Zedi Smit yazıçı uğursuzluğu haqqında

 

Mənbə: Zedi Smit. "Fail better" essay for Guardian, Yanuary 13, 2017.

 

6.Yazmaq-özündən imtina etməkdir?

Daha bir yazıçı "Siz yazıçının iflasını necə təsvir edərdiniz?" sualını belə cavablandırmışdı:

Bir dəfə Çennaida məktəb auditoriyasında bir şagird mənə sual verdi: "Cənab, siz niyə, oxucunu qane etməyə çalışırsınız?" Mən iflası belə müəyyənləşdirirəm - Haydeggerin "Das Mann," adlandırdığı kəslərə, özünüz və özlüyünüzü  qiymətləndirərək yazarkən çiyniniz üzərindən boylanan və mühakimələrinizi təhrif edən naməlum "Onlar"a həsr olunmuş işlər.

Mənim kimi bir romanist, postmoderndən sonra yetkinləşmiş hər bir yazıçı kimi, təbiidir ki, mənlik konsepsiyasına, xüsusilə "kultural orijinallığa" şübhə ilə yanaşır- axı nəhayətində, necə həqiqətdə olduğundan daha çox və ya daha az orijinal olmaq olar? Bizi öyrədiblər ki, orijinallıq ədəbiyyat üçün sonuncu bir şeydir. Bəs onda bir yazıçı kimi öz müvəffəqiyyətsizliyimizi izah edəndə ən güclü hissin- ən dərin, ən real "Öz"ə xəyanət hissi olması faktı ilə necə barışmalı?

Bu çox təşəxxüslü səslənir: bəlkə öz səsimizin ən sadə ədəbi xəyanətindən, tənqidçinin sevimlisi: klişedən başlayaq? Bu "onlar" üçün seçdiyimiz dil deyilsə, bəs nədir? Bizə qədər çoxları tərəfindən işlədilmiş və köhnəldilmiş, özümüzü ifadə etmək üçün istifadə edilməli olan səmimi düşüncələrdən yayındıran sözlər? Klişe ilə siz ümumi bir anlayışa gətirib çıxardınız, ən qısa yolu göstərdiniz, həqiqi və qeyri-adi olanla risk etmədiniz, yenə də xoşagələn və tanış olanı təqdim etdiniz. Bu estetik və etik iflasdır: sadə sözlərlə desək, siz yalan dediniz. Yazıçılar uğursuzluqları qəbul edəndə kiçik şeyləri etiraf etməyi sevirlər. Məsələn, mənim hər bir romanımda qəhrəman bir şey üçün "pul kisəsində eşələnirdi", çünki mən çox tənbəl, düşüncəsiz idim və ağlıma gəlmirdi ki, "pul kisəsini" köhnə daimi dostu "eşələnmək"dən ayırım. Pul kisəsində eşələnmək  cümlə üzərindən lunatik kimi gözübağlı keçməkdir- kifayət qədər kiçik özünə xəyanətdir,  lakin yenə də xəyanətdir. Bəlkə də mən məhz ona görə yazıram ki, həyat boyu yuxuda gəzməyim. Bir cümlənin sizi səksəndirdiyini qəbul etmək asandır, bir çox yazıçıların abzaslar, qəhrəmanlar və hətta kitablar üzərindən gözübağlı keçməsi gerçəyi ilə üz-üzə gəlmək isə daha çətindir. Mənlik əskikliyi bu yazarlar üçün doğru diaqnozdur.

 

7. Yazıçıların vəzifələri varmı?

 

Orijinallıq və xəyanət haqqında söhbətlər müəlliflərin də, oxucuların da üzərinə düşən öhdəliklər məsələsini doğurur. Ədəbiyyatda yazıçıların vəzifələri, onların hansılar olduğu və necə pozula bildiyi haqqında nadir hallarda danışılır. Vəzifə o qədər də ədəbi termin deyil. Gəlin müəllifin vəzifələrindən oxucu, ədəbiyyatın istehlakçısı nöqteyi-nəzərindən danışaq. Gəlin istehlakçının istəkləri haqqında danışaq. Bu ölçü ilə yazıçıların vəzifəsi oxucuları məmnun etmək və buna çalışmaqdır.Və bu vəzifənin müxtəlif altkateqoriyaları var: anlaşıqlı olmaq vəzifəsi, maraqlı və ağıllı olmaq, ancaq heç vaxt qəsdən gizlətməmək, orta oxucunu fikrində tutaraq yazmaq, zövqlü olmaq. Bundan əlavə, müasir  yazıçı oxucuları əyləndirməlidir. Vəzifələrin bu siyahısına etina etməyənlər, şöhrətdən imtina edir və tənqidçilərin gülüş hədəfi olurlar. Gözlənilən süjet dönüşlərinə əsaslanan, qəhrəmanları teleserialların adət edilmiş dilində danışan həyəcanlı romanlar həmişə populyar olacaq. Hal-hazırda ədəbiyyatdan mürəkkəblik tələb edilmir. Oxucular, görünür ki, "təmsil olunmaq" istəyirlər,  buna görə də bədii ədəbiyyat konkret deyil, ümumi olmalıdır. Müasir bədii ədəbiyyat bazarında yazıçı əyləndirməlidir və tanınan olmalıdır; bunların yoxluğu uğursuzluğa və oxucular tərəfindən rədd edilməyə gətirib çıxarır.

Şəxsən mən əyləndirən və sevindirən, anlaşıqlı, maraqlı və ağıllı, müəllifi zövqlü olan, qəsdən oxucunu dolaşdırmayan kitablara qarşı deyiləm- lakin bu, mənim fikrimcə, bədii ədəbiyyat üçün kifayət deyil. Əgər hətta kitab bu sadalanan keyfiyyətlərə malik deyilsə belə, o, mənim üçün vacib olan yeganə ədəbi vəzifəni yerinə yetirməlidir. Mən əminəm ki, yazıçının yalnız bir vəzifəsi var: özünü və dünyanı gördüyü kimi ifadə etmək. Əgər bu kobud və qeyri-dəqiq səslənirsə, üzr istəyirəm.Yazıçılıq elm deyildir və mən sizinlə kompüterim arxasında oturub inadla təsvir etməyə çalışdığım (hələ də nail ola bilmədiyim) yeganə terminlərlə danışıram.

Mən yazarkən dünyadakı həyat tərzimi ifadə etməyə çalışıram. Bu, ilk növbədə, lazımsız olanların aradan qaldırılması prosesidir: siz ölü dili, ehkamları, özünüzünkü olmayan həqiqətləri, devizləri, sloqanları, patriotik yalanları, tarixi mifləri çıxaran kimi- inanmadığınız və sizin olmayan bütün bu şeyləri çıxaran kimi, şəxsi konsepsiyanızın həqiqətinə yaxınlaşırsınız. Mənim roman oxuyanda axtardığım budur: bir insanın həqiqəti, onun bədii dilinin imkan verdiyi qədər. Düzgün şəkildə yerinə yetirilən bu yeganə vəzifə, mürəkkəb, fərqli nəticələr doğurur. Bu, bir avtobioqrafiya yazacaqsınız demək deyil, buna baxmayaraq, bəzi yazıçılar oxucunun şəxsi həqiqət arzusunu hər zaman səhvən traktat, ya nitq və ya incəliklə maskalanmış özlərinin qəhrəmanı olduğu memuar yazmaq üçün özünəməxsus işarə kimi qəbul edəcəklər. Bədii həqiqət  avtobioqrafik deyil, perspektiv məsələsidir. Bu, elə bir şeydir ki, yaxşı yazırsınızsa, ondan qurtula bilməzsiniz; bu, sizin etdiyiniz hər şeyin içindən keçən təbiətinizin özlük nişanəsidir. Bu şüurun danışdığı dildir.

 

8. Biz bir-birimiz olmağı rədd edirik

 

Böyük roman- nə qədər yaşamağınızdan, nə qədər insanı sevməyinizdən asılı olmayaraq, heç vaxt bilməyəcəyiniz metafizik hadisənin göstəricisidir: sizinkindən fərqlənən şüur vasitəsilə dünya təcrübəsi. Vacib deyil ki, bu şüur qonaq otağında və ya İnternet şəbəkələrindədir; vacib deyil ki, o öz qəhrəmanı olaraq Doritonun küncünü və ya burjua ailəsinin cazibədar böyük qızını seçir; vacib deyil ki,  o öz yazısında "e" hərfindən istifadə etmir və ya iki min səhifədə beş qitəni ələk-vələk edir. Böyük romanları birləşdirən-təcrübəni formalaşdıran və bizi həyatımızın lunatizmindən oyadaraq diqqətli olmağa vadar edən individual tərzdir. Və bədii ədəbiyyatın böyük sevinci bu prosesin rəngarəngliyidir: Ceyn Ostinin nəsri Edit Uortonun nəsrindən tamamilə fərqli bir şəkildə və fərqli şeylərə diqqəti cəlb edir; Filip Rotun bizi yuxudan oyandırmaq istədiyi gerçəklik  Pinçon nöqteyi-nəzərindən hələ də yuxu sayılır.

Böyük bir roman, ətraf mühitin sizə nə qədər yad olmasından asılı olmayaraq, sizdən reallıq haqqında böyük bilgilər tələb edir. Bu, həmçinin sizi çox tanış gələn şeylərdə gizlənən radikal bənzərsizliyi qəbul etməyə məcbur edə bilər. Buna görə də təcrübəli oxucu bilir ki, Corc Sonders Lev Tolstoy kimi realistdir, Henri Ceyms isə bir eksperimentator kimi Jorj Perekdən heç də geri qalmır. Böyük üslub "dünya" və "mən" arasındakı qovuşuqda yaranır və bədii ədəbiyyatın gücü ondadır ki, bu kəsişmə hər kəsdə özünəməxsusdur. Yazıçı o vaxt uğursuzluğa düçar olur ki, bu kəsişmə bizim tələblərimizə uyğunlaşdırılır, ümumiləşdirilir, bizə artıq televizorda dəfələrlə gördüyümüzə oxşar dünya təklif edir. Pis yazı heç nə etmir, heç bir şeyi dəyişdirmir, heç bir emosiya vermir, yeni neyron əlaqələri qurmur. Biz kitabı dünya haqqında onun birinci səhifəsini açdığımız andakı eyni fikirlər və təsəvvürlərlə  bağlayırıq. Ancaq böyük yazı- böyük yazı sizi öz xəyalatına tabe olmağa məcbur edir. Siz səhəri Çexovu oxumaqla keçirirsiniz və günorta qonşuluqda gəzərkən ətraf Çexov dünyasına çevrilib; ofisiant qadın absurd zarafatlar edir, it küçədə rəqs edir.

 

9.Mükəmməl roman arzusu yazıçıları dəli edir

 

Yazıçıları təqib edən bir arzu var: mükəmməl roman haqqında arzu. Bu arzu ancaq xaos və əzab-əziyyətə səbəb olur. İdeal roman arzusunda ideal bir şəkildə öz şəxsiyyətini açmaq ümidi yaşayır. Amerikada müəllifin şəxsiyyəti cəmiyyətlə elə sıx əlaqələnmişdir ki, onların böyük roman arzusu "Böyük amerikan romanı" adlanır və yalnız bir şəxsin deyil, bütün millətin ruhunun aşkar edilməsini tələb edir. Bununla belə, düşünürəm ki, prinsip eynidir: Atlantik okeanın hər iki tərəfində biz təcrübənin həqiqətini mükəmməl bir şəkildə söyləyən roman xəyal edirik. Bu nəinki öz-özlüyündə mümkün deyil, hətta ideala maksimal yaxınlaşmaya belə nail olmaq alınmayacaq. Bunun səbəbi odur ki, barəsində danışdığım vəzifə- şəxsi konsepsiyanın həqiqətini dəqiq çatdırmaq- ən tələbkar vəzifələrdəndir. Əgər hər otuz ildə insanlar şikayət edirlərsə ki, yalnız bir neçə əla roman çap olunub, bu ona görədir ki, böyük romanlar doğrudan da az idi. Bədii ədəbiyyatda dahilər həmişə çox nadir olub və həmişə də çox nadir olacaq. Bizim bu qeyri-təkmil dünyamızda, qeyri-mükəmməl dilimizlə, özümüz haqqındakı qeyri-müəyyən, sürüşkən, aldadıcı biliyimizi nəzərə almaqla şəxsiyyət konsepsiyası haqqında həqiqəti demək üçün doğrudan da, elə bir dərəcədə estetik və etik baxımdan təmiz dahi lazımdır ki, bu fikirdən adamın gözləri yaşarır.

Ancaq buna görə kədərlənməyə dəyməz. Əgər doğrudursa ki, mükəmməl romanlar nadirdir, onda bu da doğrudur ki, bizim ədəbi kanon adlandırdığımız əslində ikinci-dərəcəli romanlardan ibarət şərəfli uğursuzluqlar mirasıdır. İstənilən müəllif bu siyahıya daxil olmaqdan qürur duymalıdır, necə ki, hər bir oxucu o əsərləri oxuduğu üçün özünü şanslı hesab edir. Sevdiyimiz kitablar müvəffəqiyyət deyil, cəhdlər nümunəsidir. İncəsənət cəhddədir, o ətrafda olanların daxili prizmamızdan keçərək anlaşılmasından doğulur. İncəsənət böyük bir intellektual və emosional əmək tələb edir. Bu həm də oxucunun vəzifəsidir. Mən artıq bunu qeyd eləmişəm?

 

10. Oxuculara qeyd: roman ikiistiqamətli hərəkəti olan küçədir

 

Roman hər iki tərəfdən bərabər əməyin tələb olunduğu iki istiqamətli hərəkəti olan küçədir. Düzgün yerinə yetirilən oxuma, yazı yazmaq qədər çətindir- mən buna, həqiqətən, inanıram. Oxumağı televiziya seyr etmək kimi passiv bir fəaliyyətlə müqayisə edənlərə gəldikdə isə, onlar yalnız oxumağı və oxucuları alçaldırlar. Daha dəqiq analogiya budur ki, həvəskar musiqiçi notlarını stendə yerləşdirir və çalmağa hazırlaşır. O, bu musiqi parçasını çalmaq üçün özünün çətinliklə qazanılmış bacarıqlarını işə salmalıdır. Bacarıq nə qədər çoxdursa, onun bəstəkara və bəstəkarın ona verdiyi də, o qədər çoxdur.

Bu "oxumağın" indi nadir hallarda  eşitdiyimiz konsepsiyasıdır. Yenə də siz oxuduqda, kitabla vaxt keçirdikdə səylərinizin qarşılığını görürsünüz. Oxu bacarıq və sənətdir və yaxşı oxucular bacarıqları ilə fəxr etməli və sadə bir səbəbə görə onu inkişaf etdirməkdən çəkinməməlidirlər: yazıçıların onlara ehtiyacı var. İdeal yazıçıya reaksiya vermək üçün ideal oxucu lazımdır, elə bir tip oxucu ki, öz şüurundan tamamilə fərqlənən bir şüurun şəklini ağlına buraxacaq dərəcədə açıq olsun. İdeal oxucu yazarın üslubuna alışır, onun itirilmiş əkizinə çevrilir.

Dediyim odur ki, oxucunun istedadı olmalıdır. Əslində bir çox istedadları, çünki ən istedadlı oxucu da ədəbiyyat torpağının böyük qismini çətin ərazi sayacaq. Aramızda neçə adam dünyanı Kafkanın hiss etdiyi kimi, bir kənddən digərinə getmək üçün həddən artıq təhrif olunmuş şəkildə görə bilər? Və ya dünyanı isimlərsiz təsəvvür edə bilər, necə ki Borxes edirdi? Dikkens kimi hissi baxımdan comərd olmağı və ya dini inancı Qrem Qrin kimi ciddi qəbul etməyi arzulayan neçə nəfər var? Bizdən hansımızda Zora Nil Herstonda olan sevinc qabiliyyəti və ya Duqlas Kuplandda gələcəyi görməyə ürək var? Kimdə Floberin ən incə nüansına ağlayacaq qədər zərafət və ya Devid Foster Uollesin qarışıq təkrarlanan düşüncə spirallarını təqib edəcək səbir və iradə var? Yazmaq üçün tələb olunan bacarıqlar oxumaq üçün də tələb edilir. Yazıçılar oxucuları nə qədər məyus edirsə, oxucular da yazıçıları o qədər məyus edir. Oxucunun uğursuzluğu o köhnə yarı-həqiqətdə gizlənir ki, romanda özlərini oxuyurlar, yazıçı isə onların dünyanı görmə şəklinin doğru olduğunu sübut edir. Bu, əlbəttə, bədii ədəbiyyatın edə biləcəyi çox şeydən biridir, amma bu daha dərin bir sehri olan fokusçunun kələyidir. Daha yaxşı oxucu və yazıçı olmaq üçün bir-birimizdən bir qədər çox tələb etməliyik.

 

Zedi Smit

 

İngilis dilindən tərcümə edən: Günay Rzalı

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.10.