Rəngsiz qadın
Bezdirici gecələrdə sənin
barəndə düşünürdüm. Harda səhv
etmişdim?
Mən hamıya görə səhv olanı doğru olaraq qəbul etməklə kreativlik etdiyimi düşünərkən saçmalamışdım. Hamının səhvini mənim sevgim belə doğruya çevirə bilməzdi. Artıq fərqində idim
əvəzolunmaz xətam,
səni sevən ürəyim məntiqimlə
baş verən müharibədən sağ-salamat
çıxmayacaqdı. Ürəyimdə mövcud yara
izlərini tək-tək
bezmədən, usanmadan
ülgüclə dərinləşdirdin.
Bundan görünür zövq alırdın. Mənim üçün
sənin ağlasığmaz
əyləncələrin belə
müqəddəs idi.
Xəstəlikli bir eşq idi bu. Və bundan qurtulmaq üçün müraciət olunan çıxış yollarının
sonu çıxmaz sokak, sonu uçurum...
Əslində etriraf edim ki,
mən bu xəstəlikdən qurtulmaq
istəmirdim. Yəni bu xəstəlikli
eşq mənim həyat eşqimi yemləyirdi. Axı
"hər səhv bakirədir, təkrarı
zövq adlanar, xəta yox!".
Sən də dönə-dönə
təkrarlanırdın. Mən ağıllanmırdım.
Hər dəfə sənin uçurumlarından düşərkən
aşağı dizlərimi
keçdim, ürəyim
qanayırdı. Ancaq mən
məntiqimi dinləmirdim
heç vaxt. Özümə verdiyim sözləri
sənin baxışlarınla
qarşılaşanadək möhkəm tuturdum.
Dönə-dönə unudurdum vədlərimi.
Sən həmişə 1-0 öndə
idin. Sənin yanında həmişə
susurdu haqlılığım.
Mən məntiqimi ən ədalətsiz şəkildə
cəzalandırırdım. Adını eşq qoymuşdum. Amma bu fərqli idi. Sənə olan duyğularımın
adı, dadı, səsi, rəngi fərqli idi. Mən bunu heç vaxt tam şəkildə sözlərə tökə
bilmirdim, bilməyəcəkdim
də. Mümkünsüzlüklərlə yaşayırdım. Mən romantik deyildim qətiyyən. Sən xaric
hər şeydə yola gətirilməsi mümkün olmayan realist idim. Bircə mövzu sən
olanda aludəçilərdən
fərqim qalmırdı
mənim. Sən mənim
zaafım, narkotikim idin. Məni öldürdüyünü bilə-bilə səni vururdum şah damarıma. Sən isə yavaş-yavaş
öldürürdün məni.
Sən uzaq idin, sən yasaq idin, sən
patologiya idin, bəli, tam olaraq patalogiya idin…
Sən mənasızlıqlarımda gizlətdiyim
məna idin. Beynimdə adın
hər an, hər saniyə dolaşırdı.
Dilimdən sənin adın
asıldıqca özümdən
iyrənirdim. Necə kəsib
atardım ki səni ömrümdən?
Yaşanmışlıqlara nifrət edib yaşamaq çətindir,
əvəzolunmazım...
Özümə nifrət etmək daha asan idi,
bilirsən?
Mən çıxmazlarımda solğun-solğun
yaşayırdım. Bu
solğunluğum
insanların rəngarəng iradlarına tuş gəlirdi.
Rəngsizləşirdim yavaş-yavaş...
NARGİS
Ədəbiyyat
qəzeti.- 2017.- 9 dekabr.- S.15.