"Teatr
böyük bir şərtilikdir"
Müsahibimiz Azərbaycan Dövlət
Musiqili Teatrının direktoru Əliqismət Lalayevdir
- Əliqismət müəllim, "Nuri didə
Ceyhun" tamaşası ilə bağlı işlər
hansı mərhələdədir?
- Hazırda bu yöndə məşqlər
davam edir. Çox maraqlı bir layihə ərsəyə
gəlir.
Bildiyiniz kimi, cənab
Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 125
illiyinin qeyd olunması ilə bağlı sərəncam
imzalayıb. Bu sərəncama uyğun olaraq hazırda ölkədə
bir sıra tədbirlər həyata keçirilir.
Musiqili Teatr da ilk dəfə
olaraq Ceyhun Hacıbəylinin surətini səhnəyə gətirməyi
qarşısına məqsəd qoydu. Layihənin ideya müəllifi
mənəm. Teatra Əli Əmirlini dəvət
edərək bu yöndə ona sifariş verdik. Və çox maraqlı bir dramaturji material ərsəyə
gəldi. Tamaşanı səhnələşdirmək
üçün əməkdar incəsənət xadimi
Mehriban Ələkbərzadəni teatra dəvət etdik.
Bu əsərdə Üzeyir
Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin və
başqa şəxsiyyətlərin musiqilərindən istifadə
olunur. Tamaşanın quruluşçu rəssamı gənc
rəssam Vüsal Rəhimdir. Vüsalın
teatrımızda bir neçə işi olub, bu növbəti
işidir. Çox maraqlı məşq
prosesi gedir. İki gün öncə mən
məşqdə iştirak etdim. Əminəm
ki, bu tamaşa ilə tamaşaçıları sevindirəcəyik.
Eyni zamanda,
düşünürəm ki, bu layihə Hacıbəyli irsinə
də maraqlı töhfə olacaq.
- Yeri gəlmişkən,
filmdə tarixi faktlar olduğu kimi lentə alınanda, bu
faktlardan danışılanda, məhsulun adı sənədli
film olur.
Bəs teatrda məhsul necə adlanır. Tamaşa tarixi faktlara əsaslananda onu sənədli
adlandırmaq olarmı?
- Bu tamaşada tarixi faktlar var, əsər
göydəndüşmə deyil. Buradakı
obrazlar tarixdə yaşamış insanlardır. Bu obrazlar səhnədə ədəbi personajlara
çevrilmiş olsalar da, hər biri yaxın tarixdə
yaşamış şəxsiyyətlərdir.
Burada Üzeyir obrazı da,
Ceyhun obrazı da, ana, övlad, bacı obrazları da var.
Bütün obrazlar tarixdən gəlmiş şəxsiyyətlərdir. Tamaşa
üçün onların həyatlarının müəyyən
məqamları götürülüb.
Amma janrına gəldikdə
isə sənədli tamaşa olmur. Artıq bu tamaşa
orada baş verən hadisələrə uyğun olaraq psixoloji
dram adlanır.
Biz burada Ceyhun Hacıbəylinin
yuxularını əks etdirən çox gözəl bir
kitabdan da bəhrələnmişik. Tamaşada onun
yuxularından, xatirələrindən çox istifadə
olunub. Və təbii ki, tamaşada müəyyən
məqamlar tarixi faktlara söykənir.
- Musiqili Teatrın adından bəlli olduğu kimi,
böyük bir özünəməxsusluğu var. Yəni
burada musiqi amili böyük rol oynayır. Yəqin ki, kadr seçimi zamanı da bu məqamlar nəzərə
alınır.
Bu yöndən baxdıqda aktyor və digər
yaradıcı heyətin seçimi zamanı çətinliklər
yaşayırsınızmı? Yəni kadr
çatışmazlığı hiss olunurmu?
- Siz çox düzgün qeyd etdiniz
ki, Musiqili Teatrın yaradıcı potensialı başqa
teatrlardan çox fərqlənir. Bu teatra gələn
aktyorun, aktrisanın səsi olmalıdır, plastikası
olmalıdır. Ümumiyyətlə,
aktyorun musiqi duyumu olmalıdır, amma bizim teatrın
aktyorlarının həm də musiqi ifa
bacarığının olması vacibdir. Təbii
ki, biz aktyor seçimi zamanı konservatoriyanın vokal
şöbəsini, musiqili teatr fakültəsini bitirənlərə
üstünlük veririk.
Bura daha çox peşəkarlar
gəlir.
Belə də olur ki, biri aktyorluq
fakültəsini bitirir, musiqili teatr fakültəsini yox, amma
yaxşı səsi də, teatrımıza uyğun
bacarıqları olur,belə kadrları da
təbii ki, heyətimizə cəlb edirik. Bizdə
konservatoriyanın vokal sinfini, bir də İncəsənət
Universitetinin musiqili teatr fakültəsini bitirənlər
üstünlük təşkil edir.
Mən bu yöndə xalq
artistimiz Şəfiqə Məmmədovanın xidmətlərini
xüsusi qeyd eləmək istəyirəm. O, bizim ən yaxın
dostlarımızdandır. O, aktyorluq sənəti
kafedrasının müdiridir. Bakı Musiqi
Akademiyasında nə qədər istedadlı, nə qədər
ümid etdiyi tələbələr varsa, onların
teatrımıza cəlb olunmasında yaxından iştirak
edir.
Eləcə də Afaq Bəşirqızı
vaxtilə İncəsənət Universitetində dərs
deyirdi, professor İlham Namiq Kamal bu gün İncəsənət
Universitetində dərs deyir, mən özüm bu universitetin
rejissorluq fakültəsində dərslər aparıram və
biz özlərini yaxşı tərəfdən göstərə
bilən tələbələri teatra dəvət edirik.
Bundan əlavə, biz ildə
1-2 dəfə müsabiqələr keçiririk. Bu müsabiqələr
zamanı təkcə aktyorluq üzrə deyil, xor, balet, orkestr
heyətinə də istedadlı şəxslərin cəlb
olunmasına çalışırq.
Çox təəssüf
ki, müraciət edənlər nə qədər çox
olsa da, onların arasından 1, 2, 3 nəfərdən
yuxarı istetadlı şəxs seçə bilmirik. Amma hər
halda bunlar da teatr üçün böyük rəqəmlərdir.
- Teatrlarda adətən
ssenari baxımdan klassik realizmə, təsdiq olunmuş əsərlərə
üstünlük verilir. Çağdaş ədəbiyyatdan,
xüsusilə gənc yazarların əsərlərindən
yararlanmaq kimi təcrübəniz olubmu?
- Heç bir dramaturq deyə bilməz
ki, mən Musiqili Teatra müraciət etdim, gözəl bir əsər
təqdim etdim, laqeyd yanaşdılar.
İşimiz müştərəkdir. Ola bilər ki, kimsə
gözəl bir libretto təqdim etsin, amma bu iş bəstəkarla
müştərək görülməlidir.
Məsələn, biz
Elçinin "Baladadaşın toy hamamı" əsərini
gənc bəstəkar Firudin Allahverdiyə
tapşırdıq. Çox gözəl və maraqlı bir əsər
alındı.
Yaxud İlyas Əfəndiyevin
"Mənim günahım" əsərini səhnələşdirdik. Tamaşanın
bədii rəhbəri və ideya müəllifi mənəm.
Bilirsiz ki, o əsərin qəhrəmanı
balerinadır.
Düşündük ki, burada söhbət baletdən gedirsə,
Qara Qarayevin əsərlərindən gözəl musiqi ola bilməz.
Ona görə Qara Qarayevin
balet musiqilərindən istifadə etdik. Yenə də
çox maraqlı bir balet tamaşa ərsəyə gəldi.
İndi yeni bir əsər
üzərində işləyirik. Bu, Ekzüperinin
"Balaca şahzadə" əsəridir. Bunun librettosunu İlqar Fəhmi işləyib. Teatr üçün çox gözəl bir mətn
hasil edib. Tamaşanın musiqisini Amerikada
yaşayan həmyerlimiz Ruslan Ağababayev yazıb. Rəssam Məryəm Ələkbərovadır.
Məryəm Fransada təhsil almış
bacarıqlı bir rəssamdır. Xoreoqrafı
isə Moskvadan dəvət etmişik. Xoreoqrafımız
Sergey Qritsaydır.
Demək istəyirəm ki,
biz yaxşı librettonu qəbul edirik.
Qaldı ki əsərin klassik, ya da
müasir olmasına... Klassik əsərlər hər
zaman niyə aktualdır? Çünki
onlar həm də müasirdir.
O əsərdə ki, müasir
çalarlar yoxdur, o əsərə biz müraciət etmərik.
Teatrlarda klassik əsərlərə
müraciət olunmasının səbəbi o əsərlərin
bu gün də aktual olmasından irəli gəlir.
- Müasir Azərbaycan kinosuna, ədəbiyyatına yeni
estetik cərəyanlar gəlir. Bunu bəzən
eksperiment kimi də qiymətləndirirlər, amma görünən
tərəfi budur ki, yeni nümunələr yox deyil. Bəs Azərbaycan
teatrı necə, yeni estetikalara açıqdırmı?
- Təbii, açıqdır. Şəxsən mən yeniliklərə çox
açıq adamam.
Teatr ümumiyyətlə
rejissorun üzərində dayaq tutan bir sənət
növüdür.
Bu gün Azərbaycan teatrının
ən böyük problemi şəxsiyyət ola
biləcək, böyük fantaziyalar, tapıntılarla
çıxış edəcək, teatrda dəyişiklik
aparacaq rejissorlara ciddi ehtiyacın olmasındadır. O rejissor
ki hər hansı cərəyanı teatra gətirə bilirsə,
onu etməlidir.
Söhbət mentalitetdən,
tamaşaçı qavrayışından getmir, söhbət
tamaşaçını maraqlandıracaq əsər ərsəyə
gətirməkdən gedir.
Mən yenə deyirəm, ola bilər ki, bir tamaşanı
tamaşaçı qəbul etmir, bu normaldır. Amma əsas odu ki, tamaşaçı
baxdığı əsərdən nəticəyə gələ
bilsin. Qəbul edib-etməməyi başqa
məsələdir.
Hazırda mən belə bir
rejissor görmürəm. Gənclər
arasında da hələ ki, beləsi yoxdu. Yəni hansısa "izm"lərdən teatrı
faydalandırmaq istəyən rejissorların müraciətlərini
görmürük.
- Əliqismət müəllim, bəs dünyada necə,
dağıdıcı cərəyanlar teatrlarda
sözünü deyə bilir?
- Gəlin belə danışaq, bizim
teatrımızın adı Musiqili Komediya Teatrı idi. Tamaşalarımız bu adı doğrultmalı idi.
Komediya janrından kənara çıxmaq
teatrda mümkün deyildi. Bu gün isə
adımız Musiqili Teatrdı, burada indi çox ciddi əsərlər
səhnələşdirilir. "Komediya"
sözünün teatrın adından
çıxarılması əl-qolumuzu bir az
da açdı, aktyorların ampluası genişləndi. Artıq musiqili dram janrında da tamaşalar
qoymağa başladıq.
Bu cəhətdən yeniliklər
teatrda var. Amma köhnə ənənələri
dağıtmaq bir az fərqli məsələdir.
Bütün yeniliklər köhnəliklərin
üzərində qurulur. Köhnəliyin
üzərində qurulan yenilik uğurlu alınır. Birdən-birə stolu götürüb tərsinə
qoymaq yenilik deyil, yeniliyi o stolun üzərində etmək
lazımdır.
- Teatra şərtiliyin
gəlməsi, daha doğrusu şərtiliyin
artırılması bu sənətdə ən böyük
inqilablardan sayılır. Bəs bu yeniliyin mənfi
çalarları oldumu?
- Teatr əslində özü
böyük bir şərtilikdir.
Burada məkan, dekor şərti ola bilər, amma aktyorlar öz ifalarına
inanmasalar, onlar qarşısındakı
tamaşaçını inandıra bilməzlər. Bu üzdən
onların hissləri şərti ola bilməz.
Onlar bunu yaşamalıdır.
Lakin teatrda qızıl geyimlər
qızıldan olmur, brilyant qaşlar heç vaxt brilyant olmur. Bunlar
böyük şərtiliklərdir.
Amma bu şərtiliklərin
özündə estetik baxımdan o qədər gözəllik
olmalıdır ki, tamaşaçıların hisslərini
oyada bilsin.
Əgər
tamaşaçı teatrdan çıxarkən içində
burada yaranan bir hissi, duyğunu aparmırsa, onun
baxdığı tamaşanın uğurundan danışmaq
mümkün deyil.
Söhbətləşdi: Sərdar Amin
Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.25.