Daha ikimiz də cəhənnəmliyik…

 

Gözümün nurunu aldı bu təklik,

varsan yağında, tortasında!

Düzdü, ikimiz cəhənnəmliyik;

mən gendə yanacam, sən ortasında!

 

Qılıncdan beş-betər kəsərmiş nəzər,

böhtannan, qarğışdan, şərdən əlhəzər!

Dərdlər ürəyimin üstündə gəzər,

əcəl eşələnər tən ortasında.

 

Boş qaldı xəyalda qurduğum evcik,

hər sevən taleyə düşməz elçilik,

mən xırman çölündə xırda sərçəcik,

qismətdən umduğum - dən-ortasında.

 

Yuxum səni tapıb-itirər hərdən,

bəxtim röyalarda gətirər hərdən,

bəbəklər şəklini tor görər hərdən,

elə bil yurd salıb çən ortasında.

 

Sevgi tərk etdisə-ümid sönər,

göylərdən pərişan torpağa enər.

Fələk bayram edər, Şeytan sevinər,

Bacarsan, hicranın dön ortasında.

 

Çox əsib-coşardın gözəl yarında,

daha, Vahid Əziz, əlləş canında.

məhv etdin eşqini alovlarınla -

indi, bacarırsan sən ortasında

 

27.XI.2017

 

 

 

Payız şabaş yağdırır

 

Bulud üç bir, iki bir,

yavaş-yavaş yağdırır,

yollar boyu toy gedir -

payız şabaş yağdırır.

 

Daşınmaqda ot-ələf,

qoymarıq olsun tələf,

su içində bu tərəf,

ya da o baş, yağdırır.

 

Sevilirik, sevirik,

ağrısını bilirik,

göz yaşların ya kirpik,

ya da ki, qaş yağdırır.

 

Qaldı yola salanlar,

getdi yadda qalanlar,

dəliqanlı olanlar

başına daş yağdırır.

 

Yol gedir qışa doğru,

kotana, xışa doğru,

göylər - yeli qupqupu

yağmuru yaş yağdırır.

 

Bir eşq sinənin altda

od-alov çataçatda,

qız-gəlin zarafatda -

təndir lavaş yandırır

 

04.XII.2017

 

 

Getmisən

 

Gülüm, axı hamı məni tanıyır,

bilmədiyin öyrənib getmisən?

İndiyədək çəmən məni qınayır,

çiçəklərə gileylənib getmisən.

 

Yar, olmaya canım sənə qəfəsmiş,

aramızdan çatlayıb, əsmiş?

Bəlkə sevgi sənin üçün həvəsmiş?

Ətrafımda veyillənib getmisən.

 

Axı məni yoxun-varın bilirdin,

al günəşin, ilk baharın bilirdin,

saçlarımı zirvə qarın bilirdin;

bəlkə, elə o sellənib getmisən?

 

Bir zamanlar hər an dil-dil ötərdin,

çeşmələrdən, bülbüllərdən betərdin,

sevincin bəlli oldu, dərdin -

hönkürüb, dillənib getmisən.

 

Sevənlərdir xatirələr qoruyan,

torpaqları göz yaşıyla doyuran,

yollar çoxdur insanları ayıran -

hara baxsan, şaxələnib getmisən

 

Tab edərdim məkrindəki qılınca,

o yaxşıydı - xəzəl olub solunca,

istəsəydin-su atardım dalınca

göz yaşlarım səpələnib, getmisən

 

27.XI 2017

 

Savayı

 

Körpə idim - yerim isti, özüm tox,

istəsəm yetişərdi havayı.

Öyünməyə daha gözəl günüm yox,

el-obamda o çağlardan savayı.

 

Xəyalımda ömrün hər bir yaşında,

gözlədiyim soyuq elçi daşında,

diləyim beşiyimin başında

nəğmə deyən dodaqlardan savayı.

 

Bütöv canın parçasıdır hər qitə,

ölən üçün zaman sönər, yer bitər!

Yer tapılmaz mənə doğma heç vədə

böyüdüyüm qucaqlardan savayı.

 

Vüsal qırar hicran salan duyünü,

qəlb oynadar dost arzusu, yar ünü,

alar ki, pərvanənin könlünü

həzin yanan çıraqlardan savayı?

 

Yeriməknən yaxın olar uzaqlar,

təlatümlər şahididir bu dağlar,

yer ölçməklə qazanıb ayaqlar

itirdiyi çarıqlardan savayı?

 

Mərd olanı zindan belə sındırmır,

zirvələrdə qarlar belə dondurmur,

bu dünyada heç məni yandırmır

odu sönmüş ocaqlardan savayı

 

03.XII.2017

 

 

 

İnciyib qızların göyçəyi mənnən

 

Mən bu ağrıları çoxmu çəkərəm?

İnciyib qızların göyçəyi mənnən,

özüm becərərəm, özüm əkərəm,

güllər barışdırsa çiçəyi mənnən.

 

Düşüb, ayağına yenəmi gedim,

hansı ağbirçəyi minnətçi güdüm?

Deyəndə: " alıb hədiyyə edim?"

"Can" - dedi, ummadı heç nəyi mənnən.

 

Ömrümü əlimnən alsa da - mənim,

qopub ləçək-ləçək solsa da - mənim,

illərlə yanımda olsa da mənim,

öyrənmir günahdan keçməyi mənnən

 

13.XI.2017

 

 

 

Küləklər Bakıya qarlar gətirir

 

Küləklər Bakıya qarlar gətirir,

Yasamal bəyazlıq geyir əyninə.

Bakı elə bil ki, duzun itirir,

dənizi səpirlər küçələrinə.

 

Küləklər dağlardan qarlar gətirir,

baxdıqca görkəmi göz oxşayacaq,

"Dağlı təndirini" alov isidir,

Çörək bişirdikcə köz oxuyacaq.

 

Qışın bu şəhərdə həyatı qısa,

qar yerdə, uzağı, iki gün qalar,

küləklər ya könlün açar bir qıza,

ya da örpəyini başınnan alar.

 

Tələsmə, a təmiz, gözəl bəyazlıq,

onsuz da vücudun suya dönəcək,

istidən yanacaq bağ-bağça yazıq,

bir azdan üzümüz yaya dönəcək.

 

Sulu qar küləklə qapımı açdı,

dağlarda o qədər qarpotu atdım,

bir topa ovcumdan yollara qaçdı,

onu gəzə-gəzə Bakıya çatdım.

 

27.XI.2017

 

 

Yaman yada saldı

bu gecə səni

 

Qəlbimi çəkdiyim həsrət üşüdür,

köksüm isitdikcə şəkillərini,

yoxluğun yandıran olmazdı bu cür,

yaman yada saldı bu gecə səni.

 

Səni xəyalımda tutub gedirəm,

Özgə kimim var ki, pənah gətirəm?

Qorxuram, özümü elə itirəm;

boynuna sarmanam görüncə səni.

 

İstəklər kor edib, ümid qırmışam,

şəkil var bozarır, daha yormuşam!

Evin bir küncündə evcik qurmuşam,

tapantək çəkəcəm bu küncə səni!

 

Yuxuda lal-dinməz keçdin yanımdan,

həyatda dözməzdim havalanmadan,

inan ki, canını dırnaqlarımnan

didərəm, yanımdan gedincə sənin.

 

Məhəbbət seliymiş, cür biləydim?

Apardı, daşlardan-daşlara dəydim,

hərdən düşünürəm: "Bəlkə öləydim,

bu cür heyran olub sevincə səni?.."  

 

Ətrinmi ətrindən, saçınmı bu cür?

Yaman yada saldı bu gecəm səni.

baxma ki, sevgidən gözüm su içmir,

ölüncə yolunu güdəcəm sənin

 

13.XI.2017

 

 

Gözəl

 

Quşlar boylanmaqda yuvalarından,

aləmə nəğməli payları gözəl,

əfəl gileylənər havalarından -

yurdumun günləri, ayları gözəl.

 

Çölləri oyadar çağlayan seli,

nəğmələr oxudar çiçəyi, gülü.

şimşəyi, yağmuru, çiskini, yeli,

büllur çeşmələri, çayları gözəl.

 

Qara daşından da bal çəkər arı,

xarlayıb qurd salar dağların qarı,

nəvələr sayanda ağsaqqalları -

titrək barmaqlarda sayları gözəl.

 

Hansı səsli çatar telli sazına,

tarın, kamançanın xoş avazına,

göz qoy oğlanına, boylan qızına -

mübarək soyları, boyları gözəl!

 

Heyranam millətim yaşadan dilə,

var olsun xalqımı oxşadan gülə!

Yallısız olanı görmədim hələ,

elin nişanları, toyları gözəl.

 

Arzusu çin olsun sevənlərinin,

ömrü gülşən olsun qızın, gəlinin,

ellərin boy atan körpələrinin

səsləri-küyləri, hayları gözəl.

 

Yaşın çoxaldıqca fəsilbəfəsil,

tanı, düşməninlə-dostlarını bil,

payızı qayğıkeş, yaşı şirindil,

vətənin qışları, yayları gözəl

 

27.XI.2017

 

 

 

Əsl Bakı havasıdır

bu hava

 

Bir arada səngimişdi rüzgarlar,

elə bil ki, qoyulmuşdu girova.

Bir az isti, bir az soyuq, bir az qar -

əsl Bakı havasıdır bu hava.

 

Nələr çəkər qəlblər elçi daşında!

Oğlanları sevər on beş yaşında,

şimşək çaxar gözəllərin başında -

əsl Bakı sevdasıdır bu sevda.

 

Bağlarında qızıl güllər alyanaq,

ləzzət verər şorqoğalla qayğanaq,

ətri gözəl; qənd, zəfəran, xeyli yağ -

əsl Bakı halvasıdır bu halva.

 

Gözəl Bakı Abşeronun maralı,

qala bilməz Xəzərindən aralı,

duyulmaqda dəyişdikcə əhvalı -

əsl Bakı qovğasıdır bu qovğa.

 

Görərsən ki, birdən aləm qarışar,

kimsə həddin ya anlamaz, ya aşar,

ağsaqqalla iki tərəf barışar -

əsl Bakı davasıdır bu dava.

 

Köçsün Sahil bağlarına yorulan,

mən Bakıya körpəlikdən vurğunam,

çevrəsində bəxtəvərik o vaxtdan -

əsl Bakı yuvasıdır bu yuva.

 

Nənə, baba qurban olar boyuna,

millət gələr sevənlərin toyuna.

"Vağzalı"dan doluxsunar qaynana -

əsl Bakı cəfasıdır bu cəfa

 

26.XI.2017

 

Vahid Əziz

 

Ədəbiyyat qəzeti.- 2017.-9 dekabr.- S.7.