Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz
Azərbaycan
tarixində bir epoxa olan, xalqın tarixi müqəddəratında
həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə
yazılan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin
qorunmasına və təbliğinə xüsusi qayğı göstərirdi.
Yaradan ona elə bir fitri istedad vermişdi ki, hər sahəni
mükəmməl bilirdi. Biz bu yazımızda bu tarixi şəxsiyyətin
folklorumuza göstərdiyi diqqət və qayğıdan
söz açacağıq.
Öndərimizin
folklor haqqında heyrətamiz bələdliklə mülahizələr
yürütməsi, məsələnin kökünə
nüfuz etməsi, onun fitri istedadından və milli-mənəvi
dəyərlərimizə tükənməz məhəbbətindən
qaynaqlanırdı.
Ulu
öndərimiz Heydər Əliyevin folklorumuzun tədqiqi və
təbliği yolunda atdığı addımlar müstəsna
dəyər kəsb edir.
Şifahi
xalq ədəbiyyatımızın zirvəsi, şifahi və
yazılı ədəbiyyatımızın
başlanğıcı və tükənməz enerji mənbəyi
"Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində
layiqli yerini tutdu.
Yaşlı
nəsil unutmayıb ki, keçən əsrin 40-50-ci illərində
"Kitabi-Dədə Qorqud" yasaq edilmişdi. Həmid
Araslı və Məmmədhüseyn Təhmasib akademik
V.Bartoldun ruscaya çevirdiyi "Kniqa moeqo Deda Korkuda"
kitabını 1950-ci ildə Bakıda Elmlər Akademiyası nəşriyyatında
çap etdirdiyinə, Əbüləzəl Dəmirçizadə
uşaqlar üçün "Dədə Qorqud"
mövzuları əsasında "Qaraca Çoban" pyesi
yazdığına görə, Səməd Vurğun şair
fəhmi ilə bu ölməz
abidənin işıqlı gələcəyini görərək
onu "Gələcəyin toy-bayramı" şeirində:
Dədə
Qorqud dediyimiz
min bir yaşlı
bir ozan da
Qoca
vaxtı öz sazını sinəsinə basacaqdır.
Bütün
xalqlar və tayfalar
ona qulaq
asacaqdır.
- deyə
tərənnüm etdiyinə görə başları
çox bəlalar çəkmişdi. Əvvəlcə
partiya yığıncağında kəskin tənqid
olundular, 1951-ci ilin may ayında isə Yazıçılar
İttifaqının iclasında "səhvlərini"
etiraf etsələr də, az qala onları pantürkist
damğası ilə damğalayacaqdılar.
Ulu
öndərimiz "Kitabi-Dədə Qorqud"
ensiklopediyasına yazdığı "Ön söz"də
göstərir ki, o dövrdə elə bir iclas, elə bir
qurultay, elə bir konfrans olmazdı ki, orada "Dədə
Qorqud" tənqid olunmasın. Eposa qadağa damğası
vurulmuşdu.
"Kitabi-Dədə
Qorqud"un elmi-ədəbi fikir dövriyyəsinə daxil
olmasında Heydər Əliyevin xidmətləri
ölçüyəgəlməzdir. Tədqiqatçıların
doğru olaraq qeyd etdiyi kimi, ulu öndərimiz hakimiyyətə
yenidən qayıtdıqdan sonra milli düşüncənin
bütün sahələrindən daha çox ədəbiyyatda
coşqun "Kitabi-Dədə Qorqud" dövrü
başladı. Necə deyərlər, milli ədəbi
düşüncədə bir "Kitabi-Dədə Qorqud"
sevgisi alovlandı.
Xalq
şairi Zəlimxan Yaqub deyirdi ki, "Manas"ın min illik
yubileyində ulu öndərimiz də iştirak edirdi. Təntənəli
yığıncaqdan sonra bizə ayrılmış
çadırlara yenicə gəlmişdik ki, xəbər gəldi
ki, Heydər Əliyev hamımızı öz
çadırına çağırır. Getdik. Onun ilk
sözü bu oldu: "Kitabi-Dədə Qorqud"un
başlanğıc cümləsi necədir? Şübhəmiz
yox idi ki, ulu öndər onu bizdən də yaxşı
bilirdi. Bununla belə, dedik: "Rəsul Əleyhissəlamın
zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər
qopdu". Bu isə VII əsr idi. Məlum oldu ki, öndərimiz
o söhbəti təsadüfi salmamışdı. Bakıya
qayıdandan sonra Heydər Əliyev "Kitabi-Dədə
Qorqud" eposunun 1300 illiyinin beynəlxalq səviyyədə
keçirilməsi barədə 20 aprel 1997-ci il tarixli fərman
imzaladı. Dövlət səviyyəsində tədbirlər
planı tutuldu. Üç il alimlər, qələm sahibləri
çalışdılar. Çox sayda kitablar nəşr
olundu. İkicildlik "Kitabi-Dədə Qorqud"
ensiklopediyası meydana gəldi.
Dövlət
başçısı bu möhtəşəm abidəyə
dərin məzmunlu, əhatəli "Ön söz"
yazdı. Öndərimiz eposu yüksək dəyərləndirərək
"Ön söz"də yazırdı: "Dünya
qorqudşünaslığı "Kitabi-Dədə
Qorqud"un istər etnik, mənşə, istər
tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə
baxımından Azərbaycan xalqına mənsub olması
fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə
Qorqud"un Azərbaycan tarixi üçün ən
böyük, ən əsas və ən birinci xidməti bundan
ibarətdir...
Bizim zəngin
tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda
öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir
və hər bir azərbaycanlı onunla fəxr edə bilər...
Həqiqətən də "Kitabi-Dədə Qorqud"
dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat
abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər...
"Kitabi-Dədə
Qorqud" elə bir qüdrətə malikdir ki, özündən
sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz,
yazılı ədəbiyyatımız onun təsirindən kənarda
qala bilməmişdir. Ensiklopediya da "Kitabi-Dədə
Qorqud"un bu təsir gücünü əyani şəkildə
nümayiş etdirir".
Onu da
deyim ki, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin
ümumdünya miqyasında keçirilməsi barədə
YUNESKO-nun qərarı vardı. Yubiley 2000-ci ildə
keçirildi. Heydər Əliyev geniş məruzə ilə
çıxış etdi. "Kitabi-Dədə Qorqud"un Azərbaycan
xalqına məxsus olmasının təsdiqi ulu öndərimizin
ən böyük xidmətlərindən biri idi.
Unudulmaz
şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən
biri də Novruz bayramının dövlət səviyyəsində
bayram edilməsinə rəvac verməsi idi. Sovet sisteminin
qılıncının dalı da, qabağı da kəsdiyi
bir dövrdə bu çox cəsarətli bir addım idi. Bu,
1979-cu ildə baş verdi. İçərişəhərin
Qoşa Qala Qapısı meydanında möhtəşəm
Novruz bayramı şənlikləri keçirilirdi. Bayram şənliyini
televiziya qarşısında əyləşib izləyirdim.
İnsan axını dəniz kimi dalğalanırdı.
Gözlənilmədən əlamətdar bir hadisə baş
verdi. Ecazkar musiqi, ecazkar sözlər, məlahətli səs
hamını ovsunlamışdı. Hamı donub
qalmışdı.
Müğənni
"Naxçıvanı" aşıq havası
üstündə yanğı ilə Azaflı Mikayılın
"Ağarmayın, ay saçlarım, amandı"
mahnısını oxuyurdu:
Cavanlığın,
məhəbbətin eşqinə,
Ağarmayın,
ay saçlarım, amandı.
Əhdi-peyman,
sədaqətin eşqinə,
Ağarmayın,
ay saçlarım, amandı.
Elə həmin
vaxt öndərimiz dövlət rəsmiləri və cənab
İlham Əliyevlə meydandan keçib gedirdi. Onlar da
dayanıb qəlblərə od salan mahnını axıra qədər
dinlədilər.
Heydər
Əliyev muğamatı da, klassik musiqini də (Filarmoniyada onun
vaxtında "Klassik musiqi axşamları"nın
keçirilməsi deyilənə sübutdur), aşıq
musiqisini də çox sevirdi. Aşıq sənətini
yüksək qiymətləndirirdi. Təsadüfi deyildir ki,
"Aşıqlar Birliyi" və "Aşıq Pəri məclisi"
onun xeyir-duası ilə yaranıb. Aşıq Ələsgərin,
Aşıq Alının, Aşıq Şəmşirin
yubileylərinin keçirilməsi barədə sərəncamlar
imzalamışdı. Aşıq Ələsgərin 150
illiyinin Moskvada "Qurultaylar sarayı"nda keçirilməsi
əlamətdar hadisə idi. Aşığın poeziyası
Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə
edilərək kitab halında çap olundu və rus
oxucularına təqdim edildi.
Öndərimiz
görkəmli şəxsiyyətlərin yubileylərinin
keçirilməsini zəruri sayırdı. Xüsusi
vurğulayırdı ki, yubileylərin keçirilməsi bir tərəfdən
onların xalq qarşısında xidmətlərinə verilən
qiymətdir, digər tərəfdən xalqın zənginliyini
nümayiş etdirməkdir.
Ümumxalq
məhəbbəti qazanan, hamının intizarla gözlədiyi
"Ozan" və "Bulaq" verilişləri də Heydər
Əliyevin vaxtında yaranmışdı. "Ozan"
televiziya verilişinin Dövlət mükafatına təqdim
edilməsi çox mətləblərdən xəbər
verirdi.
Ulu
öndərimizin folklorumuza olan dərin məhəbbətinin nəticəsi
əvvəlcə "Folklor elm mərkəzi"nin (1994),
sonralar isə analoqu olmayan "Folklor İnstitutu"nun
yaradılması (2003) oldu. Folklor İnstitutunda "Dədə
Qorqud" şöbəsi yarandı və "Dədə
Qorqud" jurnalı buraxılmağa başlandı.
İndi
İnstitutda "Aşıq yaradıcılığı",
"Mərasim folkloru", "Türk xalqları",
"Folklor və yazılı ədəbiyyat", "Cənubi
Azərbaycan folkloru" və başqa şöbələr fəaliyyət
göstərir və öndərimizin həmişə diqqət
mərkəzində olan milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği yolunda müstəsna işlər
görülür.
Qədim
yunan filosofu Platonun müdrik kəlamı vardır:
"Başqalarının xoşbəxtliyinə
çalışanlar öz xoşbəxtliklərini
qazanırlar".
Heydər
Əliyev həyatını bütöv bir xalqın xoşbəxtliyinə
həsr etdiyindən xalqın qəlbində əbədi yer
qazanmışdır.
Qəzənfər
PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.2.