Mənim tanıdığım Əliyar Səfərli

 

Əliyar Səfərli…

Mənim üçün bu insan, ədəbiyyat elminin cəfakeşlərindən biri, yaşca məndən 11 il böyük olmasına baxmayaraq, dostluq etdiyim bu şəxsiyyət indi bu işıqlı dünyada yoxdur. Elə bil, Ədəbiyyat İnstitutunun koridorlarında ayaqüstü görüşüb sonra gəzişdiyimiz, hal-əhval tutmaqdan başlayıb müxtəlif mövzularda söhbət etdiyimiz, sonra onun otağına keçib bir stəkan pürrəngi çay içib xudahafizləşməyimiz olmamış. Hər dəfə işə gələndə mütləq bu görüşlər, institutun koridorundakı bu "başmaq seyri" hər ikimizin ürəyincə idi. Mən Əliyar müəllimdən hər dəfə nəsə öyrənirdim. O, klassik ədəbiyyatımızın tanınmış tədqiqatçılarından biri idi və mənim Füzuli heyranı olduğumu yaxşı bilirdi. Füzulidən əzbər bildiyim qəzəlləri mənə söylədər, sonra ayrı-ayrı beytlərin mənasını soruşar və doğru izah edə bilmədiyim mətləbləri anladardı. Bir gün onu doğulduğum Masallı rayonuna apardım, Cəlilabadda, Lənkəranda da gəzdirdim, qocaman tədqiqatçı Mirhaşım Talışlının qonağı olduq, rayonumuzda adlı-sanlı bir kənd müəlliminin 70 illik yubileyində iştirak etdik. Onun maşınında bu səyahətimiz o qədər maraqlı keçdi ki… Yolboyu da sözümüz-söhbətimiz Füzulidəndi.

Əliyar müəllim çox sadə insan idi. Amma bu sadəliyin arxasında müdriklik dayanırdı. Müdrikliyi isə izah eləmirlər və mən Əliyar Səfərli ilə onun ömrünün son yeddi ilində dostluq etdiyimi həyatımın ən fərəhli anları kimi xatırlayıram.

Əliyar Səfərlinin tərcümeyi-halı, keçdiyi ömür yolu zəngin idi. 1937-ci il iyunun 23-də Ordubadın Anabad kəndində dünyaya gəlmişdi. Atası Qurbanəli, əmisi Səfərəli, qardaşı Muxtar həbs cəzası almış, heç birisi də qayıtmamışdı. Anası Sahab yeddi uşağını təkbaşına böyütmüşdü. Bu uşaqlardan isə yalnız Əliyar Səfərli təhsil ala bilmişdi. Qonşu Gənzə kəndində yeddiillik məktəbi bitirdikdən sonra Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdi.  1960-cı ildə ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi.  Tələbəlik illərində tələbə elmi cəmiyyətinin rəhbəri olmuşdu. Nizami adını Ədəbiyyat İnstitutunda və eləcə də ADU-da uzun illər işləmiş, namizədlik və doktorluq dissertasiyasını müdafiə etmiş, AMEA-nın müxbir üzvü seçilmişdi.  İki il (1971-1973) Əfqanıstanda tərcüməçilik etmişdi.  Ulu öndər Heydər Əliyevin fərmanı ilə Tehranda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmışdır. Son iş yeri Nizami adına Ədəbiyyat İnstitutu idi. Burada şöbə müdiri vəzifəsində çalışırdı.

Əliyar Səfərli xeyli sayda kitabın müəllifi idi, belə ki, o, orta yüzilliklər ədəbiyyatını araşdırmış, orta və ali məktəblər üçün dərsliklər nəşr etdirmiş, neçə kitabın tərtibçisi olmuşdu.

Ömrünün sonuncu ilində xəstəliyi şiddətlənmişdi, amma buna baxmayaraq, ara-sıra işə gəlib-gedirdi.

Əlbəttə, bu qısa xatırlatmada, tərcümeyi-halda professor Əliyar Səfərlinin, ədəbiyyatşünaslıq elmimizin bir nüfuzlu, mötəbər tədqiqatçısının obrazını yaratmaq niyyətim yoxdur. Onun obrazı yaratdığı elmi əsərlərdədir.

Əliyar Səfərli məktəb görmüş ədəbiyyatşünas idi. O, Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mirəli Seyidov, Əkbər Ağayev kimi müqtədir tənqidçi və ədəbiyyatşünasların qızğın fəaliyyət göstərdikləri bir dövrdə  elmə gəlmişdi. Özünün dediyinə, etiraf etdiyinə görə akademik Həmid Araslının onun həyatında, elmi fəaliyyətində böyük rolu olub. Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının dərin bilicisi idi və gənc Əliyar Səfərlinin də ən böyük arzusu bu idi ki, Həmid Araslının açdığı yolla irəliləsin, klassik ədəbiyyatın tədqiq olunmamış problemlərinə, ədəbi şəxsiyyətlərin yaradıcılığına müraciət etsin, onların əsərlərinin nəşri və tərtibinə çalışsın. Klassik ədəbiyyatın tədqiqatçısı olmaq hər bir alimdən fars və ərəb dillərini dürüst bilməyi, arxivlərdə, Əlyazmalar İnstitutunda  işləməyi, ən başlıcası isə müstəqil fikir yürütməyi, tədqiq etdiyi sənətkarın yaradıcılıq aləminə dərindən bələd olmağı tələb edir.  Və Əliyar Səfərli buna nail ola bildi.

İlk ciddi tədqiqat əsəri XVI-XVII əsrlərdə yaşamış Məsihi haqqında oldu. Məlum idi ki, Məsihi ədəbiyyat tariximizdə daha çox "Vərqa və Gülşa" poeması ilə tanınır. Orta əsr təzkirəçiləri onun bədii irsinin yüz min beytdən artıq olduğunu göstərsələr də, "Danə və Dam", "Zənbur və Əsəl" məsnəvilərinin adlarını çəksələr də, ortada bu əsərlərdən əsər-əlamət yoxdur.  Şeirlər divanına gəldikdə isə  onun yeganə əlyazması İsfahanda - Fərhəng kitabxanasında saxlanılırdı. Həmin o divan ilk dəfə məhz Əliyar Səfərli tərəfindən aşkarlanmış və 1998-ci ildə Tehranda əski əlifba ilə çapdan buraxılmışdı. Əliyar Səfərli Xəlil Yusifli ilə birgə hazırladığı "Azərbaycan ədəbiyyatı tarixi (qədim və Orta əsrlər)" dərsliyində ("Məsihi" oçerkinin müəllifi Ə.Səfərlidir) Məsihi divanından ətraflı söz açır. Bu şeirlər divanını Məsihi Səfəvi hökmdarlarından olan Məhəmməd Xudabəndəyə ithaf etmişdi, divanın dibaçəsində Azərbaycanın adı çəkilirdi. Əliyar Səfərli Məsihi divanındakı qəzəlləri, rübailəri və məsnəviləri təhlil edir, onun özünəməxsus bir şair olduğunu təsdiqləyirdi. Məsihi Nəvaini özünə ustad sanırdı, onu türk ədəbiyyatının sultanı adlandırırdı, özü də özbək-cığatay ləhcəsində şeirlər yaradırdı. Təbii ki, bu qəzəllərin əsas mövzusu eşq və gözəlliyin tərənnümü idi. Əlbəttə, Məsihinin öz şeirlərində işlətdiyi bənzətmə və məcazlar klassik poeziyada yeniliyilə seçilirdi və Ə.Səfərli Məsihidən gətirdiyi misallarla sübut edirdi ki, Orta əsr şeirinin bədii təsvir vasitələri, deyim-ifadə çalarları heç də bitib-tükənmirdi.

Qara libasda nazik tənin ki, pünhandır,

Nəhan olan zülmət içrə abi-heyvandır.

Ə.Səfərli yazırdı ki: "Məsihi qara libas geyinib, nazik, incə bədənini örtən gözəlin qara libasa bürünməsini dirilik suyunun zülmətdə qaranlıqlar içərisində gizlənilməsinə bənzədir. Şairin vəsf etdiyi bu gözəl dünya gözəlidir, geyimi, oturuşu-duruşu ilə seçilən gözəl-göyçək bir sevgidir.  Məsihi qəzəldə qara zülmət, gecə, qara paltar, göz bəbəyinin qaranlığı kimi söz və ifadələri işlətməklə bu qaranlıqların fonunda sevgilinin günəş kimi parlayan surətini yaradaraq, təzadlardan istifadə etmişdir".

Klassik poeziyanın öz qayda-qanunları var və bunları bilmədən durub Füzuli, Nəsimi ya Məsihi barədə nəsə yazmaq ağlabatan deyil. Əliyar Səfərli bütün klassik poeziyanı incəliklərinə qədər bilirdi, -desəm, qətiyyən səhv etmərəm. 2014-cü ildə "Divan ədəbiyyatı sözlüyü" kitabı çap olundu və bu, Əliyar Səfərlinin tələbə və aspirantlara, filoloqlara və ümumən ədəbi, elmi  ictimaiyyətə ən qiymətli, ən dəyərli hədiyyəsi oldu. Sayı-hesabı bilinməyən söz və ifadələrin hər birinin mənasını izah eləmək, bu sözlərin və ifadələrin klassik divan ədəbiyyatında işlənmə qaydalarını misallarla şərh eləmək Əliyar Səfərlinin adi bir sözçü və lüğətçi deyil, klassik poeziyanın dərin bilicisi olduğunu sübuta yetirir. "Divan ədəbiyyatı sözlüyü"ndə elə sözlər, ifadələr var ki, onları ilk dəfə məhz Əliyar Səfərli bizlərə tanıdır: bəzmi-ələst, bərəati-istihlal, elmi-lədün, əhli-əsma, səbül-məsani, həcərül-əsvəd, təcdidi-mətlə, şahnə, şitaiyyə, dirəfşi-gavəyani, xüsuf və s.

Əliyar Səfərli Xəlil Yusifli ilə birgə "Azərbaycan ədəbiyyatı tarixi (Qədim və Orta əsrlər)" dərsliyinin müəllifidir və bu dərslikdə  "Kitabi-Dədə Qorqud", "Dastani-Əhməd Hərami", "Qazi Bürhanəddin", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Fədai", "Əmani", "Məsihi", "Qövsi Təbrizi", "Saib Təbrizi", "XVII-XVIII əsrlər ədəbiyyatı", "Vidadi", "Vaqif", "Şəhriyar" dastanı elmi oçerklərinin müəllifi Əliyar Səfərlidir. Göründüyü kimi, Ə.Səfərlinin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı "marşrutu" çox geniş və zəngindir. Onun elmi üslubuna xas olan sadəlik və anlaşıqlı ifadə tərzi-üslubu belə bir həqiqəti də sübut edir ki, elm qəlizlik, mücərrədlik sevmir, fikri aydın və səlis ifadə eləmək daha münasibdir.

Elmi oçerklərinə gəldikdə isə, Əliyar Səfərlinin hər bir klassik sənətkara onun öz yaradıcılığının özəllikləri ilə yanaşmaq prinsipi öndə durur. Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Saib Təbrizi, Məsihi haqqında çox yazıblar, Əliyar müəllim də yazıb. Amma fərq orasındadır ki, Əliyar müəllimin elmi oçerklərində hər bir klassik sənətkarın yaradıcılığının təhlili ilə yanaşı, onun obrazı da yaradılır. Deyək ki, "Qazi Bürhanəddin" oçerkini oxuyursan və anadilli şeirimizin ilk böyük nümayəndəsi olan bir şairin həyatı və yaradıcılığı ilə bağlı heç bir qaranlıq nöqtə qalmır və Qazi Bürhanəddin sanki XIV əsrdən üzü sənə sarı gəlir, bu gözəllik və sevgi nəğməkarı ilə üzbəüz oturursan. Onun canlı obrazını seyr edirsən. Yeddi əsr bundan əvvəl yaşamış bir hökmdar-şairin qəzəllərini onun öz dilindən eşidirsən, sən onu anlayırsan, çünki sənin öz doğma dilində danışır:

Dedim ki, ləbin, dedi nə şirin söylər,

Dedim ki, belin, dedi nə narın söylər.

Dedim ki, canum cümlə fədadır saçuna,

Dedi ki, bu miskin hələ varın söylər.

Mənim Əliyar müəllmin elmi oçerkləri içərsində ən çox bəyəndiyim və dönə-dönə oxuduğum, oxuyub faydalandığım Məhəmməd Füzuli haqqında yazdığıdır. Füzuli haqqında  Əhdi Bağdadidən, Sam Mirzədən, Mister Gibbdən, Köçərlidən, Abdulla Surdan, Əli Nihad Tərlandan, Köprülüzadədən, Həmid Araslıdan, Mirzağa Quluzadədən, Fuad Qasımzadədən, Azadə Rüstəmovadan, Sabir Əliyevdən, Samət Əlizadədən, Kamil Vəlidən tutmuş Teymur Kərimli, Lalə Əlizadə, Gülşən Kəngərliyə qədər nə yazılıbsa, hamısını  çalışmışam oxuyum. Hər bir tədqiqatda Mirzə Cəlil demişkən: "Bir dad, bir duz" hiss etmişəm.. Bu sırada Əliyar müəllimin Füzuliyə həsr etdiyi oçerki də özünəməxsusluğu ilə seçilir. Doğrudur, Əliyar müəllim "Həmid Araslı yolu"nu seçir. Füzulinin həyatı, sənət yolu, mühiti və ayrı-ayrı janrlar üzrə təhlilini bizə təqdim edir, amma heç kimi təkrar etmir, Füzuli haqqında öz sözünü deyir. Xüsusilə, Füzulinin qəsidələri, qitə və rübailəri haqqında təzə, həm də son dərəcə maraqlı fikir və mülahizələri ilə qarşılaşırıq. Bu fikri "Leyli və Məcnun", "Füzulinin nəsri" bölmələrində də hiss edirik."Hədiqətüs-süəda" haqqında isə səhv etmirəmsə, füzulişünaslıqda ilk dolğun tədqiqatın müəllifi də Əliyar Səfərlidir. Ümumiyyətlə, Əliyar Səfərlinin klassik poeziyamız haqqında fikir və mülahizələri özünəməxsusluğu ilə seçilir.

Əliyar müəllim uzun illər ADU-da klassik ədəbiyyatdan mühazirələr oxuyub və onun tələbələri etiraf edirlər ki, Əliyar müəllimin dərsləri, oxuduğu mühazirələr yaddaşımızda yaşayır. Əliyar müəllimin şəxsiyyətində ciddi alim və pedaqoq vəhdəti hiss edilirdi. O, Nizami adına Ədəbiyyat İnstitutunda da bu vəhdəti qoruyurdu. Namizədlik və doktorluq dissertasiyalarının müzakirəsi zamanı, xüsusilə, klassik ədəbiyyatla bağlı müzakirələrdə dissertantların ən çox çəkindiyi şəxs Əliyar Səfərli idi. Çünki o, qüsurları, nöqsanları bağışlamırdı.

Əliyar Səfərli  klassik şair və ədiblərin- Bürhanəddinin "Gülşənə gəl nigara", "Divan", Məsihinin "Vərqa və Gülşa", Əmaninin "Əsərləri", Füzulinin "Seçilmiş əsərləri", Nəsiminin "Seçilmiş əsərləri", "Mən cahana sığmazam", eləcə də "Dastani-Əhməd hərami", "Hikmət xəzinəsi" kitablarını  tərtib edib geniş müqəddimə ilə, kütləvi tirajla nəşr etdirmişdi. İndi bu nəşrlər qiymətli bir mənbə kimi qorunur.

Mənim tanıdığım professor Əliyar Səfərli budur. O, 80 yaşına gəlib çatdı və bu yubileyi təəssüf ki, biz onsuz qeyd edirik. Ruhu şad olsun!

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.27.