"Aldanmış
kəvakib"də ironiya
Sevimli tələbəm Elnurə Pirəliyevaya
ithaf edirəm
Mirzə
Fətəli Axundzadənin "Aldanmış kəvakib" əsəri
Azərbaycan ədəbiyyatı tarixində ciddi bir
başlanğıcın əsasını qoymuşdur: əsər
öz poetik sisteminə görə Azərbaycan nəsr
düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsinin
ilk mükəmməl nümunəsi (bu mükəmməl
başlanğıc ədibin dramaturgiya
yaradıcılığına da aiddir) kimi böyük tarixi əhəmiyyət
daşıyır. Ədəbiyyatşünaslığımızda
Mirzə Fətəlinin dramaturgiyası ilə müqayisədə
"Aldanmış kəvakib"in poetik sisteminin
araşdırılmasına nisbətən soyuq
yanaşılmasının başlıca səbəbini isə
əsərin dilinin ağırlığı ilə izah etmək
olar: "Aldanmmış kəvakib"in dilində ərəb-fars
söz və ifadələrindən daha çox istifadə
edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev
yazırdı: "Mirzə Fətəlinin komediyaları... Azərbaycanın el dilində yazılmış,
hekayə ("Aldanmış kəvakib" nəzərdə
tutulur - M.O.) isə fars əlfazının və ibarələrinin
çoxluğundan lüğətsiz çətin oxunur".
Bu da bir həqiqətdir ki, nə qədər çətin
oxunsa belə, "Aldanmış kəvakib" dilimizdə
yeni bir poetik təməl yaratmışdır və yeni Azərbaycan
nəsri (bu nəsrin təmsilçilərindən biri də
Ə.Haqverdiyev idi) həmin təməlin üzərində
boy atmışdır.
"Aldanmış
kəvakib"in məzmunundan danışarkən indiyədək
aparılmış tədqiqatların, demək olar ki,
hamısında bu əsərin süjetinin XVII əsrin əvvəllərində
qələmə alınmış tarixi mənbədən -
İsgəndər bəy Münşi Türkmanın
"Tarixi-aləmarayi-Abbasi" - "Dünyanın
yaraşığı Abbasın tarixi" salnaməsindən
götürüldüyü qeyd olunur (povestin mətnində də
müəllif təhkiyəsində İsgəndər bəyin
salnaməsinin adı çəkilib).
Onu da deyək ki, İskəndər bəy
Münşinin salnaməsi Şah Abbasla bağlı yalnız
ulduzların "aldadılmasına" aid hekayədən
ibarət olmayıb, on iki məqalədən təşkil
olunmuş üçcildlik kitabdır və 2010-cu ildə Azərbaycan
MEA-nın Tarix İnstitutu tərəfindən prof. Şahin
Fazilin tərcüməsində "Dünyanı bəzəyən
Abbasın tarixi" adı ilə nəşr edilmişdir.
Mirzə
Fətəli Axundzadə əsərin süjetini "Tarixi-aləmarayi-Abbasi"dən
konkret olaraq
Şah Abbasın taxta çıxmasının
yeddinci ilinə həsr olunmuş hissəsindəki "Bu il,
şəriətin qüvvətlənməsindən
ötrü, qadağan olunmuş (zale) dinsiz adamların
(molahede) dəf olunmalarının zikri" bölümündən
götürmüşdür. Lakin iki mətn
arasındakı əlaqə yalnız bu parça ilə məhdudlaşmır.
"Tarixi-aləmarayi-Abbasi" əsərinin
dördüncü məqaləsi bütövlükdə
Şah Abbasın taleyinin ulduzlarla bağlılığına
həsr olunmuşdur. Həmin məqalə
"[O həzrətə verilən] sahibqranlıq rütbəsinin
ləyaqəti, baş verən təhlükələrin və
xoş sonluqla başa çatan səadətli qranların
(ulduzların nəhslik və bədbəxtliklərindən
qurtulma) zikri" adlanır. Bundan əlavə,
"Aldanmış kəvakib"də Münşinin salnaməsi
ilə səsləşən təsviri materiallar da diqqəti
cəlb edir.
Mirzə
Fətəli Axundzadənin təqdim etdiyi mətnlə
özündən əvvəl qələmə
alınmış tarixi-xroniki mətnin arasındakı əsas
fərq bundadır ki, İskəndər bəy Münşinin
salnaməsi bəlağətli üslubda yazılmış
tarixi sənəd olduğu halda, Mirzə Fətəlinin
povesti bədii əsərdir. Buna görə də
"Aldanmış kəvakib"in poetik sisteminə mövcud
mətn əsasında işlənilmiş yeni mətn kimi
yanaşmalı olacağıq və əsərə mətnlər
arasındakı münasibətləri öyrənməyə
imkan verən səviyyələrdən baxmaq lazım gələcək.
Sırf tarixi salnamə olan, öz dövrünün ənənəsinə
uyğun olaraq xronikal üslubda yazılmış "Tarixi-aləmarayi-Abbasi"
ilə siyasi satira üslubunda
yazılmış "Aldanmış kəvakib"i
müqayisə edərkən istər-istəməz bu suala
cavab vermək lazım gəlir: "Aldanmış kəvakib"də
bədiiliyi, satirik üslubu şərtləndirən nədir?
Bu
sualın qoyuluşu ilə bədii mətnin poetik
nizamını nəzərdən keçirmək
üçün qarşımızda iki səviyyə
açılır: birincisi, mövcud mətnlə yeni yaranan mətnin
münasibəti; ikincisi, yeni mətnin
oxucuya təklif etdiyi və qərar verməyi oxucunun öhdəsinə
buraxdığı sətiraltı mənalar. Bunun
birincisi müasir ədəbiyyatşünaslıqda mətnlərarasılıq
və ya intertekstuallıq, ikincisi isə metatekstallıq
termninləri ilə ifadə edilir. Qısaca
onu deyək ki, metatekst müasir ədəbiyyatşünaslığın
(eləcə də linqvistikanın) əsas kateqoriyalarından
biri hesab edilir və hərfi mənası mətn haqqında mətn
kimi izah olunur.
"Aldanmış
kəvakib" əsərinin həm intertekstual (mətnlərarası)
səviyyəsi, həm də metatekstual (mətnin içində
mətn) səviyyəsi ironiya üzərində qurulduğuna
görə konkret mətnin təhlilinə keçməzdən
əvvəl üç anlayışı və onlar
arasındakı münasibətləri aydınlaşdırmaq
lazım gəlir:
1.İntertekstuallıq
2.
Metatekstuallıq
3.İroniya
Bizim ədəbiyyatşünaslıqda yeni olan və
konkret bədii əsərlərin təhlili üçün
tətbiq edilməmiş intertekst və metatekst terminləri mətnlə
oxucu arasındakı münasibətlərin təhlilində
geniş tətbiq olunur.
İntertekst anlayışı ilə metatekst
anlayışı arasındakı fərqləri bir qədər
ümumi şəkildə ifadə etməyə
çalışsaq, interteksti hər hansı konkret mətnin
digər mətnlərlə müqayisəsində
axtardığımız halda, metatekst mətnin özündə
olur, onu müəyyənləşdirmək və fərqləndirmək
oxucunun öhdəsinə düşür. Oxucu ictimai və estetik mövqeyindən,
eləcə də mətni hansı niyyətlə oxumasından
asılı olaraq metateksti öz istədiyi kimi "yarada"
bilir.
Deməli,
bir mətnlə başqa mətnin - indiki halda "Tarixi-aləmarayi-Abbasi"
ilə "Aldanmış kəvakib"in
mətnləri arasındakı münasibətlərin təhlili
intertekstuallığa (mətnlərarasılığa), əsərin
mətnində yazıçının birbaşa demədikləri,
oxucunun "bərpa etdiyi" mənalar, gəldiyi qənaətlər,
mətnin gizli mənasını "açması"
metatekstuallığa aiddir. Məsələyə həm mətnlərarası,
həm də mətndaxili kontekstdən yanaşdıqda əvvəldə
qoyulan sual bir daha aktuallaşır: Şah Abbas hakimiyyətinin
tarixini əks etdirən, həm dünya, həm də Azərbaycan
tarixşünaslıq elmi üçün mühüm və
ciddi əhəmiyyət daşıyan bir mənbədən
alınmış əhvalatı bədii mətnə
çevirən başlıca amil nədir və burada
ironiyanın rolu nədən ibarətdir?
Mirzə Fətəlinin estetik görüşlərində
ironiyanın xüsusi yeri var və onun özünün dilində
bu, məsxərə, rişxənd, istehza kimi sözlərlə
ifadə olunur. "Kəmalüddövlə
məktubları" əsərində ciddi problem kimi
qaldırılmış məsələlərdən biri də
saraylardakı münəccimlərin fəaliyyəti idi:
"Heç kəsin iqtidarı yoxdur onlara desin: ey səfehlər,
sizin padişahınızın məzacının səlamətliyi
ilə ulduzların vəziyyətinin nə işi və nə
münasibəti var? Nə üçün bu
kimi axmaq sözləri yazırsınız və nə
üçün bu kimi yalanlarla özünüzü və
padişahınızı bütün aləmdə rüsvay
edib bütün xalqların məsxərə alətinə
çevirirsiniz?"
Buradan
Mirzə Fətəlinin mövqeyi çox aydın
görünür: ədib İran sarayındakı münəccimlərin
söylədikləri "Bu səfər ayında
ulduzların vəziyyəti padişahın mübarək məzacının
(ona ruhumuz fəda olsun) səlamətliyinə dəlalət
edir. Və bu rəbiüləvvəl ayında ulduzların vəziyyəti,
Cəmşid rütbəli padişahın
böyüklüyünün artmasına,
çoxalmağına, şadlığına, onun rütbəsinin
yüksəlməsinə (ruhumuz ona qurban olsun) dəlalət
edir" kimi mülahizələrin "məsxərə aləti" olduğu qənaətində idi. Məsxərə
və ya məsxərə aləti olmaq M.F.Axundzadənin
yazılarının dilində iki funksiya daşıyır:
birincisi, müəllif saray həyatının sivilizasiyalı
dünyanın gözündə məsxərə alətinə çevrilməsini səfehlik
kimi qiymətləndirir və buna mənfi münasibət bəsləyir;
ikincisi, məsxərə, istehza, rişxənd Mirzə Fətəlinin
üstünlük verdiyi bədii vasitədir və ədib
buna əxlaqı təmizləməyin, ictimai problemləri həll
etməyin təsirli aləti kimi yanaşır. O, məktublarının
birində yazırdı: "Avropanın mütəfəkkirləri,
filosofları anlamışlar ki, insanların təbiətindən
və tinətindən eyibləri və pis əməlləri
ancaq məsxərə və istehza vasitəsilə rəf etmək
olar".
Bir
maarifçi kimi bədii əsərə cəmiyyətin
"işinə yaramaq" tələbi ilə yanaşan Mirzə
Fətəli üçün ironiyanın bədii mətn
yaratmaq funksiyası nisbətən arxa planda idi, ədib
ironiyanı (və ironiyanın doğurduğu
gülüşü) insanların əxlaq və
davranışına təsir
göstərən ciddi tərbiyə vasitəsi hesab edirdi. Bu günün ədəbiyyatşünaslığı
üçünsə ironiyanın mətndəki poetik
funksiyası daha böyük əhəmiyyət
daşıyır və intertekstuallıq ironiya
yaratmağın əsas vasitələrindən biri hesab edilir.
Azərbaycan ədəbiyyatşünaslığında
məcazın bir növü kimi göstərilən ironiya
termini ilə yanaşı, kinayə və istehza da işlədilməkdədir
və bu terminin izahı yalnız dərslik tərifləri səviyyəsində
müəyyənləşdirilmişdir. İroniyanın bədii mətninin
strukturunda oynadığı rol isə hələ kifayət qədər
araşdırılmamışdır. Əlimizdəki
təriflər bədii mətnin, məsələn, konkret
olaraq "Aldanmış kəvakib"in o qədər də
sadə olmayan poetik sistemini açmağa tam imkan vermir.
Mirzə Fətəli Axundzadə "Aldanmış kəvakib"i
janr baxımından roman təcrübəsi kimi təqdim
edirdi. Onun öz müasiri Mirzə Yusif xana
yazdığı 8 noyabr 1875-ci il tarixli məktubunda
maraqlı bir məqam var: "Roman yazmaq da, avropalıların
istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir.
Təəssüf ki, bizim xalqımız bu fəndən
hələ tamamilə xəbərsizdir. Hətta
"Cami-Cəm" kitabının mütərcimi şahzadə
Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman
Tiflisdən keçərkən mənə dedi:
- Mirzə
Fətəli, "Tarixi-aləmara"da Yusif Sərracın
hekayəsi sənin yazdığın qədər müfəssəl
deyildir. Sən nə üçün o qədər
təfsilatı əlavə etmişsən?
Mən
ona dedim:
-
Şahzadə! Mən məgər tarix
yazmışam ki, təkcə baş verən hadisələri
yazmaqla kifayətlənim. Mən kiçik
bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə
onu genişləndirərək, o dövrün nazirləri və
dövlət başçılarının puçbeyinliyini
açıb göstərmişəm ki, gələcək nəsillər
üçün ibrət dərsi olsun və onlar səfeh
münəccimlərin sözlərinə və xəbərlərinə
inanmasınlar; özlərini bu kimi hərəkətlərlə
əcnəbilərin nəzərində məsxərə hədəfi
etməsinlər. Bu cür əsərlərə
roman deyirlər ki, dram sənətinin ayrıca bir
növüdür".
Mirzə
Fətəlinin romanı "dram sənətinin ayrıca bir
növü" adlandırması başqa bir tədqiqatın
mövzusu ola bilər. Onu da
deyək ki, bu məktub yazılan vaxt Mirzə Fətəlinin
yaxşı bildiyi rus dilində L.N.Tolstoy və ya F.M.Dostoyevski
kimi böyük söz ustaları dünya ədəbiyyatının
bu gün də maraqla oxunan şedevrlərini
yaratmışdılar. Ancaq
görünür, roman janrı üçün hələ
Azərbaycanda "ictimai sifariş" yetişməmişdi və
oxucu tələbatı yox idi. Ona görə də hətta
mütərəqqi ədəbiyyat adamlarını da
"Aldanmış kəvakib"in necə
yazıldığı, poetik məziyyətləri, ictimai
problematikası, müəllifin siyasi baxışları deyil,
əsərin fiziki həcmi, yaxud nə üçün salnamədəki
əhvalatdan "uzun olması"
maraqlandırırdı...
Mirzə Fətəlinin qeydində diqqətimizi daha
çox çəkən "özlərini bu kimi hərəkətlərlə
əcnəbilərin nəzərində məsxərə hədəfi
etməsinlər" ifadəsidir. Dünyaya maarifçilik pəncərəsindən
baxan ədib povestdə məsələyə ağıl,
düşüncə, əxlaq, ən ümdəsi isə
dövlət idarəetməsi səviyyəsindən
yanaşaraq personajları məsxərə - ironiya hədəfinə
qoymuşdu. "Ulduzların
aldadılması" üçün üç
günlüyə hakimiyyətə gətirilən, padşah
taxtına əyləşdirilən Yusif Sərracın
başı üzərində isə daha amansız bir kabus -
taleyin ironiyası dolaşırdı. Saray mühitini və
münasibətlərini, əslində isə dövləti
idarə edən insanların həm düşüncələri
və nitqləri, həm əməlləri sarkazmla təqdim
olunan bu əsərdə biz müəllif-mətn-oxucu
münasibətlərinin "məsxərənin"
çoxfəzalı bir mühitdə hərəkət
etdiyinin şahidi oluruq. Bu mühit personajlarla
personajlar; personajlarla müəllif; müəlliflə mətn;
müəlliflə oxucu və mətnlə oxucu münasibətlərindən
təşkil olunan fərqli fəzaları bir araya gətirir.
Müxtəlif fəzalar arasındakı
münasibətləri tənzimləyən, onları bir-birinə
bağlayan, onlara yön verən isə ironiyadır.
Tarixi salnamədə mətn müəllifdən birbaşa oxucuya
ünvanlandığı halda, "Aldanmış kəvakib"də
oxucuya mətnin yaranmasında iştirak etmək, ironiyanın
altındakı mətni (metateksti) yaratmaq təklif olunur. Beləliklə, mətnlə oxucu arasında incə
bir "oyun" qurulur və "mətndən sonrakı mətnin"
yaradılması oxucunun səlahiyyətinə verilir.
Bu
mürəkkəb mühiti daha yaxından görmək
üçün "oyunçular" arasında "təşkiledici"
rolda çıxış edən ironiyanın bədii mətndəki
yerini nəzərdən keçirməyə ehtiyac var.
"Əgər diskursun iki fraqmenti arasındakı əlaqə
uyğunsuzluğa və ya əksliyə əsaslanırsa və
danışan da məhz bunu demək istəyirsə, onun dedikləri
əlavə məna - ironiya mənası qazanır,
kommunikasiyanın iştirakçıları (nağıl edən,
adresat və ironiyanın obyekti) arasında asimmetrik ironik
münasibət yaranır". (Bax: K.M. Şilixina. İntertekst kak sredstvo sozdaniə ironii. //
Vestnik VQU, seriə: Linqvistika i mejkulğturnaə kommunikaüiə,
2008, ¹ 3, s. 155)
"Aldanmış kəvakib"də istər
obrazların özlərinin arasındakı münasibət,
istər müəllifin obrazlara münasibəti, istərsə
də müəllifin mətni oxucuya təqdim etməsi
asimmetriya üzərində qurulmuşdur. Mirzə Fətəlinin mətni bütün səviyyələrdə
"Tarixi-aləmarayi Abbas"nın əleyhinə
işləyir və onun məzmunu, niyyəti və üslubu
ilə əkslik təşkil edir. Bu əksliyin
təqdimatında müəlliflə oxucunun oyunu daha çox
diqqəti cəlb edir və dərin estetik mahiyyət
daşıyır. Oxucu ilə
"oyunun" ən yüksək səviyyəsi
"Aldanmış kəvakib"ə qədər "Hekayəti
Müsyö Jordan..." komediyasında özünü təsdiqləmişdi.
Komediyada "Parisin partlaması" - Fransada inqilabın
baş verməsi Dərviş Məstəli şahın
cadusu ilə eyni vaxta düşür. Dərviş
oyuncaq Parisi "partladanda" bayırdan Müsyö
Jordanın ah-naləsi gəlir ki, Paris dağılıb.
Hatəmxan ağanın "Parisi kim
dağıdıb?" sualına: "Şəyatinlər, əcinnələr,
divlər, ifritələr, bəd əməllər! Hansını deyim?" - cavabını
verir. Parisin "partlaması" - Fransada inqilabın baş
verməsi Dərviş Məstəli şahın cadusu ilə
sinxron baş verdiyinə görə cadu "oyununun"
sifarişçiləri olan qadınlar özlərini hadisənin
səbəbkarı sayırlar. Şərəfnisə
qorxusundan titrəyir.
"Şahbaz
bəy: Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Pariji sən buyurub yıxdırıbsan ki, mən
dəxi ora gedə bilməyəm?"
Şərəfnisə
xanım (titrəyə-titrəyə, nazik səsi ilə
gözü dərviş gizlənən pərdədə):
Yox, vallah, Quran haqqı, dayım canına, mənim heç
zaddan xəbərim yoxdur, mənim heç təqsirim
yoxdur!"
Həmin
an Şərəfnisə xanım Allaha da, Qurana da,
dayısının canına da yalandan and içir: o elə
bilirdi ki, Parisi "partladan" Dərviş Məstəli
şahın cadusudur və belə bir "fəlakətin"
baş verməsinə görə özünü təqsirli
hesab edir, "təqsiri" boynundan atmağa
çalışırdı. Tarixi bilməyən,
Parisdə nə baş verdiyindən xəbəri olmayan oxucu
(tamaşaçı) üçün də cadu "baş
tutur". Burada oyunun iki tərəfi olduğunu
görürük: birincisi, müəlliflə oxucu arasında
- səhnədə Dərviş Məstəli şah
xanımların arzusu ilə (xanımların başqa
seçimi də var idi: onlar Müsyö Jordanın boynunun
cinlər tərəfindən vurulmasını da istəyə
bilərdilər!) Paris şəhərinin
dağılacağını vəd edərək oyuncaq Parisi
partladır və bundan dərhal sonra Müsyö Jordana Parisin
dağıldığı - Fransada burjua-demokratik inqilabın
baş verdiyi xəbəri gəlir. Səhnədə,
tamaşaçının gözü önündə baş
verən oyunda
Şahrəbanu xanımın "mayası" batmır, niyyəti
həyata keçir: Şahbaz bəyin Paris səfəri təxirə
düşür. Dərviş Məstəli
şahın da vəd etdiyi "möcüzə" baş
verir - Parisi "şeytanlar, əcinnələr, divlər,
ifritələr" - üsyançı qüvvələr
partladır. Bu həm də oxucu (tamaşaçı) ilə
"oyunun" partlayışıdır: oyundan baş
çıxartmaq, özünü məsxərənin alətinə
çevirməmək oxucunun özünə həvalə
edilir.
"Aldanmış kəvakib"də də müəllifin
oxucu ilə oyunu müəmma kimi qurulur. Əsərin əvvəlində münəccimbaşı
Mirzə Sədrəddin xəbər gətirir ki,
"...novruzdan on beş gün keçmiş Mərrixin
Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin
təsiri budur ki, məşri-zəmində və bittərcih
mülki-İranda sahibi-səltənətin vücuduna sədəmei-üzma
yetişəcəkdir". Münəccimbaşının
Mərrix və Əqrəb bürclərinin
yaxınlaşacağı və bunun təsiri ilə İran
dövlətinin padşahının vücuduna böyük xəsarət
yetişəcəyi barədə xəbərindən sonra
saray əhli tərəfindən "ulduzları aldatmaq"
oyunu qurulur. Qərara gəlirlər ki,
Şah Abbası gözlənilən fəlakətdən
qurtarmaq üçün Yusif Sərrac saraya gətirilsin və
ulduzların bir-birinə yaxınlaşacağı müddətdə
İran səltənətinin başında o olsun. "Ulduzları aldatmaq" oyununun o biri üzündə
isə müəllifin oxucu ilə "oyunu" baş verir və
bu oyun dahiyanə bir ustalıqla bədiiliyin xeyrinə həll
olunur. Hadisələrin gedişi münəccimin əvvəlcədən
xəbər verdiyi kimi olur: Mərrixlə Əqrəbin
yaxınlaşdığı tarixdə - novruzdan on beş gün keçmiş İranın
paytaxtı Qəzvin şəhərində üsyan baş
verir, yalançı padşah qeybə çəkilir,
ulduzların təhlükəsi sovuşandan sonra isə
Şah Abbas öz taxtına qaytarılır...
Mirzə
Fətəlinin öz ifadəsi ilə, "zahiri baməzə"
əhvalat vaqe olur: münəccimin öncəgörməsi
özünü doğruldur. İran sarayında üsyan
baş verir, padşah taxtdan salınır...
Elə
buradaca qeyd etmək yerinə düşür ki, həm
"Aldanmış kəvakib", həm də "Müsyo
Jordan..." əsərindəki oxucu ilə oyunun şərtində
eyni hadisə var: xalqın üsyanı. Bu
üsyanlardan biri İranın paytaxtı Qəzvində
baş verir, ikincisi Fransanın paytaxtı Parisdə. Hər iki partlayışın yaranma
üsullarında da oxşarlıq olduğunu
görürük. Qəzvindəki
üsyan Mərrix ulduzunun (Mars planetinin) Əqrəb
bürcünə yaxınlaşması sayəsində baş
verir. Dərviş Məstəli şah isə
Şahbaz bəyi Parisə getməkdən
daşındırmaq üçün Mərrix ulduzunun
Müsyö Jordanın boynunu vuracağını vəd edir
(qadınlar bu variantla razılaşmadıqlarına görə
Əqrəb bürcünün altında yerləşən
Parisi dağıtmaq qərara alınır).
Bu iki mətnin
intertekstual müqayisəsində Qərblə Şərqin
qarşılaşdırılması vasitəsilə Mirzə
Fətəli Axunzadə yaradıcılığında
ironiyanın daha bir səviyyəsi ilə tanış
oluruq: burada ironiyanın obyekti İslam dünyasının
siyasi və mədəni geriliyi, insanların cahilliyidir. Müsyö Jordan Qərbdə inkişaf etmiş
biologiya elminin təmsilçisidir, Qarabağa bitkiləri tədqiq
etmək üçün gəlmişdir. Şərq isə
dəyişmək bilmir: XVI əsrdə, Şah Abbasın
taxtda olduğu vaxtda dövlət hansı Mərrix-Əqrəb
xülyası ilə reallıqdan uzaq oyun düşüncəsi
ilə idarə edilirsə, XIX əsrin sənaye inqilabları
zamanında da xalq real dünyadan o qədər uzaqda
yaşayır. Bu bir yana, başını
qaldırıb Qərbə tərəf baxmaq istəmir.
İroniya enerjisi intertekstual (mətnlərarası)
kontekstdə ən yüksək həddə çatır və
tamamilə yeni bir fəza yaradır. Burada artıq ironiyanın obyekti - Şərq
ictimai-siyasi mühiti gülüş hədəfinə
çevrilir. "Müsyö
Jordan..."da Fransada, "Aldanmış kəvakib"də
isə İranda üsyan baş verir. Fransada
baş verən burjua-demokratik inqilabı monarxiyanı
yıxıb yerinə xalqın hakimiyyətini yaratmaq məqsədi
daşıyırdı, İranda baş verən
üsyanın məqsədi isə bunun tam əksi idi, taleyin
istehzası ilə hakimiyyətə xalqın içindən gətirilmiş,
xalqa gün ağlamaq istəyən padşahı xalq istəmirdi.
"Əhli-Qəzvin hər gün qələ
qapılarından adam şaqqalarını
asılmış görmədilər və şah
meydanında cəlladların adam şaqqalamaqlarını və
dardan asmaqlarını və göz
çıxarmaqlarını müşahidə etmədilər.
Bu keyfiyyət olara xeyli qərib
göründü. Əvvəl dedilər ki:
"Görünür bu təzə padşah çox rəhmli
və helmli adamdır!"
Sonra onun rəhminə və helminə bəhslər
varid etdilər. Bunu süstrəyliyə
və zəifülmizaclığa həml qıldılar.
Bundan əlavə dəxi Yusif şahda hezar gunə
özgə eyblər tapdılar. Müxtəsəri-kəlam
bir belə ziyadə rəhmli padşahın təhti-əmrində
zindəganlıq etmək nəhayət dərəcədə
məlal-əfza göründü".
"Aldanmış kəvakib"in mətnində ironiya
sadəcə bir məcaz kimi deyil, poetik sistemin
yükünü üzərində daşıyan bir platforma
rolunu oynayır. Mirzə Fətəli Axundzadə intuitiv olaraq mətnin
oxucu ilə ünsiyyətinin iki səviyyədə baş
verməsinin fərqində idi. Bu mənada, onun öz əsərləri
haqqında maraqlı bir qeydi var: "Zahiri baməzə və
xoşagələn, batini isə başdan-başa moizə və
nəsihətdən ibarət olan bu cür qəribə əsərlər
müsəlman xalqları arasında məlum deyildi. Mən bu
işin banisi oldum. Bu əsərlərdə mənim
müsəlman camaatı arasında mövcud olan bəzi
xoşagəlməz adətlərə və ənənələrə
qarşı istehza yolu ilə etirazımı görənlər,
bu etirazı mənim təəssübsüzlüyümə
və xalqıma qarşı məhəbbətimin
olmamasına yozmasınlar gərək! Çünki bu
etirazlardan məqsədim ibrət dərsi verməkdir ki,
başqaları bu kimi pis adətlərdən çəkinsinlər".
Burada çox aydın görünür ki, Mirzə
Fətəli yazdığı hər bir bədii mətnin iki
səviyyəsinin - öz təbirincə desək,
"zahiri" və "batini" səviyyələrinin
olduğu qənaətində idi. Bu yanaşma isə
ironiyanın təbiətindən irəli gəlir.
Mirzə Fətəlinin mətnlə oxucu
arasında qurduğu oyunda maraqlı komponentlərdən biri də
zamandır. XVI əsr İran sarayında baş vermiş hadisədən
danışan əsər bu cümlə ilə
yekunlaşır: "Vallah, qəribə əhməqdirlər
bu ingilis tayfası ki, belə xətərli millət ilə az
qalmışdı cəng başlayalar".
Burada söhbət əsərin
yazıldığı vaxt, yəni XIX əsrin ortalarında
İranla İngiltərə arasında Herat üstündə
baş verən qarşıdurmadan gedir. 1856-cı ildə
İngiltərə qoşunları İranın Xarq və
Buşar adalarını tutmuş və ölkənin daxilinə
doğru irəliləməyə başlamışdı.
Lakin Hindistanda İngiltərə müstəmləkəçiliyinə
qarşı azadlıq hərəkatının qüvvətlənməsi,
eləcə də Fransa və Rusiyanın bu ixtilafa
qarışması sayəsində İngiltərə
İranla 1857-ci il mart ayının 4-də sülh müqaviləsi
bağlamağa məcbur olmuşdu. (Bax:
Nadir Məmmədov. İzahlar. // M.F.Axundzadə.
Əsərləri, üç cilddə, 1-ci cild, səh. 276)
XVI əsrin sonunda baş vermiş hadisənin
XIX əsrin ortalarına gətirilməsi isə Mirzə Fətəlinin
öz müasirlərinə - XIX əsr oxucularına təklif
etdiyi yeni bir oyun idi...
Məti
Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.-
S.22-23.