"İlk Cümlə
Texnikası"na dair qeydlər
Sətirlərin
üzərində gözlərinizi gəzdirərək eyni
"Viktorya dövrü"ndə məşhur olan "Great
Tour" təcrübəsini yaşayırsınız. Həmin fiziki hərəkət olmadan, sadəcə düşüncə ilə
virtual bir dünyanın
o xoşhal ləzzətini
yaşamağın ayrıca
ləzzəti olduğunu
qeyd etməliyəm. Bu elə dərin və sevindirici, zövqverici bir ləzzətdir ki, oxumağı, mütaliənin
hesabına əldə
edilə bilər.
Ancaq burada digər bir məqam da məhz virtual, təxəyyül dünyasına
olan səyahətin qapılarını açacaq
olan sehrli kəlmələrin gücüdür.
Bəziləri üçün bu bircə cümlə,
bəziləri üçün
uzun boşluq, bir çoxları üçün isə əhəmiyyətsiz bir detaldır. Di gəl ki, son vaxtlar mənim üçün yazı məşqlərimdə ləzzətli
bir araşdırma mövzusuna çevrilib.
İstədim ki, uzaq ellərin nəsr sirrindən, qədim diyarların adına "naratology" dediyi, daha çox
"narrative" deyə ifadə
etdiyi bu "nəqletmək" sənətindən
danışam. Daha doğrusu,
bunun ən incə detalını, ilk
cümləsinin arxetipindəki
fəlsəfi, texniki dəyəri analiz edim.
Roland Bart deyirdi
ki, "nəsr bütün hallarda nəqledənin özüdür!" Əslində haqlıdır. Çünki nəsr, bu mənada
onu yazanın düşüncələrinin, xarakterinin, seçimlərinin
və zövqünün,
qorxularının və
komplekslərinin cəmidir.
Bütün yazıçılar öz duyğularını,
təhtəlşüurlarını, xarakterlərini kriptosunu obrazlarının əyninə
geyindirir. Məsələn, Frans Kafka eyniylə Zamza kimi böcəkləşmək
istəyi ilə, çevrilmək, başqa
nəyə isə dönmək arzusu ilə yaşayırdı.
Ya da ki,
M.F.Dostoyevskini götürək!
Elə o da Raskolnikovun baltası qədər qorxunc, ama həmin baltanın missiyasındakı
ilahi məqam qədər ali
məqsədlər üçün
yaşayırdı. Amma
bir də bizimkilər var axı! Neftli ölkənin dərin
quyularından da dərin düşüncələri
olan, ancaq dibsizliyin qaranlığında
səsini ədəbiyyat
dünyasına eşitdirə
bilməyənlərimiz də
var. Məhz onlarda da bu xarakterin,
kriptonun ədəbiyyatını
görə bilərik.
Bu mənada Səlim
Babullaoğlunun şeirləri
mənim həmişə
diqqətimi çəkir.
Səliqəli, hər bir hərfin, hərflər arasındakı o dərin
boşluğun, sözlərin
və bütünlüklə
bu simvolların birləşib yaratdığı
şeirlərin enerjisi
insanda onun dünyasına səyahət
həvəsi oyadır.
Bəlkə də, deyəcəksiniz ki, məqalə üçün
müəyyən etdiyim
"əsərin ilk cümləsi"
hipotezinə qarşı
çıxıram, simurq
qanadlarında sizi başqa dünyalara aparıram, ancaq bu da mənim
səyahətimdir əgər
xoşdursa, davam edək! Onun sevdiyim bir şeirini
oxuyun!
"Gündəlik
üzücü işləri,
vərdişləri
nəzərə almasaq,
bir də doğuşun və qürubun səmtini,
onda heç
kim sabahı yaşadığı kimi
gözləmir.
Bura gələ-gələ
ilk cümlə
haqqında düşünürdüm,
Kağız üstündə
o təxminən belə
ola bilərdi:
adam həmişə
danışmaq istəyir,
amma çox
vaxt lazımi yerdə
və istədiyi
adamların əhatəsində
olmur."
(Coratdakı
balıqçı uşaqlarının
ədəbiyyat dərsi)
***
Oxucu qəfil girdiyi bir mağazada
(təsadüfdən, hər
hansı bir kitab almaq niyyətində
olmadan) əlinə aldığı ilk kitabın
müəllifinə, adına baxmadan birbaşa birinci paraqrafdakı birinci cümləni oxuyur. Və özümün də bu vərdişim bir müddətdən sonra əslində bəzi ciddi məqamlar barədə düşünməyə məcbur
olduğumu mənə
xatırlatdı. Bu, oxucunun
kitabın dünyasına
olan "təxəyyül
səyahəti"nin
ilk qapısıdır. Bu qırx
qapılı sarayı
gəzdirmək üçün
onun hər tərəfini "Min bir gecə" nağıllarındakı
Şəhrizadın hiyləgərliyindən
yararlanaraq "maraq"
hissi ilə bürüməlisən. Çünki ilk cümlə sadəcə əsərə daxil olmaq üçün yox, həm də
həmin qapıdan ürəklə içəriyə
addım atmaq üçün də vacibdir.
Dünyada böyük oxucu kütləsini arxasınca
aparmış, onu fərqli dünyalara səyahət etməyə
həvəsləndirmiş olan əsərlərin ilk
cümləsinə nəzər
yetirək.
"Həftənin
sonuna yaxın quzğunlar, pəncərələrin
dəmir qəfəslərini
söküb prezident sarayına doluşdular, qanadlarını çırpa-çırpa,
saray otaqlarının
uzun müddətdən
bəri dəyişilməyən
kifsəmiş havasını
çalxaladılar və
öz çürük
əzəməti ilə
bir əsrlik ölüm yuxusuna getmiş şəhər,
bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı..."
("Patriarxın payızı",
Qabriel Qarsia Markes)
Afaq Məsudun tərcümə
etdiyi "Patriarxın
payızı" romanının
ilk cümləsi bizdə
qəribə suallar oyadır. Burada ilk rıçaq kimi "prezident sarayı" adlanan məkanın "uzun müddətdən bəri
dəyişilməyən kifsəmiş
havası" təsnifinin
yaratdığı ziddiyyətdir.
Çünki tarix boyu belə məkanların işıqlı, gözəl
qoxulu olduğuna dair düşüncəmizdəki
əsas kodlar bir anda sarsılır
və biz həmin kodları dekonstruksiya edən "kifsəmiş
hava" ifadəsi ilə qarşılaşırıq.
Görəsən, niyə? Axı prezidentin
sarayı niyə belə "kifsəmiş"
qoxa bilər? Hansı fövqəl hadisə baş verib? Beləcə
romanın ikinci cümləsi, sonra üçüncü və
sonra 150-ci səhifəsi
və ən sonuncu cümləsi bir gizli sirrin,
dolanbac "narrative" içərisində
uzanıb gedir.
"İlk cümlə" texnikasının
ən uğurlu adları! Top 10! Böyük
mükafatın sahibi!
Kimi titullar verməli olduğumuz, bu barədə ciddi söz-söhbət olanda adını hörmətlə
çəkib, gəldiyi
yollara qırmızı
xalçalar sərməli
olduğumuz digər
ad Georg Orueldir. Doğma
dilimizə Vilayət Quliyevin tərcümə etdiyi "1984" kimi məşhur romanının
ilk cümləsində deyilir
ki (Hərçənd
cənab V.Quliyevin əməyini böyük
dəyərləndirir və
belə ülvi bir iş üçün
ona sonsuz təşəkkür edərək,
qeyd etmək istəyirəm ki, əslində ilk cümlə
belədir. 'It was a bright cold day in April, and
the clocks were striking thirteen.' Yəni təcümədə bölünərək iki
cümlə kimi verilib. Birinci cümləni təkcə
vermək məqaləmizin
ali məqsədinə
uyğunsuz olduğu üçün tərcümədəki
cümlənin ikisini də vermək daha doğru olar):
"Soyuq, günəşli
aprel günü idi. Saat on üçü
vurdu."
Oruel ilk cümlədə qəribə
bir zarafat edir. Saat on üçü vurdu. Əslində modern saatlar 12-yə qədər gösrərir.
Ancaq sonra yenidən başlayır. Şübhəsiz,
burada bir az semyotiklərin
o labirintli yollarında
yerimiş olmaq lazımdır. Çünki,
Oruel ilk cümləsini
bir az
daha diqqətli oxucuya istiqamətli hazırlayıb. Digər tərəfdən isə, bizə bildirmək istəyir ki, bəzi şeylər
heç də yolunda getməyəcək.
Və bu xırda eyham, sanki "Alis möcüzələr diyarında"kı "sarı
yolu izlə!" deyənlərin tükürpədici
dəvətinə bənzəyir.
Bir az
da Azərbaycan ədəbiyyatında bəzi
uğurlu romanlarımızın
ilk cümləsini analiz
edək. Bu mənada
Yusif Səmədoğlunun
"Qətl günü"
romanı maraqlıdır.
"Dərd
də azar kimi, gələndə batmanla gəlir."
Yusif Səmədoğlu ilk cümləni
belə başlayır. Bir az deyimvari,
həm də semiyotik məqamı dərin cümlədir. Çünki oxucuda nə
dərd? Kimin başına
dərd gəlib?
Bəs, bu dərddən necə xilas olub? Xilas ola bilib?
- kimi suallar
yaranır.
Başqa bir ilk cümlənin tilovuna isə oxucunu Kamal Abdulla keçirə bilər. Onun xeyli
dillərə tərcümə
edilmiş və kifayət qədər ciddi müzakirələrə
səbəb olan (haqqında elmi-konseptual araşdırmaların biblioqrafik
siyahısına bax!) "Yarımçıq
əlyazma" romanının
ilk cümləsini də
təhlil edək.
"Milli Əlyazmalar İnstitutunun
(fondunun) Orta əsrlər şöbəsinin
3-cü xətdə yerləşən
kataloqunun A21/733 nömrəli
yeni əlyazması məndə hər şeydən əvvəl ona görə maraq oyatdı ki, kitabxana işçisinin
dediyinə görə
bu tipli yazışmalar son dərəcə
aydın və şəffaf olurlar və bu baxımdan
onlara o qədər də diqqət yetirmirlər."
Bu "Yarımçıq
əlyazma" romanının
o Jean Baudrillardın təbirincə
desək, "simulakr"larla
əhatələnmiş dünyasına
açılan ilk qapı
bəzən romanın
adı, bəzən isə ilk cümlə olmaqdadır. O ki, qaldı ilk cümləyə,
buradakı "3-cü xətdə
yerləşən kataloqunun
A21/733 nömrəli yeni
əlyazması" və "onlara o qədər də diqqət yetirmirlər"
izahı olan cümlənin əslində bir az bizə sirr
haqqında danışacağını,
hansısa gizlin, mistik bir dünyaya
səyahət etmək
üçün bizi cəsarətləndirdiyini göstərirdi.
Əziz oxucum! İşdir, qəfil
qəlbində cümlələri ağ vərəqlərin
üzərinə düzmək və o sirli təxəyyül kəhkəşanına
səyahət üçün Simurqa əmrlər vermək niyyətində olsan, əsərinin qapılarına ilişdirdiyin giriş
cümlən oxucunda "kim?",
"Nə?", "Niyə?", "Hara?",
"Nə zaman?" kimi
suallar yaratsın. Onu bu gözləmədiyi anda
beyninə dolan sualların labirintinə sal ki, sonrakı sətri,
sonrakı paraqrafı, sonrakı səhifəni, sonrakı fəsli,
sonrakı əsəri oxuya bilsin.
Ziyad Quluzadə
Ədəbiyyat
qəzeti.- 2017.- 9 dekabr.- S.21.