Bu ömür ki var - əvvəli hanı?

 

Məsələ budur ki, sənətin, ədəbiyyatın əsl mahiyyəti barədə proqmatik qənaət bölüşmək mümkün deyil.

Çünki ədəbiyyat özü rasionallığı sevmir, sənət müstəvi üzərində təhlildən iraq anlayışdır, həyatın özü kimi.

Həm bir küncünə qısıldığı, həm onu içinə aldığı, həm fövqündə durduğu fəzada süzən bu anlayış - sənət haqqında novatorların yetərincə diri mülahizələri mövcuddur.

Bəzən yanlış olaraq, modernistlərin "Sənət sənət üçündür" deyimini "hər şey insan üçündür" müstəvisində təkzib eyməyə çalışırlar.

Modernistlərin sənəti rəva bilmədiyi insan obrazının digər adı "mövcud məntiqi qavrayış", "formalaşmış rasional baxış" idi. Təbii ki, sənət insanın özü üçün formalaşdırdığı qənaət toruna toxunmalı, bu şəbəkədə müəyyən rezonans yaratmalıdır. Torun fövqündə duran məsələlər isə insan üçün deyil, azından hələ ki, insan üçün deyil. Əslində modernistlərin sloqanlarından olan bu fikri bir az aydın formada izah etmək istəsək, "sənət insan üçün deyil, sənət sənət üçündür" kimi yox, "sənət rasionallığa, məntiqə xidmət etməyə borclu deyil" ifadəsinə gəlib çıxarıq.

Ədəbiyyata təkcə bir estetik cərəyanın - modernizmin timsalında nəzər yetirdikdə bu sahənin "böyük sirr"ə canatma olduğunu anlayırıq. Düzdür, qarşımızda bizə rahat yaşam vəd edən, sonsuzluğu düşünməyin səhv əhəmiyyətsiz olduğunu deyən yetərincə qalın kitablar klassik cərəyanlar durmaqdadır. Bu pozisiyada sənət, insan, kainat, zaman, barədə hökm vermək olduqca çətin mücərrəd kimi görünür.

Bu, an qədər vəfasız mövqedə insanın karına gələn, bəlkə sadəcə ovunduran məhz ədəbiyyatdır.

Ona görə zaman-zaman - bu gün bir az da çox - əsərlərin əsl gücü onların "böyük sirr"ə qədər yaxın olması ilə ölçülür.

Kamal Abdullanın demək olar ki, bütün əsərlərində bu ya digər şəkildə "Sirri zəmanə"yə eyham var.

Yazıçının romanları, hekayələri, şeirləri, esselərindəki yanaşmalar əksər mətləblərin fövqündəliyi ilə diqqət çəkir.

O, esselərinin birində sonsuzluq məsələsinin qavrayışının həlli mümkünsüzlüyünün belə bir linqvistik izahını tapır:

"Bilirsinizmi, sonsuzluğu niyə təsəvvür eləmək çətindi, bəlkə mümkün deyil?! Çünki biz onu sonu olan, kəsik-kəsik quruluşa malik "söz" vasitəsilə dərk izah eləməyə çalışırıq. Sonsuzluğun isə öz bitib-tükənməz, fasiləsiz izahedici "aparatı" olmalıdı. Məsələn, biz onu fasiləsiz şüuraltımızda "dərk" edə bilərik, fasiləli dilə isə gətirməyi bacarmarıq..."

"Alın yazısı hədər yazılmır" şeiri isə yuxarıda qeyd olunan Kamal Abdulla məziyyətlərilə yanaşı xüsusi poetik yükə malikdir. Şeir  həm quruluş, həm məzmun etibarilə yetərincə fərqlidir.

Bu şeir oxunmağa başladığı andan artıq xüsusi qayğı tələb edir. Oxucu həmən-həmən hiss edir ki, şeirin hər misrasının üzərindəki ruhun daşıyıcısı ola bilsin ki, illərdir yol gələn həmin yolçudur, amma yol qətiyyən həmin yol deyil. bu estetik fərqlilik şeirin əsas özəlliklərindəndir.

İsti yay günü heysiz bir axşam...

Bu uzaq yolun bağrını dəlib.

Mən ha çağırsam, mən ha bağırsam,

Heç kim inanmaz - bu odu gəlib.

Kamal Abdullanın bütün əsərlərində müşayiət olunan digər məziyyət isə onun dillə ənənədənkənar, şablonların fövqündə davranışdır.

Şeirlərdəki ayrı-ayrı misraların yaratdığı təəssürat haqqında danışmaq bizi çox uzaqlara apara bilər. Çünki "Alın yazısı hədər yazılmır" şeirinin demək olar ki, bütün misraları müstəqildir. Hər misranı ayrılıqda oxuyub, haqqında 7 üfiq uzaqlara dalmaq olar.

"Yayda qar deyib üzümə baxma..."

 

Hər misrası müstəqil olan əksər çağdaş Azərbaycan şeirlərinə verilən bir mənfi rəy bizi hər zaman narahat edib; "gözəl fikir yığınıdır, amma şeir deyil".

Başda aşağıdakı bənd olmaqla, ümumilikdə bu şeir tez-tez deyilən  həmin rəydən  xeyli uzaqdır.

Kim xatırlayar, nədən başladıq,

Bu ömür ki var - əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitir - xəzəli hanı?

Kamal Abdulla yaradıcılğı bizə sonsuzluq qarşısında riyazi həmlələr etməyin, rasional zarafatlarda bulunmağın yetərincə təhlükəli olduğunu bir daha təqdim edir.

Necə ki, bu zarafatı 2500 il bundan əvvəl yunan alim Parmenid qarşısında etmişdilər; onun "Həqiqət təkdir dəyişməzdir. Çoxluq, dəyişim, hərəkət əslində yoxdur hisslərimizin bizi aldatmasından yaranır" fikrini o dövrün riyaziyyatçıları hoydu-hoyduya qoymuşdular. Nəticədə Parmenidin tələbəsi Zenon bəşəriyyətə xüsusilə riyaziyyatçıları bu gün rahat buraxmayan paradokslar miras qoydu. Zenonun sayəsində Axilles hələ Tısbağaya çata bilmir.

İnsanın yer aldığı yaxud ona nəsib edilən bu mövqedə heç kəs rasionallıqdan yaxa qurtara bilmədiyi üçün bəziləri döşünün altındakı izaholunmaz hissləri çərpələng kimi ipə bağlayıb başının üstündə yelləyir, bəziləri ip olmasa belə o hisslərin ona səmaya, sonsuzluğa aid olduğunu anlayıb göyərçinlər kimi yuxarı uçurdur. Əlini gözünün üstünə qoyan bu insanlar mahiyyəti göyərçinlərin geri dönməsində deyil, onların pişvazında görürlər. Çünki onlar, əmindirlər: "Alın yazısı hədər yazılmır".

 

Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.11.