Günel

 

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,

Deməli, 13 ağac, 6 işıq dirəyi,

                        bir neçə yiyəsiz it.

Ağaca söykənmişəm,

işığa göz dikirəm, itlərlə danışıram.

Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,

Azanı eşidəndə dilimin altda bir az

zümzümə eləyirəm

Bu sirli çağırışı uşaqların dilinə

tərcümə eləyirəm...

Ax, bu yeniyetmələr!..

Ax, bu yeniyetmələr!..

Məscidin hasarında

"Günel, səni sevirəm!"

"Günel, məni bağışla!"

"Günel, çox darıxmışam!" -

qırmızı, yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,

Alın yazılarını bura nahaq yazırlar...

Görəsən minarədən

özümü yerə atsam,

mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:

"Günel, o səni sevir!"

"Günel, onu bağışla!"

"Günel, o çox darıxıb!"

Səni görsəm qorxuram Günel deyim karıxıb.

Hava da ki, çox isti, ürəyim sıxılır,

Eh bu darıxmaq da ki, yığıb məni boğaza.

Siqaret qurtarıb,

Tərsliyə bax, mən çəkən siqaretdən

                        satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər

bir ağaca söykənib, işığa gözün dikib,

itlər ilə danışır, dərindən nəfəs alır,

Deyəsən o Günel sizin küçədə qalır...

 

 

Sən yaxşı adamsan

 

Sən yaxşı adamsan, yaxşı adamsan,

bircə olmayaydı tez unutmağın,

bircə olmayaydı atıb getməyin,

bircə olmayaydı qayıtmamağın.

Say gör neçə oldu fələk saymamış,

Qatdala o incə barmaqlarını,

Qat ora üzüksüz barmağını da,

"Bircə"lər yığılıb üç oldu, gülüm,

"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,

Məni unutmağın oldu, gülüm.

Sən yaxşı adamsan, yaxşı adamsan,

Sən yaxşı adamsan, başına dönüm

 

 

Bir görürsən ki...

 

Bir görürsən ki, yaxşıdır hər şey,

Əlində-ovcunda qalıb əlləri.

Birgə islanmısan yağışın altda,

Birgə adlamısan gölməçələri.

Bir görürsən ki, yaxşıdır hər şey,

Duanı eşidib qurban olduğum.

Daha tək deyilsən Yer kürəsində,

Getməyə yerin var, tutmağa arzun.

Bir görürsən ki, yaxşıdır hər şey,

Xoşbəxtlik səninlə başını qatır.

Bu dəfə görürsən başqadı hər şey,

Bu dəfə daha çox kişisən sanki,

Bu dəfə sevməyə ürəyin çatır.

Bir görürsən ki yaxşıdı hər şey,

Hamı bəxtəvərdi sənin gözündə,

Xoşbəxtdir küçədə süpürgəçilər,

Səndən pul istəyən dilənçilərin

daha səmimidir duaları da.

Yalan danışmağın daşını atıb

ta bezib, yorulub yalançılar da,

 

Müştəri gözləmir sarı taksilər,

Qırmaqdan çıxarıb soxulcanları,

aldatmır balığı balıqçılar da.

 

Unutmayacam səni

 

Unutmayacam səni,

Bütün gözüyaşlı qadınların

qisas gününə qədər.

Əllərimə çəkilən yollarda

gəlməyini gözləyəcəm bu səfər.

 

Başqa qadınlarda

axtarmayacam səni

Onlarda itirmədiyim üçün.

 

Qayıt...

Qayıt, xoşbəxt edim səni,

Qayıt, kədərinə sevinc səpim.

Gəl e, gəl

Gəl, ağrılarından öpüm.

 

 

Köhnə Bakı

 

Sən getdiyin gün var idi ha?

Bax o gün neçə min xatirə yiyəsiz qaldı,

Bax o gündən səhərlərə həsəd apardı gecələr.

Ta mən o gündən gəlmədim siz tərəfə,

Məndən yetim qaldı sizin küçələr.

 

Sən getdiyin gün var idi ha?

Ayrılıq havası da yoxuydu ee, biləsən.

Heç yağış da yağmadı, elə sən deyən,

Külək əsmədi o gün Bakıda.

 

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra,

Ən azı on dəfə unutdum səni,

"Köhnə Bakı"da.

 

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra,

Allah göstərməsin, öləcəkdim eee.

Ömrümü anamın duası uzatdı.

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra

Darıxıram...

Təxminən 14600 saatdı.

 

Rəşad Nağı Mustafa

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.4.