Qarğaların dostluğu
Uşaqlar üçün hekayələr
İki qara qarğa çəmənlikdə
dənlənirdi. Onların yanına bir ala qarğa qondu.
Ala qarğa dedi:
- Gəlin, dost olaq.
Qara qarğalar sevincdən
qarıldaşdılar.
Birdən çəmənliyə
iri bir çörək parçası düşdü. Ala qarğa
çörəyi götürüb başqa bir çəmənliyə
uçdu. O, çörəyi yeyib qurtarandan sonra
dostlarının yanına qayıtdı.
Qara qarğalar daha
qarıldaşmadılar.
Ayı və armud
Meşədə
hayqırtı eşidildi.
- Uuuu, -aaaa.
Qalın yarpaqların arasında gizlənən
armud qorxudan titrədi:
- Ayı mənim iyimi alıb. Bu saat ağaca dırmaşacaq.
Birdən ağlamağa oxşayan
zarıltı eşidildi:
- Uyyy.
Armud fikirləşdi:
- Qaranlıqda ayağının
altını görməyib. Kirpinin iynələri
pəncəsinə batıb.
Sonra sakit bir uğultu səsi gəldi:
- Uğğğ.
- Aha, ağaca dırmaşıb.
- Uğğğ.
- Birinci budağı keçdi.
- Uğğğ.
- İkinciyə
dırmaşdı.
Armudun əyləşdiyi
nazik budaq tərpəndi. Ayı budağı özünə tərəf
çəkdi.
Armud bir anlıq
aşağı boylandı. Kirpinin ona baxan gözləri
həyəcanla parıldayırdı. Daha
gözləmək olmazdı. İkicə saniyə də
keçsəydi, hər şey qurtaracaqdı.
Armud saplağından
üzüldü. O qaranlıqda balaca ulduz kimi uçdu. Kirpinin
iynələri onu elə göydəcə tutdu. Ayı nərə çəkdi.
- Uğğğ.
Ayı sürətlə aşağı düşməyə başladı. Amma gec idi. Kirpi kolluğun arasında gizlənə bilmişdi.
Pəri və Miri
Ananın bətninə iki uşaq düşmüşdü. Birinin adı Pəri, o birinin adı Miri idi. Miri çox narahat uşaq idi. Ananın bətnində Pərini bir küncə sıxışdırır və daim mızıldanırdı.
- Qırağa çəkil, mənim yerim dardır.
Yazıq Pəri nə qədər kənara çəkilirdisə, Miri narazı qalırdı.
Gün keçdi, ay
dolandı, Miri ilə Pəri anadan doğuldular. Əvvəl
Miri, sonra Pəri dünyaya gəldi.
Miri dedi:
- Mən böyük qardaşam. Səndən
beş dəqiqə tez doğulmuşam.
Pəri dedi:
- Düz deyirsən, sənin
sözün mənim üçün qanundur.
Onlar beləcə
böyüdülər. Miri nə dedisə, Pəri
razılaşdı. O qədər böyüdülər
ki, axırda qocaldılar.
Bir gün Əzrayıl
adlı bir cənab onlara qonaq gəldi.
Əzrayıl dedi:
- İkinizdən biriniz mənimlə
getməlisiniz.
Miri dedi:
- Bacı, bütün
ömrümüz boyu mən nə demişəmsə, sən
etmisən. İndi sözü sənə verirəm.
Pəri dedi:
- Cənab, məni özünüzlə
apara bilərsiniz. Çünki Miri ölsə,
elə hesab edin ki, mən də ölmüşəm. Amma mən ölsəm, Miri bu dünyada hələ
yaşaya bilər.
Əzrayıl dedi:
- Həmişə Miri deyən
olub. Amma bu dəfə mən deyən olacaq.
Cənab Əzrayıl Pərinin
göz yaşlarına baxmadı. Mirini özü ilə
apardı. Amma cəmi beş dəqiqədən
sonra qayıtdı və dedi:
- Miri o biri dünyanı dağıdır. Sən getməsən, sakitləşməyəcək.
Pəri sevinə-sevinə Əzrayılın dalına düşdü.
Adil məktəbə gedir
Qonşu otaqdan nənənin səsi eşidildi:
- Adil!
Səs eşidilən kimi otaqda şanapipik cani-dildən ağacları döyəcləməyə başladı:
-Tuqq, tuqq, tuqq, tuqq.
Yox, bu ağacdələn deyildi, Adil idi. Nənənin səsini eşidən kimi qonşu otağa qaçdı.
- Tez çantanı hazırla, məktəbə gecikirik.
Bu dəfə deyəsən ovçu tüfəngi dalbadal açıldı.
Part, part, part!..
Yox, otaqda ovçu nə gəzirdi. O, Adil idi. Özünü
çantaya çatdırmaq üçün
qaçmışdı.
- Vay, hesab həll olunmayıb.
- Dəftərlər göyərçin
qanadlarını açır. Sonra kiçik nöqtələr
ağ vərəqlərin üzərinə
düzülür. Birdən Hacıleylək
qanadlarını şappııldadır.
- Şappp.
Deməli hesab dəftəri
örtüldü.
-
Şak, şuk.
Deməli çantanın dəmir
bəndi bağlandı. Dərhal özü boşaldan
maşın daş dolu yükünü boşaltdı.
- Takkk, takkk, tukkk, tukkk, tukkk.
Bu Adildir. Dabanlarını
döşəməyə döyə-döyə gəlib nənəsinin
qarşısında dayandı.
Yola düşdülər.
Dərhal pianonun akkordları
eşidildi.
- Dammm,
dummm, dammm, dummm.
Adil nənəsindən qabaq
pillələri düşür. Sonra yenidən geri
qayıdır.
- Tappp, tuppp, tappp.
Orkestr simfoniya ifa edir. Dörd ayaq səsi
eyni ahənglə pillələri düşür. İki ayaq Adilin, iki ayaq nənənin.
Onların önündə nəhəng
bir qartalın qanadları açılır.
- Nənə, mən qaçdım.
Adil qartal qanadlarına
oxşayan məktəbin qapılarından keçib siniflərinə
qaçır.
Xeyirxah oğlan
Şəkərabad şəhərinin
II sinif şagirdi Noğul hovuza yıxılan körpə
uşağı xilas etmişdi. Hamı onun
qoçaqlığından danışırdı.
Şəkər Qoğala deyirdi:
- O, həm igiddir, həm də
çox istedadlı oğlandır.
Qoğal
qaşqabağını sallamışdı. Dodağının
altında mızıldanıb deyirdi:
- Onun nə
istedadı var ki? Sən istedad görməmisən.
Zəng vuruldu. Dərs yenicə
başlamışdı ki, arxadan ağacdələnin səsi
gəldi:
- Tuk, tuk, tuk.
Şəkərbura müəllim
soruşdu.
- Bu nə səsdi belə?
Hamı susdu. Qoğal pəncərədən
görünən tut ağacına baxdı.
Müəllim də pəncərədən
çölə boylandı. Bəlkə
doğrudan da ağacdələn fəsilləri səhv
salıb. Yazda deyil, payızda qonaq gəlib?!
Dərsə davam etdilər. Birdən
motosklet tırıltısı qulaq batırdı. Müəllim səsin haradan gəldiyini soruşdu.
Hamı susdu. Qoğal
küçəyə baxdı. Şəkərin
rəngi ağardı. Müəllim
düşündü ki, bəlkə doğrudan da
küçədən motosklet keçdi. Dərs davam
etdi:
Birdən təyyarə səsi
eşidildi:
- Vıyyy. Müəllim
qaşqabaqla sinfə göz gəzdirdi. Hamı
susurdu. Qoğal pəncərəni
açıb göyə baxırdı. Şəkərin
qəzəbdən boğazı tutuldu. Göydə
isə heç nə görünmürdü. Dərs davam etdi. Birdən məktəb zənginin
səsi eşidildi:
- Dalaley, dalaley!!!
Uşaqlar tənəffüsə
çıxdı. Amma başqa siniflər hələ də
dərs keçirdi. Elə bil zəngin səsini
eşitməmişdilər.
Qoğal fəxrlə Şəkərdən
soruşdu:
- Kim daha istedadlı və
xeyirxahdır?! Mən, yoxsa Noğul?
Şəkər qəzəblə
dedi:
- Noğulun xeyirxahlığı
hamımızın başını uca etdi. O, bir
uşağı ölümdən xilas etdi. Sənin
xeyirxahlığın başımızı yerə soxdu.
İndi Şəkərbura müəllimənin
üzünə necə baxacayıq?
Onlar küsüşdülər. Sonra heç
zaman bir skamyada oturmadılar.
Noğulun hesab dəftəri
Noğul tut
ağacının altında əyləşib hesab dəftərinə
nə isə yazırdı. Ağacdan bir tut dənəsi
düşdü. Cücə onun
üstünə cumdu. Amma bir xoruz daha cəld
tərpəndi. Tut dənəsini yedi. Cücə
bir dəfə "Cipp" eləməklə kifayətləndi.
Sonra yenə bir tut
düşdü. Başqa bir xoruz hamını qabaqladı.
Cücə yenə də "Cipp" elədi.
Külək əsdi. Budaqdan xeyli
tut töküldü. Cücə hər
tuta bir dəfə "cipp" elədi. Amma
birini də yeyə bilmədi. Cücə
hər dəfə "cipp" edəndə Noğul dəftərinə
bir cızıq çəkdi.
Sonra sakitlik oldu. Noğul dəftərindəki
cızıqları saydı. Orada iyirmi beş
cızıq var idi.
Noğul dedi:
- Belə insafsızlıq olmaz.
İyirmi beş dəfə "cipp"
edəsən, bir tut da yeməyəsən?!
Sonra o, bütün
toyuqları tut ağacının altından qovdu. Ağacdan bir
tut düşdü. Cücə onu yedi.
Amma daha "cipp" eləmədi. Sonra beş tut düşdü, daha sonra iyirmi tut. Cücənin "cipp" eləməyə
vaxtı yox idi. O, tutun hamısını yedi.
Bircə iş pis oldu ki, Noğul
cücənin neçə tut yediyini hesablaya bilmədi. Qanı qaraldı. Cücə
bunu başa düşdü və yediyi tutların sayı qədər
"cipp" elədi. Onun "cip"ləri
gözəl bir nəğməni xatırlatdı.
Aysu və Cansu
Aysu və Cansu rəfiqə
idilər. Onlar rəqqasə olmaq istəyirdilər. Buna görə də rəqs dərnəyinə
yazıldılar.
Birinci məşğələdən
çıxıb evlərinə qayıdanda Aysu dedi:
- Mən daha məşqə gəlməyəcəyəm.
- Niyə? - deyə
Cansu heyrətləndi.
- Yox, məndən rəqqasə
olmaz. Ayaqlarımı düz ata bilmirəm.
Elə hey büdrəyirəm. - O,
qollarını və ayaqlarını göstərib əlavə
etdi:
- Bir bax, qollarım və ayaqlarım
yanıma düşür. Elə yorulmuşam
ki.
- Bir az səbirli
olsan, öyrənərsən. Anam deyir ki, səbir
bütün dərdlərin dərmanıdır.
- Yox, fikrim qətidi. Sabah
piano dərnəyinə gedəcəm.
Aysu səhərisi piano dərnəyinə
getdi.
Cansu isə anasının
sözünü unutmadı. Müəllimin hərəkətlərinə
diqqət etdi. Yorulmağına fikir vermədi.
Dərsdən sonra müəllimin
tapşırdığı hərəkətləri dəfələrlə
təkrarladı. Doğrudur, hərəkətləri
çətinliklə öyrənirdi, çox yorulurdu. Amma hər şeyə dözdü.
Aysu isə piano dərnəyinə
də getmədi.
- Barmaqlarım sözümə
baxmır. "Do" vururam, "re" çıxır, -
dedi.
- Eybi yoxdur, öyrənərsən,
- deyə Cansu rəfiqəsinə ürək-dirək verdi. Aysu dedi:
- Yaxşısı budur mən rəsm
dərnəyinə yazılım. Orda hər
şey özümdən asılı olacaq. Nə istəsəm, çəkə biləcəyəm.
Rəssamlıq da pis sənət deyil.
Dostlar bir müddət
ayrı düşdülər. Dərnəkləri
müxtəlif gündə olduğu üçün bir-birini
görə bilmirdilər.
Bir neçə aydan sonra məktəbdə
konsert oldu. Aysu ilə Cansu görüşdülər.
Cansu soruşdu:
- Rəssam ola bildinmi?
- Məndə rəssamlıq
istedadı yox imiş, - Aysu dilləndi.
Konsertin
aparıcısının səsi onların söhbətini
yarımçıq qoydu. Aparıcı Cansunu səhnəyə
çağırdı. Musiqi çalınan
kimi qız oynamağa başladı. O, elə gözəl
oynayırdı ki, elə bil nəhəng bir kəpənək
süzürdü. Bədənini məharətlə
oynadır, özünü əsl rəqqasələrə
oxşadırdı.
Alqış səsləri
salonu bürüdü. Aysu sevincindən ağladı. Səhnəyə
çıxıb rəfiqəsini öpdü və dedi:
- Sən bunları necə öyrəndin?
Axı mənimlə dərnəyə gedəndə
ayaqların bir-birinə dolaşırdı.
Cansu belə cavab verdi:
- Səbirlə məşq etdim,
çətinliklərə dözdüm.
- Heyif ki, mən səbirli ola bilmirəm, - deyə Aysu təəssüfləndi. - Yoxsa indi ikimizi də
alqışlayardılar.
- Gec deyil, - Cansu rəfiqəsinin
ruhdan düşməsini istəmədi. - Sabah məşqlərə
gəl. Hökmən rəqqasə olacaqsan.
Aysu rəfiqəsini
qucaqlayıb bir də öpdü.
Kişi
sözü
Noğulla Şəkər məktəbə
gedirdilər.
Noğul dedi:
- Kimsə mənim rəsm dəftərimdəki
şəkilləri cırıb. Əlimə
düşsə, saçlarımı yolacam.
Şəkər susdu.
Onlar uca bir çinarın
altında dayandılar. Bir sincab budaqdan-budağa tullanırdı.
- Bəlkə Sincab bilir?
- Nəyi?
- Sənin rəsm dəftərini
cıran adamı. Qoy onu çağıraq.
Noğul dedi:
- Sincab, ay Sincab!
Sincab budaqdan-budağa
tullanmağında davam etdi.
Noğul yenə
qışqırdı:
- Sincab, ay Sincab, karsan?
Şəkər dedi:
- Sincabı adam dilində
çağırmazlar!
- Bəs hansı dildə
çağırarlar?
- Qoz dilində, - deyə Şəkər
dilləndi.
- Qoz dilində?
- Hə də!
Şəkər cibindən
üç qoz çıxartdı. Onları bir-birinə
sürtdü. Qəribə səs
çıxdı. "Xırrrr,xırrrr".
Sincab dərhal aşağı düşdü.
Şəkər qozu
sındırıb ləpələdi və ovcunda tutdu. Sincab ləpəni
tez yeyib, yenə də çinarın başına
dırmaşdı.
Noğul dedi:
- Sincab sənə nə dedi? Mənim
dəftərimi kim
cırıb?
Şəkər dedi:
- Sincab dedi ki, qoy Noğul and
içsin ki, dəftərini cıran adamın adını biləndən
sonra onu incitməyəcək.
- Hə, söz verirəm.
- Kişi kimi?
-Hə, də kişi
kimi!
Şəkər dedi:
- Dünən kimin saçını
yolmuşdun?
- Heç kimin! Hə, sənin!
- Dəftəri də mən cırmışam.
Noğul Şəkərin saçlarını dartmaq istədi. Amma yadına düşdü ki, kişi kimi söz verib.
Dedi:
- Bir də sənin
saçını yolmaram.
- Mən də sənin dəftərini
cırmaram.
Onlar əl-ələ verib məktəbə
getdilər.
Zahid Xəlil
Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.8-9.