"Atam yaddaşımın bir
köşəsində yaşayır"
"Ədəbiyyat qəzeti"nin
"Ömrümün keçdiyi sahildən
uzaqlaşdıqca" layihəsinin budəfəki
qonağı Yeganə Kərimzadə atası Fərman Kərimzadə
ilə bağlı xatirələrini bölüşür.
- Yeganə
xanım, xatirələrlə aranız necəsdir? Məlumdur ki,
zaman keçdikcə insan ötənlərə
boylanır, xatirələrə dalır. Sizin də
keçmişə güzar etdiyiniz, xatirələrə
daldığınız vaxtlar az olmaz.
- Elə bir insan varmı ki, xatirələri
dönə-dönə yaşamasın? Düşünmədən,
yad etmədən yaşamaq mümkün deyil. Xatirə
yaddaşındı, yaddaş tərpənməyəndə,
hərəkətə gəlməyəndə
özün-özünə yadlaşırsan...
- Sizin atanız Fərman
Kərimzadə ilə bağlı xatirələrinizi
oxucularımıza paylaşmanızı istəyirik. Deyin,
atanızı necə xatırlayırsız?
- Atam daima yaddaşımın bir
köşəsində yaşayır.
Bilirsiniz, heç məktəbə
getmədiyim vaxtlarda məndən atamı soruşanda, atam
yazıçı Fərman Kərimzadədir, deyirdim. Lap körpəlikdən
mənim üçün yazıçıdan böyük sənət
olmayıb. Bu günümdə də belə
düşünürəm.
Ata kimi onun əvəzi yox
idi.
Övladla dost, sirdaş, yol yoldaşı olmağı
vardı. Amma bir baxışı bəs edərdi
ki, özünü cəmləyəsən.
- Əsərlərini yazanda necə, xəlvət bir
guşə, evdən bir qədər təcrid olunma, belə
hallar olurdumu?
- Bilirsiniz, biz övladları və
anam onun ilk oxucuları olmuşuq. Çox vaxt əsərlərini
özü bizə oxuyardı. Həlim səsi
otağa yayılanda nəfəs almağı bəlkə də
düşünüb alardıq. Və fəxr
edərdik ki, bizə inanıb, əsərlərini oxuyur.
Oxudan sonra müzakirələr edərdik.
O, dünyasını dəyişdikdən
sonra çap olunan və olunmayan yadigar əsərləri ilə
üz-üzə tənha qalanda artıq onları atamın əsərləri
kimi yox, tanınmış yazıçının irsi kimi
yenidən oxudum. Məhz onda Fərman Kərimzadə əzəmətini
və fəlsəfəsini dərk etdim... Atamı
yenidən tapdım desəm, yanılmaram.
- Zaman keçdikcə,
yaşınızın üstünə yaş gəldi və
deyin Fərman müəllim, sizin üçün daha kim
olurdu, onu necə tanıyırdız?
- Atam dünyasını dəyişəndə
cəmi 27 yaşım vardı.
Atam şan-şöhrət
sevən insan deyildi. Ən gözəl bəzəyi sadəliyi,
dağdan ağır əzəmətinin
yaraşığı gümüşü saçları
idi.
Mərd, məğrur,
sözünün ağası və əzəmətli biri
idi.
Qapımızı kimlər döyməzdi, kimlər onu
görmək üçün gəlməzdi?..
- Yeganə
xanım, atanız ananızdan ayrılmışdı,
başqa xanımla ailə qurmuşdu. Balalarına
da bu ayrılığı sezdirirdi?
- Bəli, bu, bir müddət, il yarım davam etdi, o bizdən ayrı oldu, amma
atmadı. Bizi heç vaxt tək buraxmadı.
Buna baxmayaraq, o hadisənin izi qaldı. "Uşaqlığımın son yayı"
adlı hekayəm o izin məhsuludu.
- İndi o illər çox geridə qalıb, ata
ortağı olduğunuz bacı və qardaşlarla da deyəsən
sonralar mehriban olmadınız, yoxsa bu bir söz-söhbətdir?
- Biz ailədə dörd
uşağıq - üç bacı, bir qardaş. O hadisə
olanda dördümüz də vardıq. Orda isə
sonuncu bir qız dünyaya gəldi. Və
o qız bizim kiçik bacımızdı. Söz-söhbətlər həmişə olub və
olacaq. Biz o sözlərə qıcıqlanacaq insanlar
deyilik...
- Atanız
çox məşhur yazıçı idi. Bir çox tarixi
romanların müəllifi kimi tanındı, sevildi. Bu əsərləri yazdıqda hər hansı bir
maneələrlə üzləşmədi ki?
- Sovet dövrü
yazıçıya yaradıcılıq üçün
bütün imkanlar yaradılırdı. Buna
baxmayaraq qadağaları da vardı. "Axırıncı
aşırım" bədii filmini Moskva qəbul edə
bilmirdi. Milli kimlik Moskvaya lazım deyildi.
Filmin təsdiqinə atam məni də
özü ilə Moskvaya aparmışdı. Uşaq idim, amma çox şeyin şahidi oldum.
Brejnevin qızı məsələyə qarışandan
sonra film təsdiq olundu və qonaqlığı Qalina
xanım öz evində verdi. Bir gecə məni öz evində qonaq saxladı,
öz yanında yatırtdı. Bu
gördüyü işə görə çox sevinirdi,
atamı sanki mənə tanıtdırmağa
çalışırdı "on oçen
talantlivıy", - deyirdi. Hakimiyyətin əleyhinə
hakimin dünyagörmüş qızı gedirdi. Atama qarşı çox haqsızlıqlar olub.
O isə heç nəyə fikir vermədən bu millətin
yazıçısı olmaqdan usanmadı.
- Deyirsiz ki, filmin
təsdiq olunmasında Brejnevin qızının müdaxiləsi
rol oynadı. Atanız Qalina ilə necə tanış
olmuşdu, bu tanışlıq nə qədər yaxın idi
ki sizi evinə qonaq aparmışdı və bundan o
dövrün rəhbərləri xəbərdar idimi?
- Yəqin ki, bunu yüksək dairələrdə
bilməmiş deyildilər. Bu barədə dəqiq heç nə
deyə bilmərəm
Onu yaxşı bilirəm ki,
o vaxtlar Lenin muzeyinin baş rəssamının (adını
unutmuşam) həyat yoldaşı yazıçı və tərcüməçi
idi, atamı yaxşı tanıyırdı, onun vasitəsi ilə
olmuşdu bu tanışlıq.
- Dostları da
kifayət qədər idi. Bundan
əlavə, ətrafında müxtəlif təbəqənin
adamları olub. Bu
ətraf onu bezdirmirdi ki?
- Atamın ətrafında daima sevib,
hörmət etdiyi insanlar oldu. O, heç kimi unutmazdı. İnsanları sevirdi. Tanımadığı
biri üçün ölümə belə gedərdi. Ona görə də onu sevirdilər.
- Atanızla
ata-bala müstəvisindən kənara çıxıb, onunla dost ola
bildinizmi?
- Atamla ata-bala, dost və yol
yoldaşı olmuşam. Ədəbi nüzakirələrimiz
olub. Bir yerdə rəsm çəkməyi
sevirdik. Atam mənim dünyam idi...
- Sevilən, oxunan
romanların müəllifi olan Fərman müəllim
dünyasını dəyişdikdən sonra sanki unuduldu. Necə
düşünürsüz, səhv etmirəm ki?
- İyirmi yeddinci il
olur ki, ildə bir neçə dəfə atamla bağlı
müsahibələr verirəm, televiziya verilişləri
hazırlanır. Dərslikdə var. Məktəblilər
belə Fərman Kərimzadəni tanıyırsa, deməli,
unudulmayıb.
- Ətrafında çox dəyərli, böyük
yazarlar olub, onlarla dostluq edib, bəlkə də aralarına
yaradıcılıq baxımından hansısa rəqabət
və sair yaşanıb. Danışırdımı?
- Faiq müəllim, o dövr fərqli
idi. Çalışdığı yerləri
demirəm, evimiz belə yaradıcılıq məkanı idi.
Kimlər gəlməzdi bizə? Dövrün çox tanınmış
ziyalıları, yazıçılar, şairlər. Müxtəlif ölkələrdən olan qələm
adamları. O, buna yalnız sevinirdi. Təzə
nə kitab çıxdısa onu alıb gətirdi ki, oxuyun,
xalqın yazıçı, şairlərini tanıyın.
- Yadınıza
salın, daha çox kimlərlə oturub-dururdu, sizcə, ən
yaxın dostu kim idi?
- Ən yaxın dostu isə
Sabir Rüstəmxanlı idi.
- Yeganə
xanım, siz
atanızın nüfuzundan, ad -sanından sui-istifadə
edirdinizmi heç? Sinif yoldaşları, dost-tanış, tay-tuş
arasında qürrələnmək və sair baxımdan.
Olubmu ki, atanızın adına söykənib
şıltaqlıq edəsiz?
- Ailədə elə tərbiyə
aldıq ki, yekəxanalıq nədir bilmədik. Savadlı uşaqlar olmuşuq. Ata-anamız
buna xüsusi nəzarət ediblər. Özümüzə
güvənməyi başa salıblar. Hətta
mən rəssamlıq məktəbinə imtahan verən zaman
atam ora gəlmişdi qaçıb uşaqların içində
gizlənmişdim. Mənimlə imtahan verən bir
qız birdən qayıtdı ki, qızlar orda bir kişi dayanıb, ona baxın görün nə
yaraşıqlı adamdı. Hələ çox söz dedi
indi yazmıram (gülür). Məlum oldu
atamı deyir. - Atamdır,
- dedim. Və gedib atamın yanında şəstlə
dayandım.
İlk və son idi bu. Amma
onun övladı olduğum üçün mənə
yaxın olmağa çalışanlar çox olub. Hörmət
də görmüşəm, zərbə də yemişəm.
Ən əsası, elə bir insanın
övladı olmağımla fəxr etmişəm.
- Fərman müəllim
bəs qonşu kimi necə idi?
- O vaxt qonşuluq vardı,
qardaşım. Kabablar çəkilərdi.
Kişilər ayrı, qadınlar ayrı
oturardılar. Kimsə getmək istəyəndə atam
deyərdi: - Liftiniz işləmir? Məclis yenidən
qızışardı...
O rəhmətə gedəndə,
qadınları demirəm, qonşu kişilər
ağlayırdı.
-Bəs dostlarla münasibətdə
sizin illərin o tayında qalan müşahidələriniz bizə
nəyi deyə bilər? O dostlar bu gün
görünürmü?
-Atamdan sonra dostları bir daha görmədik.
Bayramları demirəm, adi günlərdə
aşıb-daşan ev boşaldı. Bu barədə bu qədər. Ardı yoxdu bu
sualın... Və cavabın...
- Yadınızda ən
çox hansı xüsusiyyətləri ilə qalıb?
-Atamla bağlı nə varsa,
unudulmazdı. Yol yoldaşlığı
üçün çox qəribsəyirəm. Vətən
tarixini elə gözəl bilirdi ki... Mən
atamla yol yoldaşı olanda Vətəni sevməyi öyrəndim.
Hər daşı bir tarixdi Azərbaycanın.
- Övladlar varis
olmaqla yanaşı həm də valideynlərin əsəridir.
Yazıçınızın ümüdlərini
doğrultmusuz?
- Onu deyə bilmərəm. Məncə, yalnız özü buna cavab verə bilərdi.
Anam halallığını vermişdi bizə.
Ailədə atamın davamçısı mənəm.
Rəssam, yazıçı, ssenarist. Sağlığında fəxr edirdi mənimlə.
Nə dərəcədə ona layiq övlad
oldum, bilmirəm. Adının
yaşaması üçün bacardığımı etdim.
Onlarla filmlər həsr etdim ona. İndi haqqında bədii film çəkilməsi
üçün çalışıram. Bəlkə sağ olsaydı, razı olmazdı.
Şöhrət sevən deyildi axı... Bu sualın cavabı
məndə yoxdu...
- Səfərlər,
tədbirlər, ziyafətlər, gərgin
iş, yaradıcılıq və sair. Çoxmu yorğun
olurdu, bezdiyi, yaşamına təəssüf etdiyi anlar var
idimi?
- Atam çox enerjili biri idi. Yorulmaq nədi bilməzdi. Günlərlə
otağına çəkilib yaza bilərdi. Yazmazdan qabaq bir saat yuxu ona bəs edərdi.
1988- ci il hadisələri başlayanda isə
çox kövrək olmuşdu. Uşaq kimi bir
uşağın ağlamağına ağlaya bilərdi.
-Onunla
bağlı ən çox nəyə təəssüf
edirsiz, nədə, hansı zamanda yanında olmalıydız ola bilmədiz?
- Camaatın İrəvandan
köçürülməsi ilə məşğul idi.
Dilinin əzbəri bir söz vardı:"El içində,
öl içində". El içində
arzusuna çatmışdı. Biz isə
onu evdə gözlıyirdik. Həmin gün ilaxır
çərşənbəydi...
- Sizcə, ona
hansı əsəri daha doğma idi?
- O vaxtın KQB-si tərəfindən
evdən aparılan adsız əsəri...
Söhbətləşdi: Faiq Balabəyli
Ədəbiyyat
qəzeti.- 2017.- 9 dekabr.- S.6.