Uşaqlıq üçün
himn
Uşaqlıq? Hansı uşaqlıq?
Kəsilib, qırılıb, yox olub itənmi?
Arxa həyətdə
üstü taxtayla
bağlanıb mıxlanmış
Quyunu,
Çardaqdakı nərdivanı
görüb
Qorxmağı öyrəndiyinmi?
Əyin-başından tökülən
hərbi formalı,
Uşaq dəstəsinin
başında
Küçələri, xiyabanları
dolaşan,
Səsucaldıcıdan yeni eranın
başlandığı deyiləndə,
ətrafındakı evlərin
yekəlib böyüdüyü,
otaqların özünə
sığmadığı,
insanların izsiz-tozsuz
itkin düşdüyü
uşaqlığımı deyirsən?
Fotolar bir-biriylə
pıçıldaşır
Dəhlizdə, çərçivələrindən
boylanıb,
Hər dəfə
mətbəxin yanından
keçəndə
Yemək qazanları adını çağırır.
Sənsə bacınla
birgə özünü
ölmüşlüyə qoyursan
Xilas etmə və atıb getmə oyununda.
Özünü o qədər
ölmüşlüyə qoyub uzandın ki,
Gözünün ucuyla sakitcə seyr edəndə dünya
Sənə gizlicə tamaşa etdiyin oyuna bənzədi. Bax!
Qulluqçular necə
gülməli qaçır,
əsgərlər qışqırır,
mebeli çevirəndə
ananın çini
qabı çilik-çilik
olur.
Yatma, oyan.
Hər bir pərdə anala açılır
Oxuduğu məktuba göz yaşları damır.
Hər bir pərdə atanla düşür,
Fironun qolları üstünə
yıxılır taleyi.
Hansı uşaqlıq, hələ
də bitməyənmi?
Hə, sən hələ də
Uşaqsan, böyüməyinə çox
var.
Hələ də Tanrıyla danışır
və qarı düşünürsən
Yağan qar Allahın səsidir, dinləyirsən,
Qışsa tavanı
hündür olan evdi
Burada Tanrı
bir baxışla
Okean dalğasını
oktava və dəqiqələrlə ölçür
Və bir neçə barmağıyla
Uşağın "Mən"
deməsinə qədər
Bütün yolları,
Fərsəq-fərsəq...
Hansı uşaqlıq,
Əlindən qaça bilmədyinmi? Sən
Nəyi bildiyini,
nəyi heç bilmədiyini
Çox gec anlayırsan.
Hələ də düşünürsən ki,
Damın kənarına
ilişib qalan küləyin
son
mahnısını eşidirsən,
Sözləri nəfəsinə
hopub,
Göyərçinin səsindəki
kədər toranlığa
qarışır,
İtir, bir də sübh şəfəqlərində doğulur,
Boğulur, sonra da
Təsəvvür yaddaşı
oyadır, hara baxsan
Cənnət,
Hara baxsan
Cəhənnəm
Hara baxsan, uşaqlığın ölümü...
Li-Young Lee
Ədəbiyyat qəzeti.-
2017.- 9 dekabr.- S.29.