Şi-Tsu

 

Hekayə

 

İtin boyun fəqərəsini, dərisini, quyruğunu içindən hansısa nəsnə dartıb yumalamışdı. Bükülüb içinə girmişdi. İçinə girib ağrıyırdı. Ağrıyıb ailənin çöhrəsindəki sevinci qara külə döndərmişdi. Döndərib onları da içinə qısdırmışdı. O nəsnə bilinməyən xəstəlik idi. Ata onu masanın üzərinə elə ehtiyatla qoydu ki, elə bil diksindirsəydi, yumalanan haldakı rahatlıq payını göylər əlindən alacaqdı. İtin gözlərindəki dumanın qatılığından əlləri titrəyən ata, nazik şərfi ilə sulanan gözünü silən ana, başını qardaşının çiyninə qoyan qızcığaz sezilirdi. Ləpiri ilə dumanı yarıb iki həftə əvvəldən başlanan sığalları, cingiltili gülüşləri eşitmək istədi. Köks dolusu ağır nəfəslərdən, cərrahiyyə alətlərini sahmana salan gənc veterinarın çəkələyinin səsindən savayı heç nə eşitmədi. Havaya ləpir atması cərrahiyyə masasının projektoru ilə qarışıb otağın divarında ötən günlərin kölgələrini yaradırdı. O kölgələrdə ananın ad günündə qırmızı lentli qutudan boylanan utancaq, həm də ürkək baxışlı it görünürdü. Hamamın vannasında yuyulmaqdan titrəyən bədənini qurulayan uşaqlar sezilirdi. Bir kiçik itdən mənzilinin işıqlanmasından riqqətə gələn atanın silueti əksini tapırdı.

Yumulu halda ovuca yerləşən Şi-Tsunun istiliyi veterinarın sulu əlini qurutdu. Ürəyinin əsintisindən itin bədəninin təlatümünə dözməyən ana üzünü ərinin sinəsinə sıxdı. Veterinarın flakondan çəkdiyi mayeni şprisə doldurmasını, gəbə sapına bənzəyən tükünü üfürüb ana damarını axtarmasını görmədi. Şi-Tsunun ləpirlərini atması, güclə eşidilən, ancaq sanki canüstü mırıltısı dayandı.

-Qızdırmadan sayıqlayırmış, - deyə gənc veterinar müharibə dövrünün cərrahları kimi siqaretini yandırıb kibriti barmaqları arasında bir neçə dəfə fırlatmaqla söndürdü, cərrahiyyə otağının kiçik nəfəsliyini açıb əlini qoynuna qoydu, çöldə yağan qar dənəciklərinin klinikanın qarşısındakı xəzana düşməsini izlədi. İynənin təsirinin yaxınlaşmasını divar saatına baxmaqla bildi, siqareti nəfəsliyin yanındakı külqabıya basdı: "Kaş, sağalaydı" pıçıltısı ilə itə yaxınlaşıb bu dəfə ovcuna götürmədi, özü əyilib qulağını ürəyinə söykədi. Əsəbiliyinin içində kiçik sevinc işığı parladı. Ürəyi döyünürdü. Əlinin arxasını balacanın alnına qoyub istiliyinin keçdiyini sezdi, ailənin üzünə baxdı ki, gülümsəməyinə sevinsinlər. Ailə üzvləri isə gözlərini çöhrələrinə qəm gətirən itə dikmişdilər. Qızcığazın gözləri hey sulanır, oğlan ağzını marçıldadıb qanda şəkərinin artmasını duymur, bacısının saçını sığallayırdı. 

İtin gözündəki dumanın qatılığında ad günündə evin gənc xanımının tortdan bir dilim qoparıb ərinin dodaqlarına sürtməsi, "hədiyyənə görə səni daha da sevdim" pıçıltısı, qadağaya baxmayaraq, qardaşla-bacının dəhlizdəki iti yataq otaqlarına aparıb gülməli gecə paltarı geyindirmələri, qardaşın gecələr tez-tez ayaqyoluna getməsi, qurumaqdan çatlayan dodağını dili ilə isladıb başının fırlanmasından qapı-pəncərəyə dəyməsi də görünürdü.

Qızcığaz itin köksündə ürəyin qabarıb geri çəkildiyini qardaşına göstərib üşənə-üşənə masaya yaxınlaşdı. Dirsəyi ilə gözünü örtüb titrək barmağını itin qabaran ürək nahiyyəsinə toxunduranda qəflətən diksindi. Ürək döyünmürdü:

-Ataaaaa....

Veterinar Şi-Tsunu ovcuna alıb köksünü qulağına dayadı. İti küvəzə yerləşdirib mikroklimat düymələrini basdı. Şlanqların ucundakı iynələri ona yeritdi.

-Ürəyi dayanmayıb. Zəif döyünür.

Atanın sual dolu baxışına itin hazırkı halını pıçıldamaq istədi. Ancaq deyəcəyi dörd hərfli sözün uşaqların anlamayacağını yəqin etdi. Daha pıçıldamadı:

-İt komaya düşdü.     

Balaca Şi-Tsu komaya düşdü. Ailə üzvlərinin bir gözü küvəzdə uyuyan itə, digər gözləri kabinetdeki cərrahiyyə masasına tökülən tükləri nəmli salfetlə toplayan veterinarın səbirli hərəkətində qaldı. Valideynlər uşaqların gözlərinin yaşını sildilər. Tükqarışıq salfet plastmas vedrəyə atılanda veterinar əlcəyi çıxarıb üzüntülü səslə dilləndi:

-Damarını tapa bilmirdik. Bəzi yerlərini qırxmağa məcbur qaldıq.

Ailə üzvləri geri qayıdanda nazik bığlı ər həyat yoldaşının qulağına ağlamamasını, uşaqların bundan pis olmasını pıçıldayanda ad günündə hədiyyə verilən balaca itdən sevinmiş qadın hönkürdü. Avtobusda bir ailənin gözüyaşlı əhvalı sərnişinləri də kədərləndirdi.

Dünəndən qalan boyat xörəyi qızdıran qadın əlini yandırdı. Daha adi günlərdəki kiçik vahimə, ağrı yaşamadı. Şi-Tsu orada komada idi. Bundan ağır heç nə olmazdı. İki oğlu və qızının kabinetdən çıxmasını gözləyən ata həkimə yalvarıcı səslə demişdi ki, son nəfəsinə qədər küvəzin naqilini ayırmasınlar.

Ər mətbəxin qapısını örtüb astaca dedi:

-İti onların gözündən salmalıyıq.

-Nə deyib gözdən salaq?

-Deyək ki, itdə bit var. Bədəninizə düşsə, qaşınacaqsız. Məktəbdə hamı güləcək.

-Güləcəklər, ya gülməyəcəklər... gör nə deyirsən... onların ürəyi sızlayır, sən iti pisləməkdən danışırsan...

Ər "onda özün çıxış yolu tap" - deyə qışqırıb mətbəxin qapısını çırpmaq istəsə də, dözdü. Şi-Tsunun gətirdiyi pis ahəngə yeni pislik gətirmədi. Həyat yoldaşının çiynini sıxıb başını kürəyində gəzdirib nə etməyin lazım gəldiyini düşünür, çıxış yolu axtarırdı.

Uşaqları yatırandan sonra  şəkər xəstəliyinə tutulmuş oğlunun  dolabının yanına stəkan dolu su qoydu, sinəsində dağılan fotoları götürüb işığı söndürdü. Fotoları mətbəxdəki həyat yoldaşının görməməsi üçün çox da işlənməyən nimçələrin altında gizlətməyə çalışdı. Onlardan biri sürüşüb düşəndə qabları yuyan ana geri qanrılıb fotoya baxdı. Əlini ağzına tutdu ki, hönkürtüsü uşaqları ayıltmasın.

-Elə yaxşı it idi ki...bu vaxtlar..., - səsi qırıldı:  - Elə bilirdi ki, bu vaxtlar uşaqlar yatacaq, çoxlu oynayırdı... kaş, sağalaydı... biz burdayıq, o yazıq küvəzdə həyatı ilə çarpışır.

Hər hönkürtüdə gənc ata onun çiynini sıxırdı ki, sakitləşsin: - Gecə də dəhlizdə qutusundan başını tez-tez çıxarıb oyanmağımızı gözləyirdi...

-Səhər müəllimə zəng etmişdi.

Ana mətbəx salfetindən cırıb burnunu sildi, ərinin sözünün ardını gözlədi. Narahatlıqla gözlədi:

-Müəlliməsi dedi ki, oğlunuz bu gün nahar etməyib. Xörəyini termosdan çıxarmayıb. Deyib xəstəxanaya - itə aparacam. Sonuncu dərsdə lövhəyə çıxanda başı gicəllənib. Müəllimə dedi ki, tibb otağına aparılanda əlləri əsirmiş. Bir də soruşdu ki, "Si-Tsu kimdir?" Məktəbin həkiminə deyirmiş ki, ona yemək aparmasa, ac qalacaq. Küvəzin altında yatıb, onu görüb sevinəcək. Müəllimə anlatdı ki, oğlunuz ac qalsa, xəstəliyi güclənəcək, şok yaşayacaq.

Ertəsi gün ata məktəbə yola saldığı, gözləri solğunlaşan oğluna baxanda ürəyi parçalandı. Güclə gülümsəyib guya itin yanından gəldiyini, yeməyin bolluğundan qarnının şişdiyini dedi, arxa oturacaqda Şi-Tsu ilə çəkdirdiyi fotoya baxan oğlunu güldürməyə çalışdı. Oğlu gülmədi. Sakitcə "bu gün də yemək yeməyəcəm" pıçıldadı. Ata gecə fotoların hamısını gizlədə bilməyibmiş. Oğlunun çantasının iç cibində biri də varmış. İti çimdirəndə çanaqdakı suyu şappıldadan yerdə anası çəkmişdi. İslanan it təəccüblü baxışlarını ona zilləyir, o isə xoşbəxtcəsinə gözünü qıyır, geniş açılı ağzındakı dişləri parıldayır.

-Şi-Tsu daha sənin yeməyini istəmir. Ona orda üstü darçınlı sümüyün iliyindən şorba yedirdirlər.

-Mən bu gün də yemək yeməyəcəm.

-Axı o sağdır, yaxşı da yemək verirlər.

-Sağalana qədər yemək yeməyəcəm.

-Birdən ölsə?

-Ölsə, daha neyləmək olar. Deməli, öldü.

Atası oğlunun böyük-böyük danışmasına təəccüblənmədi. Hərdən dini kitablar oxuyandan sonra "bu dünya - o dünya" söhbətinə dair çoxlu suallar verərdi. Həm də vahid oğul olduğundan, anası nazı ilə çox oynayıb ərköyünləşdirmişdi.

Elə də oldu. Həmin gün oğlan yemək yemədi. Əllərinin əsintisi və məktəbin ikinci mərtəbəsində ürəyinin getməsi hay-küy yaratdı. Evə çatdırılanda nisbətən özünə gəlmişdi. Ata onun çarpayısının kənarında oturub anaya nəsə demək istədi. Ancaq anladı ki, ana onun fikri ilə razılaşmayacaq. Ana "yazıq uşaq" pıçıldayanda ata eyvana çıxıb itin yanında növbətçi həkimin qalıb-qalmamasını öyrənmək üçün kabinetə zəng etdi. Şi-Tsunun yanında veterinarın assistenti qalıbmış. Həmin anlarda it küvəzdə - şüşənin altında ürəyini döyündürürdü. Bədəninin gücü qalmasaydı, döyünməzdi. Atanın səsi əsintiləndi:

-Küvəzin naqilini ayırın. Daha o sağalmaz.

-Axı ürəyi döyünür....

-Dedim ki, ayırın. Bu barədə nə uşaqlarım, nə yoldaşım bilsin.

Dəstəkdən assistent qızın ağır-ağır nəfəs alması eşidildi.

-Yaxşı.

...Ata gecə ayılıb yenidən eyvana çıxdı. Zəng etdi:

-Salam... necə oldu?... döyünmür... aydındır...

Telefonu qapamaq istəyəndə nəsə yadına düşdü:

-Heç soruşmadım... xəstəliyi nə imiş?

-Şəkər xəstəliyi.

-Necə, necə? İtdə də şəkər xəstəliyi olur?

-Tək-tük hallarda olur.

Ata telefonu qapayanda ulartısını heç kim eşitməsin deyə ağzını tutdu. Ulartının içində bu sözlər eşidilirdi: "Deməli, oğlum da komaya düşsə, doğmalarından kimsə bezib gizli tapşırıq verəcək... oğlumu öldürəcək...."

Gecənin qaranlığında eyvanda küncə qısılıb dizlərini qucaqlayan atanın başına-başına döyməsini, yığılıb içinə girməsini kimsə görmədi.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.4.