmir.
Özünü tutdu,
cehizini düzəltdi,
gavur adəti... olur...
alana da xoş,
gedənə də xoş...
Qızlardan
biri
Vədatdan soruşdu:
- Sənə nə verəcəyik,
haqq
olaraq...
- Siz heç nə...
Mən
otel sahibindən
bir papel alıram...
hər
dəfə üçün,
vasitəçi kimi...
İndi
mövsümdü...
Bəxtiniz gətirsə...
gündə on beş dəfə...
bəlkə
daha çox...
Bir hesabla,
gör, hara vurub çıxır?
Bursanın da gözü
xas mal görsün qoy...
İstanbul
qızlarının
ən gözəlləri
kadıköylülərdir deyə
yazır qəzetlər...
Səhərdən bəri
ilk dəfə
yerində qurcalandı
nəqqaş Ömər,
üzünü Rəcəbə tutub:
- Bir siqaret ver, - dedi.
Rəcəb
sürətlə önündən
keçib
getdi,
geri dönərkən
atdı
siqareti...
Nəqqaş Ömərin atası
müftü idi.
Evinin içində
Hindistan cevizindən
düzəldilmiş təsbehlər,
kətan
canamazlar,
və Quranın
xəttat Osmandanqalma
qızıl haşiyəli əlyazmaları...
Fəqət,
bir dənə də olsun,
hamam, karvansara sənədi,
dəmiryol səhmi yox idi.
Müftü əfəndi
ağappaq, kök bir adam idi,
Ömərsə sısqa, xəstə
bir uşaq -
ərəbcəni öyrənə bilmədi,
farscanı öyrənə bilmədi,
Əhmədiyyə kitabında
cənnət qapılarına
baxıb:
- Bunlar ki, Dolmabağça
qapılarının eynidir, - dedi
və başladı
dürlü-dürlü
naxışlar
vurmağa...
Müftü əfəndi
məşrutiyətdən əvvəl
vəfat etdi.
Arvadları -
əllərinə nə keçdi -
təsbeh,
canamaz,
Quran...
götürüb
getdilər...
O dağıthadağıtda
iyirmi yaşındaydı Ömər.
Quranın
xəttat Osmandanqalma
qızıl haşiyəli
əlyazmalarını satıb,
pullarını
Parizyana barında
yelə verdi...
Balkan müharibəsinə
könüllü getdi.
Əsir düşdü.
Geri dönəndə,
Kalpakçılarda
nəqqaşlıq etdi.
Əhmədiyyənin
Firdovs qapılarının
üstündəki
naxışlar
batist üzərində
canlanmağa başladı.
Taxta dükan,
taxta qəlib,
taxta çömçə-qaşıq...
Və
axşamlar
şərab dolu
qırmızı
bardaq
və
əsirlikdənqalma
bir az qulampərəstlik -
xoşbəxt yaşayırdı
Müftü oğlu
Ömər əfəndi,
ta ki İtaliyadan
hazır kağız ülgülər
gələnə
qədər...
Çünki
kağız ülgülər
bağladı
bir-bir
nəqqaş dükanlarının
qapılarını,
bir daha açılmamaq üzrə...
Rəcəb
yenə sürətlə
geri
dönərkən
fırlatdı kibriti Ömərə...
Əli,
stolun üstündə
üzüqoylu yatır,
köynəyinin kürəyi
cırıq-cırıqdı.
Ləman su başına
getdi.
Neclə Vədata dedi ki:
- Qardaşım,
bu sısqa qızı
aparmayaq,
Belində soyuqluq var -
keçən il İzmirdə tutdu,
hər yeri çürüyür,
piltə-piltə tökülür,
həm də inanma,
yalan deyir,
kadıköylü
deyil...
Dənizdə
balıq qoxusu,
döşəmələrdə
taxtabitilərlə gəlir
Heydərpaşa
vağzalına bahar.
Gözləmə salonunda
oturacaqlarda deyil,
qapıya yaxın,
beton divarın dibində
çöməlmişlər,
nimtələrində mavi düymələr,
sarı qumaş
şalvarlarının
dizləri
yırtıq,
qırmızı saqqallı
iki bolqarıstanlı mühacir.
qəzəbsiz kədərlə
danışır biri:
- Yövmülbetər,
betərdən betər,
sonra yetər
pulun bürüncü,
insanın bici,
hamısımı belədir,
amma yaxşısı da var...
Bayırda,
perronda
hərəkət etdi 15:45 qatarı.
Bu qatar
yataqlı vaqonları
olmasına rəğmən,
qatarların ən bərbadıdır,
yəni,
altı quruşluq
siqaret kimi
bir
şeydir...
Qalib usta
dustaqlarla sağollaşıb,
döndü gözləmə salonuna.
Əyləşdi
nəqqaş Ömərdən
bir
az aralıda.
Əli
masanın üstündə
üzüqoylu
yatır.
Rəcəb
birdən-birə
radiatorun
önündə
dayandı,
fırlatdı düyməni
istidən soyuğa,
soyuqdan
istiyə.
Sonra
bir təpik atdı borulara
və bağırdı səsi gəldikcə:
- Kəsməli yer üzündən
kökünü
cuhudların,
tez gəl,
Hitler amca,
hardasan?
Rəcəb qaynaqçı idi
və
səhərdən bəri
gözləyirdi ki,
Moiz anaşa gətirsin...
Qalib usta
Hitlerə nə dost idi,
nə düşmən,
Ancaq Rəcəbə
acığı tutdu.
Baxdı
bolqarıstanlı mühacirlərə.
Yenə
eyni hirssiz kədərlə
danışırdı
qırmızı saqqallılardan biri:
- Gedər
İbrahim peyğəmbərə
deyər
ki, hərif,
qarğalar gördüm -
peyindən qalxıb,
budağa qonub,
əzan verirlər.
Adam gördüm,
çayın başını kəsdirib,
bütün suyunu içir -
qoymur axsın.
Ceyran gördüm,
qaçıb getmir,
düşüb ovçunun arxasınca:
- Vur, vur məni, - deyir.
İbrahim peyğəmbər də
deyər ki, hərifə:
- O qarğalar ki, gördün,
fırıldaq mollalardır.
O adam ki,
çayın suyunu
tamam
içir,
dövlətdir,
çayı öz başına qoymur,
içir, içir, doymur...
O ceyran ki, var,
günahlarımızdı,
düşür ovçuların
arxasınca,
ovçular da
puldu, pul...
Əli
masanın üstündə
yatır üzüqoylu,
köynəyinin kürəyi
cırıq-cırıq,
qumral saçlıbaşı
biləklərində...
Birdən
Rəcəb bağırdı:
- Bura karvansaradı,
oteldi,
nədi,
qalx dəliqanlı!
Əli
qımıldanmadı.
- Ey, səninləyəm!
Əli
qımıldanmadı.
Rəcəb
tutub dəliqanlını kürəyindən
çevirdi
arxası üstə.
Əlinin başı yana
düşdü,
Əli çoxdan
ölmüşdü...
Qızıltorpaq vağzalına
yaxın
bir taxta evin bağçasında
çox böyük
bir fıstıq ağacı
vardı.
Yana əyilmişdi bir az.
Bu
fıstıq ağacının altında
bir qadın,
başında sarı yaylıq,
paltar
sərirdi.
Keçdi nəriltiylə 15:45 qatarı.
Beton villalar
sıralanıb ta Pendikə qədər.
Hələ
fidan halındadı ağaclar.
Tənəklər
təzə-təzə
yaşıllanır.
Keçdi nəriltiylə 15:45 qatarı.
Beton villalar.
Paşanın
qırxotaqlı mülkündən
bir uçuq köşk
qalmış,
ta Pendikə qədər
beton villalardır,
beton villalar...
Belə, ikindi vaxtı
Göztəpə stansiyasında
səs-səmir
olmur.
Və
çox zaman
eyni yerdə təkbaşına
bir hərəm ağası əyləşir.
Boydan uzun,
candan zəif.
Axıra qalanların
ən yaşlısıdı.
Beton villalar...
Beton villalar...
Keçdi nəriltiylə 15:45 qatarı.
Saymazyana,
məğrur-məğrur
gəzişirlər şamlıqda
parıltılı qara satindən
önlük taxmış qızlar.
Dim-dik məmələrilə
qürurlandıqları bəlli.
Hamısının əlində
kitab var.
Keçdi nəriltiylə 15:45 qatarı.
Beton villalar...
Beton villalar...
Süd kimiydi dəniz.
Günəşin rəngi
avazıyırdı yavaş-yavaş.
Asfalt yolla
plyaja gedirdilər
adamlar
-
sarı çiçəklər
kimi
tərpənirdi başlarında
iri, həsir şlyapaları..
Beton villalar...
Beton villalar...
Keçdi nəriltiylə 15:45 qatarı.
Adalar göründü
qarşı
tərəfdə,
dənizin dibindən bixəbər
gəmilər
kimi...
Ta Pendikə kimi,
ta Pendikə kimi
beton villalar,
beton villalar...
Keçdi nəriltiylə 15:45 qatarı.
Qartalın
sement fabriki
qalın toz və kədər
içində
və sahildə
gizli neft anbarları.
Keçdi nəriltiylə 15:45 qatarı.
Pendik.
Qatar dayandı.
Fuad
qolundakı qandalla
vurdu Xəlilin dizinə,
göstərdi
perronda gəzən
mülkü geyimli
polis
məmurunu.
Xırda gözləri,
xırda burnu
və çox böyük
qulaqları vardı.
Bir az qozbeldi.
Paltarı lacivərddi,
çəkmələri
sarı,
qapqara fetr şlyapası
əzik-üzük.
Yaşına görə cəlddi,
əlləri yupyumşaqdı.
Arxa cibində bir şey
pencəyini qabartmışdı bir az...
Çıxdı Pendikdən 15:45 qatarı.
Maşinist Əlaəddin
mavi kürkünün yaxasını
bir düymə də açdı.
Çölə çıxarıb başını,
baxdı arxaya:
bir yük vaqonu,
beş minik vaqonu -
lüks, yeməyi, içməyi, yatağı
içində -
bundan əlavə,
altı dənə də marşandiz
bir-birinin dalınca
yellənə-yellənə
gəlir.
Və
nə vaxt belə
arxaya baxsa Əlaəddin -
xüsusilə döngələrdə -
bir kəndirə
bağlayıb vaqonları
öz çiynində
çəkirmiş kimi olurdu
və
enişlərdə
arxadan gələn
vaqonların
ağırlığını
hiss edirdi kürəyində.
Qatarlar
gələrlər sallana-sallana -
Əskişəhər - Heydərpaşa,
Heydərpaşa -
Əskişəhər.
1928-lərdən bəri
yolcular enər-minər,
matorlar dəyişər,
Əlaəddin dəyişməz,
Əlaəddin yerində...
Qatarlar
gələrlər sallana-sallana...
Çamadanı
kətan köynəkli
bir yolçu kimi -
poçt qatarına yox-
Sirkəcidə sürət
qatarına minmək,
yumşaq vaqonda yatmaq
və xüsusən gecələr
vaqon-restoranlarda
kiçik,
qırmızı abajurların
qarşısında
oturub,
araq içmək,
araq içmək...
Qatarlar
gələrlər sallana-sallana...
- Usta...
Əlaəddin
kömürçü İsmayıla
tutdu
üzünü:
- Nədi, İsmayıl?
- Bu müharibənin
axırı
nə olacaq?
- Yaxşı olacaq.
- Yəni, necə?
- Restoranlı vaqonda
araq
içəcəyik.
- Bizmi?
- Biz.
- Bəs kömürü sobaya kim atacaq,
qatarı
kim sürəcək?
- Onu da biz.
- Zarafatı burax, usta.
Bu davada kim qalib gələcək?
- Biz.
İsmayıl,
bir şey kəsməsə də
ağlı,
üstünü
vurmadı,
Sadəcə,
qapqara,
qapqalın
qaşlarını
dartdı bir az
və dedi:
- Usta, bir sualım da var,
bu gördüyün relslər
bütün
dünyanı
dolana bilərmi?
- Dolanar.
- Demək ki,
müharibə olmasa,
amma təkcə müharibə yox,
sərhədlərdə
sorğu-sual
olmasa,
relslərin üstünə
qoyduqmu
qatarı,
dünyanın
bir
başından
o
biri başına gedərik…
- Dənizə
rast gəlsək,
dayanarıq.
- Onda gəmiyə minərik.
- Təyyarə daha yaxşı olar.
İsmayıl güldü.
Qabaq dişlərindən biri
sınıqdı.
- Mən təyyarəyə minmərəm,
usta.
- Niyə?
- Anamın vəsiyyəti var.
- Deyib ki, təyyarəyə minmə?
- Yox,
deyib ki,
qarışqanı da incitmə.
Əlaəddin
yavaşdan bir şapalaq vurdu
İsmayılın çılpaq ənsəsinə.
- Sən nə səfeh adamsan,
minərik…
minərik təyyarəyə,
amma
adam öldürmək
üçün yox,
göy üzündən
zövq almaq üçün.
Hə, indi sən
dur sobamızın közünü
bir qurdala!
Ardı var
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.16-17.