Çarpaz kölgə

 

Hekayə

 

Gecə yarıdan xeyli ötmüşdü.

Uşaq kənd qəbiristanlığının yuxarı səmtindən keçən yolla evlərinə dönürdü.

Yol işlək deyildi, sadəcə kəsə olduğundan buranı seçmişdi.

Əslində buna yol da demək olmazdı, səhərlər naxıra sürülən, axşamlar örüşdən dönən mal-heyvan dırnaqlarının açdığı cığırdı.

Vaxtın bu vədəsi evə dönməsi özünə də qaranlıq idi. Görən, niyə bu qədər gecikmişdi - bilmirdi.

Həmişə qaş qaralandan sonra qəbiristanlığın yanından keçəndə içərisinə təlaş qarışıq qəribə bir duyğunun yayıldığını hiss edər,  hansısa qəbirdən ölünün xortlayıb çıxaraq qabağını kəsəcəyini, onu zorla çəkib yanına aparacağını, ya buna bənzər nə isə qorxulu bir hadisənin baş verəcəyini düşünərək üşənərdi. Gecələr cinlərin qəbiristanlığa  yığışaraq ziyafət keçirdiklərini, səhər üzünəcən çalıb-oynadıqlarını, əyləndiklərini də eşitmişdi.

İndi də qəbiristanlığın yanından keçəndə həyəcandan içinin çalxalandığını hiss etdi. "Gərək burdan gəlməyəydi, belə olacağını bilirdi axı, hansı ağılla bu yolu seçdi".

Qəbiristanlığın ətrafı boyu dərin xəndək atılmış, torpaq bəndin üstü qaratikan kollarıyla hasarlanmışdı. Əsas giriş qarşı tərəfdəndi. İndi getdiyi cığır səmtində köhnə tabut taxtalarının naşı əllə bir-birinə bənd edildiyi yarı yıxılı qapı vardı. Xəndəyi adlamaq üçünsə bir cüt ağac gövdəsini yanaşı qoyaraq ensiz körpü düzəldilmişdi.

Cığırın sağ tərəfindən suyu göz yaşı kimi dupduru sısqa çay axırdı. Ağlı kəsəndən kəndin ətəyindən axıb keçən bu çayın hardan başladığını, haralarda bitdiyini düşünmüşdü. Nə illah eləsə də, çayı bütöv şəkildə xəyallarına sığdıra bilmirdi. Ən böyük arzusu haçansa çayın axarı boyu getməkdi. İndi gecənin bu vədəsi məzarlığın yanından keçib gedərkən ona yalnız çayın səsi həyan ola bilərdi. Ancaq içini sızladan həyəcan və təşvişdən çayın səsini eşitmirdi.

Bütün vücudu titrəyirdi.

Saniyələri sayırdı. Bircə, yol bitsəydi...

Qorxurdu ki, qəfildən ayaqları həyəcandan qıc olar, yeriyə bilməz, yıxılıb məzarlığın kənarında, bu vahiməli yerdəcə qalar, harayına bir kimsə yetişməz... Eləcə ürəyi partlayıb ölər... İnsan qorxu keçirəndə təkcə cismi deyil, düşüncəsi də soluxur.

İradəsini toplayaraq qəbiristanlığa sarı baxmamağa çalışır, yolun tez bitməsi üçün addımlarını iri-iri atırdı. Ancaq nə qədər baxışlarını yayındırsa da, məzarlıq səmtində əcaib-qəraib məxluqların qaraltısının dolaşdığını duyur, həyəcanı bir az da artırdı. Qaraltılar böyüyüb qara uzun kölgələrə çevrilir, getdikcə çoxalan kölgələr çarpaz şəkildə bir-birinə dolaşıb düyünlənərək qaranlıqda yox olurdu.

Bircə, yol bitsəydi...

Qəfildən məzarlığı çevrələyən çəpərin altından hansısa tüklü bir canlının sürünüb yola çıxdığını duydu...

Ürəyi qopdu...

Quruyub yerindəcə qaldı.

Qışqırmaq istədi, ancaq səsi içərisində boğulduğundan qışqırığını yedi.

Bütün vücudu boyu yayılan soyuq giziltidən ayaqlarının sustaldığını, boşaldığını, heydən düşdüyünü hiss etdi.

Özünü birtəhər toparlayıb diqqətlə baxanda yolun ortasında qurd cüssəli bir heyvanın dayandığını gördü. Gecənin qaranlığında heyvanın gözləri fənər kimi yanırdı. Qaranlıq olsa da, duruşundan onu tanıya bildi. Qonşunun iti Basar idi. "Gecənin bu vədəsi it qəbiristanlıqda nə gəzirdi görən?" - ani olaraq zehnindən keçirdi.

Yadına düşdü ki, kənddə hər kəs bu itin məzarlığa ayaq açmasından, goreşənlərlə əlbir olub gecələr təzə qəbirləri eşərək meyidləri yeməsindən danışır. Hər dəfə məzarlıqda dəfndən bir-iki gün sonra insan sümüklərinə təsadüf olunması barədə söylənilənləri də eşitmişdi. Hətta böyüklərdən kimlərinsə iti öldürmək istədiyi, ancaq gülləyə tuş gəlmədiyindənmi, ya başqa bir səbəbdən heyvanın qaçıb canını qurtardığı ilə bağlı söhbətləri də xatırlayırdı.

Sahibinin iti gündüzlər zəncirlə tayanın dibindəki iydə ağacına bağladığını, gecələr əl-ayaq yığışandan sonra açıb buraxdığını bilirdi. İt bəd olmadığından indiyədək nə qohum-qonşulardan, nə də yoldan ötənlərdən bir kimsəyə xətər yetirmişdi. Ancaq gecələr itin açılıb buraxılandan sonra harasa qeyb olması, yalnız səhər üzü qayıdıb gəlməsi, bütün günü dilinə bir şey vurmadan tayanın kölgəsində uzanıb mürgüləməsi gəzən şayiələrdəndi. Axır zamanlar isə it özünü qəribə aparır, sanki hansısa gizli əməlinin üstünün açılacağından ehtiyatlanan sayaq gözdən, nəzərdən oğurlanmaq istəyirdi.

...Uşaq ayaqları kilidlənibmiş kimi, yolun ortasında itlə üzbəüz dayanıb durmuşdu. İt quyruğunu bulaya-bulaya sanki meydan oxuyurmuşcasına par-par yanan gözlərini ona dikmişdi.

Ürəyinin döyüntüsü qulaqlarını tutmuşdu.

Ay doğunca, itin sir-sifəti bir qədər aydınlaşdı. O, itin insana bənzədiyini görüncə qorxdu və bir addım geri çəkildi.

Bəlkə də əvvəllər diqqət yetirmədiyindən dəqiq xatırlamırdı; iti heç zaman bu sifətdə görməmişdi. İt insana, həm də onun tanıdığı birisinə o qədər bənzəyirdi ki, uşaq bu bənzəyişdən diksindi.

Yaddaşının ucunda olsa da, itin kimə bənzədiyini xatırlaya bilmirdi. Ancaq qəfildən yadına düşdü. Qapıbır qonşuları... məktəbin qarovulçusu... Qarabağ qaçqını Saday bu günlərdə vəfat etmişdi.

Kənddə onu da danışırdılar ki, it kimin meyitini yeyirsə, ona bənzəməyə başlayır.

Uşaq qəfildən itin üzünün insan sifətinə çevrildiyini görüncə qorxub qışqırdı... Və öz qışqırığına diksinərək yuxudan ayıldı.

Anası dərhal yatağından qalxaraq gecə lampasını yandırıb, onu qolları arasına aldı.  Bütün vücudu qan-tər içərisində idi.

- Nə oldu sənə, canım?

- Pis yuxu görürdüm.

Qadın mətbəxə keçərək bir fincan su ilə qayıtdı:

- Qorxma, iç, - dedi.

Uşaq əlləri titrəyə-titrəyə sudan bir qurtum aldı.

- Nə görürdün yuxuda, canım?

- Qonşumuzun itini, Basarı...

Anası başını buladı:

- Quduz dəysin ona! Yəqin dərsdən gələndə yenə qabağına çıxıb... Min kərə demişəm yiyəsinə, açıb buraxmasın murdar olmuşunu, ancaq nə faydası... Elə bil daşa, divara deyirsən...

Uşağın titrəməsi hələ keçməmişdi. Anasının sözlərini eşitmirmiş kimi, ona sarı dönərək:

- Əmmə, Basarın gecələr gedib qəbiristanlıqda təzə meyitləri yeməsi doğrudumu?

Qadının rəngi saraldı:

- Bu hardan çıxdı belə? Kim deyib bunu sənə?

- Uşaqlar məktəbdə danışırdılar.

- Sabah gedərəm məktəbə, görüm bu nə məsələdi...

Uşaq daha dinmədi.

Anası gecə lampasının tutqun işığında oğlunun yatağını gözdən keçirdi. Çarpayı ilə yanaşı, köhnə dolabın üstündə Artur Konan Doylun "Baskervillərin iti" romanını görüncə əsəbləri gərildi və hirslə:

- Sənə demədimmi bu cür şeyləri oxuma! Bu, uşaq kitabı deyil axı... - dedi və kitabı götürüb yük yerində gizlətdi.

Uşaq anasını eşitmirdi.

Bir az öncə yuxuda gördüyü, qəbiristanlığın böyründəki ensiz yolun ortasında meydan oxuyurmuşcasına dayanıb duran qonşunun insan sifətli iti gözlərinin önündən çəkilib getmirdi. Yuxuda gördükləri heç zaman ona bu qədər qorxunc və tanış gəlməmişdi.

Təzədən yuxuya getməsi xeyli çəkdi.

 

* * *

 

Yuxudan oyananda səhər üzü olsa da, hava aydınlaşmamışdı. Uşaq küçəyə çıxıb çərbəndin üstündən baxaraq qonşunun itinin yerində olub-olmadığını bilmək istəyirdi. Ancaq hələ gördüyü yuxunun xofundan qopmadığından bayıra çıxmağa cürət etmədi.

Bir azdan hava işıqlaşmağa başlayanda qalxıb küçəyə çıxdı.

Səhərin soyuğu yanaqlarını üşütdü.

Erkən olduğundan küçədə bir kimsə gözə dəymirdi. Çərbəndin seyrək hörğüsü arasından qonşunun həyətini gözdən keçirdi. Basarı hər gün zəncirlə bağlandığı yerdə, ot tayasının dibindəki yuvasında görməyincə şübhələr ürəyini didməyə başladı.

Evə dönmək istəyəndə qəbiristanlıq tərəfdən itin gəldiyini görüb ayaq saxladı. Bir anlığa gecə yuxuda gördüyü vahiməli mənzərə təkrar gözləri önündə açıldı.

İt də uşağın ona tərəf baxdığını duyub dayandı. Bir müddət yerindən tərpənmədən onun çəkilib getməsini gözlədi. Sahibinin həyətinə, ot tayasının dibindəki yuvasına getmək üçün gəlib uşağın yanından keçməli idi.

İt uşağın yerindən tərpənmədiyini görüncə etinasız addımlarla ona sarı gəlməyə başladı.

Uşaq qorxdu, hər ehtimala qarşı əyilib yerdən bir daş parçası götürdü. Ancaq  it daşa məhəl qoymadı, yaxınlaşıb eynən yuxuda gördüyü kimi yolun tən ortasında onunla üzbəüz dayandı.  Və birdəncə it dal ayaqları üstünə qalxaraq adam kimi yeriməyə başladı.

Baxışları qarşılaşınca uşağın damarları gizildədi. İt sir-sifətdən ötən həftə müəmmalı şəkildə vəfat etmiş Qarabağ qaçqını, məktəbdə qarovulçu işləyən Sadaya bənzəyirdi. Ağız-burun, alın cizgiləri, tarım çəkilmiş qaşlar, dərdin yuvalandığı gözlərə qədər aralarında qəribə bir oxşarlıq vardı.

Yoldan çəkilmək istəsə də, ayaqları yerdən qopmadı.

Uşaq ixtiyarsız olaraq əlləri ilə üzünü qapadı. Handan-hana əllərini üzündən çəkəndə küçə bomboş idi.

Bir müddət yolun ortasındaca dayanıb durdu. Ancaq gördüklərinin yuxumu, yoxsa gerçəkmi olduğunu kəsdirə bilmədi.

 

25 avqust 2016

London

 

Vaqif Sultanlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.5.