Qürbət sularında üşüyən
sevgi adası
Gündüz Əlizadənin xatirəsinə
Esse-rekviyem
Dünyanın
ən əzablı dərdi ayrılıqdı...
Ölüm
ona görə ağırdı ki, içərisində əbədi
ayrılıq var...
İndi əlimdə qələm dərdin çəkilməzliyinə
boyun əyərkən nə zamansa onun haqqında
keçmiş zamanda danışacağımı,
ömrü, taleyi, ölümü ilə bağlı
düşüncələrimi yazacağımı xəyalıma
belə gətirməzdim.
1955-ci ildə dünyaya göz açmışdı,
aramızda yaş fərqi o qədər də böyük
deyildi. Ancaq
indi ha fikirləşirəmsə, onunla nə zaman tanış olduğumu xatırlaya bilmirəm. Və mənə elə gəlir ki, bu
tanışlıq çox-çox uzaq illərə,
ömrün başlanğıcına, bəlkə hələ
dünyaya gəlmədiyimiz çağlara gedib
çıxır.
Azərbaycanda yaşadığı illərdə yolum
çalışdığı "Ədəbiyyat qəzeti"nə
düşəndə mütləq ona baş çəkərdim. Səliqəsiz
şəkildə yığılmış, çeşidli rəsm
əsərlərilə dolu, rəng qoxuyan otaq mənə o qədər
doğma gələrdi ki, ayrılmaq istəməzdim.
Sonra gözlənilməz şəkildə Azərbaycanı
tərk elədi. Oğlu Azərin ağır xəstə
olması, ailənin, övladının ehtiyaclarını
qarşılaya bilməməsi onu bu addımı atmağa məcbur
etmişdi. Almaniyaya getməzdən öncə
bir neçə dəfə görüşməyimiz,
Bakının əski məhəllələrində gəzib-dolaşmağımız
dünən olubmuş kimi xatirimdədir. Səfər öncəsi
rəsm əsərlərindən ibarət kitabını nəşrə
hazırlayarkən dönə-dönə məsləhətləşmiş,
gedərkən kitablarının xeyli hissəsini lazımi
ünvanlara çatdırmaq niyyətilə mənə əmanət
etmişdi.
Almaniyaya getdiyi ilk dövrlərdə bir neçə dəfə
onunla telefon əlaqəsi saxlamışdım. Əvvəlcə
Hannoverdə yaşayırdı. İsrarla
mənim də Almaniyaya gəlməyimi istəyir, əgər
gələrsəm, yerləşməyim üçün gərəkli
işlərdə kömək edəcəyini bildirirdi. Ona Vətəndən ayrı
yaşamağımın mümkün olmadığını
söyləyə bilmədim. Hiss elədim ki, Vətən
üçün darıxır, ətrafında doğma
insanlara ehtiyac duyur.
Qürbətə üz tutandan sonra onunla 2004-cü ilin
fevral ayının 27-29-da Almaniyanın Köln şəhərində
Dünya Azərbaycanlıları Konqresinin VII qurultayında
görüşə bildik. Qurultayın davam etdiyi
üç gün ərzində bir yerdə olduq, keçmiş
günləri yad edərək həzin xatirələrə
daldıq. Söhbət zamanı birlikdə
"Böyük Azərbaycan" adlı dərgi
çıxarmağı təklif etdim. Dərhal
razılaşdı və elə salondaca karandaşla dərginin
üz qabığının eskizini hazırladı. Ancaq təəssüf ki, müxtəlif səbəblərdən
bu istəyimiz baş tutmadı.
Sonuncu dəfə vaxtsız itirdiyi oğlu Azəri
Bakıda dəfn etməyə gələndə
görüşdük. 2007-ci ilin dekabr ayının sonları
idi. Gecədən xeyli keçmiş zəng eləyib
oğlunu itirdiyini, sabah dəfn
olunacağını söyləyəndə nə cavab verəcəyimi
bilmədim. Səhər erkəndən
doğulub boya-başa çatdığı Əhmədli kəndinə
getdim, oğlunun dəfnində iştirak etdim.
Həyatda ən böyük itki ilə - övlad itkisi
ilə qarşılaşmışdı. Tale onu
amansız şəkildə sınağa çəkmiş,
övladını ölümdən xilas etmək ümidilə
"ömrün nicat sahili" kimi üz tutduğu qürbəti
cəhənnəmə çevirmişdi.
Dəfn
gününün axşamı söhbət əsnasında
ölkəni tərk etməkdə peşman
olub-olmadığını soruşdum:
- Burda
özümü daha xoşbəxt hiss edirdim, məni sevən
insanların əhatəsindəydim, həm rəsmlər
çəkir, həm bədii yazılar yazırdım.
Almaniyada maddi sıxıntılarım yoxdu, ancaq elə bil
ruhunu çəkib bədənimdən çıxarıblar,
içim tamam boşalıb, - dedi və sonra bir qədər
fikrə gedərək:
- Niyə
soruşdun bunu? - deyə üzümə
baxdı.
O zaman bu
suala nə cavab verdiyimi xatırlamıram. Ancaq bir qədər
keçəndən sonra öz-özünə:
- Qürbətdə
hamı Vətənə məzar yeri kimi baxır. Ya tabutları gəlir, ya ölmək
üçün bura üz tuturlar. Vətən
haqqında bu cür düşünəndə ürəyim
sıxılır, - dedi.
Sonrakı günlər də onu tək qoymamağa
çalışdım. Övladını itirmiş atanı
sözlə təskin etməyin
mümkünsüzlüyünü anlasam da, onu ovutmaq deyil, bəlkə
bir anlığa olsa belə, fikrini yayındırmaq
üçün yollar arayırdım.
Sağalmayacağı bəlli olandan sonra psixoloqların
xəstəxanaya gələrək oğlunu ölümə
hazırlamaları ilə bağlı kədərli söhbətləri
dinləyərkən bir ata kimi yaşadığı
sarsıntıları anlatmağa
çalışırdı. Bəzən söhbətlərə
qulaq asırmış kimi görünsə də,
özündə olmadığı gözlərindən,
baxışlarından hiss olunurdu..
Rəssamlıq sahəsindəki ilk təcrübəsi
atasından ayrılmış anasının portretini çəkmək
olmuşdu.
2015-ci ildə "Metrolu kəndin nağılı"
adlı xatirə türlü yazısında o uzaq illəri
yaddaşında belə canlandırırdı: "Anamı
itirəndən sonrakı günlərin məşəqqəti
mənə əzab verirdi. Bu məşəqqətdən
uzaqlaşmaq üçün mücadilə etməyə
gücüm çatmırdı. Elə bu arada
içimdə şəkil çəkməyə ehtiyac hiss
etdim. Evimizin divarında atamla anamın toy şəkli
hələ də dururdu və atam gümüşü çərçivəli
bu ağ-qara fotoya nədənsə toxunmurdu. Bu uğursuz foto mənim təsəllim idi və
inanırdım ki, anam nə vaxtsa qayıdacaq. Bir dəfə yorğan-döşək
yükünün üstünə çıxıb şəkli
divardan aldım. Aşağı düşürüb
ilk dəfə baxırmış kimi baxdım... və ürəyimdən
anamın rəsmini
çəkmək istəyi keçdi. Amma oxşada biləcəyimə qəti
inanmırdım. Buna baxmayaraq, fotonu çərçivədən
çıxardım, üstünə bir ağ
kağız qoyub işığa tutdum. Anamın fotosu az qala tam aydınlığı ilə
kağızda əks olunurdu. Sevindiyimdən əllərim
əsməyə başladı. Bu
üsulla anamın rəsmini çəkəcəyəm deyə
düşündüm və köhnə dolabımızın
alt siyirməsində gizlətdiyim qələmləri
çıxarıb işə başladım. Rəsm...
Anam... Və dəyişməyən reallıq.
Çəkdiyim şəkil anama o qədər
oxşayırdı ki, bunu öz əllərimlə çəkdiyimə
inanmağım gəlmirdi".
Bu addımla anasını evlərinə qaytara biləcəyini
düşünsə də, bu arzusu baş
tutmamışdı, əksinə, atasının onun çəkdiyi
rəsmi və divardakı fotonu cırması ilə ümidləri
əzilmiş, dərin xəyal qırıqlığına
uğramışdı.
Zəngin və təkrarsız
yaradıcılığı ilə Azərbaycanın ən
istedadlı rəssamları sırasında yer almaqdadır. Onun karikatura,
qrafika və rəngkarlıq sahəsindəki əsərləri
orijinallığı, bənzərsizliyi,
düşündürücülüyü ilə insanı
heyrətə salır. Bu rəsmlər
xalqın, millətin tarixinin və bugünün ən
ağrılı problemlərinə, gələcəkdə
gözlənilə bilən təhlükələrə
güzgü tutmaqdadır. Bəzi əsərlərində
sərt ciddiyyətlə zərif yumor çalarları məharətlə
qovuşdurularaq insanı dünyanın əzəli-əbədi
həqiqətləri haqqında düşüncələrə
çəkir. Həyatın ən adi
detalları belə onun rəssam fırçasında fərqli,
ağlagəlməz mənalar alır.
Rəsmlərində
baharın gəlişi, Novruz bayramı ilə bağlı
detallar, zəngin folklor çalarları, xüsusilə Dədə
Qorqud və Koroğlu kimi epos qəhrəmanlarının
obrazları, divan ədəbiyyatı klassiklərinin əsərlərinə
illüstrasiyalar romantik ovqat aşılayır.
Azərbaycan bayrağını rəmzləndirməyi
çox sevir, müstəqil dövlətçiliyin gətirdiyi
qüruru, milli ordu əsgərlərinin savaş ruhunu rənglərin
dililə canlandırmağa çalışırdı.
Bununla yanaşı, əsərlərində sovet
imperiyasının törətdiyi vəhşiliklər,
Qarabağ müharibəsi, Xocalı qətliamı xüsusi
yer tutur.
Rəsmlərinin birində xəncərlə ikiyə
parçalanmış nar, altında suyun (qanın) axıb
göllənməsi, başqa bir əsərində
çöhrəsindən əzab tökülən kişinin
qıyıq və sapla parçalanmış ürəyinin
tikməsi təsvir olunur. Hər iki rəsm
bölünmüşlüyün faciəsini anladan təsirli
lövhələr kimi yaddaşlara həkk olunur.
1996-cı ildə İsveçdə mənim
redaktorluğumla nəşr olunan "Araz" dərgisinin rəsmlərini
çəkmişdi. Dərginin ilk sayı üçün
çəkdiyi rəsmdə Bütöv Azərbaycan xəritəsi
şəklində kəsilmiş ağac kötüyünə
çalınan baltanın sapı yarpaq açmış,
çiçəkləmişdi. Kötük
üzərində Bütöv Azərbaycanın çəkilişini
mən istəmişdim, ancaq parçalanmış Vətənin
balta ilə ikiyə bölünməsi və baltanın
sapının çiçəkləməsi onun dahiyanə
tapıntısı idi.
Bir qədər sonra mənim "Azadlığın
üfüqləri" kitabımın qrafika işlərini də
çəkməli oldu və müəllif kimi onun
fırçasında yaradılmış rəsmim indi həyatımın
əziz xatirəsinə çevrilmişdir.
Məmməd İsmayılın redaktorluğu ilə nəşr
olunan "Gənclik" dərgisinin (1988-1992) geniş oxucu
kütləsinin marağını çəkməsində
onun əsərləri əvəzsiz rol oynamışdır.
Bəlkə
bir çoxları xəbərsizdir ki, bu gün "Ədəbiyyat
qəzeti"nin
başlığının bayrağımızdakı Ay-ulduz
rəmzlərilə bəzəyi də Gündüz Əlizadənin
fırçasının məhsuludur.
...Anasız
böyüməsinə, övladını erkən itirməsinə,
qürbətin ağrı və əzablarına
qatlaşmasına rəğmən əsərlərində ümidsizlik
ovqatı duyulmur. Ən kədərli
mövzularda belə işığın,
aydınlığın var oluşunu görməyə,
göstərməyə çalışır.
Sevgiyə inanır, dünyanın və
insanlığın yalnız sevgi ilə xilas edilə biləcəyi
qənaətinə tapınırdı. Bəlkə
bu səbəbdən rəsmlərində təbiətin və
cəmiyyətin sevgi üzərində qurulduğu
çeşidli motivlərlə vurğulanır. Əsərləri başdan-başa sevgi qoxuyurdu.
Nə zamansa çəkdiyi rəsmlərindən
birini "Məhəbbət adası"
adlandırmışdı. O özü də bir insan və
sənətkar olaraq həyatdakı missiyası ilə sevgi
adasına bənzəyirdi - sahilini zaman-zaman soyuq qürbət
sularının yuduğu sevgi adasına...
Almaniyada yaşadığı illərdə dəfələrlə
özünün rəsm əsərlərindən ibarət
İyirmi yanvar, Xocalı soyqırımı, Qarabağ
müharibəsi ilə bağlı sərgilər düzənləmiş,
Azərbaycanın keşməkeşli tarixinin gerçək mənzərəsini
canlandırmaq üçün əlindən gələni əsirgəməmişdi. Həyatının
son illərini keçirdiyi Trier şəhərində əsasən
portret rəssamlığı ilə məşğul olurdu.
Şəhərin mərkəzi küçələrinin
birində yerləşən balaca köşkü sadəcə
işləmək üçün üz tutduğu məkan
deyildi, bəlkə daha çox Vətən həsrətini
bir qədər səngitmək üçün
soydaşları ilə görüş yeriydi.
Ancaq ən yaxşı əsərlərini Azərbaycanda
yaşadığı illərdə, doğma xalqının
içərisində, Vətənli günlərində
çəkmişdi. Sonra neyləmişdisə, qürbətə
daşıdığı Vətən ruhunun havasına edə
bilmişdi.
Rəsm əsərləri ilə yanaşı, gözəl
bədii yazıları vardı. Və maraqlıdır
ki, rəsm əsərlərində olduğu kimi, bədii
yazılarında da lirik və yumorlu üslub iç-içə
hopdurulmuşdur. O, sözü sözdən seçən,
seçdiyi sözləri məharətlə rənglərə
dönüşdürməyi bacaran qeyri-adi bir istedad sahibi idi.
Bu səbəbdən yazılarında sözlə
rəng biri-birini görünməz ilmələrlə
tamamlayır.
Bədii yazılarına dərin fəlsəfi
düşüncəyə malik müdrik insan təfəkkürü
hakimdir.
"Ağılın olmamasından şikayətlənməyən
yalnız ağılsızlardır", "Ölümdən
qorxmaq alma yanağına düşən xal kimidi, get-gedə
böyüyür və onu çürüdür",
"Uçurumun kənarına yetişəndə arxa tərəfin
səhrası da cənnətə dönür", "Həyat - var olmaq deyil, bəlkə Tanrının ən
möhtəşəm və dərkolunmaz illüziyasıdır",
"Bir "insan ömrü" kimi həzin və
sığallı anlam tanımadım", "Yumruq kimi
bükülməyən xalq kölə kimi bükülməyə
məhkumdur" - deyirdi.
Həyat
yoldaşı Yasəmən xanım ömrünün son
günləri sevimli ərinin keçirdiyi ruhi
sarsıntıları göz yaşları içərisində
anlatmağa çalışır: "Mənə deyirdi ki,
evimizdən yol keçir. Burda nə çox adam
var... Kimdir axı
bunlar, mən heç birini tanımıram. O ağ paltarlı adam kimdir, üzünü məndən
gizlədir". Sonra isə kədərlə əlavə
edir: "Onu xəstəlik deyil, oğlu Azərin vaxtsız
itkisi apardı. O hadisədən sonra özünə gəlmədi".
Və beləcə 2017-ci ilin dekabr ayının 9-da gecə
saatlarında qürbətdə dünyaya gözlərini
yumdu. Cənazəsi Vətənə gətirilərək
Bakının Əhmədli kənd qəbiristanlığında
vaxtsız itirdiyi oğlu Azərin məzarı yanında
torpağa gömüldü.
Almaniyada mühacir ömrü yaşayan Vahid Tarzənin
dostunun ölümünə həsr elədiyi Fikrət
Əmirovun "Laylay" mahnısının solo ifası
sözün deyə bilmədiklərini musiqinin dililə
canlandırır. Mətbuatda onun ölümü ilə
bağlı qələmə alınanların heç biri, elə
bu yazı da qəribliyin həzin kədəri hopmuş o
musiqi qədər insanın ruhuna işləmir.
O bir
zamanlar istəmədən ayrıldığı, uzun illər
həsrətilə qovrulduğu Vətənə döndü.
Bu dəfə əbədi olaraq döndü.
Məzara çevrilmək, Vətən
torpağına qarışmaq, bir daha qürbətə
dönməmək üçün Vətənə
döndü.
9-14 dekabr 2017
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.9.