Çingiz Aytmatov: "Əsər
günah
yuyan etiraf kimi
yazılmalıdır"
Çingiz Əlioğlu ilə
Çingiz Aytmatov barədə söhbət
Azər Turan: - Çingiz Aytmatov varacağı hədəfi
dəqiq müəyyənləşdirən, səddi
parçalayan nadir yazıçıydı...
Çingiz Əlioğlu: - Demoqrafiyanı öyrənən
alimlər, öz dediklərinə görə, müəyyən
ediblər ki, bu gün dünyada yaşayan insanların hər
dörd nəfərdən biri Çingiz xan nəslindəndir,
- dinindən, irqindən, dərisinin rəngindən
asılı olmayaraq! Yəni, çağdaş dünya əhalisinin
sayını aşağı-yuxarı yeddi milyard
götürsək, bu, təxminən 1.75-2 milyarda yaxın
türk geni daşıyıcılarından ibarət nəhəng
bir insan okeanı deməkdir…
Bəli,
böyük fateh və onun övladları dünyanın az qala dörddə birini ram etmiş,
qılınclarına baş əydirmişdi…
Azər Turan: - Tarixdəki hər iki Çingizin
- Çingiz xanla Çingiz Aytmatov şəcərəsinin
ulu babası Altun İşıq - Boz Qurddur. Çingizlərin
ulu nənəsi Alankova isə Ana Geyik (Maral) soyundandır...
Çingiz Əlioğlu: - Hə. Ancaq bu tarixi
ekskursdan daha çox məni indi düşündürən
uşaq marağına bənzər başqa bir hissdir: görəsən,
əfsanəvi sərkərdənin xəbəri oldumu ki, əsrlər
sonra onun törəsindən, qəhrəman Çingizidlər
sülaləsindən başqa bir böyük fateh Çingiz
Aytmatov doğulacaq və bu səfər o, qədəmləri
qanlı əcdadından fərqli olaraq, qan tökmədən,
möcüzəvi qələmiylə ulu babasının
hökmünə tabe olan ərazilərdən də
böyük bir dünyanı, özü də, hər
şeydən əfzəl, ürəkləri fəth edəcək,
milyardların kumirinə çevriləcək?!
Bilmirəm,
bəlkə də olub, hələlik bizə yaxşı məlum
olmayan o sirli aləmdə çox əhvalatlar baş
vermiş ola bilər…
Bəli,
nəhəng türk dünyasının qırğı
gözlü qırğız oğlu Çingiz Aytmatov...
Azər Turan: - Çingiz Aytmatov və onun həyatınızdakı
izləri?
Çingiz Əlioğlu: - Böyük ustadın
ölkəmizə son gəlişində onu müşayiət
etmək Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
tərəfindən mənə həvalə olunmuşdu. 2008-in fevralın 21-də gələn
yazıçı hələ martın 1-nə qədər
Bakıda qalacaqdı. Sevincimin həddi-hüdudu yox idi,
axı hələ lap gənclik çağlarımdan
yaradıcılığının vurğunu olduğum bu
böyük insanı lap yaxından görəcək,
danışmaq, söhbət etmək imkanım olacaqdı…
Onu da
deyim ki, yazıçını, həm də onun bu səfərinin
təşkilatçılarından biri, uzun müddətdi
Bişkekdə yaşayan həmyerlimiz, tanınmış
iş adamı və fəal ictimaiyyətçi, hüquqşünas,
Türkdilli Dövlətlərin siyasətinə Dəstək
Fondunun prezidenti Nüsrət Məmmədov müşayiət
edirdi. Yazıçı ilə Bişkekdən
bir qrup media işçiləri, tele-foto müxbirləri də
təşrif buyurmuşdu.
Prezident aparatının məsul işçisi hörmətli
ziyalımız Qafar Əliyev də demək olar ki, həmişə
bizimlə idi.
Onu da
deyim ki, əslində, Çingiz ağa ilə ilk
tanışlığım, hələ lap cavan
çağlarımdan, mən Neft və Kimya İnstitutuna
daxil olandan sonra ailəmizin köçdüyü Gəncə
şəhərinə valideynlərimin yanına getdiyim tətil
günlərində baş vermişdi. Çox istedadlı
insan olan, uzaq qohumum və yaxın dostum, rəhmətlik Vidadi
Məmmədlə Sabir küçəsindəki məşhur
kinoteatrda "Ana
tarla" filminə baxmağa getmişdik. Düzü, texniki ali məktəbdə təhsil
aldığım üçün o dövr qardaş
respublikalarda yaranan bədii ədəbiyyatdan sən deyən,
o qədər də xəbərdar deyildim. Seans bitdikdən
sonra tamaşa zalını, az qala
başgicəllənməsi ilə tərk etmişdim. Filmin fabulası, toxunulan mövzunun sanbalı və
bədii həlli, əsərdəki lirizm, gənc aktrisa
N.Arinbasarovanın yaratdığı obraz məni valeh
etmişdi.
Bu, mənim Aytmatov yaradıcılığı ilə
ilk təmasım idi. Deməyə ehtiyac varmı bundan sonra mən onun əlimə
keçən bütün əsərlərini acgözlüklə
gözümə təpməyə başladım…
…Bir halda
ki, yaddaşın həmləsi güc gəldi, elə buradaca
xatırlayım ki, çox sonralar artıq 1976-da məni
Qırğızıstana, III Ala-Too Poeziya festivalına dəvət
etmişdilər. Və şeir şöləninin
açılış tədbirində bəstəboylu gənc
bir şair səhnəyə çıxaraq zala üz tutub
dedi ki, mən indi sizə qardaş Azərbaycanın gələcək
Çingiz Aytmatovunun şeirlərini öz tərcüməmdə
oxuyacağam.
Bunu deyib,
necə bilirsiniz, mənim adımı çəkdi və
qırğız dilində şeirlərimi səsləndirdi…
Bu gözlənilməz hərəkətdən lap
şaşırmışdım. Utandığımdan heç o
şeirləri də düz-əməlli eşidə bilmədim…
Həmin o gözəl insan indi
Qırğızıstanın xalq şairi,
Yazıçılar İttifaqının sədri Akbar
Rıskulovdur.
Əziz dostum və qardaşımla biz bu ötən yay
Qazaxıstanda Ekspo-2017 müstəvisində keçirilən
Dünya Yazarlarının Beynəlxalq Bianelisi tədbirlərində
görüşdük. Xatırlamağa çox şey vardı… Əlqərəz,
sözü çox uzatmayıb, qayıdaq əsas məsələyə.
Desəm
ki, Azərbaycanda, xüsusən orta və yuxarı
yaşlı ədəbiyyatsevərlərin və ümumən
insanların arasında məlum bir Aytmatov mifi mövcuddur,
güman edirəm, mənnən mübahisə edən az tapılar.
Böyük
ustad dəniz qırağındakı Yaxt klubun lüks qonaq
apartmanında yerləşdirilmişdi və hər gün ona baş çəkməyə,
sadəcə, görməyə axın-axın insan gəlirdi.
Amma təbii ki, o günlərin ən əlamətdar və
tarixi hadisəsi, yazıçının və müşayiət
edən şəxslərin bir qisminin hörmətli
Prezidentimiz cənab İlham Əliyev tərəfindən qəbul
edilməsi oldu. Prezidentimizin sərəncamı ilə
yazıçı yeni təsis edilmiş "Dostluq" ordeni
ilə təltif olunmuşdu.
Bəli,
sonralar o yüksək dövlət mükafatı ilə təltif
olunanların şərəfli siyahısı Böyük
ustadın adıyla başlayır…
…Dediyim
kimi, yazıçını görmək istəyənlər
çox idi və ümumiyyətlə şəhər o
günlər sanki qəribə bir bayram ovqatı
yaşayırdı. Şəhərin ən müxtəlif
yerlərində, təşkilatlarında yazıçıyla
görüşlər keçirilirdi...
Tanınmış
ictimai xadimlər, alim və ziyalılar onu öz evlərinə
qonaq dəvət etməyə can atırdılar.
Səbail raoyn İcra Hakimiyyətində o dövr icra
başçısı, hörmətli Sahib Ələkbərvoun
rəhbərliyilə təşkil edilmiş möhtəşəm
görüş, əyləncə mərkəzində şəhər
ictimaiyyəti nümayəndələrinin, yaradıcı
ziyalılarımızın qatıldığı unudulmaz tədbir
yaxşı yadımdadır.
Azər Turan: - Çingiz müəllim, həmin
görüşlərin birində diqqət etdim. Çingiz
Aytmatov ondan bir az əvvəl Bakıya gəlmiş
Orxan Pamukdan fərqli olaraq, əyləşdiyi salonun
arxitekturasına deyil, ətrafındakı insanların
gözlərinin içinə baxırdı. Sanki Ata-Beyitdəki son mənzilində
uzun minillər boyu tək qalanda həm də bu üzləri
xatırlamaq üçün hamını yaddaşına
köçürmək istəyirdi...
Çingiz Əlioğlu: - Xalqımızın nəğməkar
qızı təkrarolunmaz Zeynəb Xanlarovanın qudası
hörmətli Arif müəllim və onun xanımı
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru,
tarix elmləri doktoru Maisə Rəhimovanın mənzilindəki
çoxsaylı qonaqların iştirakı ilə verilən
ziyafət isə milli mətbəximizin dadlı nemətlərinin
zənginliyi, ev sahiblərinin diqqət və qonaqpərvərliyilə
unudulmazdı…
Ancaq yazıçının haqqında söhbət gedən
səfərinin xronologiyası demək olar ki, bütün təfərrüatlarıyla
o dövr mətbuatında yetərincə dolğun
işıqlandırılıb. İstərdim ki, o detallara bir daha
toxunmadan, sənətkarın zəngin iç
dünyasının yalın gözlə görünməyən
digər məqamları barədə danışım.
…Dediyim
kimi, Böyük ustadla görüşməyə can
atanların, müsahibə almaq istəynələrin, foto,
tele çəkilişlərə gələnlərin sayı
çoxdu və bu insan sıxlığı, məlum məsələdir
ki, müəyyən yaş dərəcəsinə
çatmış, sağlamlığı artıq təəssüf
ki, o qədər də möhkəm olmayan
yazıçını, hiss olunurdu ki, yorur. Bunu özü
dilinə gətirən deyildi, amma gəlişinin ikinci, ya
üçüncü günü mənə deyəndə
ki, sən elə et ki, heç olmasa
naharı biz ikimiz bir yerdə, başqa adamların
iştirakı olmadan edək, mən hər şeyi başa
düşdüm. Həm də əlavə elədi ki, istəsən,
bu gün səhər, hələ heç kim
gəlməmişdən başladığımız,
yarımçıq qalan söhbəti davam etdirərik…
İstəsən
nədi, sevindiyimdən az qala dilim
tutulmuşdu! Tək bircə, baş üstə! - deyə bildim.
Həmin günü mən Çingiz bəyi
Bakının əla mətbəxi olan, təsadüfi
insanların demək olar ki, ayağı dəyməyən
elit restoranlarından birinə dəvət etdim.
İncəvara, nahar fasiləsinə hələ bir qədər
vaxt qaldığından, biz demək olar ki, boş restoranda
sakitcə keçib özümüzə heç kimin mane
olmayacağı xudmani bir guşə seçdik.
Nahar mərasiminin
əsas hissəsinə keçməzdən öncə onu da
deyim ki, bu müdrik insanın çox toxdaq nəfsi vardı,
qidanı az miqdarda və tələsmədən
qəbul edirdi.
Tünd
içkilərdənsə ancaq yüngül ağ
italyan şərabından uzaq başı yarım qədəh,
ya da skotç bokalının dibində bir-iki qurtum viski
dadardı…
Yenə də boynuma almalıyam ki, taleyin mənə bu nəhəng
insanla mükafattək qismət etdiyi söhbətin xülasəsini
mən sizə bir qədər kollajvari, ordan-burdan
çatdırmağa vadaram. Güman edirəm, məni
qınamazsınız, o vaxtdan ötən on ilə yaxın
uzun zaman kəsimi, çox çətinliklə qoruyub
saxladığım, amma yenə də boyu qismini, təəssüf
ki, ömür-gün keşməkeşlərində itirdiyim xəsis
qeydlər və s.
Amma
Tanrıya min şükür ki, yaddaşım mənnən hələ
ki, tam yadlaşmayıb…
Gözəl
Xəzər nemətlərindən bir-iki tikə kəsəndən
sonra, Ustad çəngəli bir kənara qoyub, Venesiya
şüşəsindən olan uzunşüllək qədəhdəki
ağ şərabdan kiçik bir qurtum dadıb,
özü sözə başladı.
- Bu səhərki
yarımçıq qalan söhbətimizdə, əgər səhv
etmirəmsə, mənə verdiyin sualda bu son dövr incəsənətdə
və xüsusən ədəbiyyatda baş verən avanqard,
postmodern oyunlara münasibətimlə maraqlandın…
Bunu deyib, bir qədər susdu.
Mənsə kirimişcə başımla təsdiq etdim.
- Məsələ
burasındadır ki, insan əsasən özündən
kiçik, xırda şeylərlə oynaya bilər. Həyat və ölümsə bizdən
asılı olmayan, böyük şeylərdir, biz onlarla
oynaya bilmərik. Burası da var ki, bu
adlarını çəkdiklərim yazarın əsas fəaliyyət
sahəsidir. Mən xəyali dünyanın dəyər
və qiymətini qəbul edirəm, ancaq onu şişirtmək
də istəmirəm: çünki bu üsuldan istifadədə
risk və mübarizə yoxdur. Bu isə öz
növbəsində, həyatı bütün mənalardan məhrum
edir. Prinsip səviyyəsinə
qaldırılmış zəiflik ancaq yeni zəifliklər
doğura bilər. Mən onunla da
razıyam ki, istənilən fəaliyyətdə (o cümlədən
ədəbiyyatda da) fantaziya vacibdir - bu reallığı daha
doğru qavramağa kömək edir.
Amma əgər istənilən fəaliyyətdə
bundan sonra - şifrələşdirmə, formalaşdırma
cəhdində - əks hərəkət, şifrələrin
açılması baş verirsə, incəsənətdə
bu mücərrədləşdirilmiş dünya əsl kimi,
arzu olunantək, tərk etmək istəmədiyin kimi qəbul
edilir. Bu azmış kimi, mücərrədləşdirilmiş
yeni qat və dərəcələri doğulur ki, bu da elə
postmoderndir.
Təkcə postmoderndən söhbət getmir.
Avanqard və postmodernə aşırı diqqət
etdikcə daha çox bu qənaətə gəlirsən ki,
bu ədəbiyyat barmaqdan sorulma, əqli-uydurma olduğu dərəcədə
sterildir, ruhən effektsizdir. Effektsizdir ona görə
ki, sənətin əsas xüsusiyyətindən məhrumdu -
dramatik effekti yoxdur. Bu yolu seçən
yazarların əsərlərində insanı axtarma, tapa bilməzsən.
Əslində, onlar insanı və onun dünyasını
çoxdan qərq ediblər, ortada olan meyitdi, özlərisə
cənazənin başı üstündə ölüyaranlardır…
Onların bu dünyaya və onun ədəbiyyatına
münasibəti belədir. Mənim də onların
yaradıcılığına yanaşmam elədir…
…Mənim
zənnimcə, əsər günah yuyan etiraf kimi
yazılmalıdır, oxucu üçün asan, anlamlı
olsun deyə, əndazə daxilində sadələşdirilmiş
şəkildə işlənməlidir. Belə
ki, orada sadəcə müəllifin taleyi deyil, hansısa
ümumbəşəri tale izlənsin.
Ən böyük kitablar da məhz elə bununla
böyükdür. Əsər təkcə oxucu
üçün işləniləndə, həmin o ümumbəşəri
tale ilə bağlı ağrı yaşanmayanda, bura nə həvəs,
nə də bacarıq olanda, bu gün ədəbi mənzərədə
sıx-sıx rastlaşdığımız əsərlər
meydana çıxır. Hansısa
cılız problemlər, uydurma əhvalatlar, heç bir aktual
əhəmiyyət daşımayan və pis təsvir olunan
olaylar.
Heç nə barmaqdan sorulma olmamalıdır,
bütün bunlar onun nəticəsidir, ancaq o zaman
inandırıcı əsər yazmaq mümkündür ki,
öz gözünlə gördüyünü,
yaşadığını, doğru-dürüst bildiyini qələmə
alasan. Şəxsi təcrübənin yoxluğu, ruhi-mənəvi
sarsıntı qıtlığı zəif əsərlər
çıxarır ortaya. Effektiv həyati
yaşantılar cürbəcür stilistik oyunbazlıqlar,
forma əllaməliyilə əvəz edilir.
Ən dahiyanə əsərlərin fabulası isə,
bir qayda olaraq çox sadədir. Yaradıcı, bədii kəşfləri
fabula və az rast gəlinən süjet xəttində
deyil, yazı səviyyəsində, intonasiya və ahənglərin
uyarlığı, təzadları səviyyəsində edir. Sadə süjet xətti müəllifə dilin
parlaqlığını, baxımın təzə-tərliyini,
fikrin gərginliyini, özünün mənəvi bənzərsizliyini,
hər sətirdə boy verən özünəməxsusluğu
nümayiş etdirməyə mane olmur.
Dahini, sadəcə biləndən və texnika
ustasında, hələ vaxtilə, səhv etmirəmsə,
Sezan demişkən - "bürüncə ət-qan
dolğunluğu" verən son ştrixin ustalığı
fərqləndirir.
Və nəhayət,
postmodern mənimçün budur - az bilik,
kasad həyat təcrübəsi və böyük iddialar
üzərində qurulmuş istehlakçı, mənfəət
güdmək istəyi. Qurama sənəti, instalizasiyalar
baş alıb gedir, poeziyada, rəssamlıqda, heykəltəraşlıqda…
İnsanlar yaşamaq istəyir, o cümlədən
sənətdə. Nə olur-olsun, təki
adın yazıçı, şair və s.
çıxsın. Əsas odur ki, səndən əsər
haqqında soruşanda çoxmənalı susmağı bacar…
…Aradakı
qısa fasilədən istifadə söhbəti bir qədər
başqa məcraya yönəltmək istədim:
-
Çingiz Torekuloviç (təbii ki, biz rus dilində
danışırdıq), əgər yaddaşım məni
aldatmırsa, siz vaxtilə belə bir fikir səsləndirmisiniz:
əgər din bu qədər qartlaşmasaydı, kərtdəşməsəydi…
Belə qənaətə gəlmək olarmı ki, siz
hansısa bir insanla daha asan yollaşan, çevik və azad din
haqda düşünürsünüz?..
Ustadın
üzünə yüngülcə bir təbəssüm qondu,
əlini sanki təəssüflə yelləyib:
-
İşlətdiyin o çevik sözü rəngdir, - dedi.
Darmacalda can qurtaran kəlamdır. Din elə özünü
tutmuş, oturuşmuş, müəyyən mənada kərtdəşmiş,
lap elə özündənrazı, özünəyetərli,
həm də yeri gələndə
bütün axtarış və tədqiqatlara açıq
olmalıdır. Özünə şəkk edən
din - bitib-tükənməyən mübahisələrdir.
Sonuncu din olan islam dinimiz bütün
başlıca suallara son və dolğun
cavablarımızdır…
Ata,
oğul və müqəddəs ruh… Yəhudi
qızı müqəddəs Məryəmdən doğulan
İsanı çarmıxa çəkilməsindən
başlayıb dünyanın ən qədim və geniş
yayılmış dinlərindən biri olan xristianlıq.
Allah kimi qəbul edilən ilahi varlıq
çarmıxa çəkilir və ölur. İnsanlar
öz seçimlərilə oğru Varavvanı xilas edirlər…
O vaxtdan
dünyada ən amansız müharibələri, insan
qırğınları törədənləri atom
bombası partladanlar, həbs düşərgələri,
insan yandırılan sobalar, siyasi görüş və
etiqadlarına görə insanları zindan künclərində,
Sibir şaxtalarında çürüdənlər,
Saray-Bosnada, Serebrinnitsada müsəlman
qırğınları törədənlər Varavvanın
gen daşıyıcıları deyilmi?
Çarmıxdakı
müqəddəs insan - Allah… Əgər Allah
ölürsə, demək, sənət də ölür?!
Şəxsən mən bunun belə olduğuna inanmaq istəməzdim. Tarixin
sonrakı gəlişimi də sübut edir ki, bu belə deyil.
Əslində, müqəddəs İsanın
da əbədi həyatı çarmıxa çəkiləndən
sonra başlayıb.
…Bunu
deyib, böyük Ustad susdu. Hiss olunurdu ki, artıq söhbəti
davam etdirmək istəmir. Artıq vaxt da
daralırdı, qarşıda sıx tədbirlər
proqramı vardı.
Qısa
bir çay süfrəsindən sonra qalxmaq qərarına gəldik…
Azər Turan: - Çingiz Aytmatovun ədəbiyyat
dərsi hamıya örnəkdir. Sağ olun ki, bütün
bunları belə müfəssəl xatırlatdınız. Çingiz Aytmatovun bəlkə də heç yerdə
yazmadığı bu çox dəyərli söhbətini
bölüşdünüz.
Çingiz Əlioğlu: - Həmin o fevral
ayının son dekadasının 8-9 günü sanki bir
göz qırpımında gəlib keçdi.
Və martın 1-i böyük Ustad öz desant dəstəsiylə
vətənə yola düşdü.
Təəssüf
ki, belə qısa görüşlərin uzun, bəzən də
əbədi ayrılıqları var…
Aradan
üç aydan bir az ötmüş o məşum
xəbəri aldıq.
Türk
dünyasının böyük oğlu, ürəklər və
qəlblər fatehi dünyasını dəyişmişdi…
Bu yerdə artıq söz gərəksizdir. Belədə ancaq
susmaqdı dada yetişən…
Azər Turan: - Çingiz müəllim, bayaq
Çingiz Aytmatov yaradıcılığı ilə ilk təmasınızın
"Ana tarla" əsəri ilə
başladığını dediniz.
Yadıma "Ana tarla"nın
epiqrafı düşdü: "Ata, bilmirəm harada dəfn
olunmusan. Bunu sənə, Törequl Aytmatova ithaf edirəm",
- nisgilini Tanrı sonralar Ata-Beyit anıtı ilə müjdələdi.
İndiyəcən tək qırğız türklərinin ziyarətgahı olan Ata-Beyit
Çingizi də ağuşuna alandan sonra bütün
dünya türklüyünün ziyarətgahına
çevrildi. Çingiz Aytmatov onu yaradan
ağrının içinə dəfn olunub. Bacısı Roza Aytmatovanın bildirdiyi kimi, kütləvi
məzarlıqda 1938-də güllələnib
basdırılmış 137 nəfərdən yalnız birinin
- Törequlun cəsədi sahibinin adı ilə
tapılmışdı. Çünki
hamını başının arxasından güllələmişdilər.
Törequlu isə ürəyindən
vurmuşdular. Döş cibində
"törətdiyi cinayətlərin"
yazıldığı sənəd varmış.
Güllə kağızı yandırıb-dəlib ürəyə
çatmışdı... SSRİ
dağılandan sonra həmin məzarlıq kəşf
olunanda 137 nəfərin ümumi halda kimlər olduğu bəlli
olub. Ancaq Törequl şəxsən
tanınıb. Şəxsin özü, bədəni
çürüyüb, ancaq şəxsi işi, yazısı
çürüməyib. Çingiz Aytmatovun
atasını yazı, kağız nişan
verib. Ziyarət
etdinizmi Ata Beyiti?
Çingiz Əlioğlu: - 2008-in 26 oktyabrında
Bişkekdə Beynəlxalq Çingiz Aytmatov Forumu idi. Mən də dəvət olunmuşdum və iki
gün qabaq artıq Bişkekdə idim.
Forumdan
öncə, bir gün əvvəl yazıçının
qardaşı, akademik İlgiz Aytmatov və bir dəstə adam Ustadın dəfn olunduğu Atabeyit məzarlığını
ziyarət etdik. Rəhmətliyin ruhuna dualar
oxuduq.
Dəfndən
üç-dörd ay ötməsinə baxmayaraq, məzarın
üstü, bütün geniş ətrafı dəstə-dəstə
təzə-tər gül-çiçəklə
örtülmüş, əklillər dağtək
qalaqlanmışdı…
Səhəri gün paytaxtın ən gözəl
saraylarından birində möhtəşəm Forum
keçirildi.
Mən də rəyasət heyətində əyləşən
qonaqlar sırasındaydım və deyəsən,
çıxış da elədim…
…Vaxt
ötdü, zaman keçdi, oğlu Əsgər Aytmatov
Bakıya gəldi. Görüşdük,
böyük ustadı xatırladıq.
Mənə
heyranedici gözəllikdə rəng naxışları olan nəfis
qırğız xalatı və papağı gətirmişdi…
Sonralar hərdən evdə xələti əynimdə
görən nəvələrim sevincək deyirdi ki, baba, sənin
də sehrli xalatın var?!
Azər Turan: - Vaxt ötdü, zaman keçdi,
Çingiz Aytmatovun oğlu Əsgər Bakıya gəldi
deyirsiniz. Mistik bir haldır ki, Çingiz Aytmatov
Azərbaycana - Bakıya sanki axirət səfərinə
hazırlaşarkən gəlmişdi. Axirət
darvazasından keçməzdən əvvəl Bakıyla
halallaşmağı lazım bilmişdi. İssıkgöldən
başlanan ömrün son akkordları həm də Bakıda
səslənirdi. Bakıya son səfərində
onun üzündəki, bəlkə də, İssıkgöldən
yansıyan böyük işıq kütləsi aydın
görünürdü. Üzündəki
işığın cazibəsi Çingiz Aytmatovun adi, bizim
kimi adamlardan olmadığından xəbər verirdi.
Bilinirdi ki, bu adam bəşəriyyətin
seçilmişlərindən biridir. Çingiz Aytmatov adam
şəklinə düşmüş bir Yer kürəsinə
bənzəyirdi...
Çingiz Əlioğlu: - Azər müəlim,
İssikkul demişkən... İşləyən
vaxtlarımda MDB ölkələri İcraiyyə Komitəsinin
"Dövri mətbuat, kitab nəşri, yayımı və
poliqrafiya məsələləri" üzrə Dövlətlərarası
Şurasında respublikamızın təmsilçisi mən təyin
olunmuşdum (əsasnaməyə görə hər il rotatsiya ilə sədri dəyişilən
Şuranın, elə üzvlərinin təkidilə dörd
il sədri olmuşam). Bəli, Şuranın
iclaslarından biri Qırğızıstana
salınmışdı və yerli rəhbərlik qonaqpərvərliklə
tədbirin İssıkkulda keçirilməsinə qərar
vermişdi.
Bu mənim buraya ikinci gəlişim idi. Turanın ən
gözəl göllərindən birinin sahili gözəl otellər,
istirahət ocaqları, malikanələr, yerli və xarici
sahibkarların mülkləriylə süslənmişdi.
Ancaq ən gözəli və şübhəsiz
ki, maraqlısı qırğız memarlarının
zövqü ilə salınmış Ruhozda kompleksi idi.
Bu kompleksin məna və təyinatını
bütün dolğunluğu ilə təsvir etmək
üçün gərək mahir qələmli sənətşünas
olasan. Mən isə ancaq şairəm, bu fikrə
düşşəm, gərək böyük bir poema yazam.
Bu isə təbii ki, bir qədər uzun işdir… Odur ki, təkcə bunu deməklə kifayətlənirəm
ki, bu yaxşı düşünülmüş memarlıq
ansamblında insanlığın keçdiyi tarixi inkişaf
yolunda din, fəlsəfə, ədəbiyyat, siyasət, mədəniyyətin
gəlişimi öz ifadəsini tapıb.
Məscid,
kilsə, sinaqoq, budda məbədi, filosoflar, mədəniyyət
xadimləri, siyasətçilərin heykəlləri…
Və bir guşədə bürünc skamyada
kirimişcə əyləşib, üzü İssıkkula
sarı, bəlkə də, Ala-Tooya, Xan Tenqriyə, Sayanlara
sarı baxan Çingiz Aytmatov.
Ustadla sağlığında şəkillərim
vardı, odur ki, icazəliydim, keçib böyründə
öturdum.
O məqamda
ürəyimdən nələr keçdi, onu deyə bilmirəm.
Ancaq mənə elə gəldi ki, mən böyük
Ustadı yenə də eşidirdim…
O ki
qaldı Ala-Tooya, o öz əks-sədasını mənim qəlbimdə
2004-də tapdı:
Ala-TOO
Ala-Too, təpəndə
qar tarında
qar
qurdlayıb… qırmağa qor qalandır!
Ala-too,
ala-tala turanda
bu
gün talan… yarın şölən yalandır!
Ruhu
törə təndən yigid törəmir,
ruhun təndən
söylə, böylə törəmi?!
Hayla,
yapaq türkün altın törənin, -
tan yerinə
ruhu tənlər törəni…
Qırğı,
qırğız qarğı atdan ensin qoy,
bıqdırmazmı rus duzağı qazağı?
Dinə gəlib
başqırd da bir dinsin qoy,
gözün açıb özbək görsün uzağı…
Bir evdə
ki, amal ayrı, tən yaxın,
orda səngər
tən ortadan qazılır.
Tirə
düşüb arasına, bir baxın,
qazax-qırğız tire ilə yazılır…
Xəbis
gülüş qurquşundu - qalaydı…
Xas
sırası xakaslarsız xar olar!
Türkmənlərim
ərkin tərkin qılaydı,
qaraqalpaq
nə vaxt qara od qalar?!
Haramıdır
günəş nuru, ay zəri,
Əsli-nəslin
unudarsa bir insan!
Quldur
mağdur azarından azəri
Bir
gün tənin tikədəydi, ay aman…
Ala-too,
tovla tavla başımı,
tilləridən millənsin türk türküsü!
Yağıların
verən yağlı aşını,
türkün tükcə yox qorxusu-ürküsü…
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.6-7.