İnsan mənzərələri
Nazim HİKMƏT
Pirayə xanıma
Əvvəli ötən
sayımızda
Qatarlar
gələrlər
sallana-sallana…
510 nömrəli ümumi vaqon.
Jandarmalarla
dustaqlar
bir yerdədilər.
Bu neçə
gündə,
bir dəfə
də olsun,
çavuşun
üzünün güldüyünü
görən
olmayıb.
Mauzerlə
- rəfdə,
qollar
- qandalda.
Fərqli
şeylər
düşünür
jandarma
ilə dustaqlar.
Kitab
oxuyur
qolları
qandallı Xəlil.
O qədər
ustalaşıb ki,
çevirərkən
dizinin
üstündəki
kitabın
vərəqlərini
çətinlik
çəkmir daha…
Kitab
və
qandalla keçib
on üç ili.
Beşinci
dəfədi
dəyişirlər
yerini.
Gözlərinin
altında
çizgilər,
saç-saqqalında
az-maz
ağ…
Qocalıb…
Qocalıb bir az…
İnsan
qocalar,
amma
kitab,
qandal
qocalmaz…
Və
indi ürəyi
hər
zamankından
daha ümidlidi…
Kitab
oxuyarkən
bir
şey gəldi ağlına:
"Səndən
kotan düzəldəcəyəm,
qolumun
qandalı…"
Və
bu fikir
o
qədər
gözəl gəldi ki, ona,
yenə
birdən-birə
canı sıxıldı
şeir
yazmaq bacarığı
olmadığına…
Qəbzə
stansiyasından
qalxan
qatar
hündür,
dəmir
körpünün
üstündən
keçdi.
Sağda
yer birdən-birə
bəlkə yüz,
bəlkə yüz əlli metr
aşağıya
düşdü.
Orda - dibdə
Əskihasar kəndi,
Əskihasar qalası,
ensiz,
uzun yolla gedən
iki
atlı,
bir də,
bir də
zeytun ağacları
və gəmisiz-qayıqsız
dəniz...
Görünənlər
uzaqda və
dərində
olduqlarından,
qatar
getdikcə,
çox
sürətlə arxada
qaldıqlarından,
yaz gününün
aydınlığında
qutudan
yeni
çıxarılmış
oyuncaqları
xatırladırdılar
-
xırda,
rəngli
və tərtəmiz...
Fuad
baxdı o iki
atlıya,
və
böyük şəhərə doğru
uzanan
yola -
özlədi
gözlərindən
yavaş-yavaş
itən
İstanbulu...
Birdən-birə
başladı ailələri haqqında
danışmağa:
- Mənim
babam
bir əcaib
adam idi,
Bəhriyyədə
işi-gücü...
mayor
rütbəsi...
Evimizdə
bir şəkli qalıb:
uzunşüllə fəs,
fəsin
altında
ülgüclə
dibindən
qırxılmış
baş...
Çox mürtəce idi.
Düşünün
ki,
məşrutə
olanda,
Sultan Həmidə
andı
var deyə
nikahı
təzələmiş,
üç il sonra da təqaüdə çıxmış,
Qulaqsızda baqqal
olmuşdu...
Hicri
tarixi ilə
1338-ci ilin oktyabrında,
yəni,
İstanbulun qurtuluş
günündə
ölmüşdü...
Meyitini
mətbəxdə
dolabın
yanında
tapmışdılar.
Uşaqlar
bu zaman
küçədə
marş
oxuyurmuşlar...
Süleyman
ilişdi
Fuada:
- Sənin
ictimai mənşəyin
çox
qarışıqmış:
mürtəce,
militarizm
və
kiçik əsnaf...
Fuad
fikir vermədən
davam
etdi:
- Hələ
də
gözümün
önündədi atam.
Uzun,
sarı
barmaqlı bir adam idi.
Gəmi təmiri
zavoduna aid
dülgərxanada
işləyirdi -
yaxşı oymaçı idi.
Köhnə xarratları xoşlayırdı.
Hər səhər
bayram yerindən
gələrdi
verdiyi əzan səsi,
küsdü,
bir daha
oxumadı
ərəbcə
yasaq
olduqdan
sonra.
35 yaşında vərəmdən öldü.
Süleyman
soruşdu:
- Bəs
anan?
-
Doğuş vaxtı keçinib.
Mən
dülgərxanada -
atamın alətlərini
yığdığı
yaşıl
sandıqda böyümüşüm...
510 nömrəli ümumi vaqon.
Dəhliz.
Dəhlizdə
bir
universitet
tələbəsi
gəzişir.
510 nömrəli lüks vaqon.
Balıq,
limon,
ağ
pendir,
çörək,
şüşələr...
Kişi,
qadın...
içirlər...
Milli opera
qastrola gedir -
səkkiz
artist
və
məşhur bəstəkar
Məhəmməd
Əli...
510 nömrəli ümumi vaqon.
Gülür
qolları
qandalı
Fuad
gah
universitet tələbəsinin
qapı
şüşəsindən
Məlahətə göz
qoymağına,
gah da
qolları qandallı Süleymanın
acıqlı-acıqlı
ona baxmağına.
Qolları
qandalsız Məlahət
nazik,
qansız biləklərinin
azadlığı
ilə qürurlanır -
əllərini
sərbəst tərpədə bildiyi üçün
kefi
kökdü,
alma
yeyir.
Universitet
tələbəsi
yenə də
oğrun-oğrun
süzür
Məlahəti.
Dözmədi
Süleyman,
qaldırdı
səsini.
Jandarma
Heydər
haqq verdi
Süleymana,
endirdi
şüşəli
qapının pərdəsini.
Və
dustaqlarla
kəndli
jandarmaların
dostluğu
beləcə başladı.
Qolları
qandallı Xəlil -
bu
baş verənləri
duyurdu,
duymurdu,
bəlli deyil -
ayırdı gözlərini
dizinin
üstündəki kitabdan
və
soruşdu jandarmadan:
- Sizin kənddə
neçə ev var?
-
Əlliyə qədər
-
Neçəsinin
ikidən
çox öküzü var?
- İkisinin.
- Bəs
bir oküzü
olanlar
nə qədərdi?
- Təxminən
on beş.
- Öküzü
heç olmayanlar?
-
Beş-altı.
- Deməli,
geri qalanların...
- İki
öküzü var...
- Səndə...
- Məndə
də iki...
Süleyman
soruşdu:
-
Torpağı
olmayanlar
varmı?
Jandarma
cavab verdi:
- Niyə
yoxdu ki?.. Var...
Fuad da
qoşuldu
söhbətə.
Arada
xoş
ünsiyyət yarandı
və
şübhədən
və hökmdən üstün
elə
bir an oldu ki,
kəndli
jandarmalar
yüksək səslə
zarafatlaşa-zarafatlaşa
mühüm
və
ürəkaçan
bir iş
görürmüşlər
kimi
açdılar
dustaqların
qollarından
qandalları...
Dəhliz...
Universitet
tələbəsi -
o
baş-bu başa
var-gəl
edir.
Bir yolcu gəldi
beşinci
bölmədən -
qısaboy,
şişman,
plaşlı...
Tər
içindədi,
narahat halda
açdı
bütün pəncərələri,
və
başını
çölə çıxarıb,
üç
dəfə dərindən
nəfəs aldı.
Sonra
qəflətən
dabanı
üstə
döndü
geri -
alnı
dar və uzunsovdu,
sifəti
enli və kökdü,
armudu
xatırladır
çiyinlərinin
tən
ortasındakı
iri
başı...
Gömgöy,
çəp
gözləri
sataşdı
universitet tələbəsinə,
dedi:
- Bəyim,
boğulacaqdım
az qala,
bizim
kupe
doludu
ayılarla,
tər,
üfunət,
pəncərəni də açmırlar.
Şübhəsiz,
tələbəsən...
Bəllidi,
bəlli -
Papağındakı bozqurddan.
Doğrudur,
bəzi
tərbiyəsiz
oğlanlar da
belə
papaq qoyurlar -
eşitmişəm,
görməyinə
görməmişəm.
Mənim
belə
işlərlə
aram
yoxdur.
Ancaq
desəm ki,
heç
məşğul olmamışam,
yalan
olar.
İngilislər
İstanbula gələndə
dar
balaqlı şotland oğlanları...
Yazıq
iranlıların
adı
çıxıb....
Ümumiyyətlə,
insan hər
şeydən dadmalıdır.
Yaşamaq
-
zövq
almaq deməkdir.
Amma
gərək
pulun olsun.
Eşq-meşq,
həyat-məyat
-
boş
şeydi,
İndi
gəl bunu
o içəridəki
ayılara
başa sal.
Zalım
uşağı
pəncərəni
də açmırlar.
Qulaq as,
məndən sənə
bir
ata nəsihəti:
insanın səhhəti
hər
şeydən əzizdir.
Səhhətinə
yaxşı bax!
Səhərlər
mütləq
təzə yumurta ye!
Mənim
evimdə
üç sıpam var,
Hər səhər
adama
üç yumurta
içirlər.
Mənim
evimdə bir
qayda da var:
işdən gələndə
gizlicə
analarından soruşuram:
uşaqlar
özlərini
yaxşı aparıblar,
yoxsa dəcəllik
eləyiblər?
Və
cavaba görə
quş bəzi
şeylər gətirir
pəncərəyə:
ya alma,
ya
portağal,
ya
şokalad!
Təbii
ki,
quş gətirmir,
mən gətirirəm.
Fəqət
mənim ən
balaca sıpam
bir axşam
anlamış bu işi.
Ertəsi
gün
anasına
demiş ki,
o
quş
eynilə atama
oxşayır...
Ümumiyyətlə,
mən bu qənaətdəyəm:
adam
gərək
uşaqlarının
şüurunu
müəyyən etsin.
Mən
hər zaman
müəyyən
edirəm.
Məşhur
əhvalatdır:
bir
padşah
rəml
atmağı
öyrətmək
istəmiş
oğluna...
Universitet
tələbəsi
gülümsədi:
- O əhvalatı
bilirəm.
Və
sonra laf olsun deyə
soruşdu:
- Məmursunuz?
-
Düzünü axtarsan...
məmur
sayılıram...
İstanbulda,
Bakımevi dəftərxanasında
mühasibəm.
Nuru
Öztürk.
Maaş cədvəlində adımız var.
Vaxtilə
Salacaqda
bir
balaca
məmurluğumuz
da olub.
Əsnaflıq,
tüccarlıq
da etmişik.
Hər
iş görmüşük,
qovrulmuş
qəhvə
satmaqdan
savayı.
Gözüm bir onda qalıb.
Sürücülük də eləmişəm.
Maşın özümün idi.
Taksilərin
dəbdə olduğu
vaxtlar idi.
Heç
yadımdan çıxmaz,
bir
yay günü,
ikindi
vaxtı
bir
müştərini
Ciftəhovuzlarda
düşürdüb,
geri
qayıdırdım.
Qabaqda bir
qadın gedirdi,
əynində qara palto.
Baldırları
dəydi gözümə,
sürahi kimi.
Yanına
çatanda
saxladın
maşını,
üzünə baxdım,
ailə
qadını, kübar.
Çox
böyük,
qapqara
gözləri var.
Şeytan
məni qıdıqladı,
qapını
açdım,
"Buyurun"
dedim.
İçəri keçdi.
Sürdüm maşını.
Hara gedirik?
Nə mən
soruşuram,
nə
o deyir.
Qabaq
aynada
gözlərini
gördüm,
lənət şeytana...
bayaqkı
kimi yepyekə,
qapqara...
Caddəbostandan
yuxarıya
qalxdıq,
Ərənköy,
İçərənköy, çöl...
Saxladım
maşını
bir
çinarın altında.
Ətrafda ins-cins yoxdu.
Maşından düşürtdüm.
Səsini çıxarmadı.
Uzatdım torpağın üstünə.
Yenə səsini çıxarmadı.
Mən
öz işimdəyəm,
öpürəm
onu.
O elə
bil cansız bütdür.
Nə isə,
söhbəti
uzatmayaq.
Qalxdıq
ayağa,
təkrar
mindik maşına.
Geri dönürük.
Amma hara?
Nə mən
soruşuram,
nə
o deyir.
Yenə
qabaq aynada
gözlərini
görürəm,
lənət şeytana...
bayaqkı
kimi yepyekə,
qapqara...
Qızıltorpağa gəldik.
Çarşının işıqları yandı.
Bir meyvə
dükanının
önündə
saxladım maşını.
Açdım qapını.
Qadın
düşdü, getdi,
Tini
buruldu,
gözdən
itdi.
İndi,
bəyim,
belə
işə sən
nə
deyirsən?
Ümumiyyətlə,
necə
deyim,
on
üç, on dörd il
keçib
aradan,
amma
bu qadın
heç
çıxmır yadımdan.
Eh, o zaman
belə qarnım yox idi,
bığlar da
ipək
kimi,
yumurta
sarısı.
Kadıköyün
Paris məhəlləsini
kəsdirib
durmuşdun.
Elə
günlər görmüşük, bəyim,
elə
keflər çəkmişik, bəyim...
İndi gəl
içəridəki
ayılara
bunları
anlat,
zalım
uşağı
pəncərəni
də açmırlar...
Ardı var...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.16-17.