Oyanma və ya Səltənətin bir gündə
üç dəfə bayılması
Hekayə
Bir dəstə arvad Səltənətin
Köndələn arxa baxan beş daş
üstündə tikilmiş təzə evinin qulabanında
böyük oğlunun bu payızda inşaallah baş tutacaq
toyu üçün bəylik yorğan-döşəyi
salırdılar. Dünyanın adi bir
günüydü. Hər şey necə
olmalıydısa eləcənə öz xoşuyla gedirdi.
Xırda mismarlarla tarıma çəkilmiş
mitillər səliqəylə sırınırdılar.
İki kilo düyü
dünən axşamdan arıtlanıb qoyulmuşdu məhəccərin
üstünə. Obaşdannan işə gedən ərinə
iki çolpanı kəsdirib kəmali-ədəblə təmizləyib
qoymuşdu ləyənə, üstünə də iri bir məcməyini
aşırmışdı ki, pişik-filan dəyməsin, toz
qonmasın, quş-muş gəlib dimdikləməsin.
Bacılığı
Xeyransanın gəlininə dovğa qazanını
tapşırmışdı. Biləkli, sağlam gəlin
idi. Bu işi elə o yaxşı
bacarardı. İnsafən öhdəsindən
gəlirdi də - iri mis qazandakı dovğanı məharətlə
bulamağından bilinirdi. Amma Səltənət dilini də
yığmırdı:
- Qulağın qayınananın qaravəllilərini
dənləməsin. Gündə eşidirsən dəə… Birdən dovğanı çürüdərsən.
Mən bilmirəm, elə bir şey olsa, bil ki, sənin özünü qazana
basıb dovğa əvəzinə bişirərəm.
Xeyransanın gəlininin
sanballı biləklərinə baxmayaraq, alnında xırda tər
damcıları muncuqlanmışdı. Hiss olunurdu ki, işini
vicdanla görür, dovğanı bulamaqda bir an
da olsun əlini yubatmır. Amma zəhmli Səltənətin qəzəbinə
tuş gəlməməkdən ötrü bərayi-ehtiyat
dilləndi: - Çürüməz, xala.
- Nə deyirəm ki. Təki
elə olsun. Ancaq xəbərdarlığımı elədim
haaa...
Balkondakı arvadlar əlindəki yun
çubuğuyla qabağına çıxan toyuq-cücəni
pərən-pərən salan, kağızı-kuğuzu,
xırda çır-çırpını, odunu-modunu təndirin
başına dığırladan, havada itə yelləyib
acıqlanan - "hürmə, evdə qonaqlar var, tərbiyən
olsun" - hərdənbir də
o yana-bu yana keçəndə gözucu dovğa qazanına
baxa-baxa gəlinin yanbızına yüngülcə birini
çəkən Səltənətin xoxu gəlməyinə
qulabandakılar altdan-altdan qımışırdılar. Xasiyyətinə
bələd olduqlarından heç kim dillənmirdi.
Əlbəttə, dediyim kimi ən ağır, məsuliyyətli
iş Xeyransa arvadın gəlini Zöhrəyə
tapşırılmışdı. Xeyransa hardasa
bundan razıydı, gəlininə verilən bu cür işgəncədən
həzz alırdı. "Qoy görsün
necə qəddar qayınanalar var". Səltənət
hələ qayınana deyildi, inşallah olacaqdı. Nə
dəxli, onsuz da az qalıb.
Amma Səltənət fikirli
görünürdü. Bacılıqları bunu payızda olacaq
toyla, hələ alınmayan bəzi şeylər, xüsusən
qızıl-mızılla bağladıqlarından həm təbii
hesab edirdilər, həm də haqq qazandırırdılar.
Ağzında toy deyirsən! Toyun adı toy
olmasa, adamın işlərin çoxluğundan və
ağırlığından bağrı çatdıyar.
Gələk Səltənətin
fikirli olmağına. Səbəbini bir olan Allah, bir də
özü bilirdi. Nə açıb-ağartmalı
deyil, nə də gənəşməli. Camaat
min məna verərdi. Amma sirri acmağa məcburuq.
Bir neçə
gündür ki, kiçik bacısı Səmayənin
qızı Aysel Bakıdan qonaq gəlib. Məktəblər
bağlanıb, kanikuldur. Bakının səs-küyündən
və istisindən bezən bəzi şagirdlər qohumları
yaşayan rayonlara, kəndlərə yollanıblar.
Yüz illik ənənədir, bu gün də belədir,
sabah da belə olacaq.
Yatmamışdan qabaq Aysel
xalasından xahiş etdi ki, xala, Səma ilə yerimizi yerdən
sal. Səma
adını xalası Səmayə öz adına
yaraşdırıb qoymuşdu, Ayseldən 3 ay kiçik idi.
Səltənət
başı tavana deyən yükdən, yalan olmasın
qalınlığı yarım metrə çatan iri bir
döşəyi düşürüb atmışdı evin
ortasına.
Yastıq-yorğan gəlməmiş Aysel döşəyin
üstündə atılıb-düşdü: - Elə bil
purjunlu krovatdır! - deyib
heyranlığını bildirdi. Xalası
qızının sevinci Səmaya ləzzət eləyirdi,
heç nə deməyib gülümsəyirdi. Onun hər səhər "sveji" süd içməyi,
"sveji" qatığı hər günorta başına
çəkməyi,
yatmamışdan əvvəl də qatıq içməyi,
beçə çığırtmasını barmaqlarının
altısını da yalaya-yalaya yeməsi ayrı bir aləm
idi.
Səltənət həmişəki
kimi dilini yığa bilməyib sancdı.
- Ananın əlini pişik yeyib? Denən sənə də beləsindən birini
düzəltsin.
- Axı bizim sizin kimi çoxlu
qoyunlarımız yoxdur.
- Dədənin ki, pulu çoxdur. Pul verib düzəltdirsinlər.
- Nə bilim e! - Aysel xalasının
hansı simə vurduğunu düz-əməlli
anlamadığından qeyri-müəyyən cavab vermişdi.
Səltənət də bəzi
yarımçıq qalan işlərini sər-sahman eləmək
üçün eşiyə çıxmışdı.
Xala qızları sevinə-sevinə, deyə-gülə
qucaqlaşıb yorğan-döşəyin üstündə
xeyli mayallaq aşdılar, bir-birlərini
qıdıqladılar, oğlan uşaqları kimi güləşdilər,
axırda yorulub lam düşdülər. Tövşəklərini
dərib, xısın-xısın
pıçıldaşmağa başladılar. Aysel qəfil soruşdu.
- Sənin oğlanın var?
Səma içini elə
çəkdi ki, Ayselin rəngi ağardı. Dili-dodağı
təpiyən xalası qızını belə vəziyyətdə
görən şəhərli qız həyəcanlandı.
- Sənə nə oldu?
- Ay qız, anam eşidər ikimizi də
öldürər. Bu nə sözdü. Mən arvadam ki, oğlum olsun.
- Eh! Çuşka! Mən
də deyirəm bu qız niyə belə qorxdu. Elə
demirəm… Yəni istədiyin, xoşuna gələn
oğlan…filan… varındı?
- Kəs, kəs, anam gəlib ikimizi də
yun çubuğu ilə yazar. Nə
danışırsan? Heç elə
şey olar. Yat, yat, Allah, bu qız dəli
olub, başına ağıl qoy. Hələ
mənim nə vaxtımdır. Mən
uşağam.
Aysel xalası
qızının sadəlövhlüyünə,
avamlığına ürəkdən gülmüşdü. Səma yorğanı onun
başına atıb: - Sus, sus! - deyib işığı
söndürmüşdü. Həmin xoş
ovqatla Aysel yuxuya getmişdi. Səma isə
anası eşidər qorxusu və həyəcanı ilə
gözlərini bərk-bərk yumub uyumuşdu.
Bütün işlərini
bitirəndən sonra yatağına girməmişdən əvvəl
tam arxayınlaşmaq üçün uşaqlar yatan otağa
baş çəkəndə elə bil Səltənəti
tok vurdu.
Qızlar istilənib
yorğanı üstlərindən atmışdılar. Yüngül
və qısa tuman-köynəkdə qalmışdılar.
Aysel balaca ağ balıq kimi
görünürdü. Səma isə onunla
müqasiyədə, rəhmətlik Məsuma xala demişkən,
qara kösövə oxayırdı. Aysel
yupyumru, ağappaq, yatanda da üzündəki təbəssümlə
baxanı hayıl-mayıl edirdi. Səma isə
yorğun, qayğılı və bezgin
görünürdü. Əlbəttə,
şəhərdə rahat və komfort şəraitdə
böyümüş qızla yayda bütün günü al
günün altında qışda isə soyuqda, sazaqda
bitib-tükənməyən işlərlə axşamacan əlləşən
qız arasında təfavüt olmalıydı.
Səltənətin ürəyinə
pis şeylər gəlmirdi, paxıllığını,
qısqanclığını çox da yaxına
buraxmırdı. Aysel də öz balası deyilmi... Amma Səma Aysellə
müqayisədə…belə…nə isə…
Qulabanda iş başa
çatmaqdaydı. Düyünü qaynadıb, aşı süzüb dəmə qoymaq
lazım idi. Çığırtma tez bişəcəkdi.
Dovğanın ətri on ev o yana
yayılmışdı. Qulabandakılar da
xoş qoxunu duyub iştahlanmışdılar. Dovğa hazır idi, çürüməmişdi,
Səltənətin üz-gözündən bilinirdi. Təriflərin
bir ünvanı vardı: Xeyransanıın gəlini Zöhrə,
- Allah hamıya belə gəlin qismət eləsin. - Səltənət
nəhayət, gəlini tərifləyib dovğa ilə
bağlı son tapşırıqlarını verdi.
- Qazanı ocağın üstündən
götür qoy qırağa. Bir az soyusun,
sonra qapağını ört, amma kip yox,
yarıaçıq. Göz-qulaq ol. Cücə-mücə, it-pişik yaxın gəlib
murdarlamasın. Get balkondan üstünə ləyən
aşırdığım iri tavanı, bir də onun
yanındakı yağ bankasını gəti
bəri. Mən də əldamından soğan
götürüb gəlləm.
Daxmaya sarı bir-iki addım getmişdi
ki, bayaqdan bəri onu girinc edən, fikrini qarışdıran,
ara-sıra bəbəyinə girən, amma əlinin dalı ilə milçək qovalayan kimi
gözünün önündən bir anlığa rədd
etdiyi, sonra yenidən görünən bir şey arvadın
ayağını yerə mıxladı. İnanmadı.
Yəqin nəydisə gözünə kölgəmi,
xəyalmı… görünürdü, ya da xəyalına gəlirdi.
"Yoooxx, ola bilməz, dayan bir baxım…"
Çəpərin o
üzündən suyuşirin yeniyetmə bir oğlan heç
çəkinib eləmədən həyətdə kimə isə
baxıb gülümsəyir, əlləri,
qaşı-gözü ilə… him-cimlər edirdi, nəsə
deyirdi, danışırdı, eyhamlar vururdu. Əstəğfürullah,
nə işdi, gözləri belə görür, yoxsa
doğrudan da belədir. Boynunu döndərdi
ki, görsün çəpərin o üzündən boylanan
gədənin manşırladığı kimdir?
İyul olmasına baxmayaraq, elə bil Səltənəti
buzxanaya soxub çıxartdılar… Aysellə him-cimləşirdi…
Bu da Səltənətə
bir elə yer eləməzdi. Səltənəti
yandırıb-yaxan oydu ki, Aysel də çəpərin o
üzündəki gədəyə əməlli-başlı
mehmannəvazlıq edir, o da uyğun işarələr
göndərirdi. Allah məni öldür! - hətta deyəsən Aysel əli ilə onu həyətə
çağırır… Oğlan da kimi isə göstərib
şəhadət barmağı ilə baş
barmağını aralayıb boğazına çəkir… Həə, Səltənəti göstərirdi.
Qeyzindən əlindəki çubuğu yerə
necə vurdusa iki bölündü.
- Ədə, heyyy! Nə şinidirsən
orda?..
İşini görüb
qurtaran Xeyransa arvad Səltənətin
bağırtısından nə cür səksəndisə
mısmarın papaqlığı dizini sivirdi. Bir anda
arvadı qan apardı. Yanındakılar
onun həşirinə qaldılar.
- Sənnən döyüləm,
sırtıq kopoyoğlu? - Səltənətə
oğlanın hərəkəti həddindən artıq
çöçün gəlmişdi. Özünü,
sözünü, ağzını
yığıb-yığışdıra bilmirdi. -
Kimdi aazz bu gədə?
Zöhrə dəqiqləşdirdi: -
Nazimin oğludu.
- Hansı aazz, o arvad
darbalağı-zadı satanın?
Nazimin kənddə
böyük dükanı vardı. İmkanlı adamlardan
hesab olunurdu. Bir qardaşı da Moskvada
deyilənə görə yekə bir bazarın yiyəsiydi.
Kənddə son illər ortalığa
çıxan, seçilib-sayılan varlı ailələrdəniydi.
Heç Səltənət də onları pis
tanımırdı. Sözgəlişi
deyirdi. Acığından
aşağılayırdı. Belə
baxanda heç Səltənətgil də onlardan geri
qalmırdı. Xeyli mal-qaraları, hər cür meyvələr
yetirən dolu bağları, bərəkətli öruş yerləri
vardı. Noolub, Allaha şükür!
Dükanda hər şey
satılırdı, o cümlədən Səltənətin
dediklərindən də. Amma niyə Səltənət məhz o şeyin adını çəkdi,
bunu heç kim unamadı.
Yeniyetmə zərrəcə
belə çəkinmədi. Ayselə baxıb
gülümsəməyindəydi. Əşşi,
bunu başa düşdük ey. Bə bu
qız niyə belə əriyir. Xalasının
qəzəbləndiyini, hirsinin yeri-göyü
yandırdığını görmürmü?
Üzünü Ayselə tutdu: - Get
gir evə! Səma,
bunu sal qonaq otağına.
Ay Allah, bu nə işdi başıma
gəlir. Mən niyə ölmürəm, niyə
çatdamıram… Aysel tərpənmədi,
ayağının birini götürüb birini qoydu. Deyəsən, evə getmək fikri yoxuydu. Açıq-aşkar oğlana qahmar
çıxırdı. Hətta
xalasının onun ünvanına dediyi pis sözlərdən
utanırdı da. Üz-gözündəki ifadə də
bunu deyirdi… Birdən qöy başına
uçdu. Aysel nə dedi?.. Qulağı düzmü eşitdi?
- Xala, noolar, qoy gəlsin!
Yarısı sınıb əlində
qalmış yun çubuğunu qızın çılpaq
doluna çəkdi: - Kəs, həyasız!
Söz ağzından
çıxandan sonra səhv elədiyini bildi, amma gec idi. Bu nə söz idi
dost-doğma bacısı qızına deyirdi… Səltənət
açıq-aşkar qəzəbindən alovlanırdı.
Həyatı boyu nə belə şey
görmüşdü, nə də eşitmişdi.
Oğlan bayaq ha çəpəri
adlayıb həyətə təpildi. Yox, bu daha ağ
oldu. Xeyransa arvadın dizinin qanını birtəhər
durdurub - əski yandırıb külünü
basmışdılar qanayan yerə - arvadlar balkondan
tökülüşdülər. - Ədə, sən nə
tərbiyəsizsən, xalxın evinə niyə icazəsiz girirsən?
Oğlan heç kimə
fikir vermədən düz Səltənətin üstünə
yeridi. Hələ
də ufuldayan Ayseli göstərib: - Onun əvəzinə məni
vur. Hayıfdı, belə qızı elə
vurmaq.
- Ə, kopoyoğlu, məndən
çox istəyəcəksən onu.
Göy ikinci dəfə Səltənətin
başına uçdu.
- Hə… Mən
ömrümdə onu elə vurmaram.
Səltənətin əli qalxdı,
nə qalxdı, uzun müddət enmədi: - Axmaq kopoyoğlu,
al, al, al, al…
İndi Aysel də bayaqkı
ağrını unudub özünü oğlanın
qabağına verib xalasına yalvarırdı.
- Xala vurma da, ağrıdır
axı. Yazıqdır axı.
Bütün bu həngaməyə
balkondan baxan Səmanın nitqi qurumuşdu. Gözünün
qabağında baş verənlərə filmə
baxırmış kimi baxırdı. Xalası
qızının belə açıq-saçıq
davranışına mat qalmışdı. Heç
nə anlaya bilmirdi. Aysel
tanımadığı, bilmədiyi bir oğlanı niyə
müdadfiə edir, onun yolunda anasının adamın dərisini
yandıran bu zərbələrinə niyə dözür, necə
dözür? Yəni, sevdi birdən-birə?
Nə tez? Sevgi belə olur?
Səltənət bu mənzərədən
- Ayselin oğlanı, oğlanın da Ayselin əvəzinə
özünü zərbələrin qabağına verməsini
gördükdə tamam çaşıb qaldı və bihal
halda yerə çökdü.
Arvadlar Nazimin oğlunu həyətdən
qovmağa çalışır, o isə Ayselin əllərindən
tutub: - Çox ağrıdır? - deyə
soruşurdu. Aysel də: - Elə bir şey deyil, sənin necə,
əllərin göynəyir? - deyə
sızıldaya-sızıldaya soruşurdu. Oğlan
qızın əllərini oxşayır, hovxurur, arada qızın
barmaqlarının ucundan öpürdü də. Aysel də bundan xoşlanır, təkrar onun
qollarının, əllərinin ağrıyıb
ağrımadığını soruşurdu.
Arvadların matı-qutu
qurumuşdu.
Heç olacaq iş deyildi. Səltənəti nə
qınayasan. Bu kənddə hələ belə
bir şey olmamışdı. Gör e, işin tərsliyindən,
evin bir kişisi belə gəlib çıxmır ki, bu gədənin
qulağını burub dərsini versin, bu mərəkə də
qurtarsın.
Səltənət
yarıhuşsuz vəziyyətdə həm arvadların
danlaq-dansağını eşidir, xüsusən Nazimin
oğluna təpindiklərini duyur, həm də Aysellə
oğlanın bir-birinə
mehribançılığını görürdü. Bir az
özünə gəlib ayağa durmaq istədi. Aysel
xalasının qımıldandığını
görüb: - Xala, qurban olum, ayıldın? - deyib
özünü onun qucağına atdı. Oğlan da: - Səltənət
xala, sən Allah özünə gəl, bizi peşman eləmə!
- deyərək arvadın sol əlini tutub
öpməyə başladı. Aysel də
xalasının sağ əlini balaca ovuclarının
arasına alıb oxşayır, sonra o da öpürdü.
Amma hər ikisi arada yenə bir-birinə baxıb gülümsəyir,
dünyanın ən doğma, məhrəm insanları kimi
mehriban-mehriban
baxışırdılar.
… Səltənət təzədən
bayıldı.
Bu dəfə daha durmaq yeri
deyildi. Arvadlar Nazimin oğlunu qabaqlarına qatıb həyətdən
eşiyə çıxardılar. Darvazanı
arxadan vurdular. Ayseli də içəri
salıb bu dəfə də Səltənətin həşirinə
qaldılar. Üzünə su vurub
özünə gətirdilər. Qoltuğuna
girib balkona çıxardılar. Altına
qalın bir döşəkcə atıb kürəyini divara
söykədilər.
- Sən də lap cınqursaqsan haa…
Hövsələn olsun daa…
- Aazz, hövsələ yeridi?.. O gədə bir yana, siz bu həyasızın
mənim başıma gətirdiklərini
görmürsüüz?...
Hamı ürək-dirək verir,
şeytana lənət oxuyurdu, zəmanənin tamam xarab
olmasından, böyük-kiçik yerinin baş-ayaq düşməsindən
ahu-zarlanırdılar.
- Hamısını eləyən bu
televizorlardı. O gün kişiynən kinoya baxırdıq -
yadımdan çıxdı, hansı kanal idi. Ay başuuza
dönüm, elə də öpüşmək olaar? Bir-birilərini kələm kimi yeyirdilər. Yaxşı ki, evdə uşaq-muşaq yoxuydu. Tooba, utandığımdan durub ərimin yanından
çıxdım eşiyə. Səltənəti nə
qınayasan?..
Bir-bir xudahafizləşib hərə
üz tutdu öz evinə-eşiyinə. Nə plov
qazanı ocağın üstünə qoyuldu, nə də hələ
də ətri həyəti başına
götürmüş dovğadan daddılar, çünki
ocaq sönmüşdü, dovğa soyumuşdu, ən əsası
yeməyə heç bir həvəs yoxuydu. Hamı hadisəni
özünə götürüb: "Biz neyləyərdik?"
- sualının əlində girinc
qalmışdılar. Sonra da qulaqlarını
çəkib "kiş-kiş" edirdilər.
Sakitlik idi. Səltənət bir az özünə gəlmişdi,
qızını səslədi. - Səmaaa…
Səma əlüstü qonaq evindən
çıxıb anasının qənşərində mil
dayandı: - Eşidirəm ana…
- Harda itib-batmısan?
- Qonaq otağındaydım.
- Başıma gələnləri
gördün dəə… Gör əziz-xələf xalan
qızı nə oyun durquzdu… Gördünmü?
-
Hamsını yox…
- Niyə?
- Mebelin tozunu alırdım.
- O gülməşəkər
hardadı?
- O da qonaq otağında
- Neynəyir.
- Ağlayır…
-
Telefonu bəri elə. Özün də get onun yanına.
Titrək əlləriylə Səmayənin
nömrəsini yığdı…
- Bıy, başına dönüm
bacı! Ağrın ürəyimə. Necəsən, nətəərsən? Azarın-bezarın mənə gəlsin,
yaxşısanmı? Aysel səni incitmir ki?..
Oyan-buyan eləsə, belə bas,
gözünü çıxar. Bir söz desəm, lal
olum, dilim dovğada yansın…
Bacısı bir ucdan
doğrayıb-tökürdü. Deyəsən Səltənətə
mafal verməyəcəkdi. Dovğa sözü
olmasaydı, elə Səltənət də bir xeylaq qulaq
asacaqdı, çünki qeyzindən hələ də
tövşüyürdü, ürəyi ağzından
çıxırdı.
İndicə yadına
düşdü ki, dovğa dolu qazanın ağzı
açılmamış qaldı. Qonaqlarını evlərinə
ac-susuz yola saldı. Allahın
dovğasını da içmədilər.
- Qorxma, bir dolu qazan dovğanı zay
elədi.
- Bıy, olmaya ocağın
üstündə dovğa bulamağı ona
tapşırmışdın?
- Yooxx… - Gördü ki, uzun məsələ
olacaq kəsələdi.
- Aazz, bu nə cür qız
böyütməkdi? A səni qara yel
aparsın! Belə də özbaşına
qız uşağı olar?
Telefonun o başından bir
xeyli səs gəlmədi. Səmayə nə
baş verdiyini anlamaq istəyirdi. Qızının
dovğanı zay eləməyi ilə "bu necə qız
böyütməkdi"nin əlaqəsini
heç cür tapa bilmədi. Hannan-hana öləzimiş səsi
gəldi: - Noolub ki?
- Belə canına dərd olub, azzar
olub. Gözümün qabağında birinci dəfə
görməklə xalxın gədəsi ilə him-cimləşir,
qaş-gözünən danışan gədəni
söyürəm, çubuqla vururam, özünü irəli
verir, vurma deyir. Mənə e! Səltənətə!
Nə çəkinir, nə həya edir, nə abır
gözləyir.
- Kimdi o… oğlan?
- Nə bilim? Deyillər
Market Nazimin oğludu. Məktəbi
qutarandan Bakıda, Türkiyədə, Urusetdə girələnirdi.
İndi kənddə yekə bir dukan
açıb. O dukan açılandan camaat tay rayona-zada gedib-eləmir. Kəndin
camaatının bütün pulları - maaş
kartları onun cibindədir. Sağa da qazanır,
sola da qazanır.
- Bay, tanıdım, Mustafa əminin
ortancıl oğlu. Ay bacı, onlar yaxşı nəsildir. Bilmirsən, Mustafa əmi sovet dövründə
kolxozun baş buxaltırı işləyirdi.
Əlbəttə,
tanıyırdı. Amma
beyni-başı elə yüklənib ki, yaddaşı da
pozulub. Səmayə dedikcə bir-bir
yadına düşürdü.
- Sən hardan yerli-yataqlı
bunları öyrənmisən ?
- Qohum-əqrəba gələndə
danışırıq daa…
Hə dəə! Səmayə
də bu kənddən deyilmi? Elə
şey soruşur, özünü lap qəribçiliyə
salır. Səmayə Nazimlə bir sinifdə oxuyurdu daa. Yooxx, yenilə bilməzdi. Səmayənin də qızı
kimi dərsini verməliydi. Təzədən
açıldı.
- Onu demirəm! Sənin qızın
çox özbaşınadır. Nə
xala sayır, nə ağbirçəkdən utanır.
Gözümün qabağında az
qalır sarılsın gədənin boynuna.
- Ay Səltənət, heç dəyişməmisən
e! Xasiyyətinə bələdəm. Allah
bilir, gedənnən
həyətdən bayıra buraxmamısan.
- Bə nə? Amanat uşaqdır. Hara buraxım?
- Yəqin bütün günü elə
Səma ilə oynayır.
Darıxır daa…
- İndi onun
darıxmaması üçün kəndin bütün
oğlanlarını yığıb həyətə tökməliyəm?
Səmayə adət-ənənənin
sərt tərəfdarı və keşikçisi olan
bacısını yaxşı tanıyırdı. Ancaq
qızının da halına acıyırdı. Şən,
deyib-gülən, oynaq qızının dörd divarın
içində nə çəkdiyini də anlayırdı.
- Sən Allah, bu bir həftədə
heç olmasa Arazın qırağına, İydəliyə
gəzməyə göndərməmisən? Bəhrəmtəpənin
kotlevanlarından birinə Səmanı da qoşub üzməyə,
çimməyə də aparmamısan?
Səltənətin
dişi-dişinə dəyirdi, eşitdiklərindən
havalanırdı. Əlini sinəsinə-başına
qoyurdu, divarı-döşəməni yoxlayırdı. Hər şey yerində idi. Amma
yenə qorxa-qorxa gözlərini yumub-açırdı,
açıb-yumurdu. Səmayənin
arxayın danışığı, hələ desən Səltənəti
qınaması böyük bacını dəli edirdi. "Bu nə danışır? Doğrudan
da kiçik bacısı Səmayədir?"
- Aazz, Səmayə, bu sözləri
deyən sənsən?..
- Mənəm, Səmayəyəm, Səltənət,
bacı qurban sənə. Belə köhnə
fikirli olma. Uşaqdılar. Əl-ələ tutub gedəcəklər, gəzməyə,
İydəliyə, Arazın sahilinə, təmiz hava udacaqlar,
Arazda çiməcəklər, sonra da əl-ələ tutub
qayıdacaqlar evə. Burda nə var ki.
Noolacaq ki?
- A səni Allah öldürsün! Necə yəni burda nə var ki. İydəlik,
Arazın qırağı - Səmayənin ağzını əydi
- gözdən-könüldən uzaq yer… Bilmirsən
noolar?
Səmayənin
gülüşü telefondan şəlalə kimi axdı. Səsindən hiss olunurdu
ki, dünyanın ən qayğısız xanımlarından
biridir. Səltənət demişkən, əsl Allah bəxtəvəridir.
Amma nə dəxli var. Məgər
namus-qeyrət, ar-ismət pulla ölçülür, yat-yut
olur.
İş-işdən keçəndən sonra nə pul, nə
var-dövlət?..
Səltənətin qəti
qənaəti belə idi. Belə
eşitmişdi, belə görmüşdü, belə
yaşamışdı.
Telefonun o başında Səmayə
uyğunub gedirdi. Telefonun bu başında Səltənət
uçunub gedirdi. Bacısının dediklərini
qəti qəbul etməyən, həm də mahala
sığmayan arxayınçılığından hiddətlənən
Səltənətin əlindən telefon düşdü,
başı sol döşü üstündə əyildi,
ağzı köpükləndi. Qızlar
qonaq otağında yalandan sil-süpür edirdilər. Qorxularından Səltənətin gözünə
görünmək istəmirdilər. Gözləyirdilər
ki, özü çağırsın, ya da içəri
qırıb nəsə tapşırsın.
Qəribə səssizlikdən,
güclə sezilən xırıltıdan, telefonun daranqadan
yerə düşməsindən xoşagəlməz hadisə baş verdiyini duyan Səmayə əl
qatmışdı özünə.
- Ay bacı, qurbanın olum, nooldu sənə?
Səsin niyə gəlmir, Ay Səltənət, ay bacı…
…Səltənət
üçüncü dəfə bayılmışdı…
Səyyad Aran
Ədəbiyyat
qəzeti.- 2017.- 9 dekabr.- S.14-15.