Ürək... ürək...

 

Son bir ayı Yazıçılar Birliyi həmişəki qaydayla normal, sakit iş günlərini yaşayırdı - müxtəlif tədbirlər, müzakirələr, layihələr və s… İlk baxışdan hər şey qaydasındaydı.  Amma bir çoxları bilmirdi ki, bu normal, stabil iş şəraitinin təminatçısı olan ürək bu günlərdə öz həyəcanlı vaxtlarını yaşayır, iti cərrah bıçaqlarıyla üz-üzə, göz-gözə qalıb…

Anar müəllim əməliyyat olunacağı barədə heç kimə məlumat verməmişdi. Hətta ən çətin məqamda da bizlərin onunçün narahat olmağını, həyəcanlanmağını rəva görməmişdi.

Bəs bizlər? Bu ürəyi qorumaqçün, onun cərrah bıçaqları altına düşməməyi üçün nə qədər çalışmışıq? Ümumiyyətlə, ağlımıza gəlibmi bu məqam? Narahat olmuşuqmu?

Yox, bizə həmişə elə gəlib ki, bu ürək mütləq möhkəm olmalıdı və bizim bütün problemlərimizin yükünü çəkməlidi.

Fikirləşməmişik ki, bu ürək sahibi ağsaqqal, böyük olmaqdan əlavə, həm də həssas, zərif bir qələm sahibinin ürəyidir. Və bu əvəzsiz qələmin hərəkətdə olmağı üçün o ürək bütün mənfi energetikadan, gərginlikdən azad olmalıdı…

Fikirləşməmişik… Bütün vacib tədbirlərimizdə, layihələrimizdə məhz onun iştirakını israrla  tələb eləmişik;  bütün dərd-sərimizi, çətinliklərimizi onun üstünə tökmüşük; kiminləsə prinsip aparmışıqsa,  bütün irili-xırdalı intriqalarımızın, mübahisələrimizin, konfliktlərimizin həlli üçün ona üz tutmuşuq;   hər birimiz hansısa konfliktli situasiyada öz fərdi maraqlarımıza uyğun olmayan qərar qəbul ediləndə, həyasızcasına hay-küy qaldırmışıq, nihilistcəsinə etiraz eləmişik; heç cür dərk edə bilməmişik ki, bu ürək sahibi əslində bizi bizim özümüzdən də yaxşı tanıyır və nəinki indi elədiklərimizi, hətta bundan sonra da nələr edə biləcəyimizi çox gözəl bilir…

Belə məqamlarda heç ağlımıza da gəlməyib ki, bütün bu ağırlığı çəkən, mənfi enerjiyə dözməli olan ürək heç də poladdan deyil.

Əlbəttə ki, dözməlidir. Və hamımızın yükünü çəkməlidir. Ərköyün övladlar kimi, həmişə fikirləşmişik ki, o öz yaradıcılığını,  öz daxili mənəvi tələbatını, öz şəxsi işlərini bir kənara qoyub, yalnız və yalnız bizimlə məşğul olmalıdır - bütün problemlərimizi həll eləməlidi, bütün yükümüzü çəkməlidi,  bütün səhvlərimizi keçməlidi, bütün günahlarımızı bağışlamalıdı, bizi təbliğ eləməlidi, qabağa çəkməlidi, tanıtdırmalıdı… Mütləq eləməlidi…  Axı o böyükdür, ağsaqqaldır və hamımıza görə cavabdehdir.

Bəs biz ona görə cavabdeh deyilik? Aşağıdan yuxarı baxanda, bu sual heç birimizin ağlımıza gəlməyib. Niyə? Çünki o ürək sahibini özümüzə "Mənəvi ata" bilərək, bacardığımız qədər istismar elədiyimiz halda, təəssüf ki, özümüz ona layiqli "mənəvi övlad" ola bilməmişik…

Əgər ola bilsəydik, o ürək bu vəziyyətə düşməzdi…

Yalnız indi, bu ürəyin hansı sınaqlarla üz-üzə qaldığını bütün təfərrüatıyla biləndən sonra, adamın içindən dəhşətli bir vahimə hissi keçir.

Vahimə və sonsuz  şükürlər. Hər şeyin uğurla başa çatdığına görə…

O vahimə dəhşətli bir hissdi… Məhz həmin vahimə anında insan hiss edir ki,  o ürəyin hər döyüntüsü əslində bizim yüzlərlə səfeh intriqalarımızdan, konfliktlərimizdən, mübahisələrimizdən, hansısa xırda istəklərimizdən, tələblərimizdən daha əhəmiyyətlidi, daha üstündü… Tək o ürəkçün yox, elə hamımızçün…

Bəs niyə bunu məhz indi dərk eləməliyik? Niyə böyüklərimizə qarşı bu qədər qəddarıq və yalnız vahimə anında onların bütün böyüklüyünü, bütün  dəyərini hiss edirik? Ağır sualdı…

Bəs görəsən, bunu hiss eləməyimizdən sonra nəsə dəyişəcəkmi? Bilmirəm.

İki il əvvəl xalq şairi Fikrət Qoca səhhətilə bağlı gərgin anlar yaşayanda  da, eyni vahimə hissini yaşamışdıq…

Amma sonra nə oldu? Vaxt keçdi, Fikrət müəllimin vəziyyəti stabilləşdi, bir müddət sonra işə çıxdı, fəaliyyəti qaydasına düşdü və biz də yavaş-yavaş…  Hər şeyi unutduq. Nəyi? Onu qorumağa borclu olduğumuzu…

Unutduq və yenə hər şey əvvəlki kimi davam elədi.

Qorxuram ki, indi də elə ola. Anar müəllim sağalıb işə çıxandan bir müddət sonra yenə bu vahimə hissini unudaq, yenə elə düşünək ki, bu ürək dəmirdəndi, hər şeyə dözməlidi, bizim bütün yükümüzü çəkməlidi; yenə elə fikirləşək ki, bizim ona ehtiyacımız var, amma onun heç nəyə ehtiyacı yoxdur; yenə bütün xırda istəklərimizi, tələblərimizi onun ürəyinin döyüntüsündən üstün bilək;  yenə işimiz düşməyəndə saymazyana burnumuzu dik tutaq , işimiz düşəndə isə qaçıb onun ətəyindən yapışaq…

Yenə unudaq ki, ətəyindən yapışdığımız ürək sahibi insandı.  Yaradıcı olsa da, böyük olsa da, ağsaqqal olsa da, hər halda, insandı, Tanrı deyil…

Görünür, böyüyə, ağsaqqala, ataya Tanrı gözüylə baxmaq, bəşərdə kütləvi təhtəlşüurun ayrılmaz hissəsidir. Axı hər bir övlad ataya məhz bu cür baxır - atadan yalnız və yalnız tələb edir. Düşünür ki, ata mütləq eləməlidi, ata buna borcludu, atanın vəzifəsidir… Amma nadir övladlar fikirləşir ki, axı atadan bütün bunları tələb edirəmsə,  özümdən əlavə, atanı da düşünməliyəm, onu qorumalıyam…

Əfsus ki, çoxumuz düşünmürük. Elə bilirik ki, ataya heç nə lazım deyil. O yalnız bizə görə yaşamalıdır, bütün həyatını yalnız bizə həsr eləməlidir.

Axı yalnız Tanrının heç nəyə ehtiyacı yoxdu və bütün mənfi təsirlərdən yuxarıdadır…  İnsan ürəyi isə, nə qədər böyük, güclü, dözümlü olsa da, əfsus ki ətdəndi…  Bu ürəyin heç nəyə ehtiyacı olmasa da, ən azından, mənfi enerjidən, gərginliklərdən qorunmağına ehtiyacı var.

Sonda ümidimi yenə Tanrıya bağlayıram.  Son ümid yerim yenə də ulu Tanrıdır…

Qoy bu ürəyi həmişə Tanrı özü qorusun… Yoxsa bizdə o fərasət yoxdu. Və qorxuram ki, heç bundan sonra da olmasın…

 

P.S. İkinci Dünya müharibəsindən sonra qalib ölkələr sırasında olan Böyük Britaniyada növbəti parlament seçkiləri zamanı gözlənilməz hadisə baş verdi - ən ağır, ən çətin məqamda ölkəyə rəhbərlik etmək məsuliyyətini boynuna götürən və bu çətin missiyanı uğurla yerinə yetirib müharibəni qələbəylə başa çatdıran Uinston Çörçill seçkilərdə məğlub oldu. İngilis xalqı qəribə də olsa, ona etimad göstərmədi, onun rəqiblərinə səs verdi.

Seçkilərin gözlənilməz nəticələrindən sarsılıb şok keçirən, səhhətində ağır problemlər yaranan Çörçilldən bu situasiyanın izahını vermək tələb olunanda, o, qədim Roma müdriklərindən birinin kəlamıyla cavab vermişdi: - Öz böyük şəxsiyyətlərinin qədrini bilməmək, onları qurban vermək yalnız dahi xalqlara xas olan xüsusiyyətdir…

Bu fikir nə dərəcədə həqiqətə yaxındır, deyə bilmərəm.

Amma əgər böyük şəxsiyyətlərimizin qədrini bilməmək, onları qurban vermək hesabına "dahi xalq" statusu alacağıqsa, şəxsən mən belə "dahi xalq"ın nümayəndəsi olmaq istəməzdim.…

 

İlqar Fəhmi

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.3.