Orda bəzi hakimlər də
məhkum stulunda oturacaq
Bu ilin mart ayının on birində gecə saat ikidə telefon səsinə oyandım:
– Oğlun Yalçın
ölüb, – dedilər.
O vaxtdan bu günə
kimi telefon səsindən qorxuram.
Sonra öyrəndim
ki, üç cavan oğlan Yalçını döyə-döyə
öldürüblər. O vaxtdan
bu günə kimi istintaq, məhkəmə işi davam edirdi. Onu da deyim ki, mən
məhkəmə işi
ilə qətiyyən
maraqlanmırdım. Əslində, o zalda durub danışıqları
dinləmək, qatillərin
üzünü görmək
mənim üçün
dözülməz əzab
olardı. Bir də
mənim orada olmağım nəyi dəyişərdi? Oğlum ölmüşdü,
qatillər tutulmuşdu.
İstintaq aparılmışdı. Prokuror əsas qatilə on doqquz il, o biri
iki nəfərdən
birinə dörd, birinə üç il iş istəmişdi.
Dostlar-tanışlar da cinayət işinin nəticəsini soruşanda “maraqlanmıram”
– deyirdim. Maraqlanmadığıma özümü də
inandırmağa çalışırdım.
Dekabrın on dördünə keçən
gecə çox narahat oldum. Əslində, səksən üç yaşlı kişinin rahat yatmaq istəyi
özü gülüncdü.
Amma bu narahatlıq
bir az
artıq idi. Yoldaşım təzyiqimi ölçdü.
Dərman verdi.
Ürək ağrısına demək olar ki, son illər vərdiş eləmişəm.
Amma bu gün ağrının
ətrafında bir havasızlıq, darıxma
da vardı. Elə bil içimdə Yalçının səsini
eşidirdim. Yadıma düşdü
ki, xeyli zamandı məzarını
ziyarət etməmişəm.
Səhər yoldaşımı inandırdım ki, daha ağrım-acım yoxdu.
– Gedim idarəyə, bəzi təcili işlərim var, onları görüm, tez qayıdacam. Bu gün dördüncü
gündü. Qəbiristanlığı ziyarət günüdü.
Gedim Yalçını,
qardaşımı, anamı,
qohumları ziyarət
eləyim, çoxdandı
getməmişəm.
– Gedim nədi? Gedək! Sənin ürəyinin əsl
dərmanı ordadı,
gedək.
– Raya, sən getmə, hava soyuqdu.
– Yox, gedəcəm. Tez gəl, isti paltar gey, çörək
ye, dərmanlarını iç,
gedək!
Böyük rus şairi
Sergey Yesenin demiş:
Ölüm yeni deyil qədim dünyada…
Düzdü yaşamaq da təzə iş deyil.
Düzdü, yaşayan hər kəs bilir ki, ömrünün sonunda onu ölüm
gözləyir. Ömrün maraqlı cəhəti
də ordadır ki, heç kəs bu ölümün
harda, nə vaxt gələcəyini bilmir. Ürəyimizin hər döyüntüsü
ilə, atdığımız
hər addımla biz ona doğru gedirik. Atalar, analar oğul
çiynində gedir.
Ən ağırı, dözülməzi
oğulun atanın çiynində getməsidir.
Mən onu heç bir ataya arzu
etmirəm. Oğul vətən
uğrunda, xalq uğrunda şəhid olanda başqa məsələ. Mən oğulun
belə ölümü
ilə qürur hissi keçirərdim.
Dərdim mənə yaşamaq
gücü verərdi.
Oğlumun ölümündə özüm
də günahkaram. Üç qızım,
bir oğlum vardı. Oğluma
lap əvvəldən şərt
qoymuşdum. Demişdim sən kişisən.
Bacılarına instituta daxil
olmaqda çətinlik
çəksələr, kömək
edərəm. Amma sən
özün daxil olmalısan. Bir il onu tikintidə fəhlə işlətdim.
İnşaat Mühəndisləri İnstitutuna
daxil oldu, qurtardı. Şeir yazırdı, bacardıqca
çapına mane oldum.
Şairlik eləməyə qoymadım. 1995-ci ildə mənim 60 illiyim ərəfəsində
məndən xəlvət
Anar onu Yazıçılar Birliyinə
üzv qəbul etdi. Bir müddət baş nazirin müavininin köməkçisi işlədi,
daha sonra xarici işlər nazirinin köməkçisi
vəzifəsində, sonra
Ukraynada Azərbaycan səfirliyində birinci katib, sonra geri
çağırıldı, bir neçə il sərəncamda
qaldı.
İki qızı,
bir oğlu vardı. Bir dəfə nazirlə
görüşdüm. Söz verdi,
sonra yadından çıxdı, bir neçə tanışımla,
dostum bildiyim adamla görüşdüm,
hamısı söz verdi, unutdu. Mənim o üzüm yoxdur ki, tez-tez
yadlarına salam,
qapılarını döyəm.
Uzaq başı iki dəfə deyirəm, sonra üzüm gəlmir. Vəzifəli yoldaşlarım bəziləri niyə belə yaddaşdan zəif olur? Verdikləri sözü aylarla unudur. Bilmirəm. Bu yeni xəstəlikdi. Hərdən
özüm-özümdən soruşuram oğlum sağ olsaydı, amandı oğluma iş verin deyib
insanların qapısını
hər gün döyə bilərdimmi? Yox, bacarmazdım. Deməli, mən
də onun ölümündə iştirak
etmişəm. Balalarının
yanına işsizlikdən
gəldiyi hər gün onun ölümünü
bir az
da yaxınlaşdırıb…
Saat dörddə
Yalçının məzarı
yanında idik. Molla “Quran” oxuyurdu.
Telefonum zəng çaldı.
Bir xanım səsi idi:
– Alo. Alo… Fikrət müəllim.
– Buyur, qızım.
– Bağışlayın, deyəsən,
yas yerindəsiniz.
– Bəli.
– Qısa bir sualım
var – saytdanam.
– Qızım, mümkünsə
bir azdan zəng edin.
– Baş üstə, bağışlayın.
Telefon susan kimi
yenə zəng oldu.
– Eşidirəm, buyurun, – bir az kənara çəkildim.
– Fikrət müəllim, siz hakimin verdiyi
qərarla razısınız?
– Hansı hökmlə? Hansı qərarla?
– Siz məhkəmədə
yox idiniz.
– Yox, hansı məhkəmədə?
– Yalçınla bağlı,
bu gün hakim hökm oxuyub.
– Nə deyib?
– Prokurorun 19 il
istədiyi əsas caniyə beş il iş verib.
O birilərin birinə
3 il, birinə
2 il. Siz bununla razısınız?
– Qətiyyən yox! – Daha nələrsə dedim. – Mən danışmırdım, hikkəm,
dilim danışırdı.
Mən həmişə düşünürdüm,
mənə nə fərqi var kimə neçə il iş
verəcəklər. Mənim oğlum
dirilməyəcək. Sən demə, özü-özünü
aldatmaq buna deyirlərmiş.
Raya qolumdan yapışdı:
– Nə oldu yenə? Kim idi zəng edən? Qəbiristanlıqda da səndən əl çəkmirlər.
– Qorxuram jurnalistlər məndən heç qəbirdə də əl çəkməyələr, – dedim.
Telefonu söndürmüşdüm, lakin hələ ürəyimdə müxbirlə danışırdım. Görəsən, o hakimin bir oğlu öldürülsəydi, oğlunun üç balası yetim qalsaydı, yenə qatilə qarşı belə humanist qərar çıxarardı?
Mən hüquqşunas deyiləm. Amma məntiq adlı amansız bir şey var. Prokurorun 19 il istədiyi işə necə olur hakim 5 il iş kəsir. Burda açıq-aydın bu iki nəfərdən biri haqsızdır.
Amma bir təsəllim var, hamı axırda ölür. Deyirlər orda da sorğu-sual olur. Görəsən, ordakı hakimlər
də belədir?
Burdakı hakimlər də
orda məhkum stulunda oturacaq. Haqq incəlir, üzülmür.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2017.-
16 dekabr .- S.15.