Ədəbi yaddaşımızın Heydər
Əliyev məqamı
Siyasət və ədəbiyyat! Yer üzündə insana qarşı zorakılığın
və təcavüzün, silah və gücün meydan
suladığı bir vaxtda elmin, ağlın
üstünlüyü sanki ikinci, üçüncü dərəcəli
nəsnə kimi önəmini itirməyə meyillənir.
Belə situasiyaların bəşər tarixində sərgiləndiyi
məqamlar az olmayıb. Nə
bilmək olar? Bəlkə dünyada ilk
şeir parçası, sonradan ədəbiyyat sayılacaq ilk
yazı nümunəsi insanın insan, təbiət və
dünya üzərində ağalığına müxalif
ovqatdan ərsəyə gəlib. Dünya
tarixi hökmdar və sənətkar münasibətlərinin
sonsuz sayda nümunəsini tanıyır. Zamanın
insana xidməti o andan başlayır ki, onun sükanını
idarə edən şəxs zamanla yol getməyi bacarır.
XX əsr daxilində iki dəfə milli insanla
bahəm milli ədəbiyyatın da bəxti onda gətirdi ki,
həmin dönəmin idarəetmə funksiyasını
Əlahəzrət Zaman Heydər Əliyevə həvalə
etdi.
Xalq şairi Nəriman Həsənzadəni
redaksiyamıza dəvət edib Heydər Əliyev
Zamanındakı bir məqamdan - onun ədəbiyyatdakı
obrazından danışmağa qərar verdik.
Elnarə
AKİMOVA
Elnarə Akimova: - Nəriman müəllim,
bu ilin may ayında Heydər Əliyev mükafatına layiq
görüldünüz. İstərdim, elə
bu məqamdan başlayaq söhbətə.
Nəriman Həsənzadə: - Hə. Elə gözlənilməz
oldu ki, mənə bunu eşitmək. Deməli,
Roma Papası Fransisk Bakıya gəlmişdi. Mən də həmin görüşə dəvət
olunanlar sırasında idim. Birdən bizi
saxladılar ki, Prezident keçir. Xanımı
Mehriban Əliyeva da onunla idi. Cənab Prezident
və Mehriban xanım keçəndə mənimlə
görüşdülər. Bu diqqət
onların böyüklüyündən irəli gəlirdi.
Mən əlbəttə ki, hələ hər
şeydən xəbərsiz idim. Bir
neçə aydan sonra mənə zəng gəldi ki, bir yerə
getmirsən? Dedim yox. Dedilər Bakıda
ol. Sonra dedilər ki, sən Heydər Əliyev adına mükafata layiq görülmüsən.
O qədər böyük sevinc yaşadım ki, sözlə
ifadə edə bilmirəm. O anda yalnız bunu
düşündüm: - kaş Sara xanım (həyat
yoldaşı - E.A.) sağ olaydı. Bu sevinci
onunla bölüşəydim. Adam belə
böyük sevincləri bölüşməyə
doğmasını axtarır həmişə.
Elnarə Akimova: - Nəriman müəllim,
Heydər Əliyev böyük siyasətçi, dövlət
adamı olub. Amma onun eyni zamanda ədəbiyyatlaşan
obrazı da var. Heydər Əliyevin ədəbiyyatdakı bu
obrazı sizin üçün nə ifadə edir?
Nəriman Həsənzadə: - İlk növbədə ədəbiyyata
sevgini, qayğını ifadə edir. Onun ədəbiyyatdakı
xidmətini saymaqla qurtaran deyil. Yazıçılar,
şairlər onun həmişə diqqət mərkəzində,
himayəsində idilər. Yubileylər,
mükafatlar, yazıçını şərdən,
böhtandan qoruma halları, istedadlı hər kəsin dəyərini
vermək kimi cəhətlər Heydər Əliyevin xarakterində
başlıca yer tuturdu. Yazıçı hiss edirdi ki,
onun yiyəsi var. Çünki Heydər Əliyev xalqın yiyəsi
idi. Və bu xalqın heç bir istedadlı sənətkarı
onun diqqətindən kənar qalmırdı.
Elnarə Akimova: - Həm də ədəbiyyatın
özünə böyük sevgi vardı onda. Bu sevgini Heydər
Əliyevin özü də daim, dönə-dönə qeyd
etmişdir, "ədəbiyyatı o qədər sevirəm
ki, ədəbiyyatla, şeirlə, bizim mədəniyyətlə
görüşmək mənim üçün həmişə
çox xoşdur", - demişdi
çıxışlarının birində.
Nəriman Həsənzadə: - Təkcə sevmək
deyildi, nəfəs alırdı. Bizi yanına
salıb aparırdı görüşlərə. Bürolara gedirdik biz. Bizi nə qədər
görüşlərə dəvət edirdi. Həm də çox oxuyurdu. Heydər
Əliyevin yüksək natiqlik qabiliyyəti, şeiri, dram əsərini
duymaq bacarığı onun geniş mütaliəsinin bəhrəsi
idi. Özü oxuyurdu kitabların
hamısını. Bir dəfə
büroda oturmuşduq. Dedi mənə elə gəlir
bizdə Puşkin mövzusunda Mirzə Fətəli Axundovun
"Puşkinin ölümünə Şərq
poeması" əsərindən başqa əsər yoxdu. Mən
dedim ki, var, yoldaş Əliyev. Mən Puşkinlə
bağlı poema yazmışam o dövrlə bağlı.
Gecə saat 1-də Yazıçılar
İttifaqının birinci katibi İmran Qasımov zəng elədi
mənə ki, Heydər Əliyev poemanı istəyib. "Zümrüd quşu" idi poemanın adı.
O, tamaşalarda iştirak edirdi, sonda böyük həvəslə
yaradıcı heyətlə görüşürdü. Bir şairin, yazıçının ehtiyacı,
sıxıntısı olsa, ona maddi, mənəvi dayaq olurdu.
Özü də tək ədəbiyyat yox ki.
Bütün sahələrdə diqqətli idi.
Yadıma gəlir, Bərdəyə zona
müşavirəsinə getmişdik. Pambıqçı,
Sosialist Əməyi Qəhrəmanı Tərlan xanım
Musayeva ilə görüşdük. Mən
o görüşdən sonra gəlib bir şeir yazıb qəzetdə
çap etdirdim. Gecə saatlarında bir də
gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi o
şeiri göndər mənə, o, tapşırıb ki, həmin
şeirə mahnı bəstələyim. Bir
neçə gündən sonra Emin o şeirə elə
gözəl musiqi bəstələdi ki. "Tərlan
bacı" adlı o mahnı dillərə düşdü.
Heydər Əliyev bu cür bütün sahələrə
diqqətli idi. Ümumiyyətlə, Heydər Əliyev
düz işin yanında idi, düz adamla dost idi. İşini ki, yaxşı tutursan, o adama
böyük hörmət göstərirdi. Yazıçılarla, alimlərlə
görüşlərində tariximizin elə məqamlarına
toxunur, elə yazılmamış, lakin millət
üçün çox vacib olan qatlarını
qaldırırdı ki, onun genişmiqyaslı mütaliəsinə
heyran olmamaq mümkün deyildi.
Elnarə Akimova: - Heydər Əliyevin həm
sağlığında, həm də vəfatından sonra
yazıçılar onun haqqında məqalələr,
kitablar yazmağa başladılar. Anar, Elçin, Zəlimxan
Yaqub, Mövlud Süleymanlı, Elmira Axundova, Hüseynbala Mirələmov,
Səyyad Aran... "İdeal" müəllifi
İsa Hüseynovun mətbu etirafi var ki,
"İdeal"ı yazanda Heydər Əliyevi
düşündüyünü söyləyir. Bu məqam
Bəxtiyar Vahabzadənin, Məmməd Arazın
etiraflarında, Xəlil Rzanın şair mövqeyində var.
Yaşar Qarayev son yazılarından birində yazırdı
ki, Dədə Qorqudun, Nizaminin, Füzulinin, Ələkbər
Sabirin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin,
Hüseyn Cavidin... gördüyü işlərin vəhdətini,
əməli gerçəkliyini Heydər Əliyev
dühasında tapırdı.... Siz də bir kitab yazıb
onunla bağlı xatirələrinizi
bölüşmüsüz: "Mənim ədəbi taleyim. Zamanla, tarixlə görüş". Yəni, bütöv bir epoxa yazarlar nəsli öz
yaradıcılığında Heydər Əliyev
dühasının rolunu dönə-dönə
vurğulamış, səmimi etiraf anlarından tutmuş altfəlsəfə
məqamlarının işləndiyi yerlərə qədər
bu onun rolunu önəmsəməyə
çalışmışlar.
Nəriman Həsənzadə: - Çünki Heydər
Əliyev elə tanınmış yazıçı, şair
olmadı ki, onların üzərindən sükutla
adlasın. Xatırlayıram ki, ikinci dəfə hakimiyyətə
gələn kimi 1994-cü ildən başlayaraq M.Füzulinin,
Mirzə Cəlilin yubileylərinin keçirilməsi haqda fərman
verdi. 1999-cu ildə
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin
elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə
keçirilməsini təşkil etdi. Özü də sərəncam
verəndə bu yubileylər il boyu davam
edirdi. Klassik abidələrin, sənətkarlarımızın
irsinə xüsusi həssaslıqla yanaşırdı. Niyə edirdi bunu? İstəyirdi dünyaya
çatdırsın ki, xalqımızın çoxəsrlik,
zəngin, tarixi mədəniyyəti var. Onun çox
yayılan fikri var: "Mən fəxr edirəm ki, azərbaycanlıyam".
Bunu bizlərə demirdi ki, qızım. Onu başqalarına eşitdirirdi. Hansı rəhbər, birinci katib bu sözü deyib?
Dövlət dili haqqında fərmanlar
imzalamışdı müxtəlif vaxtlarda. Bunun da səbəbi vardı. Rəhbər
kimi dərk edirdi ki, xalqın milli varlığını
müəyyən edən başlıca amil onun dilidir. Bir də Təbriz nisgili var idi Heydər Əliyevin.
Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə
gətirmişdi. Cavidi niyə
Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr.
Mən yanında durmuşdum, kimlərləsə söhbət
edəndə dedi elə Naxçıvan yaxşıdı ki,
Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər.
Bura qədər dərin
düşünürdü Heydər Əliyev. Bir dəfə
mən onun yanında olanda dedi ki, mən bir qərar vermək
üçün on dörd yerdən məlumat alıram, ondan
sonra qərar verirəm. Onun keçirdiyi yubileylər bir il çəkirdi.
Elnarə Akimova: - Şəhriyarı
çox sevməsi də Təbriz nisgili ilə əlaqəli ola bilərdimi?
Nəriman Həsənzadə: - Şəhriyar və Səməd
Vurğun. Onların şeirini dinləyəndə
kövrəlirdi. Adam indi düşünəndə
məəttəl qalır. O cür dəmir iradəli
insan poeziya, şeirlə qarşılaşanda sanki başqa aləmə
düşürdü. Mənim taleyim elə gətirib
ki, ata nisgili yaşamışam uşaq yaşımdan, amma
qarşıma yaxşı insanlar çıxıb. Nazim
Hikmət, Mir Cəlal və Heydər Əliyev. Bu
üç şəxsiyyətin mənim ömür yolumda
xüsusi rolu olub. Heydər Əliyev isə
mənim taleyimdən keçən parlaq şəxsiyyətdir.
Heydər Əliyevə bir dəfə bir söz
demişdim. Çox xoşuna gəlmişdi.
Demişdim ki, cənab Heydər Əliyev, sizin yanınızda
adam özünə oxşayır. O qədər
səmimi danışırdı ki, adamla. Mənim
yadımdadı, bir dəfə rəhmətlik Heydər
Əliyev plenuma gəlirdi. Gəldi oturdu.
Xalq yazıçısı Anara təklif elədik
ki, Heydər Əliyev rəyasət heyətinə dəvət
olunsun. Heydər Əliyev etiraz etdi. Çox səmimi, sadə insan idi. Daim xalqın içində olurdu, əsl xalq
adamı idi. Onun haqqında saatlarla
danışmaq olar. Bir detalı deyim burda.
Akademik Milli Dram Teatrında "Bütün
Şərq bilsin" pyesimin tamaşasıydı. Teatrın baş rejissoru və tamaşanın
rejissoru Mərahim Fərzəlibəyovla yanaşı
oturmuşduq. Azərbaycan KP MK-nın
Büro üzvləri ulu öndər başda olmaqla
tamaşaya baxmağa gəlmişdilər. Nərimanov rolunda çıxış edən xalq
artisti Məlik Dadaşov monoloq dediyi yerdə, birdən
"yaşasın, böyük rus xalqı",
"böyük rus xalqına eşq olsun" kimi pyesdə
olmayan sözlər işlətdi. Mərahimlə
mən bir-birimizin üzümüzə baxdıq və
heç bir söz demədik. Tamaşadan sonra Məlik
müəllimdən soruşdum ki, niyə belə dedin? Axı əsərdə elə sözlər yox idi.
Cavab verdi ki, səhnənin ortasında Azərbaycan,
azadlıq, neft, millət haqqında misraları deyəndə,
Büro üzvlərindən ikisi üzümə elə sərt
baxdı ki, özümü itirdim, dediyim misralar ağzımda
yarımçıq qaldı. Tez özümdən
əlavələr etdim. Belə bir
mühitdə Heydər Əliyev həm özü cəsarət
göstərirdi, həm də bizi cəsarətə səsləyirdi.
Sonralar "Nəriman Nərimanov" poeması
əsasında yazdığım "Bütün Şərq
bilsin" əsərim SSRİ üzrə keçirilən
pyes müsabiqəsinə təqdim olunmuşdu. 600 pyesdən Moskvada tamaşaya qoyulmaq
üçün on bir pyes seçilmişdi. "Bütün Şərq bilsin" on bir pyesin
biriydi. Bakıda Milli Akademik Dram Teatrı
tamaşanı Respublika Dövlət mükafatına təqdim
etdi, məlum oldu ki, bir səs çatmır. "Atabəylər" mənzum pyesimdə də
belə oldu. Akademik teatr mükafata təqdim
etdi. Yenə dedilər ki, bir səs
çatmır. Heydər Əliyev bir dəfə
yenə Akademik teatra gəlmişdi, "Hamlet"
tamaşasına baxmağa. Fasilə
zamanı çay süfrəsi arxasında səmimi söhbət
əsnasında demişdi ki, "Atabəylər" əsəri
hər gün göstərilməlidir. Çünki
bu, milli tariximizdir". Naxçıvan MR
Ali Məclisinin sədri cənab Vasif Talıbova təşəkkürümü
bildirirəm ki, "Atabəylər" əsərini
Naxçıvan Teatrı indiyə qədər yaşadır.
Naxçıvan Muxtar Respublikasının səksən
illiyində "Atabəylər" tamaşası göstərildi,
cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva tamaşaya baxdılar. Bu da mənim
taleyim idi...
Elnarə Akimova: - Nəriman müəllim,
uzun illər "Ədəbiyyat və incəsənət"
qəzetində baş redaktor işləmisiz. Bildiyimiz
qədərincə, bu vəzifəyə Heydər Əliyevin
tövsiyəsi ilə təyin olunmusuz.
Nəriman Həsənzadə: - Elədir, qızım,
"Ədəbiyyat və incəsənət" qəzetinin
baş redaktoru vəzifəsinə məni Heydər Əliyev
təyin etmişdi. Deməli, məsələ
necə oldu? Gecə saat bir radələrində
Yazıçılar İttifaqının birinci katibi İmran
Qasımov evə zəng vurdu ki, Birinci, yəni Heydər
Əliyev sənin rəyini bilmək istəyir.-
Sənə böyük etimaddır, - dedi. Mən
bunları başa düşürdüm. Xəbər
qəfildən olduğu üçün tərəddüd
etdim. O vaxt Yazıçılar İttifaqında həm
partiya təşkilatının katibi, həm "Azərbaycan"
jurnalında poeziya şöbəsinin müdiri işləyirdim.
Ədəbiyyat fondunun direktoru vəzifəsini də
katiblik mənə tapşırmışdı. Səhərisi Heydər Əliyevin qəbulunda oldum.
Söhbətimiz o qədər səmimi keçdi ki. Özüm də məəttəl
qalmışdım. Heydər Əliyev təklif
etdi ki, bəlkə Yazıçılar İttifaqının
partiya katibliyində də qalıb işləyəsən?
Ürəyimdə düşünürdüm
ki, iki vəzifədə işləmək ağır olar mənə.
Yazıçılar İttifaqının
mürəkkəb bir yaradıcılıq təşkilatı
olduğunu özü bilirdi. Partiya
üzvlük haqlarını vaxtında verməyi unudurdular.
İşlədiyim altı il müddətində
fəaliyyətimi müsbət qiymətləndirmişdi. Amma elə bil ürəyimi eşitdi.
"Yaxşı, onda get qəzetdə işlə", - dedi.
Elnarə Akimova: - Bir dəfə sizin belə
bir fikrinizi oxumuşdum ki, mən "Ədəbiyyat və incəsənət"
qəzetini Heydər Əliyevlə bir yerdə
hazırlayırdım.
Nəriman Həsənzadə: - Bəli, Heydər
Əliyev mənə ilk gündən qəzet barədə, qəzetçilik
işi barədə qiymətli
tapşırıqlarını, tövsiyələrini verdi. Bu tövsiyələr uzun müddətli iş
planım, yaradıcılıq proqramım oldu. O söhbətləri
bu gün də minnətdarlıqla xatırlayıram. Heydər Əliyev "Ədəbiyyat və incəsənət"
qəzetinin baş redaktorundan tutmuş, redaksiya heyətinə,
əməkdaşlarına qədər hamısını
tanıyan və hörmət edən Azərbaycan Respublikasının
birinci şəxsiyyətiydi. O, ədəbiyyatımızı,
yazıçılarımızı, mətbuatımızı,
eləcə də mətbuat işçilərini qiymətləndirir,
onların əməyinə, şəxsiyyətinə hörmət
edirdi. Heydər Əliyev "Ədəbiyyat və
incəsənət" qəzetinin həm ideya müəllifiydi,
həm də birinci abunəçisi və oxucusuydu. Heydər Əliyev istedadları seçib irəli
çəkir, yaxşıları qoruyur, qiymətləndirir, ədaləti
müdafiə edirdi. Biz bilirdik ki, o, qəzetimizin
hər nömrəsini oxuyur, lazım gələndə orda
yazılanlara öz səviyyəsində reaksiya verirdi. Bir maraqlı əhvalatı danışım sizə.
Deməli, qəzetdə "Ayran əhvalatı"
adlı məqalə çap etmişdik. Məqalədə
sərin ayran içmək üçün gəlib növbəyə
duran fəhlənin növbəsinin əlindən
alınması, döyülməsi və nəhayət, 4 il iş alması ilə nəticələnən
ağır taleyi təsvir edilirdi. Döyülən də həmin
adam idi, üstəlik tutulan da. Məqaləni redaksiyanın əməkdaşı
Sabir Məmmədov yazmışdı. Qısaca
deyim ki, Heydər Əliyev o məqaləni oxuyandan sonra
Respublika Ali Məhkəməsinin sədri, mərhum Abdulla
İbrahimova zəng vurub tapşırıq vermişdi ki, bu məsələni
araşdırsın. O da mənə, redaksiyaya zəng
vurdu. Biz görüşdük. Fəhlə buraxıldı. Mərhum
Abdulla İbrahimov deyirdi ki, Ali Məhkəmənin qərarı
Ali Sovetin qərarı ilə eyni qüvvədədir. Sizin qəzetin çıxışından sonra biz
kollegiyanın qərarını ləğv etdik. Bir həftə sonra mənim yanıma, xəstəxanaya
öz həyat yoldaşı ilə ucaboy bir cavan gəldi.
Dedi mən "Ayran əhvalatı"ndakı həmin
oğlanam. Bütün bunlar ulu öndərin
millətə qayğısıydı. "Qoy
ədalət zəfər çalsın" Heydər
Əliyevin ən sevdiyi və tez-tez səsləndirdiyi fikir
idi.
Heydər Əliyevin məhəbbəti
də nümunəydi. Mən İskəndər Makedoniyalıdan
üzübəri üç böyük hökmdar, dövlət
başçısı tanıyıram ki, onlar öz sevdiyi
xanımının xatirəsini əbədiləşdirmiş,
onların abidəsi zaman-zaman insanların ziyarətinə
çevrilmişdir. Maraqlıdır ki,
onların üçü də türkdü. Sevdikləri xanımları da türk
qızıdı. Abidələri tikən
memarlar, heykəltəraşlar da türk olublar. XII əsrdə
Atabəylər dövlətinin başçısı Atabəy
Şəmsəddin Eldəniz böyük memar Əcəminin
zəkasıyla Naxçıvan şəhərində əzəmətli
"Möminə xatun" türbəsi ucaldıb. XVII əsrdə
Moğol hökmdarı Cahan şah türk memarı ustad Məhəmməd
İsa əfəndiyə sifariş verərək, Mümtaz
Mahal Banu Bəyimin xatirəsini əbədiləşdirmək
üçün, Hindistanın Aqra şəhərində
"Tac Mahal" türbəsini tikdirib. Bir də
XX əsrdə müstəqil Azərbaycan dövlətinin
banisi Heydər Əliyevin istəyilə Zərifə xanım
Əliyevanın xatirəsinə ən gözəl, ən
baxımlı heykəli böyük heykəltəraş
Ömər Eldarov yaradıb.
Elnarə Akimova: - Ən yaddaqalan
görüşünüz hansı olub, Nəriman müəllim?
Nəriman Həsənzadə: - Onunla hər
görüş indiki kimi yadımdadır. Amma bəzi
xatirələrim daha unudulmazdır.
Hələ 1985-ci ilin avqust
ayında Heydər Əliyevlə Moskvada,
"Novo-deviçye" qəbiristanlığında Zərifə
xanımın məzarı üstə görüşəndə
ona Zərifə xanıma həsr etdiyim şeiri oxumuşdum. O da əlyazmamı alıb
qoltuq cibinə qoymuşdu.
Bizim burada
görüşümüz isə tamam təsadüfən
olmuşdu. Mən axşam üstü saat 6 radələrində
bir dəstə qızılgüllə məzarı ziyarətə
gəlmişdim. Bir saat sonra Ulu öndər
də oraya gəldi. Biz gözlənilmədən,
beləcə görüşdük.
O vaxt qəbirüstü söhbət
zamanı mən şeiri ona oxuyandan sonra haqlı bir iradı
olmuşdu:
- Zərifə xanımın dəfninə
niyə gəlməmişdin? - demişdi.
Həyatımda bəlkə
də ilk dəfəydi ki, səmimiyyətlə deyilən
sözün ağırlığını, siqlətini hiss edirdim. Mənsiz də
Moskvada keçirilən o mərasimə bütün ölkə
tökülüb gəlmişdi. Necə
olub ki, milyon insanın içində onun sərrast gözləri
məni də axtarıb.
O suala cavab vermək mümkün
deyildi. Bəlkə heç özü də
cavab gözləmirdi.
Əlbəttə, mən Zərifə
xanımın dəfnində iştirak etmək istəyirdim. Bunun
üçün, ovaxtkı Mərkəzi Komitəyə də
müraciət etmişdim. Cavab vermişdilər
ki, Moskvada dəfn mərasimində iştirak etmək rəsmi
protokol üzrə olacaq. Yəni biz səni
apara bilmərik.
Bunların heç birini ona
demədim. Elə bil ürəyimdən keçənləri
eşitdi.
- Özün gələydin! - dedi. Tez də söhbəti dəyişdi.
Moskvaya gəlməyimin səbəbini
soruşdu: dedim Sara ağır xəstədi. Moskvada
yatır. Xəstəxananın adını da dedim.
Dinmədi. Qolundakı
saata baxdı. Hiss etdim ki, getməlidir.
Beləcə ayrıldıq.
Gətirdiyim gül dəstəsini
Zərifə xanımın qəbri üstə qoymuşdum. Ətrafına
düzülmüş dibçəklərdə təzə ətirli
güllər əkilmişdi. Yanındakı
qəbirlərin birində böyük türk şairi Nazim
Hikmət, o birində böyük rus şairi Sergey Yesenin dəfn
edilmişdi. Məzarüstü kiçik
barelyefləri qoyulmuşdu.
Səhərisi gün saat 12
radələrində xəstəxanaya, Saranın yanına
qayıdanda gördüm ki, məni axtarırlar. Heydər
Əliyev dünən xəstəxananın baş həkimi,
akademik Trapeznikova zəng vurub xəstənin vəziyyətilə
maraqlanıb. Bu kifayət idi.
Sara deyirdi, qalxan kimi
özüm gedib Heydər Əliyevə minnətdarlıq edəcəyəm. Ona dualar
edirdi.
Sara həkimlərin dediyindən bir il artıq yaşadı.
Ulu öndərlə bir dəfə
də İstanbulda təsadüfən
görüşmüşdüm. Onda mən Respublika Ali Sovetinə
deputat seçilmişdim. O vaxt artıq Heydər Əliyev Naxçıvan-İqdır
Dostluq körpüsünü çəkdirmişdi. Ürəkdən təbrik elədim. Gülümsəyib "bəs, körpünün
açılışına niyə gəlməmişdin?"
- deyə soruşdu. Bir fikri
nümunə gətirdim orda. Türkiyə Böyük
Millət Məclisinin spikerinin dediyi: "Sabah lazım gəlsə,
o Dostluq körpüsündən Azəri qardaşlarına
kömək üçün türk tankları keçəcək"
- sözlərini dedim ulu öndərə. Səmimiyyətlə
gülümsədi. Razılıq elədi.
Bir də 1991-ci ildə baş tutan bir
görüşümüz əzizdi mənə. Deməli, mən
üç nəfərlə - xalq şairi Bəxtiyar Vahabzadə,
şərqşünas alim Rüstəm Əliyev və
şair-alim Qasım Qasımzadə ilə Naxçıvana,
onunla görüşə getmişdik. Orada
söhbət zamanı millət, vətən yolunda
sarsıntılar keçirən bu şəxsiyyətin necə
möhkəm iradəyə və ruh yüksəkliyinə
sahib olduğunu görüb milli qürur hissi keçirməyimi
xatırlayıram. Heydər Əliyev mənəvi
enerjiyə çevrilib ruhumda yaşayır sanki. Allah ona
rəhmət eləsin! Həmişə deyirəm,
Azərbaycan Heydər Əliyevin yeni tərcümeyi-halının
başlanğıcıdır. Sevinirəm
ki, onun böyük yolunu İlham Əliyev davam etdirir.
Ədəbiyyat qəzeti.- 2017.- 9
dekabr.- S.2-3.