Şeytan əməli
Absurd
"Maskalar" silsiləsindən
Yataq
otağı. Qaranlıqdır.
Kişi
ilə Qadın çarpayıda yatıblar.
Onların
da, otaqdakı əşyaların, pəncərələrin də
qaranlıq içində yalnız siluetləri, kölgələri
görünür.
Bir
müddət keçir və saat qəflətən zəng çalır.
Davamlı
zəng.
Qadın
(yuxulu və narazı). Onun səsini kəs də.
Kişi nəhayət
əlini qaldırıb zəngin səsini kəsir.
(Eləcə
yuxulu və narazı.) Saat neçədir?
Kişi.
Səkkizə qurmuşdum…
Qadın.
Səkkizə? Düz qurmamısan də. Görmürsən,
hələ qaranlıqdı?..
Kişi.
Yox, düz qurmuşdum… (Qalxıb çarpayının kənarında
oturur və dolabçanın üstündəki elektrik
lampasını yandırmaq istəyir.) Bu niyə yanmır?
Qadın.
Yanmır?
Kişi.
Yox.
Qadın.
Otağın işığını yandır.
Kişi.
Gözünə düşəcək.
Qadın.
Eybi yox.
Kişi
qalxıb, ehtiyatla addımlayaraq, yaxınlşıb əlini
divara sürtə-sürtə elektrik düyməsini
axtarır və nəhayət tapıb işığı
yandırmaq istəyir.
Kişi.
Tok yoxdu.
Qadın.
Yəqin yenə nəsə olub, kəsiblər… Mətbəxdəki
şamdanda şam olmalıdı.
Kişi
eləcə ehtiyatla addımlayaraq otaqdan çıxır.
(Bərkdən.)
Sən necə bilirsən, Allah güclüdü, yoxsa
Şeytan?
Kişinin
səsi. Bu nə sualdı belə?
Qadın.
Mən nə bilim…
Kiçik
pauza.
Şamı
tapdın?
Kişinin
səsi. Yox.
Qadın.
Orda olmalıdı. Ət maşınının yanında.
Kişinin
səsi. Bu nədi belə?
Qadın.
Nə?
Kişinin
səsi. Nə bilim?
Qadın.
Necə nə bilim? Şamı tapmadın?
Kişinin
səsi. Hə.
Qadın.
Kibrit qazın yanındadı.
Kişinin
səsi. Yandırdım.
Kişi
otağa qayıdır. Əlində tutduğu şamdanda zəif
işıqlı nazik şam yanır.
Kişi
(şamın işığında əlində tutduğu
maskaya baxaraq, təəccüblə). Bu hardan gəlib
düşüb bura?
Qadın.
Nə?
Kişi.
Bude, bu. (Şamın işığında maskanı göstərir.)
Qadın
(təəccüblə). Maskadı?
Kişi.
Hə.
Qadın.
Yəqin balacalarındı də, Oynayıblar, qalıb burda.
Saata bax.
Kişi
(maskanı bir kənara atıb, şamın
işığında saata baxaraq, təəccüblə). Səkkizi
göstərir. Deyəsən, çaşıb.
Qadın.
Köhnə saatdı də… Sənin saatın hardadı?
Kişi.
Burda olmalıdı… Qoy tapım…
Kişi
mizə yaxınlaşıb şamın zəif
işığında saatını axtarır.
Bəs,
bu hardan gəlib düşüb bura?
Qadın.
Nə?
Kişi.
Maska. (Şamın işığında maskanı göstərir.)
Qadın.
Boy… Balacaların işidi də… Saatını tap görək…
Kişi
(maskanı bir kənara atıb saatı taparaq). Bu da səkkizi
göstərir. (Saatı qaldırıb diqqətlə
baxır.) Doqquza dörd dəqiqə işləyib.
Qadın.
Bunlara nə olub belə?.. Mənim saatıma bax.
Kişi.
Hardadı?
Qadın.
Trümonun üstündə.
Kişi
qarşı tərəfdəki trümoya yaxınlaşır
və şamın işığı trümonun bədənnüma
güzgüsünə düşür - işığın
güzgüdəki əksi soyuq bir parıltıyla
işıldayır.
Qadın
(narahat). Şamı aşağı tut, gözümə
düşür.
Kişi.
Qoy, saatı tapım… Bu nədi? Bunlar bizimlə gizlən-qaç
oynayır?
Qadın.
Nə olub?
Kişi
(trümonun üstündən maska qaldırıb,
şamın işığında göstərir). Biri də
burdadı.
Qadın.
Axşam onlar gedəndən sonra, axı, mən
yır-yığış eləmişdim. Heç nə yox
idi.
Kişi.
Yəqin fikir verməmisən də. Uşaq deyillər ki,
Şeytandırlar.
Qadın
(narahat). Gecənin bu vaxtında nə
"Şeytan-Şeytan" başlamısan?
Kişi.
Birinci sən başladın ki… (Qadını
yamsılayır.) "Allah güclüdü, yoxsa
Şeytan?" Suala bax e?!
Qadın.
Yaxşı, bu, sənlik deyil. Saatı tapmadın?
Kişi
maskanı bir kənara atır və nəhayət ki, saatı
tapır.
Kişi.
Doqquza yeddi dəqiqə işləyib.
Qadın
(qalxıb, çarpayının kənarında oturur.) Necə
yəni doqquza yeddi dəqiqə işləyib? Bu qaranlıqda?
Heç qışda da bu vaxt belə qaranlıq olmur. İndi
yay vaxtı səhər saat doqquza işləyib? (Ayağa
qalxaraq pəncərəyə yaxınlaşıb, bir tayı
açır və çölə boylanır.)
Görmürsən hər tərəf qaranlıqdı?
Kişi də
ikinci pəncərəyə yaxınlaşıb bir tayı
açaraq, çölə boylanır və çöl tərəfdən
Qadına baxır.
Kişi.
Hə, qaranlıqdı…
Qadın.
Gündən heç əsər-əlamət yoxdu.
Kişi
(diqqətlə ətrafa baxaraq). Hə. Heç kimin də
işığı yanmır.
Qadın
(eləcə çöl tərəfdən üzünü
Kişiyə tutaraq). Necə bilirsən, indi saat neçə
olar?
Kişi
(çöl tərəfdən üzünü Qadına
tutaraq). Nə bilim…
Bir
müddət açıq pəncərədən bir-birlərinə
baxırlar.
Qadın.
Qorxuram...
Kişi.
Nədən?
Qadın
(daxili bir tələşla). Gün niyə
çıxmayıb?
Kişi
(daxili təlaşını gizlətməyə
çalışaraq). Nə bilirsən ki, saat neçədir?
Bəlkə saatlar düz göstərmir?
Qadın.
Nədi, hamısı sözü bir yerə qoyub?
Pauza.
Sorğu
bürosuna zəng elə…
İkisi
də başını pəncərədən çəkib,
açıq tayları bağlayırlar. Qadın yenə
çarpayının kənarında oturur. Kişi
şamın zəif işığında ehtiyatla
addımlayaraq telefona yaxınlaşıb, dəstəyi
qaldırır və nömrələri yığır.
Kişi.
Salam. Zəhmət olmasa, saat neçədir?
Qadın.
Telefon işləyir, ancaq işıq yanmır?
Kişi
(telefon dəstəyinə). Neçə? Hə?.. Dəqiqdi?
Çox sağ olun.
Qadın
(səbirsiz). Deyir, neçədir?
Kişi
(get-gedə artan bir həyəcanla). Deyir… Deyir saat doqquza on
üç dəqiqə işləyib…
Qadın.
Ay, aman!..
Pauza.
Uşağa
zəng elə. Gör… gör, onlar neyləyir?
Kişi.
Bəlkə yatıblar?
Qadın.
Demirlər, saat doqquza işləyib?
Kişi (əsəbi).
Belə səhər olar?
Kişi
şamdanı dolabçanın üstünə qoyub,
çarpayının o biri küncündə Qadınla
araxa-arxaya oturur. Şamın işığı qarşı
tərəfdəki türmonun bədənnüma
güzgüsünə düşərək, soyuq bir
işartı ilə işıq saçır.
Pauza.
Qadın.
Saatı niyə səkkizə qurmuşdun?
Kişi.
Axşam İdrislə şərtləşmişdik ki, səhər
bulvarda acqarnına bir saat gəzək.
Qadın.
Neçədə görüşəcəydiz?
Kişi.
Doqquza iyirmi dəqiqə işləmiş.
Qadın.
Onda dur ona zəng elə.
Kişi.
Bəlkə yatıb?
Qadın
Cib telefonuna zəng elə. Cavab verməsə, çox saxlama.
Pauza.
Zəng
elə, görək bu nə işdi belə?
Pauza.
Sonra
Kişi şamdanı götürüb, ayağa qalxır və
ehtiyatla telefona yaxınlaşıb, dəstəyi
qaldıraraq, nömrələri yığır.
Kişi.
İdris? Salam. Nə var, nə yox? Hə?.. Yox, gələ
bilməyəcəyəm… Özümü bir az pis hiss edirəm…
Qocalıqdandı, hə… Yox, heç nə olmayıb… Sən
gəz… (Dəstəyi asır.)
Qadın.
Nə deyir?
Kişi.
Bulvardadı… Deyir, səni gözləyirəm…
Pauza.
Deyir,
gözəl gün çıxıb, gəl…
Pauza.
Heç
nə başa düşmürəm… Burayla bulvarın
arası beş dəqiqəlik yoldu. Orda gün
çıxıb, burda yox? Belə şey olar?
Qadın.
Dünyanın axırıdı, nədi?..
Kişi.
Burda dünyanın axırıdı, bulvarda gözəl
gün çıxıb?
Kişi
yenə gəlib çarpayının kənarında,
Qadınla arxa-arxaya oturur.
Qadın.
Bəs, qonşular görəsən neyləyir?
Şamdanı
eləcə əlində tutmuş Kişi çiyinlərini
çəkir, yəni ki, nə bilim? Sonra ayağa qalxıb,
şamın zəif işığında ehtiyatla
addımlaya-addımlaya otaqdan çıxır. Açarla
açılan çöl qapısının səsi gəlir.
Sonra qapı bağlanır. Kişi qayıdır.
Kişi.
Buna bax…
Qadın.
Nəyə?
Kişi
(Şamın zəif işığında əlində
tutduğu maskanı göstərir). Görmürsən?
Pauza.
Qadın.
Bu hardan çıxdı?
Kişi.
İçəridə açarın üstündən
asılmışdı.
Qadın.
Bu qədər maska düzüblər, görməmişik?
Kişi.
Göydən düşməyib ki! Balacaların işidi də,
Şeytan kimi şeydilər.
Qadın
(az qala hiddətlə). Yenə başladın
"Şeytan-Şeytan"?
Kişi.
Birinci sən başlamadın?
Qadın.
Yaxşı, bu, sənlik deyil…
Kiçik
pauza.
Qonşulardan
bir xəbər yoxdu?
Kişi.
Yox… Bloku zülmət bürüyüb… Elə bil, quyudu…
Qadın
(həyəcanla). Bir səs-səmir də yoxdu?
Kişi.
Nə səs? Təkcə ürəyim
döyünürdü.
Qadın.
Uşağa zəng elə!..
Kişi
ayaq üstə donub qalıb.
Zəng
elə, çox narahatam…
Kişi
telefona yaxınlaşıb dəstəyi qaldıraraq nömrələri
yığır.
Kişi.
Alo… Hə, mənəm… Sənin də sabahın xeyir,
qızım! Nə edirsiz? Hə? Lap yaxşı… Yox, hər
şey qaydasındadı. Səsimə nə olub?
(Gülür.) Həmin səsdi də… Elə-belə zəng
elədim ki, görüm necəsiz?.. Anan? Anan da
yaxşıdı… Burdadı, sənə salam deyir. Balacalar
neyləyir? Hə? Yox, bizə bir şey lazım deyil,
qızım. Yaxşı, sağ ol. (Dəstəyi asır.)
Qadın
(həyəcanlı və səbirsiz). Nə deyir?
Kişi.
Deyir balacalar məktəbə gedib, mən də
hazırlaşıram marketə gedim…
Pauza.
Deyir, sizə
də bir şey lazımdı, alım, gətirim…
Qadın
(get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs…
Bəs, soruşmadın… gün çıxıb orda?..
Kişi (əsəbi).
Qaranlıqda balacalar məktəbə gedəcək?
Özü də bazarlıq etməyə hazırlaşır…
Dedi də… Dedi ki, sabahın xeyir, ata…
Qadın
(səsi titrəyir). Bəlkə o da, bizi qorxutmaq istəmir?
Pauza.
(Əllərini
açıb, başını yuxarı qaldıraraq,
pıçıltıyla.) Ya Rəbbim!.. Bircə
övladımız, gözümüzün
ağı-qarası bircə qızımız var! Onu da,
balalarını da xata-bəladan uzaq elə!..
Kişi.
Mənimləsən?
Qadın.
Yox.
Kişi
yenə gəlib çarpayının kənarında,
Qadınla arxa-arxaya oturur və şamdanı
dolabçanın üstünə qoyur. Get-gedə daha da zəifləyən
şam işığı türmonun bədənnüma
güzgüsündə soyuq bir işıltıyla
işıldayır.
Pauza.
Sən Adəm
ilə Həvva əhvalatına inanırsan?
Kişi
(çiyinlərini çəkir). Bilmirəm… Bu qaranlıqda
Adəm-Həvva yeridi? Başqa şam var?
Qadın.
Yox…
Pauza.
Belə
çıxır ki, Şeytan Allahdan güclüdür?
Kişi.
Özün başlayırsan, sonra da mənə deyirsən.
Qadın.
Sən mənim sualıma cavab ver. Şeytan bəyəm
Allahdan güclüdür?
Kişi.
Nə üçün?
Qadın.
Allah niyə Şeytanı Cənnət bağına
buraxdı?.. Buraxmayaydı də… Allah əgər Adəmlə
Həvvanı Cənnətdən qovacaqdısa, niyə izn
verirdi ki, Şeytan onları şirnikləndirsin? Deməli, ya
Şeytana gücü çatmırdı, ya da bilərəkdən
belə edirdi…
Pauza.
Kişi.
Başqa şam var?
Qadın.
Yox…
Kişi
qalxıb şamdanı götürür və bayaq
Qadının açdığı pəncərəyə
yaxınlaşıb, bir tayını açaraq çölə
boylanır.
Kişi.
Hər tərəf zülmətdi…
Qadın
da ayağa qalxır və bayaq Kişinin
açdığı pəncərəyə
yaxınlaşıb, bir tayı açaraq çölə
boylanır.
Qadın (çöl
tərəfdən Kişiyə baxaraq). Uzaq olsun, elə bil, qəbirstanlıqdı…
Kişi
(çöl tərəfdən Qadına baxaraq). Heç it də
hürmür…
Qadın.
Quşların da səsi kəsilib…
Kişi.
Maşın səsi də yoxdu…
Qadın.
Hava da donub, dayanıb, elə bil… Qoy, uşağa zəng eləyim.
Kişi. Bəlkə
yatıblar?
Qadın.
İdris demirdi ki, gün çıxıb?
Qadın
başını çəkib, pəncərənin
tayını bağlayır və telefona yaxınlaşır.
İşığı
bura tut.
Kişi də
pencərədən çəkilib, şamı telefonun üzərinə
tutur.
Alo!.. Hə,
mənəm… Sənin də sabahın xeyir, oğlum!.. Nə
edirsiz? Hə? Lap yaxşı… Yox, hər şey
qaydasındadı. Səsimə nə olub? (Gülür.) Həmin
səsdi də… Elə-belə zəng elədim ki,
görüm necəsiz? Atan? Atan da yaxşıdı…
Burdadı, sənə salam deyir… Balacalar neyləyir? Hə?
Yox, bizə bir şey lazım deyil, oğlum. Yaxşı,
sağ ol. (Dəstəyi asır.)
Kişi
(həyəcanlı və səbirsiz). Nə deyir?
Qadın
(əsəbi). Deyir, balacalar məktəbə gedib, mən də
hazırlaşıram işə gedim.
Pauza.
Deyir, sizə
bir şey lazımdı, axşam gətirim?..
Kişi
(get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs…
Bəs, soruşmadın… gün çıxıb orda?
Qadın.
Qaranlıqda balacalar məktəbə gedəcək?
Özü də işə getməyə
hazırlaşır… Dedi də… Dedi ki, sabahın xeyir, ana…
Kişi
(səsi titrəyir). Bəlkə, o da bizi qorxutmaq istəmir?
(Yenə pəncərədən çölə boylanaraq,
başını yuxarı qaldırıb, titrək səslə
pıçıldayır.) Ya Rəbbim! Bircə
övladımız, gözümüzün
ağı-qarası bircə oğlumuz var! Onu da,
balalarını da xata-bəladan uzaq elə!
Qadın.
Mənimləsən?
Kişi
(başını pəncərədən çəkərək).
Yox.
Qadın
ehtiyatla addımlayaraq, bayaqkı kimi çarpayının kənarında
oturur. Kiş pəncərənin tayını bağlayır
və şamın tamam zəifləmiş
işığında ehtiyatla çarpayıya
yaxınlaşıb, Qadın ilə arxa-arxaya oturur.
Qadın.
Əgər Şeytan güclü olmasaydı, Həvvanı
şirnikləndirə bilməzdi…
Pauza.
Allah onu
niyə Cənnət bağına buraxdı?
Kişi.
Kimi?
Qadın.
Kimi yox, nəyi?
Kişi.
Nəyi?
Qadın.
Şeytanı.
Pauza.
Niyə
izn verdi ki, Həvva Adəmi şirnikləndirsin?
Kişi
(şamdanı hələ də əlində tutub). Başqa
şam var?
Qadın.
Yox…
Kişi
şamdanı dolabçanın üstünə qoyur.
Şamın zəif işığı trümonun bədənnüma
güzgüsündə titrəməyə başlayır.
Qadın arxası üstə çarpayıda uzanır.
Dünən
axşam bəyəm balacalar bizə gəlmişdi?
Kişi
(təəccüblə). Hansı balacalar?
Pauza.
(Eyni təəccüblə
təkrar edir.) Hansı balacalar?
Pauza.
Yatmısan?
Pauza.
(Qadına
tərəf çevrilir, bir müddət diqqətlə
baxır, sonra əlini Qadının sinəsinə qoyur.Həyəcanla.)
Buz kimidi… (Əyilib qulağını Qadının sinəsinə
dirəyir və daha artıq bir həyəcanla.)
Döyünmür…
Sonra
Kişi balıncın altından bir maska çıxarıb,
üzünə taxır və arxası üstə
çarpayıda Qadının yanında uzanır.
Uzun pauza.
Qadın
(Başını qaldıraraq). Yatmısan?
Pauza.
(Dikəlib
bir müddət diqqətlə Kişiyə baxır, sonra əlini
Kişinin sinəsinə qoyur.Həyəcanla.) Buz kimidi…
(Başını əyib qulağını Kişinin sinəsinə
dirəyir və daha artıq bir həyəcanla.)
Döyünmür…
Qadın əlini
uzadıb öz balıncının altından bir maska
çıxararaq, üzünə taxır və yenə əvvəlkitək
arxası üstə uzanır.
Şamın işığı bədənnüma güzgüdə soyuq bir parıltıyla titrəyə-titrəyə, nəhayət, sönür.
Ölü bir sükut içində hər tərəfi zülmət bürüyür.
2017
ELÇİN
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.10-11.