Özümlə müsahibəm

 

İştirak edir: Dil, Ürək, Ağıl, Yaddaş və Mən

 

Mən:- İnsan yaş həddinin elə bir dövrünə, həyatının elə bir məqamına gəlib çatır ki, arxaya boylanmağa, ömür dolaylarına nəzər salmağa mənəvi ehtiyac duyur. Özünə tam dəqiq, şişirtməsiz, yalansız, öyüncəksiz hesabat verməyə başlayır.

Dil:- Hər insan yox, yalnız ağlı başında olan, mənən təmiz insanlar.

Ürək:- İlk növbədə qüsurlarını, kiçik ya böyük nöqsanlarını etiraf etməyi bacaranlar.

Ağıl:- Daha düzünü desək, vicdanını qara çörəyə yavanlıq etməyənlər.

Yaddaş:- Bir sözlə, yaxşı və yamanı bir tərəzidə pərsəngsiz ölçməyə qadirlər.

Mən:- Tamam doğrudur. Söylədiyiniz meyarlar mütləqdir. Həqiqət onların üzərində qurulur. Söhbət kamil insandan gedir.

Dil:- Onda, gəl, əvvəlcə qaranlıq bir məsələyə aydınlıq gətirək. Sən bu söhbətə nə üçün bizi - yəni, məni, ürəyini, ağlını və yaddaşını cəlb edibsən? Sənin başqa bədən üzvlərin də var.

Yaddaş:- Məsələn, göz, qulaq, ağız, dodaq, əl, ayaq və sairə.

Mən:- Əlbəttə, onlar insanın yaşaması, həyatı üçün çox vacibdirlər. Hərəsinin mühüm vəzifələri var. Onlardan hər hansı biri çatışmayanda insan pis vəziyyətə düşür, yaman hallar keçirir. Ancaq bu söhbətə onları qoşmağa ehtiyac yoxdur. Mənəvi məsələlərdən danışacağıq.

Ağıl:- Əzizimiz Dil, bəsdi dilotu yedin.Aman ver, görək, sahibimiz nədən narahatdır. Bizdən hansı köməkliyi umur.

Dil:- Yaxşı, mən hələlik susuram. Bir şərtlə ki, yeri gələndə öz sözümü söylə söyləyim. Bunu mənə heç hansınız qadağa qoya bilməzsiniz.

Ürək:- Sən bizim ünsiyyət vasitəmizsən. Könlümüzdən keçənləri yalnız sənin vasitənlə büruzə veririk. Arxayın ol, xətrinə dəymərik.

Ağıl:- Xəbərdarlıq edirəm. Çalış, ürəklə, həm də mənimlə ittifaqı pozma. Meydana tək özün girəndə başımıza bəla açırsan.

Dil:- Anladım. Düşmənim hirsdən məni qorusanız, canıma cəfa basıb farağat duraram.

Ağıl:- Hirs hamımızın düşmənidir. Əsas zərbəsini ürəklə gözə vurur.

Ürək:- Ondan xilas yolu ağlın gücündə, səbrin böyüklüyündədi.

Yaddaş:- Mən bu fikirlə tam şərikəm. Sahibimizin ondan çox əziyyətlər çəkdiyinin, məhrumiyyətlərlə üzləşdiyinin şahidiyəm.

Mən:- Tələsməyin. Bu barədə də ciddi söhbətimiz olacaq. Keçirəm mühüm mətləbə. Bilirsiniz ki, bu ilin əvvəlində doxsan yaşına qədəm qoyduq. Tanış-bilişlər, dostlar, qohumlar, eloğluları və elqızları, çox hörmətli ziyalılar toplaşmışdılar dövrəmizə.  Sağ olsunlar, çox yüksək səviyyəli bir tədbir keçirdilər. Haqqımızda üzgörənlikdən, şişirmədən, riyakarlıqdan uzaq sözlər söylədilər. Yaradıcı fəaliyyətimi layiqincə  qiymətləndirdilər. Çıxış edənlərin hamısının dilləri deyil, ürəkləri danışdı. Hər birinə dərin minnətdarlığımı bildirirəm.

Dil:- Çox xoşagələn tədbir idi. Mübarək olsun!

Ürək:- Bu Allahımızın bizə böyük xoşbəxtlik payıdır.

Ağıl:- Mənim fikrimcə, bu tədbir qədirbilənliyin ən yüksək təzahürü idi.

Yaddaş:- Min şükür, çəkilən zəhmət hədər getmir.

Mən:- Qəlbən qoşuluram alqışlarınıza. Min azdı, milyon dəfə düaçıyam Allahımızın mərhəmətinə. Hə, qayıdıram söhbətin davamına. Yaşadığım bu doxsan yaşın yetmiş ilini , bəlkə də bir az da artığını ədəbi yaradıcılığa sərf etmişəm. Öyüncəklik düşməsin, 6 roman ("Vicdan susanda", "Müqəddəs ocaq", "Ömürlük əzab", "Gizlinlər", "Qəribə eşq", "Zəmanə adamı"); 5 povest ("Gəlin", "Ayazlı gecələr", "Həyat bizi sınayır", "İnsaf nənə". "Ana intiqamı"); 3 pyes ("Öz evində qonaq", "Sınmış inam", "Ana intiqamı" ); çoxlu sayda şeirlər, hekayələr, publisistik məqalələr, oçerklər, xatirələr müəllifiyəm. Bədii tərcümə ilə də vaxtaşırı məşğul olmuşam. Bir sözlə, bu yolda gözümün nurunu, ürəyimin yağını əritmişəm. Çəkdiyim əziyyətlərə peşiman deyiləm.

Ürək:- Mən o əziyyətlərdən, bir sıra məhrumiyyətlərdən qürur duyuram.

Ağıl:- O çəkilən zəhmətdə iştirakma hədsiz şadam. Heç vaxt qınaq sahibi olmamışam.

Dil:- Amma nə olsun?! Lazımı haqqımızı hələ almamışıq.

Mən:- Haqq məsələsi xeyli qəliz işdir. Çəkilən zəhmət həqiqi istedad məhsuludursa, tez-gec öz qiymətini alacaq. Buna darılmaq, kədərlənmək ağılsızlıqdır.

Yaddaş:- Nə üçün danırıq, belə hallar olub. Vaxtaşırı sıxıntılar az keçirməmişik.

Mən:- Əlbəttə, ruhi sarsıntılarımız da az olmayıb. Amma onu böyük dərdə, qəm-qüssəyə çevirməmişik. Əlimizi işdən soyutmamışıq. Höcətə düşüb yaradıcılıqla daha ciddi məşğul olmuşuq. Bu inada, əzmə görə hər kəsdən çox ürəyimə, onun mətanətinə, israrına, dözümünə minnətdaram.

Ürək:-  O təkcə mənim hünərim deyildi. İlahinin qeybdən təsəlli diktəsi idi sənə çatdırırdım.

Ağıl:- İlahimiz həmin təsəlli diktəsinə hərdən məni də qoşurdu. Hirsin, acığın şiddətli vaxtlarında köməyə yetirdim. Məşhur atalar sözünü - "Hər gecənin bir gündüzü var" misalını qulağına pıçıldamaqla toxtaqlıq verirdim.

Yaddaş:- O günəşli gündüzlər bizim üçün də doğuldu. Haqq-ədalət qələbə çaldı. Bizə böyük oxucu məhəbbəti, şərəf-şöhrət gətirdi.

Dil:- Yadından niyə çıxıb, o qələbə heç də asan başa gəlmədi. Adi çörək puluna da möhtac qaldıq.

Yaddaş:- Heç nə yaddan çıxmayıb. O məşəqqətlər unudula bilməz. Adi çörək puluna möhtac qoyulmağımız bir yana, bizi həbs cəzası gözləyirdi."Vicdan susanda" romanına görə tənqid atəşinə tutulmuşduq. Siyasi ittihamlar irəli sürülürdü. Romanın antisovet əsər olduğu, mövcud quruluşun əleyhinə yazıldığı, ona böhtan atıldığı iddia olunurdu. Sovet adamının vicdanı susa bilməz. Kommunistlərin vicdanı dünyada ən pak, ən saf vicdandı - deyilirdi. Məsələni partiya iclasına qoydular. Bir neçə il əvvəl Vidadi Babanlını özləri məcburən Kommunist partiyası üzvlüyünə keçirdikləri halda, indi onu bu partiyanın üzvlüyündən kənarlaşdırmaq təklifləri irəli sürdülər. Bu o demək idi ki, daha kitabımız bağlandı. Çap olunmağa qadağa qoyulacaq, tutub sürgünə göndərəcəkdilər.

Mən:- Dəhşətli hadisə idi. O partiya iclasının mənzərəsi hələ də gözümün qabağındadı. Vahiməsi ürək üşüdür.

Ürək:- Üşümək azdır, möhkəm çırpınırdım. Sinəni yarıb irəli çıxmaq, haray salmaq istəyirdim.

Dil:- Qeyzim coşdu. Hirs beynimə vurdu. Özümü saxlaya bilmədim. Partiya biletimi əsəbi-əsəbi cibimdən çıxarıb Mirzə İbrahimovun üstünə atdım. "Bir partiya ki, ədaləti qorumur, onun bileti də mənə gərək deyil!" - deyib qapını çırpıb getdim.

Ağıl:- Partiya biletini atmaq o vaxtlar ən böyük nöqsan sayılırdı. Onu nümayişkaranə atmaqmı olardı? Adamın dərisini boğazından çıxarardılar.

Mən:- Hirs sonra nə baş verəcəyini vecə almır. Öz bildiyini eləyir.  Burası qəribədir ki, o cəhəti açıb-ağartmadılar. Üstündən sükutla keçdilər. Nədənsə ehtiyatlandılar.

Ürək:- Bəli, ehtiyatlandılar. Axı ciddi məsələ idi. Başqa söz-söhbətlər yaradardı.Təşkilata qüsur sayılardı. Ancaq dörd ildən artıq bir müddətdə işsiz qoydular. Olmazın maddi və mənəvi əzab-əziyyət çəkdirdilər.

Mən:- Müxtəlif bəhanələrlə yazılarımı çap etmədilər. Ruhdan salmağa, ədəbi yaradıcılıqdan uzaqlaşdırmağa çalışdılar. Ehtiyac içində boğulurdum. Bir əl tutan, imdad eləyən də tapılmadı. Əli heç yerə yetməməkdən bezikib, cana doyub gecələrin birində intihar etmək, asıb öldürmək fikrinə düşmüşdüm. Sonra isə yavaş-yavaş özümə gəlib, ailəmin, uşaqlarımın yaman günə qalacağını gözümün önünə gətirib qərarımdan daşındım.

Yaddaş:- Yaxşı ki, bu hal  çox davam etmədi. Allah bağlı qapıları üzümüzə açdı. Xeyirxah bir adamı qarşımıza çıxartdı. Onun sayəsində işlər yavaş-yavaş düzülüb-qoşuldu. Böyük alim və tənqidçi Məmməd Cəfər Cəfərovu yada salıram.

Mən:- Hə. Hə! Məmməd Cəfər müəllimin xeyirxahlığını unutmaq olmaz. Gözəl insan idi. Bizimlə bir binada yaşayırdı. Bir axşam həyətdə qarşılaşdıq. "Vicdan susanda" romanımın yuxarı təşkilatlardan ona rəyə göndərildiyini, oxuduğunu, bəzi kiçik qeydlərlə bəyəndiyini söylədi. Hansı təşkilatdan göndərildiyini demədi, gizli saxladı. Bir neçə anlığa susub əlavə etdi: "Əsəri rus dilinə tərcüməyə vermək lazımdır. Rus ziyalıları daha obyektivdirlər. İnanıram ki, əsəri onlar da bəyənəcəklər. Haqqında müsbət fikir söyləyəcəklər". Mən acizanə boynumu bükdüm. Mənə olan qərəzli münasibəti xatırlatdım. Əsəri rus dilinə necə tərcümə etdirə bilərdim? Ona vəsaitim harda idi? Sətri tərcümələri yalnız Yazıçılar İttifaqının Ədəbiyyat Fondu təşkil edirdi. Ona pul ayrılırdı. Məhzun duruşumun  mənasını Məmməd Cəfər müəllim duyub təskinlik üçün əlini qaldırıb çiynimə qoydu. "Narahat olma, özüm bu barədə bir şey fikirləşərəm" - deyib sağollaşdı. Aradan 4-5 gün keçmiş Ədəbiyyat Fondundan zəng edib əsəri istədilər. Tərcüməyə verəcəklərini bildirdilər. Ertəsi gün əsəri onlara çatdırdım. Sətri tərcümə çox uzanmadı. Bir neçə aya hazır oldu. Moskva şəhərinin "Sovetskiy pisatel" nəşriyyatına poçtla  yola saldım.  Təxminən 6 ay sonra nəşriyyatdan məktub aldım. Romanı bəyəndiklərini, nəşr etmək istədiklərini  yazmışdılar. Soruşurdular ki, bədii tərcüməni kimə versinlər, öz tərcüməçim varmı? Xülasə, roman Moskvada rus dilində çap olundu. Mərkəzi mətbuatda xoş sözlər söyləndi. Sonra isə iki il dalbadal (1979 və 1980-ci illərdə) 100 000 tirajla bütün SSRİ miqyasında yayımlandı. Əsərə qarşı münasibət Azərbaycanda da dəyişdi. Kütləvi tirajlarla dönə-dönə işıq üzü gördü.

Yaddaş:- Dediklərini "Gizlinlər" kitabında müfəssəl yazıbsan. Jurnalistlərlə müsahibələrində də danışıbsan.

Ağıl:- Qoy olsun. Təkrar biliyin anasıdır. Bir daha yada salınmasının zərəri yoxdur. Kitabı oxumayanlar da var. Qoy onlar da məlumatlansınlar.

Ürək:- Söz yaxşılıqdan düşmüşkən, gəlin, iki nəfəri də unutmayaq.  Mehdi Hüseyni və Mir Cəlalı nəzərdə tuturam. Onların hər ikisi görkəmli yazıçı olmaqla yanaşı, cavan yazıçılara qarşı diqqətli idilər. Gənc istedadları himayə edirdilər. Bizə də müəyyən qayğı göstəriblər.

Mən:- Elədir. Mehdi Hüseyn ədəbiyyatın vicdanı sayılırdı. Çox bilikli, mütaliəli, eyni zamanda, güzəştsiz adam idi. Əsərlərin həqiqi qiymətini verirdi. Ondan çox şey öyrənmişik. Mir Cəlal müəllim də həmçinin. Şəxsən mənə yaxşılıqları yadımdan çıxmır. İlk nəsr əsərim "Gəlin" povestimi birinci o təqdir etdi. Bir ədəbi müşavirədə povesti ağızdolusu təriflədi. Bundan sonra bütün qəzetlər onun fikrinə şərik olub müsbət rəylər çap etdilər. "Həyat bizi sınayır" povestimə də müsbət rəy yazıb çapına kömək etdi.

Dil:- O xeyirxahlarla yanaşı o vaxtın yaşlı nəsli içində bədxahlar, paxıllar, istedadlara xor baxanlar, ləkələmək, pisikdirmək üçün bəhanə axtaranlar da az deyildi.

Ürək:-  Çünki özləri zəif əsərlər yazırdılar. Ədəbi məhsulları Biləcəri vağzalından o yana getmirdi. Oxucu məhəbbəti qazana bilmirdilər. Çox az tirajla nəşr olunurdular. 

Dil:- Başlıca səbəbi bu idi ki, yazıları ürəkdən su içib ağıldan bəhrələnmirdi. Bilikləri, savadları kəm idi. Dərin həyat müşahidələri sıfra bərabər idi. Maraqlı süjet qurmağı, canlı obrazlar yaratmağı bacarmırdılar. Adi nağılçıydılar.

Ağıl:- Bircə sözlə, fitri istedad deyildilər.

Yaddaş:- Oxucularımıza bir mühüm məlumatı da verməyi vacib sayıram. Sovetlər zamanında rus dilində çap olunan kitablar 30 000, ən yaxşı halda  50 000 nüsxə ilə işıq üzü görürdü. Bizim "Vicdan susanda" isə iki il ərzində 200 000 nüsxə ilə satışa buraxılmışdı. Bu, nadir hadisə idi.

Dil:- Bəli, nadirdən-nadir hadisəydi. Heç bir əsər belə uğur qazanmamışdı. Qibtə etdiyimiz bəzi rus yazıçılarının az qismi buna nail olurdu. Burası da fəxarət doğurur ki, əsərin qələmə alındığı tarixçədən əlli il keçməsinə baxmayaraq hələ də öz aktuallığını itirməmişdir. Bu gün də maraqla oxunur. Ruslar onu iki saytda internetdə yerləşdirmişlər, amma təəssüf ki, bir ciddi nöqsan buraxıblar. Unudublar ki, biz artıq rus müstəmləkəsi deyilik, müstəqil dövlətik.

Ağıl:- Bəsdi öyündük. Keçin ayrı mətləbə.

Yaddaş:- Qələm sahibləri bütün dövrlərdə və bütün ölkələrdə eyni vəziyyətdə olub. Heç kəs əsərlərinin gəliri hesabına firavan həyat sürməyib. Dahi şairimiz Nizami Gəncəvidən üzü bəri hamı şahların, xaqanların  səxavətli himayəsini görüblər. İndi bəzi ağzıgöyçəklər bunu onlara nöqsan sayırlar, təslimçilikdə günahlandırırlar.

Ağıl:- Çox nahaq yerə! O ağzıgöyçəklər ədəbiyyat üçün nümunəvi bir iş görsünlər, sonra danışsınlar. Düşmən dəyirmanına su tökməsinlər.

Mən:- Bu təzə əhvalat deyil. Qədimlərdə də olub. Yeni yazanlar əvvəlkiləri bəyənməyiblər. Elə bizim nəsildə də belələri kifayət qədər idi. Meydana diqqət çəkən bir yazı qoya bilmədilər. İlham bulaqları çox tez qurudu. Ədəbi aləmdən uzaqlaşdılar. İnkarçılıq ziyanlı yoldur. Ondan heç kəs heç vaxt xeyir görməyib.

Dil:- İnkarçılar hazırki ədədbi gənclik arasında da çoxdur. Onlara məsləhətin nədir?

Mən:- Məsləhətim budur ki, o xeyirsiz yoldan əl çəksinlər. Yaradıcılıqla ciddi  məşğul olub rəğbət qazansınlar. Ədəbiyyatın inkişafına ləyaqətlə xidmət etsinlər. Onlara olan ümidi doğrultsunlar.

Dil:- Bəs oxuculara tövsiyən nədir?

Mən:- Oxucular mütaliədən yorulmasınlar, kitablardan uzaq düşməsinlər. Kitab bilik, mənəvi zənginlik və incə zövq mənbəyidir. Ali sərvətdir. Həm də tərbiyəçidir. İnsanlara həyatda davranış qaydalarını öyrədir. Vətənə, torpağa, dədə-baba ocağına, ata-anaya, ailəyə məhəbbət aşılayır. Ən nəcib duyğular bağışlayır. Heyif ki, ona son zamanlar lazımi qayğı azalıb. Az tirajla nəşr olunur, çətin satılır. Müasir gənclər kompüterə, internetə aludə olublar. Vaxtlarının çoxunu kompüter arxasında keçirirlər. Başa düşmürlər ki, onlar gözə və cana ziyan verir, xəstəliklər törədir. Kitabdan alınan həzzi əvəzləmir.

Dil:- İlahidən yeni bir arzun, diləyin varmı?

Ürək:- Bu suala mən cavab verəcəm. Arzular tükənmir. Birindən digəri törəyir. Əsas arzum odur ki, ömür vəfa eləsin. Təzə roman sevdasındayam. Onu istənilən səviyyədə tamamlayım. Daha mühüm bir arzum da məni qovurur. Ədəbiyyata qayğı artırılmalıdır. Nəşriyyat işləri qaydaya salınmalıdır. Kitabların yayım məsələsi ciddi narahatlıq doğurur. Özəl nəşriyyatlar kitabları çap edir, müəllifin qoltuğuna verir ki, apar özün sat. Bu belə olmamalıdır. Satışı nəşriyyatlar özləri təşkil etməlidirlər. Yaxud kitabların yayımı  ilə məşğul olan ayrıca bir təşkilat yaradılmalıdır. Hazırkı halda kitablar rayonlara gedib çıxmır. Oxucuların azalmasına bir səbəb də budur. Ən mühüm bir diləyim də ərazi bütövlüyümüzdür. İşğaldakı torpaqlarımız geri qaytarılsın, müstəqilliyimiz qayım-qədim olsun. Onun uğrunda qan tökmüş, böyük məşəqqətlərlə üzləşmiş xalqımız əmin-amanlıqda daha firavan həyat sürsün.

Ağıl:- Amin!

Dil:- Arzularımızı qadir Allahımız eşitsin!

Yaddaş:- İndi qaldı bir məsələ. Müsahibəmizin əvvəlində nöqsanlarımızın, buraxılmış səhvlərimizin etirafına söz vermişdik. Gəlin, vədə xilaf çıxmayaq.

Mən:- Vədə əməl müqəddəs borcdur. Təqsiri boynuna almaq, heç nəyi danmamaq saflaşmağın yeganə şərtidi. Mərdlik, alicənablıq nümunəsidi. Heç kəs qüsurlardan xali deyil. Dahilərin, müdriklərin  hissə qapılanları, səhvə yol verənləri olub. Biz isə çox da önəçli olmayan insanlardanıq. Səhvlərimiz kifayət qədərdi.

Yaddaş:- Oturub hesablasaq heyrətdən gözlərimiz bərələr.

Ağıl:- Adi, xırda-para səhvlər yola gedəndi. Əsaslarından danışaq. Məsələn, inadkarıq. Haqsızlıq, ədalətsizliklə barışa bilmirik. Dözümümüz çatmır. Etirazımızı dərhal bildiririk. Bəzi hallarda yersiz  höcətləşmələrimiz də az olmayıb. Hirsimizi cilovlamağı bacarmamışıq. Tələsib son sözü əvvəldə demişik. Bu da bizə əlavə problemlər yaradıb.

Ürək:- Tamam razıyam. Acıdillilik maneələrsiz ötüşməyib. Möhtərəm dilimiz bir çox hallarda çırmanıb qabağa düşüb. Mənimlə, ağılla məsləhətləşməyib.

Dil:- Əh, bəxtəvər başıma! Yanan da mən, yaman da mən. Təqsirlərinizi zəhmət çəkib yıxmayın mənim boynuma. Unutmayın ki, mən sizin dilmancınızam, fikirlərininzin ifadəçisiyəm, sizi hər cəhətdən  mənəm tanıdan. Budurmu sağolunuz?

Ürək:- Yox, sənin yaxşılıqlarını danmırıq, əməyini inkar etmirik. Sən lal olsaydın, cəmiyyətdə  kim bizi tanıyardı? Tələskənliyini, hövsələsizliyini sənə irad tuturuq, incimə.

Dil:- İnciyərəm, hələ bir az o yana da keçərəm. Əgər pis mənada şirindil olsaydım, ona-buna boyun əyib yalvara-yalvara gün keçirsəydim, yaltaqlığı, riyakarlığı, simasızlığı özümə peşə eləsəydim, yaxşımı olardı?

Mən:- Bu sadaladıqların mənfi xüsusiyyətlər mənim həyatda ən çox nifrət etdiyim xüsusiyyətlərdir. Nə yaxşı ki, o şərəfsizliklərdən uzaq olmuşuq. İnsanlıq ləyaqətini qorumuşuq. Dilimin acılığının əziyyətlərini çəksəm də, məhrumiyyətlərlə qarşılaşsam da, heç narazı deyiləm. İndi hamı məni birsifətli adam kimi tanıyır, ehtiram göstərirlər.

Ürək:- Ali mükafatdır! Çox şükür ki, göründüyümüz kimi varıq. Özümüzü içimizdə gizlətməmişik. Yaxşımız da budur, yamanımız da.

Ağıl:- Pisə lənət!

Mən:- Kifayətdir, zənnimcə, müsahibəmiz məqbul alındı. Dialoqda fəal iştirakınıza görə hər birinizə dərin təşəkkürümü yetirirəm. Sözümü bu yaxınlarda yazdığım bir şeirimlə tamamlamağı vacib sayıram:

 

Hərdən tanımıram özüm-özümü,

Dəyişib əlbət ki, cismən Vidadi.

Amma yerindədir çoşqun ilhamı,

Qalıb fəallıqdan qismən Vidadi.

 

Çəkinib həmişə el qınağından,

Bir gül də dərməyib namərd bağından.

Çıxıb zəmanənin çox sınağından,

Olub haqsızlıqla düşmən Vidadi.

 

Qollu-budaqlıdır Babanlı nəsli,

Türklərə bağlıdır onların əsli.

Doxsan yaşında da cavan həvəsli

Həmin Vidadidir, həmin Vidadi.

 

26 may 2017

 

Vidadi Babanlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.12-13.