Olduqca vacib, aktual mövzu

 

Son illər divar qəzeti səviyyəsindən ciddi, məzmunlu  bir qəzetə çevrilən, ədəbi prosesdə mühüm rol oynamağa başlayan "Ədəbiyyat  qəzeti"ndə Sayman bəyin irfan mövzusunda məqalələrini görəndə çox sevindim. Bu mənim arzu etdiyim, bu qəzetdə görmək istədiyim yazılardan idi. Fikrimcə, bu tipli yazılar başqa mətbuu orqanlarımızda, ədəbiyyata, fəlsəfəyə, ümumiyyətlə, həyatımızın bütün sahələrinə aid saytlarda olsa, ədəbi, elmi müzakirələrin mövzusu olsa, bu həm ədəbiyyatımızın xeyli inkişafına, həm də ümumiyyətlə, mədəniyyətimizin zənginləşməsinə, ölkəmizin tərəqqisinə  kömək edər. İrfan mövzusuna diqqət ədəbiyyatımızda xeyli ciddi, müsbət dəyişikliklər edə bilər. Niyə?

Əvvəlcə məsələyə sosioloji tərəfdən baxaq. Hər bir vücud, orqanizm, eləcə   sosial sistem o vaxt daha uğurla inkişaf edir ki, onun daxili potensialı daha əhatəli olaraq hərəkətə gələ bilsin. Yandan, ətrafdan olan dəstək o vaxt daha faydalı ola bilir ki, o həmin daxili potensialın hərəkətə gəlməsinə daha çox kömək edə bilsin. Daxili potensialı hərəkətə gətirmədən ətrafdan nə qədər bəhrələnsən də, ortaya qurama bir variant çıxacaqdır. Gözünüzün qabağına iki insan gətirin, birisi yalnız onu-bunu yamsılayır, təqlid edir, digəri isə, başqalarının ta təcrübəsindən istifadə edərək öz potensialını inkişaf etdirir. Təbii ki, ikincinin uğuru daha çox olacaqdır. Kimi isə yamsılamaqla heç vaxt ondan qabağa keçmək mümkün deyil. Olsa-olsa yamsıladığın adamın kölgəsində aşağı məqamlarda bir yerə çatmaq olar. Ədəbiyyat da belədir. Mədəniyyət də, həyatımızın başqa sahələri də. Daha uğurlu inkişaf, tərəqqi üçün yalnız və yalnız öz daxili potensialımızı hərəkətə gətirməliyik.

İndi tez-tez dünya ədəbiyyatı arenasına çıxa biləcək bədii əsərlərdən danışırıq. Bizim ədəbi nümunələrimiz heç zaman hansısa böyük yazıçısının əsərinə oxşar, yaxud o əsərin kanonlarına uyğun olmaqla dünya arenasına çıxa bilməz! Bizim ədəbiyyat yalnız və yalnız öz daxili potensialını hərəkətə gətirə bilsə, onun nümunələri dünya ədəbi prosesində hadisə ola bilər və ən yüksək mükafatlara da layiq görülə bilər. Bir misal çəkmək istəyirəm. 1994-cü ildə mən mühüm bir vəzifədə işləyirdim. Hollandiyaya getmişdim. Məqsədim həm də, Azərbaycan-Hollandiya mədəni əlaqələrini yaratmaq idi. Özümlə 15 müğənninin kasetini də aparmışdım. Musiqi sahəsində olduqca ciddi bir holland mütəxəssisi ilə bu kasetlərə qulaq asdıq. O yalnız üç müğənnini seçdi. Bunlar Rəşid Behbudov, Şövkət Ələkbərova və Alim Qasımov idi. Mən ondan maraqla müasir estrada mahnıları oxuyan müğənniləri niyə seçmədiyini soruşdum. O, müəyyən etika çərçivəsində mənə anlatdı ki, seçdiyim üç müğənnidə öz milli kökündən gələn, bizim dinləyicinin də estetik dünyasını zənginləşdirə biləcək cəhətlər var. Amma o birilər daha çox bizi yamsılayırlar. Bizim dinləyicidə ciddi bir maraq doğura, onların estetik aləmini faydalı bir yöndə inkişaf etdirə  bilməzlər. Bu çox ibrətamiz bir misaldır. Bu gün bizim ədəbiyyatımızda da Rəşid Behbudova, Şövkət Ələkbərovaya, Alim Qasımova ehtiyac vardır. Böyük Nizami də bütün dünyada ona görə dahi bir şair kimi tanınır ki, o heç kimi yamsılamadan, Şərq mədəniyyətinin, islam mədəniyyətinin, elminin  potensialını hərəkətə gətirərək sözü o zirvəyə qaldıra bilib.

Bizim istənilən sahədə, o cümlədən ədəbiyyatda əsas potensialımız Orta əsrlərdəki İntibah dövrümüzdə, Orta əsr islam fəlsəfəsində, qədim türk mədəniyyətindədir. Daha gözəl, əbədiyaşar, dünya oxucuları üçün maraqlı olan ədəbi əsərlər yazmaq üçün həmin potensial, indiki dünya ədəbiyyatının təcrübəsindən istifadə etməklə hərəkətə gətirilməlidir. Bu baxımdan Sayman bəyin "Ədəbiyyat qəzeti"ndə çıxmış üç məqaləsini müzakirələrə dəvət kimi qəbul etsək, çox qazanmış olarıq. Bu müzakirələrə başlamaq üçün ən əvvəl iki suala cavab vermək lazım gəlir. 1) Bizim bu daxili potensialımız nə dərəcədə böyükdür və onun mahiyyəti nədir? 2) Bu müzakirələri aparmağa hazırıqmı?

Əvvəlcə birinci sual barədə. İndi bəzi gənc, eləcə də gənc olmayan yazarlarımızın, ədəbiyyatşünaslarımızın ağız büzdüyü klassik ədəbiyyatımız, klassik mədəniyyətimiz əslində bütün xalqların həsəd aparacağı bir zəngin potensiala malikdir. Bizim mədəniyyətin dərin qaynaqları qədim türk mədəniyyətidir. İndi bir çoxları şumerlərlə türklərin nə dərəcədə yaxın olduğu barədə mübahisə edirlər. Amma bütün qaynaqları  təhlil etdikcə şumer mədəniyyəti ilə türk mədəniyyətinin biri-birinə çox yaxın olduğunu görmək çətin deyildir. Qədim əsatirlərimiz, mifoloji sistem, sözlərdəki yaxınlıq bu mədəniyyət sistemlərinin yaxın olduğunu göstərir. Axtardıqca yaxınlığı təsdiq edən xeyli fərziyyələrə də rast gəlmək olar. Məsələn, şumerlərə aid mənbələrdə göstərilir ki, onlar tarixdə bizə məlum olan məskənlərinə - Dəclə-Fərat arasına uzaq bir məkandan gəlmişlər. Bu məkan başı buludlara dəyən bir dağ yerində yerləşən Dilmondur. Yer üzündəki Dilmon adlı yerlərdən yalnız biri "başı buludlara dəyən məkanda" - Şamaxıdan İsmayıllıya gedən yolun üstündəki, indi Ağsu ərazisi olan yerdə yerləşən Dilman kəndidir. Şamaxı adı, Dilmandan Dəclə-Fərat ərazisinə gedən yolun üstündəki Şam şəhəri, Bilqamıs dastanındakı Şamxat obrazı və b.  şumer adına çox oxşayır. Müəyyən məlumatlar əsasında mütəxəssislərin hazırladığı şumer kəlləsinin müqəvvası müasir türk kəlləsi ilə eynidir. Konkret olaraq onu demək olar ki, şumer mədəniyyətinin əsas qaynağı kainat, kosmos olduğu kimi, qədim türk mədəniyyətinin də əsas qaynağı kainat, kosmosdur. Şaman mədəniyyəti də buradan qaynaqlanır. Tenqri mədəniyyətini təhlil etdikcə bu daha aydın şəkildə özünü göstərir. Qədim türk mədəniyyəti kainatla insanın qarşılıqlı əlaqəsini, ahəngini əks etdirən bir mədəniyyət sistemidir. İndi sürətlə gedən qloballaşmanın yer üzünə gətirdiyi xaos, kəskin qarşıdurmalar, qan burulğanlarının tüğyan etdiyi dövrdə bu mədəniyyət sistemindən bəhrələnməyə çox ehtiyac vardır. Bunu bizim yazıçılardan daha yaxşı müasir dünya ədəbiyyatının ən tanınmış simalarından biri olan P.Koelyo vaxtında duydu. O, türk mədəniyyət sistemindən bəhrələnərək, dünya şöhrətli yazıçı oldu. Halbuki, bizim yazarların kodları həmin qədim türk mədəniyyətini, düşüncəsini örənməyə daha açıqdır. Amma bizə mane olan, bir aşağılıq kompleksidir. Bizim yazarların böyük əksəriyyəti öz köklərimizdən daha çox bəhrələnmək əvəzinə, sovet dövründə daha çox rus ədəbiyyatından, müstəqillik illərində isə dəbdə olan dünya şöhrətli yazarların tərcümə olunmuş əsərlərindən bəhrələnməyə üstünlük verirlər.

X əsrdən sonra, daha çox türk mənəvi aləminin böyük memarlarından olan Əhməd Yəsəvinin dünyagörüşü, fəlsəfəsi əsasında qədim türk mədəniyyəti ilə islam mədəniyyəti sintez olunmağa, qaynayıb-qarışmağa başladı. Bu yaxınlaşma təbii bir məcrada baş verirdi. Belə ki, islamın bu ərazilərdə yayılması ilə yanaşı islam mədəniyyətinin mahiyyətindəki kainata baxış, təkallahlıq, ahəngdar yaşam tərzinin təbliği türk mədəniyyətinin mahiyyətinə yaxın idi. Yeni islam mədəniyyətində qədim türk mədəniyyətinin bir çox ehkamlarının həyata keçmə mexanizmi vardı. Ona görə, bu yaxınlaşmanın, sintezin nəticəsi uğurlu alındı. Türk dünyasının islam dünyası ilə qarşılıqlı əlaqələri möhkəmləndi. Türklər çox müxtəlif sahələrdə - hərbdə, siyasətdə, fəlsəfədə, ədəbiyyatda, iqtisadiyyatda islam dünyasının aparıcı qüvvəsinə çevrildilər. Yaranan Səlcuq mədəniyyəti türk dünyasına yeni bir İntibah erası gətirdi. Bu dövrdə islam dünyasında sufilik hərakatı gücləndi və təsəvvüf fəlsəfəsi formalaşdı. Bu fəlsəfənin necə formalaşdığına diqqət versək irfan dünyagörüşünün mahiyyətini daha yaxından hiss edə bilərik.

İslam yarandığı vaxt yer üzündə uzun bir cəhalət dövrü davam edirdi. Vəhy nəticəsində yaranmış Qurani-Kərimin meydana gəlməsi bir neçə əsr davam edən cəhalət dövrünün sona çatmasına, yer üzündə tamamilə yeni bir inkişaf dövrünün başlamasına səbəb oldu.  Vəhy - yəni dünya nizamı, insanın, cəmiyyətin fəaliyyətinin doğru yolu barədə kainat sistemindən kodlarla, obrazlarla alınmış məlumatları ehtiva edən Quranı-Kərim eyni zamanda rasional olmayan aləm barədə dərindən düşünmək üçün imkanlar yaradır. Həmin rasional olmayan aləm barədə islamdan xeyli əvvəllər də Misir məbədlərində, Yunanıstanda dərin təsəvvürlər yaranmışdı. Ortada Aristotelin (384-322) metafizika kimi adlandırılan əsəri də vardı. Amma bir çox məhdudiyyətləri də üzə çıxmış bu təsəvvürlər, kitablar VII əsrdə demək olar ki, bütün yer üzündə unudulmuşdu. Sufi deyilən insanlar, kiçik qruplar öz aralarında bu sahəni zəif şəkildə də olsa yaşadır, davam etdirirdilər. İslam qeyb aləmi, qeyri-rasional aləm barədə daha dərindən düşünmək, onu real həyatla əlaqələndirmək imkanları yaratdı. İslam dininin yayıldığı məkanda yaşayan sufilər islamı qəbul etsələr də, Qurani-Kərimin bütün tələblərinə iman gətirsələr də, təbii ki, idrakları bu tələbləri elmi olaraq təhlil etməyə yönəlirdi. Onlar Qurani-Kərimə sadəcə iman gətirənlər, yaxud bu kitabdakı hər kəlamı birbaşa, demək olar ki, hərfi mənada qəbul edənlərdən fərqli olaraq, hər bir ayəni hikmətli bir fikir kimi qəbul edərək, obrazlı deyimlərin arxasındakı mənaları axtarmağa çalışırdılar. Həm də bu axtarışı təkcə idrakları, intellektləri ilə aparmırdılar. Onlar hiss edirdilər ki, mənəvi inkişaf olmadan doğru düzgün bilik əldə etmək mümkün deyil.  Qurani-Kərim bu mənəvi inkişafa nail olmağa kömək edirdi. Onlar şəriətə əməl edərək, dünya nizamı barədə əsl həqiqətə - doğru biliklərə nail olmaq üçün özlərinin xüsusi sistemlərini yaratdılar. Beləliklə, sufilərin islami dünyagörüşün təsiri altında yeni bir fəlsəfi sistem - təsəvvüf yarandı. Təsəvvüfçülərin fikrinə görə, insan yalnız ətraf mühit, dünya haqda doğru məlumat ala bilər ki, onun qəlb aləmi təmiz olsun, o daxilən təmizlənsin. Onlar insanın qəlbini güzgüyə bənzədirlər. Təmiz güzgüdə ətraf mühit, aləm daha düzgün əks olunur. Kirlənmiş güzgüdə isə əks olunan əyri-üyrü şəkildə olur. Qəlb təmizləndikcə insanın bəsirəti artır - dünya barədə daha məzmunlu və müfəssəl məlumat almaq mümkün olur. Yalnız qəlb təmizləndikdə mənəvi yüksəlişə nail olmaq olar.  Mənəvi yüksəlişlə əldə olunan biliklər irfani bilik sayılır.

Beləliklə, bizim mədəniyyətin kökündə həm möhtəşəm - tarixin bir çox sınaqlarından çıxmış, uğur gətirmiş, böyük tarixi təcrübəyə -  bundan doğan kodlara malik türk mədəniyyəti vardır, digər tərəfdən isə Qurani-Kərim prinsipləri əsasında islam mədəniyyəti. Bir çoxlarının səhvən iddia etdiyi kimi, islam mədəniyyəti bədəvi ərəb mədəniyyəti deyildir. Konkret bir kitabın ortaya qoyduğu inanclar sisteminin, fəlsəfənin, dünyagörüşünün formalaşdırdığı mədəniyyətdir. X əsrdən sonrakı mədəniyyətimiz Qurani-Kərim prinsipləri əsasında formalaşan, islam dünyasının bütün sahələrdə olan nəaliyyətlərindən bəhrələnən yeni türk mədəniyyətidir. İstənilən böyük türk mütəfəkkirinin fəaliyyətində, davranışında, yaratdığı əsərlərdə islami dəyərlərin hər birindən həm də türk dəyərləri boy verir. Türk mənəvi dünyasının memarları hesab olunan dahi insanlarımızın, məsələn, İbn Fərabinin, Əhməd Yəsəvinin, İbn Sinanın,  Hacı Vəli Bektaşinin, Yunus Əmrənin, Nizami Gəncəvinin, Şəms Təbrizinin, Cəlaləddin Ruminin və b. əsərlərində islamın yaratdığı imkanlarla ortaya çıxan türk ruhu var.   Ciddi, bədii, sənət əsərlərimiz də elə bu qarşılıqlı çulğalaşmanın əsasında daha uğurlu alınır. Misal ücün, Nizamini diqqətlə oxuyan hər bir oxucu, tədqiqatçı da təsdiq edər ki, Nizami məfkurəsində islami dəyərlərin köməyi ilə daha da formalaşan, nizamlanan türk dəyərlər sistemi mühüm rol oynamışdır.

Azərbaycan mədəniyyətinin özü ayrılıqda olduqca unikal bir mədəniyyət sistemidir. Mərkəzində əsasən türk, islam dəyərləri olan bu mədəniyyət sistemi ta qədimdən indiyə qədər yer üzünün mühüm mədəniyyət sistemləri olan yəhudi, xristian, İran, slavyan, sovet və s. mədəniyyət sistemləri ilə yaxın təmasda, həmin mədəniyyət sistemlərindən də bəhrələnərək formalaşmışdır. Belə bir mədəniyyət sistemi irfani düşüncə baxımından ortaya olduqca mühüm, indiki qlobollaşma dövründə bütün yer üzü üçün faydalı ideyalar qoya bilər. Bu baxımdan təbii ki, əvvəlcə irfani düşüncə sistemimiz formalaşmalıdır.

İndi keçək ikinci suala.  Biz indiki vaxta irfanla bağlı məsələlərdə layiqli müzakirələri aparmağa hazırıqmı? Çox təəssüf ki, yox. Çünki biz irfanla bağlı məsələlər barədə arzu olunan müzakirələri apara bilmək üçün ən əvvəl Orta əsr islam mədəniyyəti, təsəvvüf fəlsəfəsi ilə bağlı qaynaqları oxumalıyıq. Həmin qaynaqlarda olanları müasir dünyanın tələbləri ilə təhlil etməliyik.  Bu qaynaqları oxuya bilənlərimiz isə çox azdır. Bu sahədə təhlillər apara biləcək mütəxəssislər də hazırlamamışıq. Acınacaqlı bir vəziyyət yaranmışdır. Bir baxın, dünyanın ən məşhur, böyük şairi Nizami bizimdir. Amma ən ciddi nizamişünas kim hesab olunur? Yevgeni Bertels. Niyə? Çünki o Nizamini orijinaldan dəqiqliklə oxuya bilir və onda yüksək səviyyədə təhliletmə qabiliyyəti var. Ona görə də bizim Nizami barədə fikirlərimiz bir yəhudi aliminin qənaətləri heabına formalaşır. Halbuki, özümüzdə bu səviyyədə bir mütəxəssis olsaydı, onun qanındakı, genindəki kodlar Nizamini daha dərindən öyrənməyə imkan verərdi. Bu mənada Sayman bəyin potensialına çox ehtiyacımız var. O həmin qaynaqları oxuya da bilir, mətbuatda gedən məqalələri göstərir ki, lazımi təhlilləri apara da bilir. Ona görə bu istiqamətdə olan böyük boşluğu doldurmaq üçün Sayman bəyin geniş fəaliyyətinə ehtiyac var.

Bütün bu giriş xarakterli yazıdan sonra indi də Sayman bəyin "Ədəbiyyat qəzeti"ndə irfan mövzusu ilə bağlı gedən məqalələri barədə danışmaq istərdim.

 

Əhməd Qəşəmoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.30.